Zaqatala: 2008-ci ildə onlarla obyekt istifadəyə verilmişdir

 

Qədim yunan filosoflarından biri deyib ki, təbiətə insan əli toxunmayanda da o, bar, bəhər, min cür nemət yetirib. Əlbəttə, həmin nemətlərin hamısı məhz təbiətin özü üçün olub. İnsan əlinin sığalından sonra isə təbiət artıq min illərdir cəmiyyət üçün nemətlər yaradır. Yəni təbiət artıq Tanrının yaratdığı ən ali canlı üçün də məhz onun — insanın öz istədiyi şəkildə, istədiyi qədər nemətlər yarada bilir. Əvvəllər fikirləşirdim ki, yəqin ekologiya məsələsi az və ya çox şəkildə qədim yunanları da narahat edib və ona görə də insanın təbiətə müdaxiləsini xeyli dərəcədə yumşaldaraq “sığal” şəklində ifadə ediblər. Sonra gördüm ki, yox, insanın təbiətə sığal çəkməsi və ondan öz istədiyi neməti götürməsi tamamilə mümkündür və haqlı ifadədir. Elə Zaqatala rayonunda görüb eşitdiyim faktlar da mənim yunan filosofunu təftiş etmək fikrindən vaz keçməyimə səbəb oldu...

...Noyabrın 13-də Milli Məclisdə Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsinin müzakirəsi davam etdirilirdi. Təbii ki, həmin məsələ rəsmi dövlət mətbuatının nümayəndəsi kimi bizim hər birimiz üçün maraqlıdır və mən müzakirələri ardıcıllıqla izləyərkən bir məsələnin şahidi oldum: Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra aqrar sahədə heç zaman 2008-ci ildə olduğu qədər artım tempi qeydə alınmayıb. Bu artım həm faiz etibarilə, həm də faktiki olaraq əvvəlki illərin hamısına nisbətən çoxdur. Ancaq burada bir məsələni xüsusilə qeyd etmək lazımdır. Belə ki, “2008-ci ildə ən yüksək artım tempi qeydə alınıb” — ifadəsi o demək deyildir ki, geridə qalan illərdə aqrar sektorun inkişafına maraq göstərilməyib. Əsla belə deyil. Əksinə, həm ulu öndər Heydər Əliyevin dövründə, həm də 2003-cü ilin oktyabrından sonra aqrar bölmənin inkişafını stimullaşdırmaq üçün çoxsaylı tədbirlər həyata keçirilib. Elə indiki inkişaf da məhz həmin tədbirlər əsasında yaradılmış zəmin nəticəsində əldə edilib.

Milli Məclisin qeyd edilən müzakirəsini bilavasitə Zaqatala rayonundan qələmə alacağım yazı ilə əlaqəsi olduğuna görə yada saldım. Xüsusən, oradakı bir məqam daha çox diqqət çəkən idi. Kənd təsərrüfatı naziri İsmət Abasov öz çıxışında qeyd edir ki, 2007-ci ilin müvafiq dövrünə nisbətən 2008-ci ildə ölkədə 480,8 min ton taxıl, 47,4 min ton kartof, 7,6 min ton tərəvəz, 58,5 min ton meyvə və giləmeyvə, 8,7 min ton üzüm çox istehsal edilib. Rəqəmə diqqət yetirin, bir ildə taxıl istehsalı az qala yarım milyon ton artıb.

