Ulu öndər Heydər
Əliyevin şah əsəri olan müasir Azərbaycan
dövlətinin daha da güclənməsi, zənginləşməsi
və hərtərəfli inkişaf etməsi
üçün bütün sahələri əhatə edən
kompleks yanaşma və koordinasiya konsepsiyası mövcud
iqtisadiyyatın dövlət tənzimlənməsinin əsası
kimi qəbul edilmişdir.
Bazar iqtisadiyyatının
dövlət tənzimlənməsinin vacibliyini göstərən
məşhur iqtisadçı alim C.M. Keyns öz elmi tədqiqatları
əsasında belə bir qənaətə gəlmişdir ki,
“Dünyanı idarə edən ayrı-ayrı ölkələrin
dövlət başçılarıdır. Onların
buraxdığı cüzi səhvlər böyük fəlakətlərə
səbəb olur”. Azərbaycanın timsalında bu daha
aydın görünür. Belə ki, 1991-1993-cü illərdə
ölkə rəhbərliyinə idarəçilik
bacarığı və təcrübəsi olmayan şəxslərin
gəlməsi ölkənin müstəqil bir dövlət
kimi süqutuna səbəb olacaqdı. Ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə
qayıdışı vətəndaşları və dövləti
böyük faciələrdən qurtardı və müstəqil
Azərbaycanın özünəməxsus sosial-iqtisadi
inkişaf modelini yaratdı.
Cənab İlham Əliyevin
beş illik prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatının
yeni sürətli inkişaf erası başlamışdır.
Bu isə dövlət tərəfindən, dövrün tələbinə
uyğun olaraq, iqtisadi islahatların kompleks şəkildə və
koordinasiyalı aparılması, proqnozlar əsasında
formalaşdırılmış dövlət
proqramlarının, yerli, regional və beynəlxalq investisiya
layihələrinin həyata keçirilməsi və dünya
iqtisadiyyatına inteqrasiya ilə əldə edilmişdir.
Bütün bunların nəticəsidir ki, Azərbaycanın
beynəlxalq aləmdə nüfuzu və imici ilbəil
artmaqdadır.
Hökumətin iqtisadi
strategiyasının səmərəliliyini Dünya
Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının dövlət tənzimləməsinin
keyfiyyəti və dünyanın 181 ölkəsində onun
kiçik və orta biznesə təsiri haqqında “Doing
Business-2009” adlı sonuncu məruzəsi də təsdiq edir.
İslahatların həyata keçirilməsi sürətinə
görə Azərbaycan ”dünyanın ən
islahatçı ölkəsi" elan edilmişdir. Buna səbəb
respublikamızın keçən ilki iqtisadi islahatların
göstəricilərinə görə 64 pillə yüksələrək
97-ci yerdən, bütün MDB dövlətlərini və
Avropanın bir neçə inkişaf etmiş ölkələrini
geridə qoyaraq, 33-cü yerə qalxmasıdır. Bu gənc
müstəqil dövlət üçün olduqca
böyük qələbədir.
Dünya ölkələrində
biznes sahəsində aparılan islahatların qiymətləndirilməsinə
görə tərtib edilən"Doing Business-2009"
hesabatının 2008-ci ilə qəbul edilmiş göstəriciləri
bunlardır:
1.Biznesin
başlanılması.
Bu göstəriciyə
görə Azərbaycan hesabatda 13-cü yerdədir (2007-ci ildə
64-cü yerdə olub).
Ölkəmizdə
biznesin inkişafı üzrə əsaslı tədbirlərin
həyata keçirilməsinə ulu öndər Heydər Əliyev
tərəfindən başlanılmışdır. Bu sahənin
dövlət tənzimlənməsi üçün hüquqi
baza və əlverişli mühit yaradılmışdır.
Cənab İlham Əliyevin prezidentliyi dövründə də
Azərbaycan Respublikasında regionların inkişaf etdirilməsi
üzrə Dövlət Proqramına (2004 – 2008-ci illər)
uyğun olaraq müvafiq iqtisadi islahatlar, paytaxtda və
regionlarda sahibkarlığın inkişaf etdirilməsi üzrə
əsaslı işlər görülmüş və
stimullaşdırıcı tədbirlər həyata
keçirilmişdir.
Beləliklə, Azərbaycanda
biznesə başlamaq istəyən hər bir şəxs
üçün dövlət tərəfindən hərtərəfli,
geniş sahibkarlıq mühiti, əlverişli şərait
yaradılmışdır və bu fəaliyyət dəstəklənir,
güzəştlər edilir və
stimullaşdırılır.
