Ermənistanda
keçirilən sonuncu prezident seçkilərindən xeyli
vaxt keçsə də, xalq Serj Sarkisyanın prezidentliyinin
legitimliyini hələ də qəbul etmir, onu hakimiyyəti
saxtakarlıqla, zor gücünə zəbt etmiş şəxs
kimi tanıyır. Yerli ekspert və ziyalılar, həmçinin
siyasi xadimlər Serj Sarkisyanı qeyri-ciddi adam kimi qəbul
edir, ölkəyə rəhbərliyi dövründə siyasi
və iqtisadi sahədə heç bir irəliləyiş,
uğur qazanmadığına, özündən əvvəlki
prezident Robert Koçaryanın siyasətini kor-koranə davam
etdirdiyinə görə ciddi tənqid edirlər.
Yerli kütləvi
informasiya vasitələrinin yazdıqlarına görə, son
vaxtlar Ermənistanda vəziyyət daha da gərginləşib.
Ölkənin regional əməkdaşlıqdan kənarda
qalması iqtisadi sahədə daha ciddi problemlər yaradıb.
Ermənistan artıq beynəlxalq aləmdən təcrid
olunmaq üzrədir. Bu ilin mart ayının 1-də dinc əhaliyə
divan tutulmasının və bunun da nəticəsində 132 nəfərin
qətlə yetirilməsinin üstünün hələ də
ört-basdır edilməsi Ermənistanda insan haqlarının
qorunması istiqamətində heç bir irəliləyişin
olmadığından xəbər verir. Bütün
bunların prezident Serj Sarkisyanın daxili və xarici siyasət
sahəsində yarıtmaz fəaliyyəti ilə əlaqələndirən
ölkə ziyalıları onu hərdəmxəyal
adlandırırlar. Bildirilir ki, prezident çox vaxt
düşünülməmiş addımlar atır,
sözünün üstündə durmur, bir məsələ
barəsində bu gün bir, sabah isə başqa fikir səsləndirir.
Ermənistanda əhalinin çoxu Serj Sarkisyan hakimiyyətinə
inanmır. Qeyd olunur ki, prezidentin əsas fəaliyyəti
saxtakarlıqla və zorakı yollarla qəsb etdiyi hakimiyyəti
bütün vasitələrlə qoruyub saxlamağa yönəldilib.
Ermənistan Siyasi
Araşdırma İnstitutunun direktoru, politoloq Andranik Tevanyan
“Noyan Tapan” qəzetinə verdiyi müsahibəsində Serj
Sarkisyanın prezidentlik fəaliyyətinə münasibət
bildirərkən deyib ki, bu adam sanki dövlət
başçısı olduğunu unudub. Onun ölkənin
bütün sahələr üzrə inkişafı barədə
heç bir konsepsiyası yoxdur. Serj Sarkisyanın yalnız bir
amalı var: nəyin bahasına olursa-olsun hakimiyyəti bir
müddət əlində saxlasın. Buna görə də
yalan vədlər verir, xalqı aldadır, dediyinin
üstündə durmur. Tevanyan deyib: “Fikir verin, üç
ölkənin prezidentlərinin imzaladığı Moskva Bəyannaməsindən
sonra Serj Sarkisyan Moskvadan Ermənistana yox, birbaşa Fransaya
getdi. Bəyannaməni imzalamasından heç bir gün
keçməmiş Fransada ayrı söz dedi. Sanki unudub ki,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
istiqamətində gələcəkdə aparılan
danışıqlarda yalnız Ermənistan və Azərbaycan
prezidentlərinin iştirak etməsinə imza atıb. Fransada
isə deyir ki, Dağlıq Qarabağın prezidenti də
danışıqlarda iştirak etməlidir. İndi siz deyin,
xalq bunun hansına inansın? Təbii ki, Moskva bəyannaməsinə
inanmalıdır. Çünki ortalıqda tutarlı fakt —
üç ölkə prezidentinin imzaladığı sənəd
var”.
Politoloq bildirib ki,
dövlət başçısına yalan danışmaq
yaraşmır. Prezident ciddi, qətiyyətli olmalı, ətraflı
düşünəndən sonra qərar verməli, bu gün
dediyini sabah danmamalıdır. Bütün bunlar isə bizim
prezidentimizdə yoxdur. O, sözünə davam edərək
deyib ki, Serj Sarkisyan əvvəlcə erməni-türk
tarixçilərindən ibarət komissiya yaradılması təklifini
irəli sürür, sonra isə özü bu təklifin əleyhinə
çıxır. Elə Dağlıq Qarabağ probleminin
nizamlanması istiqamətində dediklərinin əleyhinə
çıxan ilk şəxs də özü oldu.
