Arıçılıq:
mövcud vəziyyət, problemlər və vəzifələr
Müsahibim Kənd Təsərrüfatı
Nazirliyinin idarə rəisi Çingiz Fərəcov söhbət
zamanı ölkədə arıçılığın
inkişafı, bununla əlaqədar həyata keçirilən
tədbirlər, qarşıya çıxan çətinliklər,
arıçılıqla bağlı xarici təcrübənin
yerlərdə tətbiqi və s. məsələlərə
toxundu. Ç.Fərəcov dedi:
— ...İbn Sina
dünyasını dəyişərkən ondan soruşurlar
ki, ey ulu loğman, bizi kimin ixtiyarına buraxıb gedirsən?
Biz bundan sonra kimdən şəfa, məlhəm diləyəcəyik?!.
Cavab belə olur: Dəvənin südü və ətini,
arının isə balını sizə dava-dərman kimi məsləhət
bilirəm. Çətinə düşəndə —
hansısa bir xəstəliklə üzləşəndə
onlardan bəhrələnin, istifadə edin, sağlamlıq
taparsınız. Müqəddəs Qurani-Kərimdə də
təbiətin bü möcüzəli canlısının —
arının adı çəkilir...
Yuxarıda xatırlatdığım bu iki məqamdan
görünür ki, insanın arıya mehr salmasının, nəslinin
kəsilməyə qoymamasının, barını-bəhrəsini
yüksək qiymətləndirməsinin kökü, tarixi
çox-çox qədimlərə gedib çıxır...
...1814-cü ildə rus
arıçısı P.Prokopoviç çərçivəli
pətəklər düzəltdikdən və 1865-ci ildə
çex arıçısı F.Qruşka balsüzən
maşını ixtira etdikdən sonra arıçılıq
bir çox ölkələrdə kənd təsərrüfatının
yüksək gəlirli sahəsi olub. Zaman keçdikcə
arıçılığın elmi əsasları da işlənərək
indiki mükəmməl vəziyyətə gətirilib.
Ölkəmizdə
arıçılığın inkişafına həmişə
qayğı ilə yanaşılıb. Azərbaycanın əlverişli
relyef və iqlim şəraitinə, zəngin bitki
örtüyünə malik olması da bu sahənin daim diqqət
mərkəzində saxlanılmasına öz müsbət təsirini
göstərib. Onu deyim ki, arıçılıq iqtisadi cəhətdən
gəlirli, qida və müalicəvi əhəmiyyəti
baxımından xeyirli olması ilə yanaşı, ətraf
mühitin ekoloji durumunun yaxşılaşdırılması
istiqamətində ən səmərəli təsərrüfat
sahəsidir.
Digər sahələrlə
müqayisədə arı təsərrüfatlarının
yaradılmasına az xərc lazım olur, çəkilən
məsrəflər qısa müddətdə
qaytarılır. Arıxanaların genişlənməsi
sürətli, əmək şəraiti insan
sağlamlığı baxımından əlverişlidir.
Arıçılığı inkişaf etdirmək ətraf
mühiti yaxşılaşdırmaq, erroziya prosesi və səhralaşma
ilə uğurla mübarizə aparmaq baxımından da önəmlidir.
Arı tozlandırması sayəsində bitkilərin məhsuldarlığının
əhəmiyyətli dərəcədə artması, meyvə
və toxumların keyfiyyətinin yüksəlməsi ilə bərabər,
ətraf mühitin flora durumunun yaxşılaşmasına nail
olunur. Arıçılıq yeganə kənd təsərrüfatı
sahəsidir ki, artırılmasında və genişləndirilməsində
ətraf mühitə heç bir mənfi təsir göstərilmir.
Əksinə, arıçılığın genişləndirilməsi
ətraf aləmin daha da yaxşılaşmasına gətirib
çıxarır.
Respublikada
arıçılığa maraq getdikcə artır. Bunu belə
bir fakt da təsdiqləyir: əgər 1 yanvar 2001-ci il tarixdə
ölkədə 57 min baş arı ailəsi vardısa,
hazırda bu göstərici 126362-yə çatıb.
