Cənubi Qafqazda ən çox xarici investisiya yatırılan ölkə Azərbaycandır

 

 

Bakıda keçirilmiş IV Enerji Sammitində giriş nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdi ki, biz dünyanın aparıcı neft şirkətləri ilə əməkdaşlığın bəhrəsini görürük. Eyni zamanda, dövlət başçımız ümummilli liderimizdən sitat gətirdiyimiz məsələni bir az da geniş şəkildə xarakterizə edərək son 14 ildəki praktik əməkdaşlıq dövründə əcnəbi şirkətlərlə Azərbaycan şirkətlərinin və ya dövlətimizin arasında heç zaman mübahisələr və ya razılaşmalara yenidən baxılması hallarının olmadığını söyləmişdi. Yəni, beynəlxalq aləmdə Azərbaycana inam və etimad istənilən səviyyədədir.

Son 5 ildə Ermənistan istisna olmaqla dünyanın bütün dövlətləri və beynəlxalq təşkilatları ilə bərabərhüquqlu qarşılıqlı, səmərəli fəaliyyətimizin genişləndirilməsi Azərbaycan dövlətini daha da qüdrətli, nüfuzlu etmişdir. Beynəlxalq aləmdəki yeni nüfuzumuz dünya sərmayədarlarının Azərbaycana üz tutmasına səbəb olmuş, bu məsələdə ölkəmiz Cənubi Qafqazda lider dövlətə çevrilmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin hazırladığı “Azərbaycan Respublikası hökumətinin fəaliyyətinin əsas nəticələri və prioritet istiqamətləri” adlı statistik icmalda verilmiş məlumatlar MDB Ölkələrarası Statistika Komitəsinin illik hesabatları ilə bir-birini tamamlayır. Yəni bizim uğurlarımızı əcnəbi ekspertlər də görür və səmimi şəkildə etiraf edirlər. “UNSTAD” tərəfindən hazırlanan “Birbaşa xarici investisiyaların cəlbi indeksinin reytinqi” hesabatına əsasən, Azərbaycan 2007-ci ildə 140 ölkə arasında birinci yerə çıxmışdır. Təbii ki, il başa çatdıqdan sonra — 2008-ci ilin ümumi yekunları hazır olanda bu istiqamətdə əldə edilmiş daha böyük göstəricilər elan ediləcəkdir. Hesabatlarda göstərilir ki, 2003-2007-ci illərdə Cənubi Qafqaz ölkələrinə yönəldilmiş bütün xarici investisiyaların 66-71 faizi Azərbaycanın payına düşür. Burada 2 rəqəmin göstərilməsi müxtəlif sahələrə bölünən investisiyaların miqdarına görədir. Ölkədə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2002-ci ilə nisbətən 3,9 dəfə artaraq 2007-ci ildə 7,5 milyard manata çatmışdır. Yeri gəlmişkən, proqnozlara görə növbəti 5 ildə bu rəqəm 18,5 milyard manata çatacaqdır. Xarici investisiyaların qonşu ölkələrimiz üçün əlçatmaz bir səviyyədə artması və əsas kapitala yönəldilmiş investisiyaların yuxarıda qeyd etdiyimiz şəkildə çoxalması bu gün respublikanın hər qarışındakı inkişafda özünü göstərir.

Bu gün Azərbaycan Müstəqil Dövlətlər Birliyində və postsovet məkanında ən geniş tikinti-quruculuq işlərinin getdiyi, infrastrukturun yeniləşdiyi, xüsusən beynəlxalq əhəmiyyətli yolların qurulduğu ölkəyə çevrilibdir. Paytaxtdakı Heydər Əliyev adına Beynəlxalq Hava Limanının dünya standartlarına hansı səviyyədə cavab verdiyini qeyd etməyə ehtiyac yoxdur. Bu limanla yanaşı Naxçıvan, Gəncə, Lənkəran və Zaqatalada da müasir standartlara cavab verən hava limanları tikilib istifadəyə verilmişdir. Binə hava limanı dünyanın istənilən inkişaf etmiş ölkəsinin aviaşirkətlərinə məxsus təyyarələri qəbul edib, yola salır. Böyük İpək Yolunun bərpası və digər transmilli layihələrin icrası prosesində Azərbaycan hava məkanı Avrasiyanın bütün aviaşirkətləri üçün mühüm tranzit məkanına çevrilmişdir.