2.İşə qəbul
və işdən azadetmə.
Azərbaycan hesabatda bu
göstəriciyə görə 15-ci yerdədir (keçən
il 80-ci yerdə idi).
Son illər
işçilərin işə qəbulu, işdən azad
edilməsi və bununla da respublikada kadr siyasətinin
aparılması üzrə əsaslı işlər yerinə
yetirilmişdir.
Belə ki, 2008-ci ilin
mayın 16-da Milli Məclis tərəfindən qəbul
edilmiş qərara əsasən Əmək Məcəlləsindədəyişikliklərin
aparılması zərurəti yaradılmışdır. Bu qərar
Prezidentin 8 iyul tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinə
dəyişikliklər və əlavələr edilməsi”
haqqında fərmanı ilə təsdiqlənmişdir. Dövlətin
apardığı tədbirlər nəticəsində “işə
qəbul və işdən azadetmə” prosesində
işçilərin hüquqlarının qorunması
üçün əsaslı irəliləyiş əldə
edilmişdir.
3.Əmlakın qeydiyyata
alınması.
Bu göstəriciyə
görə respublikamız hesabatda 9-cu yerdədir (keçən
il isə 56-cı yerdə idi).
Azərbaycanda “Əmlakın
qeydiyyata alınması” prosedurunun sadələşdirilməsi
və asanlaşdırılması məqsədi ilə
ölkə rəhbərliyi tərəfindən “Şirkətin
əmək hüquqlarının təmin edilməsi” üzrə
həyata keçirilən islahatlar öz səmərəsini
vermişdir. Azərbaycanda İqtisadi İnkişaf Nazirliyi ilə
Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin
birlikdə apardığı fəaliyyət nəticəsində
“Əmlakın qeydiyyata alınması” üçün tələb
olunan prosedurlar sadələşdirilmiş və müddəti
azaldılmışdır.
4.Kreditin
alınması.
Azərbaycan
Respublikası hesabatda bu göstəriciyə görə 12-ci
yerdədir (2007-ci ildə 26-cı yerdə olub).
Son 5 ildə
Milli Bank tərəfindən həyata keçirilən əsaslı
tədbirlər öz bəhrəsini vermiş və
respublikada kredit informasiyası genişlənmişdir. Biznes fəaliyyəti
üçün kreditlərin alınması proseduru sadələşdirilmiş
və bu məqsədlə dövlət büdcəsindən
ayrılan pul vəsaiti müvəkkil banklar tərəfindən
güzəştli faizlərlə sahibkarlara verilir.
5.İnvestorların marağının qorunması.
Bu göstəricisiyə
görə Azərbaycan 18-ci yeri tutmuşdur (2007-ci ildə
107-ci yerdə idi).
“Doing Business-2009"
hesabatına görə investorların maraqlarının
qorunması dərəcəsi 3 baxımdan əks etdirilir:
a) əməliyyatın
şəffaflığı (aşkarlıq indeksinin əhatə
sferası),
b) səlahiyyətdən
şəxsi məqsədlər üçün istifadəyə
meyillilik (direktorun məsuliyyəti indeksinin əhatə dairəsi),
c) direktorun
və menecerlərin vəzifə davranışına görə
təqib olunması üzrə səhmdarların imkan (səhmdarların
iddia qaldırması indeksi) və investor marağının
qorunma dərəcəsi indeksi.
Ulu öndər
Heydər Əliyevin ölkədə yaratdığı əlverişli
investisiya mühitinin əsas şərti olan siyasi və
iqtisadi sabitliyin, investisiya fəaliyyətinin hüquqi
bazasının yaradılması və investorların
marağının qorunmasının həyata keçirilməsi
nəticəsində son 13 ildə neft-qaz sektoruna 30 mlrd. ABŞ dollarından artıq
investisiya qoyulmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
investisiya fəaliyyətini genişləndirmək və
investorların maraqlarını qorumaq məqsədi ilə bir
sıra tədbirlər, islahatlar həyata keçirilmiş və
Neft Fondundan transfer olunan vəsait hesabına yeni “Dövlət
investisiya şirkəti” yaradılmışdır. İnvestorların
fəaliyyətlərinin yaxşılaşdırılması
məqsədi ilə bir çox infrastruktur layihələri həyata
keçirilmişdir.