Başqa sözlə, sözügedən dövrdə arı
ailələrinin sayı 2,2 dəfə artıb. Onu da deyim ki,
ölkəmizin flora və faunası Azərbaycanda arı ailələrinin
sayını 500 minə çatdırmağa imkan verir. Belə
halda isə il ərzində bal istehsalını 7 min tona
çatdırmaq mümkündür.
Azərbaycanda
arıçıların çox böyük bir nəsli
yetişib. Onların zəngin təcrübəsi var, eyni
zamanda təsərrüfat sahələrində yüksək
uğurlar qazanırlar. Astara rayonunun Miki kəndindən Ələkram
Salayev, Quba rayonunun Pirvalid kəndindən Hafiz Talıbov, Şəki
rayonunun Baş Göynük kəndindən Lətif Lətifov,
əslən Qubadlıdan olan, hazırda isə öz
arıçılıq təsərrüfatını
Xızıda saxlayan Şamil Quliyev, Qaxın Ləki kəndindən
Bədrəddin Həsrətov və arıçı alimimiz
Fəxrəddin Musayevi belələrinə misal çəkə
bilərəm.
Bədrəddin Həsrətov
neçə illərdir ki, arıçılıqla məşğul
olur. O, 150 arı ailəsi saxlayır. Eyni zamanda
arıçılığı daha da inkişaf etdirmək,
yeni arı nəsli yetişdirmək üçün
yaratdığı qeyri-hökumət təşkilatının
xətti ilə rayonda müxtəlif layihələr
reallaşdırır. Məsələn, hazırda Qaxda
arıçıların 3 aylıq kursunu təşkil
etmişdir. Burada gənc arıçılara məsləhətlər
verilir, bu sahənin sirləri öyrədilir. Treninqlər
başa çatandan sonra 12 arıçıya şəhadətnamələr
təqdim olunacaqdır.
Onu da deyim ki, B.Həsrətovun
dəvətilə ABŞ-ın “AYSİDİ- YOKA” Beynəlxalq
təşkilatının mütəxəssisləri Qax
rayonunda olmuş, adı çəkilən
arıçıya damazlıq avadanlıqları vermişlər...
B.Həsrətov damazlıq təsərrüfatı
yaradılması istiqamətində böyük uğurlar əldə
etmiş və Kənd Təsərrüfatı Nazirliyinin
damazlıq haqqında uyğun sertifikatını
almışdır.
Zaqatala rayonunda
arıçılıq sahəsində yüksək nəticələrə
nail olan Mövləddin Qurbanəliyevin də adını
çəkmək istərdim. Onun 170 arı ailəsi var.
İldə hər arı ailəsindən 20-21 kiloqram bal
götürür. Nəzərə alsaq ki, respublika üzrə
bu göstərici 10-12 kiloqramdır, onda oxucuda Mövləddinin
uğuru, arıçılığa sonsuz sevgisi barədə
aydın təsəvvür yaranar. Mövləddin həmçinin
yeşik, şan, ramka istehsal edib, bölgədəki
arıçıları təmin edir.
— Çingiz müəllim,
yaxın vaxtlarda Milli Məclisdə arıçılıq
haqqında qanunun qəbulu gözlənilir. Bu barədə nə
deyə bilərsiniz?
— Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən “Arıçılıq
haqqında” Qanun layihəsi işlənərək Milli Məclisə
təqdim edilmişdir. Xatırladım ki, sözügedən
qanun keçmiş SSRİ məkanında yalnız Rusiyada —
Başqırdıstanda qüvvədədir. Ölkəmizdə
bu qanunun qəbul olunmasına həm bizim nazirlik, həm də
arıçılar çox maraqlıdır. Çünki
qanun qüvvəyə minəndən sonra
arıçıların mənafeyi tam şəkildə
qorunacaqdır... Arıçılıqda damazlıq işi
yaxşılaşacaqdır. Yerli arı cinslərinin qorunub
saxlanılması, mənşəyi bəlli, sabit irsi əlamətlərə,
yüksək məhsuldarlığa malik olan bal arıları
cinslərinin yetişdirilməsi və təkmilləşdirilməsi,
arıçılıq məhsulları istehsalının
artırılması, istifadəsinin genişləndirilməsi
təmin ediləcəkdir. Qanun qəbul olunandan sonra saxta bal
istehsal edən, halala haram qatan şəxslər barədə
cinayət məcəlləsinin tərkibi müəyyənləşəcəkdir.