1997-ci ildə postsovet məkanının ən hörmətli yazılı mətbuat nümunələrindən biri (son 6-7 ildə Azərbaycan həqiqətlərini operativ və obyektiv işıqlandırdığına görə indi həmin qəzetin adını çəkməyi məqsədəuyğun saymırıq) Azərbaycan haqqında hazırladığı analitik məlumatda faktları qələmə alarkən ironiyanı gizlədə bilməmişdi: “Müstəqillik dövründə Azərbaycanda 200-dən çox məscid və 2 məktəb tikilmişdir”. Sosial-iqtisadi inkişafın indiki mərhələsini özündə əks etdirən hesabatda isə göstərilir: “Son 5 ildə Azərbaycanın bütün bölgələrində 1400 ümumtəhsil məktəbi tikilmiş, 300 məktəb əsaslı şəkildə təmir edilmiş, məktəblərdə yüksək səviyyədə təhsil və tərbiyə təşkil edilmişdir. Ölkədə neftdən gələn gəlirlərin insan kapitalına çevrilməsi istiqamətində həyata keçirilən tədbirlər yüksək səviyyədə dəstəklənir və maliyyələşdirilir. Bu məqsədlə ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq edilmişdir. Bu proqramın icrası zamanı 5000 gəncin xaricdə təhsil almasına şərait yaradılacaqdır". Biz yuxarıda bu göstəricilərin müqayisə edilməsi barədə fikir söyləmişdik. Amma fərqlər elə bir miqyasdadır ki, artıq hansısa müqayisə mümkün deyil. Hətta 1996-97-ci illər bir yana, 2003-cü ilin göstəriciləri də bu il bizim üçün həddən artıq adi və kiçik görünür.

Müraciət etdiyimiz (yəni müqayisə mümkün deyil — ifadəsini işlətdiyimizə görə artıq müqayisə etmir, yalnız fərqlərə müraciət edirik) digər məsələ qeyri-neft sektorunun inkişafı sahəsində atılan addımların miqyasıdır. 1996-cı ilin martında o zamankı spiker Rəsul Quliyev parlamentin 50-yə qədər KİV təmsilçisinin də iştirak etdiyi iclasında deputatlara üz tutaraq demişdi: “Neft müqavilələrindən Azərbaycana 5 qara quruş gəlməyəcək. Çünki Xəzərdə xarici şirkətlərin təşkil etdiyi konsorsiumla imzalanmış sazişdə göstərilən qədər neft yoxdur, çıxarılan cüzi neft həmin şirkətlərə cərimə kimi ödəniləcəkdir. Qeyri-neft sektorunu isə inkişaf etdirmək üçün pul yoxdur və heç bir əcnəbi sərmayədar bu iş üçün Azərbaycana yatırım gətirməyəcək”. O zaman Rəsul Quliyevin həmin bəd proqnozuna ciddi şəkildə etiraz edən və cavab verənlər olmuşdu. 2008-ci il prezident seçkilərindən əvvəl gördüyümüz, eşitdiyimiz və şahidi olduğumuz çoxsaylı faktlar isə tamamilə başqa bir mənzərə yaradır. Hesabatlarda göstərilir: “Azərbaycanın təbii enerji ehtiyatlarından əldə olunan gəlirlərdən müasir nəsil ilə yanaşı gələcək nəsillərin də bəhrələnməsini və gəlirlərin şəffaflığını təmin etmək məqsədilə Azərbaycan Dövlət Neft Fondu yaradılmışdır. Bu fondun yaradılması qeyd edilən istiqamətdə atılmış çox mühüm addım idi. Dövlət Neft Fondunda toplanmış gəlirlərin bir qismindən Bakı—Tbilisi—Ceyhan neft kəməri, Bakı—Tbilisi—Ərzurum qaz kəməri, Bakı—Tbilisi—Qars dəmir yol xətti, Oğuz—Qəbələ—Bakı su kəməri kimi böyük perspektiv vəd edən layihələrin maliyyələşdirilməsində istifadə edilmişdir. Fondun vəsaiti hesabına çadır şəhərciklərində yaşayan 16 min soydaşımızın həyat şəraitinin yaxşılaşdırılması msəqsədilə 56 müasir qəsəbənin tikilməsi maliyyələşdirilmişdir. İntellektual kapitlaın yaradılması və qeyri-neft sektorunun inkişafı üçün sərf edilən 100 milyonlarla vəsait də bilavasitə neft sektorunun gəlirləri hesabına ödənilir”. Bu faktlar “neftdən Azərbaycana 5 qara quruş gəlməyəcək” — deyən dırnaqarası siyasətçilərin nə dərəcədə “uzaqgörən” olduğunun növbəti sübutudur.

