Ağdam: dövlət qayğısı sosial-iqtisadi inkişafı sürətləndirmişdir

 

Son illər qəbul olunmuş mühüm dövlət proqramlarının uğurla həyata keçirilməsi Ağdam rayonunun sosial-iqtisadi və mədəni həyatında ciddi dəyişikliklərə səbəb olmuş, yerli əhalinin, rayona qayıtmış məcburi köçkünlərin problemlərinin aradan qaldırılmasında həlledici rol oynamışdır. İlin əvvəlki 3 rübündə bütün sahələrdə uğurlar qazanmış ağdamlılar 2008-ci ili yüksək göstəricilərlə başa vurmaq, payız-qış mövsümünün çətinliklərini aradan qaldırmaq üçün bütün sahələrdə səfərbər olunmuşlar.

Rayon icra hakimiyyətinin başçısı Həsən Sarıyev ilin əvvəlindən həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışarkən Prezident İlham Əliyevin Ağdama göstərdiyi diqqət və qayğını önə çəkdi:

Regionların sosial-iqtisadi inkişafı ilə əlaqələr ölkə Prezidenti İlham Əliyevin fərman və sərəncamları rayonumuzda da uğurla, ardıcıl yerinə yetirilir. Yeni təhsil, mədəniyyət, səhiyyə ocaqlarının tikilməsi, abadlaşdırılması, müasir avadanlıqlarla təchiz edilməsi ənənəyə çevrilmişdir. Dövlət başçısının regionlara ardıcıl səfərləri əhalidə böyük ruh yüksəkliyi yaradır, onlarda qurub-yaratmaq əzmini daha da artırır. Bu il yanvar ayının 17-də və oktyabr ayının 4-də möhtərəm Prezident rayonumuzda olmuşdur. Quzanlı qəsəbəsində inşa edilmiş Olimpiya İdman Kompleksinin açılış mərasimində və 10 km məsafədən çəkilmiş qaz xəttinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev Ağdamda görülən işləri yüksək qiymətləndirmişdir. Prezidentin tövsiyələri və göstərdiyi kömək nəticəsində rayonumuzda ötən dövrdə xeyli işlər görülmüş və bu gün də davam etdirilir.

Bütün sahələrdə işlərimiz uğurla gedir. Belə ki, Quzanlı qəsəbəsində 50 çarpayılıq xəstəxana binası, Sosial Müdafiə Mərkəzi, Kapitalbankın Ağdam filialı, Fövqəladə Hallar Nazirliyinin zona idarəsinin binaları tikilib istifadəyə verilmişdir. Rayon avtovağzalında, Vətən uğrunda həlak olanların xatirə kompleksində, Heydər Əliyev adına parkda yenidənqurma işləri davam edir.

Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar gördüyümüz işlər vaxtaşırı təhlil edilir, qarşıda duran vəzifələr dürüstləşdirilir, nöqsanların aradan qaldırılması və təkrar olunmaması üçün konkret tədbirlər görülür. İlin əvvəlindən fəaliyyətimizi işgüzar, səmərəli qurmağa çalışmış, nəzərdə tutulan məsələlərin həyata keçirilməsini, əsasən, təmin etmişik. Rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında bir sıra uğurlu nəticələr əldə edilmişdir. Bütün bunlar əhali ilə aparılan fəal işin və icra intizamına dəqiq əməl olunmasının nəticəsidir.

Vətəndaşların yerlərdə qəbul olunması da ənənə halını almışdır. Bənövşələr, Birinci Baharlı, İkinci Baharlı, Səfərli, Ayaq Qərvənd, Birinci Alıbəyli, Qasımbəyli, Ergi köçkün qəsəbələrində, Əfətli, Qaradağlı, Zəngişalı, Mahrızlı, Çəmənli, Əhmədağalı, Üçoğlan, Xındırıstan kəndlərində, Quzanlı qəsəbəsində görüşlər, “açıq qapı” günləri keçrilmişdir. Problemlər öyrənilmiş, bir çoxu yerində həll edilmişdir. Köçkünlərə, xüsusən, şəhid ailələrinə, Qarabağ əlillərinə maddi və mənəvi köməklik göstərilmiş, əmək qabiliyyətli köçkünlər işlə təmin edilmişdir. Görüşlərdə və qəbullarda ərazi nümayəndələri, idarə, müəssisə rəhbərləri, ağsaqqallar, gənclər iştirak etmiş, bir sıra məsələlər yoluna qoyulmuşdur.

Ölkəmizin 60-dan çox şəhər və rayonuna səpələnmiş köçkünlərimizi bir an belə unutmamışıq, onlarla daim maraqlanır, əlaqə saxlayırıq. Cari ilin ötən dövründə Bakı, Sumqayıt, Mingəçevir şəhərlərində, Ağsu, Ağdaş, Yevlax, Tərtər, Bərdə, Ağcabədi, İmişli rayonlarında məskunlaşmış ağdamlılarla görüşlər keçirmiş, onların problemlərinin həllinə kömək etmişik.