Onu da qeyd edim ki, Kənd Təsərrüfatı Nazirliyində
bu sahənin inkişafı ilə bağlı yaxın
vaxtlarda kollegiya iclasının keçirilməsi nəzərdə
tutulur.
— Artıq ənənə
şəklini alan arıçılıq məhsullarının
sərgi-satış yarmarkası da, şübhəsiz,
arıçılığın inkişafına öz
müsbət təsirini göstərir...
—Bəli, hər il
nazirlik tərəfindən arıçılıq məhsullarının
sərgi-satış yarmarkası təşkil edilir. Bundan məqsəd
təkcə arıçılıq məhsullarının
(bal, çiçək tozu, güləm, arı südü,
vərəmum və s.) satışı deyil, həm də
arıçıların problemlərinin müzakirəsinin,
arıçılıq məhsullarının
reklamının təşkilidir... Biz istəyirik ki, bu sərgi-satış
yarmarkalarında arıçılar bir-birilə əlaqələr
yaratsın, təcrübə mübadilələrinə
başlanılsın, təşkilatlanma işi sürətlənsin.
Etiraf edim ki, artıq bu məsələlərin
reallaşmasına nail oluruq. Fikrimi bir qədər də
genişləndirmək üçün diqqəti builki
yarmarkaya yönəltmək istərdim. Milli Parkda oktyabrın
24-dən 30-dək keçirilən 7-ci sərgi-satış
yarmarkasına 21 min bakılı gəldi, onlar keyfiyyəti
yoxlanılmış balla təmin olundular. Bundan başqa,
yarmarka müddətində elmi-praktik konfrans keçirildi,
alimlər məsləhətlərini verdilər,
arıçılar öz iş təcrübələrini
bölüşdülər...
Onu da deyim ki, hər il
xarici ölkələrin tanınmış arıçı
alimləri, arıçıları yarmarkaya dəvət
olunur. Son 3 ildə Perudan Xose Marti, Türkiyədən Bəhri
Yılmaz və Əhməd İnci yarmarkalarda iştirak
etmiş və Azərbaycan arıçılarına öz
tövsiyələrini vermişlər.
Sərgi-satış
yarmarkasında keçən il 200 arıçı iştirak
edirdisə, bu il onların sayı 400-dən çox idi. Yarmarkaya
ölkənin ən ucqar rayonlarından, Naxçıvan Muxtar
Respublikasından, hətta qonşu Gürcüstandan da
qatılanlar vardı... Gürcüstanın Bolnisi rayonundan gələn
Şahin Eyvazov elmi-praktik konfransda iştirak etdi, öz iş təcrübəsindən
danışdı. Sonra o, Kənd Təsərrüfatı
Nazirliyinə göndərdiyi məktubda sərgi-satış
yarmarkasının yüksək səviyyədə
keçirildiyini, arıçılıqla bağlı zəngin
məlumatlar əldə etdiyini, 100 kiloqramdan çox bal
satdığını yazmış və bunlara görə
nazirliyin rəhbərliyinə öz minnətdarlığını
bildirmişdir.
— Arıçılıqda
damazlıq işi əsas məsələlərdən biridir.
Bunsuz sahənin inkişafı belə mümkün deyil.
— Bəli, bu həqiqətdir.
Son illərdə arıçılıqda damazlıq işi
başlanmışdır. Bir faktı deyim ki, Azərbaycanda
arıçılığın genetik ehtiyatları çox
zəngindir. Arı genefondunu Bozdağ Qafqaz və Sarı
Qafqaz cinsləri təşkil edir. Bu cinslər Azərbaycanın
təbii iqlim şəraitinə uyğun
formalaşmışdır. Bozdağ Qafqaz arı cinsinin
ölkədə Qabaqtəpə və Şahdağ arı
populyasiyaları var. Bunlar uyğun olaraq Kiçik Qafqaz və
Böyük Qafqaz dağlarının Azərbaycana aid olan ərazilərində
yayılmışdır. Sarı Qafqaz arı cinsinə aid
olan Sarı İran və Lənkəran arı populyasiyası
ölkəmizin cənub hisssinin isti iqlim şəraitinə
uyğunlaşaraq Lənkəran, Astara, Lerik, Yardımlı, həmçinin
Cəbrayıl, Zəngilan və Naxçıvan MR-də
yayılmışdır. Lənkəran arı populyasiyası
isə Azərbaycanın subtropik iqlim şəraitində
yaranmış və Lənkəran-Astara bölgəsində
yayılmışdır.