Bu məsələ barədə söz açarkən bir məsələni də qeyd etməliyik. Belə ki, neft gəlirlərindən səmərəli istifadə etmək məqsədilə xarici ölkələrə investisiya yatırılması kimi müsbət bir tendensiyasının təməli qoyulmuş, nəticədə Azərbaycan investisiya qəbul edən ölkə olmaqla yanaşı, sərmayə ixrac edən ölkəyə çevrilmişdir. İndi Azərbaycan şirkətləri bu fəaliyyətlə həm iqtisadi cəhətdən, həm də siyasi baxımdan ölkəmizə yeni nüfuz gətirir, dövlətimizi qüdrətləndirirlər.

Sonda qeyd edək ki, bugünkü Azərbaycan həqiqətlərindən biri də qeyri-neft sektoruna yönəldilmiş sərmayənin ildən-ilə, aydan-aya artmasıdır. Yuxarıda qeyd etdiyimiz sitatda görünürdü ki, müxalifət təmsilçisi qeyri-neft sektorunun inkişafını tamamilə mümkünsüz hesab edirdi. Ancaq zaman sübut etdi ki, son 5 ildə dövlətimiz bu sahənin inkişaf etdirilməsində də özünəməxsus nümunə yaradılmasına nail olmuşdur. Məsələn 2003-cü ildə əsas kapitala yönəldilmiş investisiyaların strukturunda qeyri-neft sektoruna yatırılan sərmayələrin payı 27 faiz idisə, 2007-ci ildə bu rəqəm təxminən 2 dəfə artırılaraq 53 faizə çatdırılmışdır. Əksər neft ölkələrində belə tendensiya qeydə alınmır. Azərbaycan dövlətinin həmin addımları iqtisadiyyatın uzunmüddətli perspektivdə neft-qaz ehtiyatlarından asılılığının azalmasını təmin edəcəkdir. Ölkənin qeyri-neft sektorundakı investisiya mühitinin getdikcə yaxşılaşdırılması xarici kapitalın daha çox cəlb edilməsinə zəmin yaradır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi “Biznes mühiti-2009" hesabatında Azərbaycanın ən islahatçı ölkə kimi qeyd edilməsi isə respublikamıza sərmayə gətirmək istəyən əcnəbi investorların sırasını daha da genişləndirəcəkdir. Üstəlik dövlətin 2008-2013-cü illər üçün müəyyən etdiyi perspektivlər və hazırlanan proqramlar xarici sərmayədarların Cənubi Qafqazda daha çox Azərbaycana üz tutmasına növbəti bir zəmin yaradır.

Azərbaycan xalqının 2008-ci ilin payızında növbəti dəfə Heydər Əliyev siyasi kursuna səs verməsi, son beş ildə ölkədə gedən irimiqyaslı sosial-iqtisadi inkişafı dəstəkləməsi xalqımızın və dövlətimizin yeni uğurlarına zəmin yaradır. Oktyabrın 24-də ikinci dəfə dövlət başçısı kimi and içən Prezident İlham Əliyev xalqı əmin etdi ki, növbəti beş ildə ölkənin inkişafı daha böyük miqyas alacaqdır. Xalq cənab İlham Əliyevdən 2003-cü ilin payızında eşitdiyi bütün vədlərin reallaşdırıldığının şahidi olduğuna görə indi dövlət başçısını daha böyük inam, etimad və ümidlərlə dəstəkləyir.

 

İttifaq MİRZƏBƏYLİ.

 

Xalq qəzeti.-2008.-26 noyabr.-S.2.