İndi həmin artım tempini Zaqatalaya tətbiq edək. Yəni yazının bundan sonrakı bütün məqamları sırf Zaqatala rayonuna aiddir. Əminəm ki, diqqətli oxucu bu sətirləri oxuyarkən Milli Məclisin müzakirəsindən gətirdiyimiz sitatı və orada göstərilən rəqəmləri də xatırlayacaqdır. 2008-ci ilin 9 ayında Zaqatalada kənd təsərrüfatı məhsulları istehsalı əvvəlki illə müqayisədə 65 milyon 237 min manat artmışdır. Bu isə 19,3 faiz artım deməkdir. Yəni aqrar sahədə heç zaman görünməyən artım var. İndi konkret rəqəmlərə keçək. Fermer təsərrüfatları tərəfindən əkilmiş 8386 hektar taxıl sahəsinin hər hektarından 25,2 sentner məhsul götürülüb. İstehsalın həcmi 2007-ci ilə nisbətən 2,3 dəfə artıbdır. Bu isə dövlət başçısının taxıl istehsalını artırmaq üçün həyata keçirdiyi məlum dövlət tədbirlərindən sonra mümkün olub. Rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov həmin məsələni bir qədər də geniş şəkildə izah etdi:

— Əlbəttə, Milli Məclisdə gedən müzakirələrdən aqrar sektorla bağlı məqamı yada salmağınız, ölkənin ümumi inkişafı fonunda Zaqatala rayonunun da iti sürətlə inkişaf etdiyini vurğulamağınız çox maraqlıdır. Ancaq bir məsələni xüsusilə qeyd edim ki, aqrar sahədəki geniş inkişaf tendensiyası – biz bir ildə taxıl istehsalının 2,3 dəfə artırılmasına nail olmuşuqsa, bu, yüksək səviyyəli inkişaf göstəricisidir – bilavasitə cənab Prezident İlham Əliyevin taxıl istehsalının stimullaşdırılması üçün imzaladığı məlum dövlət sənədinin nəticəsidir. Həmin sərəncam imzalanandan sonra taxıl istehsalçılarının həvəsləndirilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi qərarın dərhal icra edilməsinə başlandı və Zaqatalada fermer və sahibkarlar bu məsələyə çox böyük önəm verdilər. Diqqət yetirin, 2007-ci ildə rayonda 3966 hektar sahədə taxıl əkilmişdi. Cənab Prezidentin məlum sərəncamından sonra isə zaqatalalıların əkdiyi taxıl sahələri 8386 hektara çatdı. Deməli, 4420 hektar çox sahəyə taxıl əkildi. Rayon üzrə 12 min 99 ton artım əldə edildi. Xüsusən, buğda istehsalına daha böyük önəm verdik. Beləliklə, əhalinin ərzaq məhsulları ilə təminatında daxili istehsalın rolu ildən-ilə yüksəlir. Rayon əhalisinin ərzaq taxılı ilə təminatı 2007-ci ildə 29 faiz olmuşdusa, bu il həmin göstərici 62 faizə çatdırılıb. Eyni zamanda, qarğıdalı, günəbaxan, kartof, tərəvəz, bostan, meyvə, üzüm, tütün və digər kənd təsərrüfatı məhsullarının istehsalında da ötən ilə nisbətən çox böyük artım qeydə alınıb. Ancaq Zaqatalanın inkişaf göstəricilərini təkcə kənd təsərrüfatı məhsullarının istehsalının artımı ilə ifadə etmək qətiyyən mümkün deyil. Bizim sənaye məhsulları istehsalı, tikinti-quruculuq, turizm, səhiyyə, təhsil, rabitə, nəqliyyat, ümumiyyətlə, rayon həyatının bütün sahələrində üz ağardan, hər bir zaqatalalıya fərəh və iftixar gətirən göstəricilərimiz vardır. İstəsəniz, həmin göstəricilərin bir neçəsi ilə yerində tanış olarıq...