Adları çəkilən
arı populyasiyaları özünəməxsus müsbət
xüsusiyyətləri, yüksək təsərrüfat
göstəriciləri ilə seçilir və
damazlıq-seleksiya işi üçün ən yaxşı
seleksiya materialı kimi tanınır.
Aparılan damazlıq
işinin məqsədi ondan ibarətdir ki, Qabaqtəpə,
Şahdağ, Lənkəran, Sarı arı populyasiyaları təmizlikdə
yetişdirilsin, onların məhsuldarlığı
artırılsın. Başqa arılar bu cinslər
saxlanılan ərazilərə daxil olmasın. Bunun
üçün xüsusi qoruqlar yaradılmalıdır. Bir
sözlə, Vətən arı cinslərinin təmizliyi
qorunub saxlanılmalı və onların məhsuldarlıq
keyfiyyətləri təkmilləşdirilməlidir.
Respublikada arı
genefondunun qorunması və damazlıq-seleksiya işinin
müasir tələblərə tam cavab verməsi
üçün müəyyən tədbirlər həyata
keçirilməsi məqsədəuyğundur. Etiraf edim ki,
bir sıra hallarda arıçılığın plansız
və nəzarətsiz şəkildə inkişafı arı
cinslərinin kortəbii mələzləşməsinə, məhsuldarlığın
kəskin şəkildə azalmasına və qiymətli
arı genefondunun məhvolma təhlükəsinin yaranmasına
səbəb olur.
Damazlıq işinin
yüksək səviyyədə aparılması
üçün bir sıra kompleks tədbirlər həyata
keçirilməlidir. Arı genefondunun mövcud vəziyyətinin
qiymətləndirilməsi və damazlıq
ehtiyatlarının müəyyənləşdirilməsi məqsədilə
ümumrespublika monitorinqinin təşkili zəruridir. Yeni təsərrüfat
və mülkiyyət münasibətləri şəraitində
damazlıq işi görülərkən dünya təcrübəsindən
istifadəyə də üstünlük verilir.
Qabaqtəpə arı
cinsi Amerika mütəxəssislərinin diqqətini cəlb
etmişdir. Onların xortumları 7 millimetrdir. Bu, dünyada ən
uzun xortumlu arı cinsidir. Belə üstünlüyün əhəmiyyəti
ondadır ki, arı xortumu ilə şirəni
gül-çiçəyin ən dərin hissəsindən
asanlıqla çəkir. Hazırda Azərbaycanda bu cins
arı ailələrinin sayının çoxaldılması
üçün tədbirlər görülür.
Arıçılıqda
damazlıq işinin səmərəli təşkili məqsədilə
ölkədə özəl damazlıq təsərrüfatları
yaradılmışdır. Hazırda onların sayı 21-ə
çatır. Bu təsərrüfatlarda damazlıq sahəsində
müsbət təcrübə qazanılıb... Yeri gəlmişkən,
Şəki rayonunun Baş Göynük kəndində Lətif
Lətifovun damazlıq təsərrüfatı barədə
bir neçə kəlmə qeyd etmək istərdim. Onun 500
arı ailəsi var... L.Lətifov bir neçə il bundan əvvəl
ABŞ-da təcrübə mübadiləsində olub və
Şəkiyə Kornika arı cinsini gətirərək burada
onu yetişdirməyə başlayıb. Bu cins ayrıca təsərrüfatda
saxlanılır. Hazırda L.Lətifov Kornika cinsindən olan hər
arı ailəsindən 35 kiloqram bal götürür. Şəkili
təsərrüfatçı deyir ki, adı çəkilən
arı cinsi yerli şəraitə tez alışır,
yüksək məhsuldarlığı ilə seçilir. Xatırladım
ki, L.Lətifovun arıçılıq fəaliyyətilə
bağlı film çəkilmiş, televiziya verilişləri
hazırlanmışdır.
