Vətəni qürbətdə yaşadanlar

 

Doğma Azərbaycandan uzaqlarda yaşamaq, mövqe qazanmaq, millətimizi layiqincə təmsil etmək heç asan deyil. Amma bunu bacaran soydaşlarımız çoxdur. Belələri yurdumuzun qürbətdə bir parçası olmaqla sanki “yaylım atəşi”nin zərrələri kimi səpələndikləri yeri “Azərbaycan” nuruna qərq edirlər. On ildən çox Nijni-Novqorod şəhərində yaşayıb-yaradan Əli Rafiq “Vətəni qürbətdə yaşadanlar” adlı kitabında məhz onlardan söhbət açır.

Əli Rafiqi 30 il olar ki, tanıyıram. O vaxtlar Neft-Kimya İnstitutunun Sumqayıt filialında təhsil alır, eyni zamanda “Sintezkauçuk” trestində çalışırdı. O, tez-tez mənim işlədiyim “Kimyaçı” qəzetinin redaksiyasına gəlir, yeni şeirlərini təqdim edirdi. Şeir yaradıcılığı tədricən aramıza “körpü” salmış, bizi yaxınlaşdırmışdı. Şeirləri ilk baxışdan sakit təsir bağışlayan gəncin qəlbində hansı ümmanların döyündüyündən, hansı bulaqların qaynadığından soraq verirdi.

Bir gün eşitdim ki, Əli Rafiq Rusiyaya köçüb, Nijni-Novqorodda yaşayır... İndi isə, budur, üstündən illər ötəndən sonra qələm dostum Sumqayıta qayıdıb və orada qoyub-gəldiyi dostları — dəyərli Azərbaycan oğulları haqqında gözəl bir kitab yazıb. Kitabı böyük həvəslə oxudum. Elə buradaca qeyd edim ki, “Vətəni qürbətdə yaşadanlar” bir cild arasında həm Azərbaycan, həm də rus dillərində çap olunduğundan Nijni-Novqorod şəhərinin ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb, necə deyərlər, orada şöhrət tacımızın qiymətli naxışına, incisinə dönüb. “Nurlan” nəşriyyatının buraxdığı kitabda haqqında bəhs edilən 51 nəfər eloğlumuzun hər biri Azərbaycanın bir bölgəsindən pərvazlandığı kimi, hərəsi də bir sahəni təmsil edir. Oçerkləri oxuduqca fərəhlənirsən ki, həmvətənlərimiz necə böyük hörmət-izzət sahibi olublar, doğma Azərbaycanımızı necə ləyaqətlə təmsil edə bilirlər.

Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Vidadi Mirzəyevi eloğluları ən əziz adamları kimi sevir, ehtiramını saxlayırlar. O, iki dildə həftəlik “Dostluq” qəzetini də nəşr edir. Qəzetdə həmvətənlərimizin fəaliyyətini əks etdirməklə bərabər, Nijni-Novqorodda və Azərbaycanda baş verən yeniliklər barədə oxucuları məlumatlandırır. “Korona” QSC-nin sədri Ərəstun Məmmədov 150 nəfərlik kollektivə bacarıqla rəhbərlik edir. Ali təhsilli maliyyəçi Tərlan Əliyevin yaratdığı “Uyut” kafesi şəhərdə adla deyilir, həm də azərbaycanlıların xeyir-şər yeri kimi tanınır. Səfər Ömərov onlarla kiçik müəssisəni birləşdirən cəmiyyətin rəhbəridir. Milis polkovniki Eldar İsmayılov 30 ildən çox bu sahədə çalışıb, hazırda onun oğlu Ruslan daxili işlər idarəsində şöbə rəisidir, qızı Lyudmila atasının peşəsini davam etdirir. Tibb elmləri namizədi Əlişir Həmzəyev çoxklapanlı ürək qüsurlarının plastik cərrahiyyəsi üzrə əvəzsiz mütəxəssis sayılır, ürək-damar sistemi cərrahlarının Avropa Assosiasiyasının üzvüdür. İlqar Məmmədovun 1500 nəfərlik tikinti təşkilatı var, iqtisad elmləri namizədidir, doktorluq dissertasiyası üzərində çalışır. Mətləb Quliyev Nijni-Novqorod vilayəti Ali Vəkillər Kollegiyasının üzvüdür. İxtiyar Quliyev də onun tanınmış həmkarıdır. Mayıl Ağalarovun “Qoşqar” aqrar cəmiyyətinin fermalarında 500 başa qədər iribuynuzlu mal-qara bəslənir. Gənc fermer iki ali təhsil alıb. Milis mayoru Şərif Rzayev, Ələddin Bayramov, Şəhriyar Quliyev hüquq-mühafizə sistemində qüsursuz xidmətlərinə, fədakar fəaliyyətlərinə görə dəfələrlə mükafatlandırılıblar...

Qatar rəisi, çempion güləşçi, sahibkar, maşınqayıran, həkim-nevropatoloq və onlarla digər yurddaşımız haqqında da böyük ürəklə, məhəbbətlə söhbət açan, onların yüksək mənəvi keyfiyyətlərini açıb-göstərən Əli Rafiqin kitabının sonunda müəllifin vətənpərvərlik mövzusunda bir neçə şeiri də yer alıb. Poetik misralar Azərbaycandan uzaqda millətimizə şərəf gətirən soydaşlarımıza həsr edilmiş oçerk-nəğmələrin son akkordları kimi səslənir, nikbinlik, qürur və iftixar doğurur:

           Dostlarım var qürbət eldə
           Şan-şöhrətli, ağıllı.
           Hər birinin öz dünyası
           Əfsanəli, nağıllı.

           Mən onların əməlində
           Neçə dastan görürəm,
           Gülümsəyən gözlərində
           Azərbaycan görürəm!

 

Müəllif hazırda Sumqayıtda yaşasa da, Nijni-Novqorodla əlaqələrini üzmür, yurddaşlarımızın uğurları ilə sıx-sıx maraqlanır. Çox güman ki, növbəti kitabı üçün yeni faktlar, məlumatlar toplayır.

 

Əli NƏCƏFXANLI.

 

Xalq qəzeti.-2008.-26 noyabr.-S.7.