Asif müəllimin vaxtını çox almaq istəmədik. Amma son zamanlar respublika miqyaslı əksər tədbirlərdə adı çəkilən iki obyektə – “2008-ci ildə istifadəyə verilmişdir” — ifadəsi ilə təqdim edilən Zaqatala Beynəlxalq Hava Limanına və rayon mərkəzi stadionuna birlikdə baxdıq. Başçı qeyd etdi, bu qurğuların hər ikisi ümumilikdə Azərbaycanın sosial-iqtisadi inkişafının mühüm tərkib hissələrindəndir. Ancaq hərəsi Zaqatalaya ayrı bir sahədə şöhrət və nüfuz gətirir. Hava limanı bizim rayonun təkcə respublikamızda deyil, eləcə də bütöv regionda turizm mərkəzlərindən birinə çevrilməsini təmin edir. Rayonun təbii imkanları və tamamilə yenidən qurulmuş turizm xidməti obyektləri nə qədər cəlbedici olsa da, yeni açılmış təyyarə limanı bu məsələdə xüsusi rol oynadı. Cənab Prezident İlham Əliyev də rayonumuzda olarkən bu məsələni xüsusi vurğuladı.

Zaqatala stadionuna gəlincə isə deməliyəm ki, hələ 1997-ci ildən, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra ölkənin bütün rayonlarında olduğu kimi, Zaqatalada da idmana və olimpiya hərəkatına maraq aydan-aya, gündən-günə artıb. Bir çox sahələrdə bizim respublika və dünya miqyasında tanınan idmançılarımız var. Özü də az deyil. Ancaq indi zaman elədir ki, bütün dünyada şəhərləri ayrı-ayrı idmançılara görə deyil, daha çox mütəşəkkil, mükəmməl idman klublarına, komanda şəklində uğurlar əldə edən idmançılara görə tanıyırlar. Biz çox şadıq ki, respublika miqyasında Zaqatalanın adını uca tutan “Simurq” futbol klubu yarada bilmişik. Dövlət başçımıza isə ona görə minnətdarıq ki, bizim futbol komandamız üçün müasir standartlara uyğun stadion tikilib istifadəyə verilməsini reallaşdırdı. Yeri gəlmişkən, qeyd edim ki, futbolçularımız da bu qayğıya çox böyük uğurla cavab verdilər. Çoxlu sayda güclü futbol komandaları olan Azərbaycan çempionatında “Simurq” komandasının birinci dövrəni ilk yerlərdən birində başa vurması bütün zaqatalalıların böyük sevinc mənbəyidir. Stadionun imkanları da gözünüzün qabağındadır.

Başçının söylədiyi “yeni stadionun imkanları gözünüzün qabağındadır” — ifadəsini eləcə də rayonda son illər tikilib istifadəyə verilmiş bütün obyektlər haqqında söyləmək olar. Çünki həmin obyektlərin hamısının təməli gözümüzün qabağında qoyulub, hamısı gözümüzün qabağında istifadəyə verilibdir. Bəzi məqamlara konkret şəkildə diqqət yetirək.

2008-ci ilin 9 ayı ərzində Zaqatala rayonunda bütün maliyyə mənbələri hesabına 38 milyon 600 min manatlıq tikinti və təmir işləri görülüb. Ötən ilin müvafiq dövrü iə müqayisədə bu, 35,4 faiz çoxdur. Tikinti, abadlıq və təmir işlərinin 3 milyon manata qədəri rayonun daxili imkanları hesabına aparılıb. Diaqnostika Mərkəzi (Dövlət Neft Şirkətinin vəsaiti hesabına inşa edilib), Heydər Əliyev Muzeyi, Dövlət Reyestr Xidməti üçün yeni inzibati bina, Sosial Müdafiə Mərkəzi və Dövlət Sosial Müdafiə Fondu Zaqatala rayon şöbəsi üçün müasir tipli inzibati binalar, Qarabağ əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası istifadəyə verilibdir.