Mən yuxarıda
göstərdim ki, Azərbaycanda əcnəbi
arıçıların təcrübəsini öyrənməyə
böyük diqqət yetirilir. Elə buna görə də son
illərdə respublikanın məşhur
arıçılarından Elxan Ələkbərov, Lətif
Lətifov, Bədrəddin Həsrətov və
başqaları ABŞ, Türkiyə və digər xarici
ölkələrdə olmuş,
arıçılığın inkişafı məsələlərini
öyrənmişlər. Hesab edirəm ki, bu iş daha
geniş miqyasda davam etdirilməlidir.
Yuxarıda qeyd etdim ki,
respublikada 21 özəl arıçılıq təsərrüfatı
yaradılmışdır. Bu təsərrüfatın əsas
vəzifəsi ana arıların yetişdirilməsini təşkil
etməkdən ibarətdir. Türkiyədə ana arı
yetişdirib satan arıçılara dövlət 50 faiz
subsidiya verir. Azərbaycanda da bu təcrübədən istifadə
olunmalıdır. Arı ailələrinin məhsuldarlığı
sağlam ana arılarından asılıdır. Bu gün
arıçıların güzəştli şərtlərlə
kredit almalarına ciddi ehtiyac duyulur. Əgər dövlət
arıçılıqda damazlıq işinə xüsusi diqqət
yetirərsə, kredit, subsidiya məsələsində irəliləyiş
yaranarsa, o zaman sahənin inkişafı da daha tez
müşahidə edilər.
— Bu gün
arıçılıq təsərrüfatlarının
avadanlıqlara da çox böyük ehtiyacı var...
— Sizinlə razıyam.
Hazırda arıxanalarda arı ailələrinin 70 faizi
köhnə, istifadə müddətini başa vurmuş pətəklərdə
saxlanılır. Əlbəttə, belə vəziyyətdə
arı ailələri xəstəliklərə tez
düçar olur. Başqa bir məsələ. Arı xəstəliklərinin
qarşısını almaq üçün dərman
preparatları xaricdən gətirilir. Düzdür, burada
Dövlət Baytarlıq Xidmətinin fəaliyyətini danmaq
olmaz. Amma istərdik ki, arıçılara satılan dərmanların
qiymətləri də bir qədər ucuz olsun. Nəhayət,
arıçılığın inkişafı
üçün dövlət bu sahəyə kredit
ayırmalı, subsidiya verməlidir. Belə halda həm
arı ailələrinin sayının artırılmasına,
həm də məhsuldarlığın yüksəldilməsinə
nail olmaq mümkündür.
Arıçılıq avadanlıqlarının respublikaya gətirilməsi,
onların burada istehsalı da diqqəti çəkən məsələlərdəndir.
Açığı bununla bağlı problemlərin həlli
yönündə son vaxtlaradək elə bir ciddi irəliləyiş
nəzərə çarpmırdı. Lakin hazırda
ayrı-ayrı arıçılar sözügedən istiqamətdə
müəyyən addımlar atırlar. Məsələn,
“Şahdağ” arıçılıq firmasının sahibi
Elxan Ələkbərov arıçılıq məhsulları
ilə yanaşı, eyni zamanda yüksək keyfiyyətli
arıçılıq avadanlıqları — yeşik, çərçivə,
körük və s. də istehsal edir. Zaqataladan olan
arıcı Mövləddin Qurbanəliyev də onun kimi. Lakin
bununla ehtiyac tam ödənilmir. Ona görə də
yaxşı olardı ki, xaricdən gətirilən
arıçılıq avadanlıqları əlavə dəyər
vergisindən azad edilsin.
— İstərdik ki, bir məsələyə
də toxunasınız. Bu da saxta bal satışı ilə
bağlıdır...
