Təhsilə qayğı dövlətimizin diqqət mərkəzindədir

 

Respublikamız iqtisadi inkişafa nail olduqdan sonra digər sahələrlə yanaşı təhsil sistemində də ciddi islahatlar aparılmağa başlandı. Hələ neçə illər öncə “Mən müəllimdən yüksək ad tanımıram” deyərək bu peşə sahiblərinin əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev hər zaman onlara xüsusi diqqət və qayğı göstərmişdir. Onun respublikamıza rəhbərlik etdiyi illərdə bir sıra ali məktəblər yaradılmış, rayonlarda və kəndlərdə orta ümumtəhsil məktəbləri fəaliyyətə başlamış, həmçinin bu sahədə kadr çatışmazlığının qısa vaxt ərzində aradan qaldırılması üçün müvafiq tədbirlər işlənib hazırlanmışdır.

Sevindirici haldır ki, xalqımızın inkişafı və genefondunun mühafizəsinə yönəlmiş bu siyasət Prezident İlham Əliyevin hakimiyyəti illərində də ardıcıllıqla həyata keçirilir və təkmilləşdirilir. Siyasi müstəqilliyinin ilk illərindən başlayaraq beynəlxalq aləmdə avanqard təhsil sistemi hesab edilən Avropa təhsil sisteminə inteqrasiya yolunu tutan Azərbaycanda bu gün çox ciddi islahatlar həyata keçirilməkdədir. Bu islahatların nəticəsi olaraq respublikamız müvafiq beynəlxalq təhsil qurumları ilə sıx və səmərəli əməkdaşlıq edir. Bu tipli bəzi beynəlxalq tədbirlərin məhz Azərbaycanın ev sahibliyilə reallaşması isə bu sahədə qazanılan uğurların bariz təcəssümüdür.
Respublikamızda aparılan təhsil islahatlarından və əldə edilən nəticələrdən danışarkən Heydər Əliyev Fondunun bu sahədə gördüyü işləri xüsusi qeyd etmək lazımdır. Məhz bu fondun təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında ötən dörd il müddətində 1200-dən çox məktəb tikilərək, dərslik və dərs vəsaitləri ilə təmin edilmişdir. 2008-2014-cü illər ərzində azərbaycanlı tələbələrin xaricdə təhsil almasına həsr edilən xüsusi Dövlət Proqramı isə Azərbaycan rəhbərliyinin bu sahəyə ayırdığı xüsusi diqqətin əyani göstəricisidir.

Yeri gəlmişkən qeyd edək ki, cəmiyyətimizin digər təbəqələri kimi erməni təcavüzü nəticəsində məcburi köçkün şəraitində yaşayan məktəbyaşlı uşaqların təhsil almaları üçün normal şəraitin yaradılması da daim dövlətimizin və hökumətimizin diqqət mərkəzində olmuşdur.

Məcburi köçkünlük şəraitində fəaliyyət göstərən məktəblərdə bir neçə ildir ki, dərsliklər və tədris vəsaitləri 100 faiz dövlət vəsaiti hesabına müəllimlərə və şagirdlərə çatdırılır. Eyni zamanda yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda təhsilin inkişaf etdirilməsi istiqamətində çoxşaxəli fəaliyyət göstərən, ən böyük layihələri işləyib həyata keçirən Heydər Əliyev Fondu bu sahədə də öz köməyini məcburi köçkün şagirdlərdən əsirgəməmiş, onların zəruri tədris vasitələrilə təmin olunmaları üçün müxtəlif tədbirlər həyata keçirmişdir.

Bir məqamı da vurğulamaq lazımdır ki, dövlətin xüsusi diqqət və qayğısı nəticəsində normal tələblərə uyğun məktəb binaları və dərs vəsaitləri ilə təmin edilən məcburi köçkün məktəblərinə qayğı heç də digər təhsil müəssisələrindən fərqlənmir. Bu da sonda məktəb kollektivlərində məsuliyyət hissinin güclənməsinə, fənlərin müasir tələblər səviyyəsində tədris edilməsinə, nəticədə isə şagirdlərin mükəmməl biliklərə yiyələnmələrinə gətirib çıxarır.

Xatırladaq ki, son bir il ərzində Laçın rayonunda bu istiqamətdə səmərəli tədbirlər həyata keçirilmiş, nəticədə fəaliyyətləri nəzərə çarpmayan təhsil müəssisələrinin işində əsaslı dönüş yaranmış, məktəbdən yayınan şagirdlər təhsilə cəlb edilmiş və rayonun təhsil sistemində mövcud olan bir sıra mənfi hallar aradan qaldırılmışdır.

Bu günlərdə respublikanın təhsil naziri Misir Mərdanov Bakının Binə qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun 46 saylı və Buzovna qəsəbəsində fəaliyyət göstərən Quşçu kənd orta məktəblərində olarkən bir daha deyilənlərin şahidi olduq.

İlk olaraq 46 saylı məktəbdə olan nazir ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyilə tikilib istifadəyə verilmiş, müasir tələblərə uyğun məktəbin sinif otaqlarını gəzərək yaradılan şəraitlə yaxından tanış oldu. Şagirdlərin mükəmməl biliklərə yiyələnmələri üçün lazım olan şəraitin yaradıldığını diqqətə çatdıran nazir müəllim kollektivilə söhbət zamanı bildirdi ki, yaxın günlərdə məktəbə 10 dəst kompyuter veriləcək. Həmçinin şagirdlərə kompyuterdən istifadə qaydalarını öyrədəcək müəllim də kursa göndəriləcək və şagirdlər tezliklə kompyuterdən istifadə edə biləcəklər.

Sonra Quşçu kənd orta məktəbinə gələn nazir burada da müəllim və şagird kollektivləri ilə görüşüb söhbət etdi. Sinif otaqlarını gəzərək məktəblə tanış olan nazir mövcud şəraitdən, yaradılan “Heydər Əliyev”, “Şəhidlər”, “Vətənə dönəcəyik” və digər milli vətənpərvərlik ruhu aşılayan guşələrin tərtibatlarından razı qaldığını bildirdi. Kollektivlə söhbət zamanı onların məktəbinə də yaxın zamanlarda kompyuter dəstlərinin veriləcəyini bildirdi. Həmçinin məktəbin yerləşdiyi binanın mövcud tələblərə cavab vermədiyinin şahidi olan M.Mərdanov tezliklə burada yeni və müasir tələblərə uyğun məktəb binasının tikilməsi üçün lazım olan tədbirlərin həyata keçiriləcəyini də diqqətə çatdırdı. O, qeyd etdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində biz bu işin də öhdəsindən uğurla gələcəyimizə əminik. Sonra Laçın Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılova müraciət edən nazir son vaxtlar rayonun təhsil sistemində həyata keçirilən müsbət dəyişikliklərdən xəbərdar olduğunu və onları alqışladığını bildirdi.

Görüşlərin sonunda M.Mərdanova rayon ictimaiyyəti adından təşəkkürünü bildirən rayon icra hakimiyyətinin başçısı R.Cəbrayılov qeyd etdi ki, biz inanırıq, cənab Prezidentimizin apardığı uğurlu siyasət nəticəsində tezliklə doğma torpaqlarımıza qayıdacaq, bu işlərimizi orada davam etdirəcəyik.

Qeyd edək ki, görüşdə Laçın rayonundan Milli Məclisə üzv seçilmiş deputat Sevindik Hətəmov da iştirak edirdi.

 

Mail XANLAR.

Laçınqəzetinin baş redaktoru

 

Xalq qəzeti.-2008.-26 noyabr.-S.5.