Əvvəlki şöhrət bərpa olunur

 

Vaxt var idi bu idman ocağını hamı nümunə göstərirdi. Mərkəzin yetirmələrinin sorağı dünyanın müxtəlif ölkələrindən gəlirdi. Dünya və Avropa birinciliklərinin qalibləri, müxtəlif beynəlxalq turnirlərin iştirakçıları, idmanın ayrı-ayrı növləri üzrə yığma komandaların üzvləri arasında filialın ərsəyə gətirdiyi yeniyetmə gənclər az deyildi. Xüsusilə 90-cı illərdə idman mərkəzinin şöhrəti hər yerə yayılmışdı.

Amma, bir ara mərkəzin fəaliyyətində durğunluq hiss olunmağa başlandı. Müxtəlif idman qruplarının sayı azaldı. Təbii ki, idman qurğularına münasibət də dəyişdi. Baxımsızlıq, laqeydlik, naşı adamların işə qəbul edilməsi, qeyri-peşəkarlıq filialın fəaliyyətinə mənfi təsir göstərdi.

Təbii ki, yaranmış vəziyyət əlaqədar təşkilatları narahat etməyə bilməzdi. Buna görə də müvafiq tədbirlər görüldü. İdman mərkəzinin əvvəlki şan-şöhrətini bərpa etmək üçün qüvvələr səfərbərliyə alındı.

Bu ilin əvvəllərindən başlayaraq filialın həyatında canlanma açıq-aşkar hiss olunur. Doğrudur, çoxları bunu 2002-ci ilə kimi burada rektor vəzifəsində işləyən, sonradan, yəni 2008-ci ilin fevralında yenidən əvvəlki işinə bərpa olunan Azərbaycan Respublikasının əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi işçisi, Milli Olimpiya Komitəsinin keçmiş vitse-prezidenti Çingiz Pirverdiyevin birbaşa zəhməti kimi qiymətləndirir. Lakin Ç.Pirverdiyev özü tamamilə başqa fikirdədir. O, söhbət zamanı dedi:

- Müvafiq təşkilatların, şəhər icra hakimiyyətinin, Təhsil Nazirliyinin yaxından köməyi olmasaydı, dağıdılmış, yararsız hala salınmış bir kompleksdə nə etmək olardı? Ayrı-ayrı xeyirxah adamlar, idman fədailəri, idmanın gələcək inkişafına dəstək verənlər olmasaydı vəziyyəti dəyişmək mümkün deyildi. Milli Məclisin üzvü Aydın Abbasovun işimizə yaxından köməklik göstərməsini də qeyd etməliyik. Ümumiyyətlə, layiqli idmançı kadrlar yetişdirmək üçün üç-beş nəfər heç nə edə bilməz. Bu işdə hamı öz köməyini əsirgəməməlidir. Ailədən başlamış təhsil, əmək kollektivinə kimi...

... Son vaxtlar Gəncədəki “Təhsil” İdman Mərkəzinə yolu düşənlər burada layiqli idmançılar yetişdiriləcəyinə böyük ümidlə yanaşırlar. Çünki mərkəzdə qısa müddət ərzində yaradılan şərait, işə peşəkarcasına münasibət bunu deməyə imkan verir.

Məktəbin ayrı-ayrı binaları, müxtəlif qurğuları əsaslı, özü də böyük zövqlə təmir olunub, yeni bölmələr yaradılıb, məşqçilərin sayı artırılıb, təhsil ocaqları, ailələrlə əlaqələr gücləndirilib. Xüsusilə olimpiya idman növlərinin çoxaldılmasına xüsusi diqqət yetirilib.

İndi burada idmançıların normal məşq etməsi üçün yaradılan şərait ürəkaçandır. Hamamı, saunası, üzgüçülük hovuzu olan bazanın idman bölmələrində məşğul olmaq istəyənlərin sayı aybaay artır. Başqa ölkələrdən, şəhər və rayonlardan gələn idmançıları qarşılamaq üçün artıq heç bir problem yoxdur. Öz şəraitinə görə şəhər mehmanxanasından heç də geri qalmayan gözəl qonaq otaqları düzəldilib.

Keçən ayın əvvəllərində İngiltərənin Liverpul şəhərindən gəlmiş təcrübəli idman məşqçilərindən biri mərkəzdə yaradılan şəraitdən məmnunluğunu gizlətməyərək: – “Əminəm ki, 2012-ci ildə ölkəmizdə keçiriləcək növbəti olimpiadada sizin mərkəzin idmançılarını da görəcəyik” -demişdi. Yeri gəlmişkən qeyd edək ki, Londonda keçiriləcək XII Yay Olimpiya oyunlarına indidən ciddi hazırlıq işləri görülür. Artıq Çingiz Pirverdiyevin özünün məşqçisi olduğu idmançılardan Sədi Əliyev 48 kiloqram çəkidə Makedoniyada keçirilən Avropa çempionatında birinci yeri, Şahlar Nağıyev Dünya kuboku uğrunda yarışlarda üçüncü yeri tutublar. Məşqçi Elçin Zeynalovun yetirməsi Toğrul Əsgərov sərbəst güləş üzrə yeniyetmələr arasında Avropa birinciliyinin qalibi olub. Cüdo idman növü üzrə Qaya Xəlilovun yetirmələrindən Samir İsmayılov Dünya kubokunun sahibi, Giləxanım Ələkbərova isə həmin yarışda üçüncü yeri tutub. Gəncədə bir o qədər də kütləvi olmayan basketbol idman növü də inkişaf etməyə başlayıb. Mərkəz basketbolçularının respublika birinciliyinin yarımfinalına qədər çıxa bilməsi bunu bir daha təsdiq edir. Zakir Ağayevin rəhbərlik etdiyi voleybol komandası artıq diqqəti cəlb edir. Ağır atletlərdən Yunis Kazımov, Tural Həsənov, Osman Dadaşov respublika birinciliyinin qalibi olublar.

GəncədəkiTəhsilidman mərkəz kompleksi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə şəhərdə inşa olunan saysız-hesabsız obyektlərdən biridir. 1976-cı ildə istifadəyə verilən bu nəhəng idman qurğusu indi, necə deyərlər, “ikinci həyatı” yaşayır. Əminik ki, çox qısa vaxt ərzində bu mərkəzin sorağı dünyanın hər yerindən gələcək. Çünki burada idmana məhəbbət, idmançıya diqqət, qayğı var. Bu varsa, demək, qələbə olacaq.

 

Hamlet QASIMOV.

 

Xalq qəzeti.-2008.-26 noyabr.-  S.5.