Bütün
bunların nəticəsidir ki, 2007-ci ildən başlayaraq Azərbaycanda
daxili investisiya xarici investisiyadan üstün olmuş və
ölkəmiz hazırda xarici dövlətlərə
investisiya qoyuluşuna başlamışdır. 2008-ci ilin altı
ayı ərzində ölkə iqtisadiyyatına 4.4 milyard
ABŞ dolları həcmində investisiya qoyulmuşdur ki, bunun
da 3.1 milyard dolları daxili investisiyadır.
6.Müqavilələrin
icrasının təmin edilməsi.
Bu göstəriciyə
görə hesabatda ölkəmiz 26-cı yerdədir.
Müqavilələrin
icrasının təmin edilməsi məqsədi ilə son illər
Azərbaycanda məhkəmə sistemində əsaslı
islahatlar aparılmışdır. Belə ki, İqtisad Məhkəməsinin
strukturu təkmilləşdirilmiş və test üsulu ilə
qəbul olan hakimlərin sayı
artırılmışdır.
7.Biznesin
bağlanılması.
Hesabatda
“Biznesin bağlanması” göstəricisi prosedurla
bağlı vaxt və maliyyə xərclərinin təhlilini əks
etdirir. Azərbaycan
bu göstəriciyə görə 81-ci yerdədir.
Azərbaycan Respublikası Prezidentinin göstərişi ilə
bu sahədə də əsaslı işlər
aparılmış və həmçinin “Müflisləşmə
haqqında” qanunvericilikdəki boşluqlar və s. üzrə
hərtərəfli fəaliyyətə
başlanılmışdır.
Qeyd etmək lazımdır
ki, “Doing Business-2009" bir illik hesabatında dünya ölkələrinin
biznes mühitinə verilən bu 7 göstəriciyə görə
Azərbaycanda aparılan iqtisadi islahatların nəticələrində
əsaslı yüksəliş müşahidə
olunduğundan, 10 göstəricinin sıralanmasında dəyişiklik
edilmişdir. Hesabatda ”Tikinti üzrə icazənin verilməsi",
“Vergilərin ödənilməsi” və “Gömrük rəsmiləşdirilməsi”
kimi üç göstərici üzrə Azərbaycanda irəliləyişə
nail olunmuşdur, lakin bunlar bir qədər aşağı
olmuşdur. Yəni ardıcıl olaraq ölkəmiş 155,
102 və 177-ci yerləri tutmuşdur. Hesabatda bu göstəricilərdə
də 2007-ci ilə nisbətən əsaslı dəyişikliklərin
olduğu vurğulanmışdır.
Bütün bu nailiyyətlər,
bir ildə 7 göstərici üzrə kəskin artım əlbəttə
ki, cənab İlham Əliyevin iqtisadiyyatı tənzimləmədə
məhkəmə-hüquq, vergi, bank sektoru, daşınmaz əmlakın
qeydiyyatı, qanunvericilik və s. sahələrdə həyata
keçirilən islahatların, aparılan gərgin əməyinin
nəticəsidir.
Əlbəttə
ki, bir məqalədə dövlətin iqtisadiyyatın tənzimlənməsi
üzrə apardığı islahatları
bütövlüklə əhatə etmək qeyri-mümkündür. Bununla belə
onların bəzilərinin üzərində dayanmaq istərdik.
Cənab
İlham Əliyev ölkə Prezidenti seçildiyi ilk günlərdən
Azərbaycan iqtisadiyyatının lokomotivi olan neft-qaz sektorunun
gətirdiyi gəlirləri uzunmüddətli sosial-iqtisadi
inkişafı təmin edən sahələrə yönəltməyi
vacib hesab etmişdir. O, uzunmüddətli sosial-iqtisadi inkişafa, əhalinin
məşğulluğunun təmin edilməsinə,
yoxsulluğun səviyyəsinin azaldılmasına və
xalqın rifahının yüksəlməsinə nail olmaq
üçün dövlət proqramlarının iqtisadi
islahatların həyata keçirilməsində qeyri-neft
sektorunun və infrastruktur sahələrinin
inkişafını təmin etməkdə görürdü.
Azərbaycan
Respublikası Prezidenti İnformasiya-kommunikasiya
texnologiyalarının Azərbaycanda tətbiqini prioritet vəzifə
elan etmişdir.
Azərbaycanın
informasiya-kommunikasiya texnologiyaları üçün çox
cəlbedici ölkəyə çevriləcəyinə əmin
olduğunu bildirən ölkə Prezidenti, bu texnologiyaları
tam şəkildə tətbiq etmək üçün təhsilin,
bilik və bacarığın ilkin şərt olduğunu qeyd
etmişdir.