“İNTER-TOBACCO” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşa etdiyi tütün emalı zavodunun (emal gücü saatda 2,5 tondur) “Gilan” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən Muxax kənd ərazisində tikilən süd emalı zavodunun (gündəlik emal gücü 1 növbədə 10 tondur), Qarabağ əlilləri və şəhid ailələri üçün 28 mənzilli yaşayış binasının, Qazangül qəsəbəsində daha bir 36 mənzilli yaşayış binasının, poçtamtın yeni inzibati binasının, Mamrıx kəndində 40 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. Ümumiyyətlə, “tikintisi davam etdirilən və inşası başa çatmaq üzrə olan obyektlər Zaqatalada digər rayonlara nisbətən daha çoxdur” – desək, yəqin ki, o biri rayonlardakı dost və tanışlarımız da bizimlə razılaşarlar. Müxtəlif maliyyə mənbələri hesabına 3300 şagird yerlik 10 məktəb tikilib. Bir neçə yerdə əlavə sinif otaqları tikilib istifadəyə verilib. Təxminən 12 məktəbin bərpası və ya təmiri başa çatdırılıb. Bu qədər tikinti-quraşdırma işləri siyahısında bir obyektin adını xüsusilə qeyd etmək lazımdır. Həmin obyekt Tala çayı üzərindəki asma körpüdür. Tikintisi başa çatmaq üzrə olan bu obyekt təkcə Zaqatalanın deyil, bütün regionun ən mühüm layihələrindəndir.

Son illər Azərbaycanda dövlət rəmzlərinə ehtiram məsələsi demək olar ki, hər gün müxtəlif tribunalardan səsləndirilir. Xüsusən, Prezident İlham Əliyevin Bakıda “Dövlət bayrağı meydanı” yaradılması üçün göstəriş verməsi, həmin layihənin iti sürətlə icra edilməsi bölgələrdə də dövlət rəmzlərinə ehtiramı gücləndirib. Zaqataladakı “Vağzal dairəsi” deyilən ərazidə və İsoyl dairəsində əhatəli yenidənqurma və abadlıq işləri aparılıb, əsas dairədə inşa edilmiş hündürlüyü 42 metr olan qüllədə dövlət bayrağı ucaldılıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Zaqatalaya hər gəlişi rayon və respublika əhəmiyyətli bir neçə obyektin açılışı ilə yadda qalır. Həmin unudulmaz günün bütün detallarını hər bir zaqatalalı həmişəlik öz yaddaşına köçürüb. Bu il sentyabrın 19-da isə Zaqatalaya olunan həmin səfər bütün söhbətlərin baş mövzusudur, desək səhv etmərik.

...Beynəlxalq hava limanı, müasir turizm və xidmət obyektləri, abad küçələri, rahat yolları, çoxsaylı mədəniyyət və istirahət mərkəzləri, zəngin təbiəti, dərin mənəviyyatlı, yüksək səviyyəli insanları, ən başlıcası, mükəmməl idarəetməsi olan Zaqataladan qayıdarkən şəkili dostum İsfəndiyar müəllimlə təxminən 20 il əvvəl etdiyim bir söhbət yadıma düşdü. O zaman bir yazıda istifadə edəcəyim detalları dəqiqləşdirmək üçün Şəkiyə zəng edib İsfəndiyar müəllimə bir neçə sual vermişdim. Suallardan biri “Gələrsən, görərsən” qalasının adı ilə bağlı idi. Həmsöhbətim o biri sualları lazım olan və məni qane edən şəkildə cavablandırdıqdan sonra qala ilə bağlı suala çox konkret və Şəkisayağı — zarafatla cavab verdi: Gələrsən, görərsən. İndi, Zaqatalanın bugünkü inkişafını, rayonun və rayon əhalisinin vəziyyətini məndən xəbər alanlar məhz həmin cavabı eşidəcəklər: Gələrsən, görərsən. Niyə də gəlməsinlər? Gəlmək asan, görməli yerlər isə yüzlərlədir. Bu il gələ bilməyənlər isə qətiyyən narahat olmasınlar. Çünki Zaqatala gələn il daha abad, daha gözəl olacaq.

 

İlqar HƏSƏNOV.

 

Xalq qəzeti.-2008.-26 noyabr.-S.4.