— Bu, bizim
ağrılı yerimizdir. Kənd Təsərrüfatı
Nazirliyi olaraq buna qarşı ciddi mübarizə
aparırıq. Arıçılarla söhbətlərimizdə
də bu məqam daha çox vurğulanır. İzah edirik
ki, halala haram qatmaq, keyfiyyətsiz, saxta mal satmaq həm mənəvi
dəyərlərimizə ziddir, həm də bu,
istehlakçıların müxtəlif ağır xəstəliklərə
düçar olmasına gətirib çıxarır... Məhz
elə bunun nəticəsidir ki, sərgi-satış
yarmarkasına gələnlərin də müəyyən
qismi ehtiyatla davranır, bal məhsullarına şübhə ilə
baxır, burada aldadılacaqlarından ehtiyat edirlər. Əslində
bu adamlar haqlıdırlar. Elələri tapılır ki, onlar
adlarını arıçı qoyub, sərgiyə saxta,
süni düzəldilmiş bal çıxarırlar. Belələri
nazirliyin keçirdiyi bu dövlət tədbirinə
inamsızlıq və yarmarkaya gələnlərdə
şübdə yaradırlar. Təcrübəli
arıçılar yarmarkada İranda və Rusiyada istehsal
olunan keyfiyyətsiz bal satıldığını iddia edirlər.
Etiraf edim ki, belə saxtakarlığı tapıb ifşa etmək
çox çətin olur.
Lakin son illərdə
bir qrup saxta arıçı peyda olub, onlar fədakarlıqla,
namusla işləyən, ailələrini halal zəhmətlə
dolandıran arıçıların adına ləkə gətirir,
onların istehsal etdikləri ekoloji bala şübhə
oyadırlar.
Daşkəsən və
Gədəbəy rayonları həmişə öz bal məhsulları
ilə şöhrət qazanmışdır. Hamı bu rayonlarda
istehsal olunan balı axtarır. Daşkəsənin məşhur
Qabaqtəpə arı cinsinin səs-sorağı Amerikadan,
Perudan gəlir.
Bu il Daşkəsən
və Gədəbəy rayonlarında fasiləsiz yağan
yağışlar arıların kifayət qədər bal
toplamasına imkan verməmişdir. Buna baxmayaraq, həmin
rayonlardan yarmarkaya 20 nəfər bal
çıxarmışdır. Amma qarşıya belə bir
sual da çıxır: Daşkəsənlilərin çoxu
il boyu bal satır. Görəsən, onlar bu qədər
balı haradan alırlar?.. Daşkəsən rayonunda Arif
İsmayılov adlı biri arıçı adı altında
builki yarmarkaya 8 nəfər gətirmişdi və
yarmarkanın müxtəlif yerlərində onları yerləşdirmiş,
saxta bal satışını təşkil etmişdi. Biz bunun
qarşısını vaxtında aldıq.
Açığı belələrinin öhdəsindən
hüquq-mühafizə işçilərinin iştirakı
olmadan gəlmək çətindir. Onları ifşa etmək
üçün yerli icra orqanları və hüquq-mühafizə
orqanları ciddi tədbirlər görməlidirlər.
Yarmarkaya
çıxarılan bal məhsullarının keyfiyyəti
respublika baytarlıq laboratoriyası tərəfindən
yoxlanılır. Keyfiyyətsiz bal gətirən
arıçılar isə çətinliklə də olsa, yarmarkadan
çıxarılır.
Bal elə məhsuldur
ki, onun ekoloji təmizliyini dəqiq təyin etmək çox
çətindir. Hələlik respublikada buna imkan da yoxdur. Belə
ki, respublika Dövlət Baytarlıq Xidmətinin, İqtisadi
İnkişaf Nazirliyinin və Dövlət
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Agentliyinin laboratoriyalarının təhlil nəticələri
bir-birinə uyğun gəlmir. Bu da şübhələri və
inamsızlıqları daha da artırır. Odur ki, Bakı
şəhərində arıçılıq məhsullarının
keyfiyyətini doğru-düzgün müəyyənləşdirən
mərkəzi laboratoriyanın olmasına və bu
laboratoriyanın müasir avadanlıqlarla təchiz edilməsinə
böyük ehtiyac yaranmışdır.
Bakıda arı məhsullarının
satışını təşkil etmək üçün
ixtisaslaşmış mağazanın və ya marketin
açılması çox vacib məsələlərdən
biridir. Elə buradaca alıcıların gözü
qarşısında balın keyfiyyətini yoxlayıb satmaq
mümkündür. Bu barədə yüzlərlə şəhər
sakini Kənd Təsərrüfatı Nazirliyinə müraciət
edir. Bakı Şəhər İcra Hakimiyyəti bu məsələni
həll edə bilər...