Cənab İlham Əliyev
Prezident seçildiyi ilk günlərdən (24 noyabr 2003-cü
il tarixli fərmanında) Maliyyə
Nazirliyinə büdcə xərclərinin strukturunu təkmilləşdirmək,
maliyyə intizamını gücləndirmək, büdcənin
icrasına nəzarətin forma və metodlarını
ardıcıl olaraq təkmilləşdirmək haqqında
sistem xarakterli tapşırıqlar vermişdir.
2009-cu il
üçün Azərbaycanın büdcəsinə nəzər
salaq. Hökumətin ilkin proqnozlarına görə,
2009-cu ildə Azərbaycanda ÜDM-in artım sürəti ən
azı 18,9 faiz olacaqdır. ÜDM-in həcmi təqribən 55
milyard dollar olacaq, orta əməkhaqqı ayda 438 dollara
çatdırılacaqdır. Gələn il dövlət
büdcəsinin gəlirləri ÜDM-in 27,9 faizi səviyyəsində
(2008-ci illə müqayisədə 2,4 faiz çox), xərclər
ÜDM-in 28,3 faizi (2008-ci ildəkindən 1,4 faiz çox)
planlaşdırılır. Bu göstəricilər hesablanarkən
neftin bir barelinin qiymətinin 70 dollar civarında olması
proqnozu əsas götürülmüşdür.
Azərbaycanda
nəqliyyat, sosial, istehsal və bazar infrastrukturlarının
yaradılmasının əksəriyyətini dövlət
öz öhdəsinə götürmüşdür.
23 may 2007-ci ildə Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin
imzaladığı “Azərbaycan Respublikası milli təhlükəsizlik
konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncam
ölkənin milli təhlükəsizliyinin təminatı sahəsində
aparılan daxili və xarici siyasətin davamıdır. Dövlətin
apardığı daxili və xarici siyasətində milli
maraq, xalqın mənafeyi əsas
götürüldüyündən ölkə daxilində də
energetika sektoru uğurla inkişaf etdirilir. Bütün bunlar
ölkənin ərzaq təhlükəsizliyinin də təmin
olunmasına səbəb olur.
Təhsil daim
islahat tələb edən sahədir. Təhsil ölkənin gələcəyini,
inkişaf perspektivlərini müəyyən edən ən
başlıca amildir. Dövlət büdcəsindən bu sahəyə
vəsait qoyuluşu ilbəil artaraq 1.1 milyard manata
çatmışdır.
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət
vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyeva ölkəmizdə təhsilin
inkişafına olduqça böyük qayğı göstərir. Respublikamızda
1400 yeni məktəb tikilmiş, kompyuterləşdirilmiş,
2008-ci ildə isə birinci sinifə gedən bütün
şagirdlərə pulsuz dərs vəsaitləri təqdim
olunmuşdur.
Hazırda “Azərbaycan
Respublikasında rabitə və informasiya
texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər
üçün Dövlət Proqramı”na (Elektron Azərbaycan)
uyğun olaraq “Elektron hökumət”in, “Elektron məktəb”in
və bilik iqtisadiyyatının formalaşdırılması
prosesləri inkişaf etdirilir və genişləndirilir.
Dünya dövlətlərinin əksəriyyətində
olduğu kimi Azərbaycanda da yeni iqtisadi inkişaf ssenarilərində
turizmin inkişafına geniş yer verilir. Turizm, ən əvvəl,
ölkənin xarici iqtisadi əlaqələrinin fəallaşması
və inkişafında mühüm rol oynayır.
Azərbaycanın xarici siyasətinin
gücləndirilməsi, fəal və çevik
diplomatiyanın həyata keçirilməsi, diaspor
quruculuğu son beş ildə cənab
İlham Əliyevin xüsusi diqqət yetirdiyi sahələr
olmuşdur. Hazırda Azərbaycan 160 dövlətlə
diplomatik əlaqə qurmuşdur. Respublikanın xaricdə 56
diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirliyi
fəaliyyət göstərir ki, bunlardan 30-u 2004-2008-ci illərdə
ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
ilə yaradılmışdır. Xarici siyasət idarəsi
üçün yüksək intellektual səviyyəli,
bacarıqlı diplomatların yetişdirilmasi məqsədi ilə
Azərbaycan Diplomatik Akademiyası yaradılmışdır.
Roza ƏLİYEVA.
Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “İqtisadiyyatın dövlət tənzimlənməsi”
kafedrasının müdiri
Xalq qəzeti.-2008.-26 noyabr.-S.5.