A.Tevanyan Serj
Sarkisyanın münaqişənin nizamlanması ilə əlaqədar
bir qədər əvvəl səsləndirdiyi fikri jurnalistlərin
diqqətinə çatdırıb: O, deyir ki, Azərbaycan
Qarabağa investisiya qoya bilər. Bundan sonra qarabağlılar
Azərbaycanın tərkibində birgə yaşaya bilərlər.
Heç üstündən bir gün keçməmiş deyir
ki, Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi
ola bilməz. Bu, dövlət başçısına yox,
qeyri-ciddi şəxslərə malik düşüncə tərzidir.
A.Tevanyan Ermənistan-Türkiyə
münasibətlərinə də toxunarkən Serj
Sarkisyanın hərəkətlərinin anlaşılan
olmadığını deyib. Onun qənaətinə görə,
Türkiyə Prezidenti Abdulla Gülün Ermənistana səfərindən
Ermənistan heç nə qazanmadı. Bu səfərdən nə
qazandısa, Türkiyə və onun prezidenti qazandı.
Politoloqun fikrincə, bundan sonra Türkiyə Ermənistanla sərhədlərini
açmaq üçün irəli sürdüyü şərtləri
çətinlik çəkmədən qəbul etdirə biləcək.
O qeyd edib ki, Türkiyənin Ermənistan qarşısında
qoyduğu şərtlərdən biri, deyərdim ki, ən
başlıcası Azərbaycanın ərazi
bütövlüyünün Ermənistan tərəfindən
rəsmən tanınmasıdır. Bunun isə nə demək
olduğu hamımıza çox yaxşı məlumdur.
Politoloq deyib ki, Ermənistan bu şərti artıq qəbul
etmək məcburiyyətindədir. Çünki
dünyanın əksər ölkələri,
tanınmış beynəlxalq qurumları, həmçinin
yaxşı günlərdə imzalanmış Moskva bəyannaməsi
də bunu ciddi tələb kimi irəli sürüb. Serj
Sarkisyanın bu tələbi qəbul etməkdən başqa
ayrı yolu yoxdur. O, diplomatik uğursuzluğunu etiraf etmək
üzrədir.
“Şamanak-Yerevan” qəzetinin
siyasi şərhçisi Arkadi Abramyan prezidentlə müxalifət
partiyaları nümayəndələrinin
görüşünü şərh edərkən yazıb
ki, Serj Sarkisyan müxalifət nümayəndələrini
müxtəlif yollarla ələ alaraq diplomatik məğlubiyyətini
ört-basdır etməyə çalışıb. O,
görüş zamanı tamamilə dəyişilib və
özünü elə aparıb ki, sanki Moskva bəyannaməsinə
imza atan onun özü olmayıb. Qəzet yazır ki, hər
halda Yerevanda hamıya bəllidir ki, Moskva bəyannaməsi Ermənistanın
növbəti diplomatik məğlubiyyətidir. İndi S.
Sarkisyan Türkiyə ilə əməkdaşlığa və
sərhədlərin açılmasına can atır. Bununla
da “erməni soyqırımı” haqqındakı söhbətlərə
də birdəfəlik son qoyulacaq. Siyasi şərhçi
yazır: “Baxmayaraq ki, Serj Sarkisyan sözdə ”erməni
soyqırımı" barədə danışır, əməlləri
isə bu mövzunun birdəfəlik qapadılmasına yönəlib.
Bunu onun hərəkətləri də təsdiqləyir.
Ümumiyyətlə, fikrini tez-tez dəyişən, ziddiyyətli
fikirlər söyləyən bir adamın ölkəni idarə
etməsi mümkün deyil. Ermənistan hazırda belə bir
vəziyyətlə üzləşib. Siyası şərhçi
bunun çox pis nəticə verəcəyinə əminliyini
bildirib və Serj Sarkisyanın fəaliyyətini yarıtmaz,
özünü isə qeyri-ciddi şəxs adlandırıb.
Əliqismət BƏDƏLOV.
Xalq qəzeti.-2008.-27 noyabr.-S.6.