Yarmarkaya bal bidonlarda və
digər diqqəti cəlb etməyən taralarda gətirilir
ki, bu da adamlarda belə qiymətli nemətə maraq hissini
azaldır. Bakıda tara istehsal edən və balı
qablaşdıran müəssisənin işə
salınması zərurəti yaranmışdır. Bu məqsədlə
sahibkarlara güzəştli kreditin ayrılması vaxtı
çatmışdır.
Dünyanın əksər
ölkələrində meşələr,
yaşıllıqlar salarkən birinci növbədə nektar
verən ağaclar əkilir. Hər il Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin xəttilə on hektarlarla yaşıllıqlar
salınır. Məgər şam və küknar
ağaclarının yerinə yemişan, şabalıd, fındıq,
akasiya və s. ağaclar əkmək olmazmı?! Bu ağaclar əlavə
bal tonları deməkdir.
Arıçılıq
məhsullarının ixracı üzərində ciddi iş
aparılır. Bu barədə Yaponiya, Koreya, Hindistan,
İndoneziya dövlətlərinin Azərbaycandakı səfirliklərilə
danışıqlar aparılmışdır. Hamı bir nəfər
kimi Azərbaycan balının çox baha qiymətə təklif
olunmasından narazılıq edir. Dünyanın əksər
ölkələrində balın 1 kiloqramı 3-4 ABŞ
dollarıdır. Lakin Azərbaycanda bir kiloqram bal 4 manata
başa gəldiyi halda, 20-30 manata satılır. Balın bu qədər
baha qiymətə satılmasının heç bir əsası
yoxdur. Belə baha satılan balı yoxsul təbəqə, təqaüdçülər
və xəstə adamlar ala bilmirlər.
Bir məsələni də
vurğulamaq yerinə düşər. Arının
saxlanması, xəstəliklərə qarşı mübarizəsinin
təşkili, tələb olunan dərman preparatlarının
gətirilməsi, yeni texnologiyaların təşkili sahəsində
ixtisaslaşmış mütəxəssislərə ciddi
ehtiyac yaranmışdır. Ona görə də Azərbaycan
Kənd Təsərrüfatı Akademiyasında
arıçılıq üzrə zootexniklərin, baytar həkimlərin
hazırlanması məsələsinə
baxılmalıdır.
Azərbaycan
arıçılarının beynəlxalq
arıçılıq təşkilatları ilə əlaqə
yaratması, onlarla təcrübə mübadiləsi
aparmaları ümumi işimizə kömək edərdi. Bunun
üçün Arıçılar Cəmiyyətinin
İtaliyanın Roma şəhərindəki beynəlxalq
“Apimondiya” təşkilatına üzv qəbul olunması
imkanlarına da baxılmalıdır.
— Arıçılar həm
də arıların köçürülməsinə imkan
verilməməsindən şikayətlənirlər.
—Həqiqətən də
arıçılara arı ailələrini, pətəkləri
yerləşdirmək, bir yerdən başqa yerə
köçürmək üçün şərait
yaradılmalıdır. Bir sıra hallarda arıçılar
bu məsələdə çətinliklərlə üzləşirlər.
Məsələn, Balakəndə, Beyləqanda belə hallara
rast gəlinir. Beyləqandan Ədalət Zeynalov ərizə
ilə nazirliyə müraciət edərək bildirir ki, o,
arı ailələrini meşə sahəsində yerləşdirdiyi
üçün meşəbəyi tərəfindən məhkəməyə
verilib. Soruşur ki, indi nə etməlidir?.. Bəli, təəssüfləndirici
haldır. Xarici ölkələrdə arıçılara pətəkləri
meşə sahələrində yerləşdirmək
üçün hər cür şərait yaradılır
ki, həmin ərazilərdə daha sürətli tozlanma
getsin, ekoloji şərait daha da yaxşılaşsın. Amma
bizim meşəbəylərin görünür bundan xəbərləri
yoxdur...
Bizim
arıçılıq məhsullarımız keyfiyyət
parametrlərinə görə dünyanın bir çox
ölkəsinin arıçılıq məhsullarını
üstələyir. Məhz buna görə də Azərbaycanda
aqrar sektorun bu sahəsini inkişaf etdirmək
üçün bütün imkanlardan istifadə etməliyik.
Söhbəti qələmə aldı: Vaqif BAYRAMOV.
Xalq qəzeti.-2008.-27 noyabr.-S.6.