Həftədə bir dəfə ərazi nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə müşavirə keçiririk. Problemlər, həllini gözləyən məsələlər geniş müzakirə olunur, rəhbər şəxslərə konkret tapşırıqlar verilir, icra nəzarətə götürülür. Yerlərdə işləri səmərəli qurmaq, ərazilərinin sosial problemlərini həll etmək sahəsində bələdiyyələrə hər cür kömək göstəririk.

Başçı daha sonra sosial-iqtisadi sahədə qazanılmış uğurlardan söz açdı:

— İlin əvvəlindən rayonda bütün sahələrdə inkişafa nail olunmuşdur. 2008-ci ilin 9 ayında ümumi məhsul istehsalının həcmi artaraq 68,4 milyon manat, sənaye məhsulunun ümumi həcmi 2,1 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 42,9 milyon manat, ticarət dövriyyəsi 16,9 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4,6 milyon manat olmuşdur. Göstərilən dövrdə əsas kapitala yönəldilən vəsaitlər artaraq 6,5 milyon manat olmuşdur ki, bunun da 5,5 milyon manatı tikintinin payına düşür. Pərakəndə əmtəə dövriyyəsinin həcmi 12,4 milyon manat, orta aylıq əmək haqqı 112,2 manat olmuşdur.
Ötən dövrdə rayonda tikinti quruculuq, abadlıq işləri daha da genişləndirilmişdir. Yolların bərpa və təmiri sahəsində xeyli iş görülmüşdür. 9 ayda yolların orta təmirinə 199,3 min, cari təmirə 131 min, yolların saxlanılmasına 180,7 min manat xərclənmişdir. Quzanlı qəsəbəsində və rayonun digər yaşayış məntəqələrində onlarla ticarət, iaşə, məişət və digər xidmət obyektləri tikilib istifadəyə verilmişdir.

Rayonun sosial-iqtisadi inkişafının bütün sahələrində vacib problemlərin həlli ön plana çəkilmiş, tikinti-quruculuq işləri genişləndirilmişdir. Əhalinin içməli suya və suvarma suyuna olan tələbatı nəzərə alınaraq 29 subartezian quyusu qazılıb istifadəyə verilmiş və bu iş davam etdirilir. Rabitə xidmətini yaxşılaşdırmaq üçün bu il Quzanlı qəsəbəsində, Xındırıstan və Qaradağlı kəndlərində, həmçinin Dördyol qəsəbəsində yeni elektron ATS-lər istifadəyə verilmişdir. Kəndlərlə rabitə əlaqələrini yaxınlaşdırmaq hazırda ən vacib məsələlərdən biridir. Statistika İdarəsinin, Əhalinin Sosial Müdafiə Mərkəzinin, köçkün ərazi nümayəndəliklərinin iş şəraitinin yaxşılaşdırılması sahəsində xeyli işlər görülmüşdür. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi Quzanlı qəsəbsində yeni tikilmiş inzibati binaya köçürülmüş, əməkdaşlarına, əhalinin ən aztəminatlı təbəqəsi olan təqaüdçülərə daha yaxşı xidmət göstərməsi üçün hər cür şərait yaradılmışdır. Şöbə 16880 nəfər təqaüdçüyə xidmət göstərir.

Aqrar sahənin inkişafı da diqqət mərkəzində saxlanılmışdır. Kənd əhalisinə pay torpaqlarından səmərəli istifadə etmələri üçün dövlət yardımından əlavə, daxili imkanlar hesabına da kömək göstərilmişdir. Kənd təsərrüfatı bitkilərinin əkin sahələri 2007-ci ildəki 17883 hektardan bu il 18924 hektara çatmışdır. Mülkiyyətçilər daha çox kartof, taxıl, pambıq, bostan, tərəvəz, yem bitkilərinin əkilib becərilməsinə üçtünlük vermişlər. Adamlar bu sahələrdən daha çox gəlir əldə edirlər.

Kənd təsərrüfatı məhsullarının ilkin emalı sexləri açılıb istifadəyə verilmişdir ki, bu da ümumi işə müsbət təsir göstərir. İri emal müəssisələrinin yaradılmasına ehtiyac var. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli satışının təşkili də məhsul istehsalının artmasına müsbət təsir göstərmişdir. Bütün bunların nəticəsi olaraq bu il dənli bitkilərin əkin sahəsi 489, texniki bitkilərin əkin sahəsi 418, kartof, tərəvəz, bostan bitkilərinin əkin sahəsi 135, yem bitkilərinin əkin sahəsi 69 hektar artmışdır. Ümumiyyətlə, ötən illə müqayisədə bu il əkin sahələri 6,2 faiz artmışdır.

Bu il taxılın məhsuldarlığı 32,9 sentnerdən 33,1 sentnerə qalxmış, ümumi məhsul istehsalı 22690 tondan 25179 tona çatmışdır. Kartof istehsalı ötən illə müqayisədə 47 ton artaraq 9197, tərəvəz istehsalı 1658 ton çoxalaraq 41839, meyvə yığımı 119 ton yüksələrək 920 ton olmuşdur.

Cari ilin ötən dövründə heyvandarlığın inkişafı sahəsində də xeyli irəliləyiş olmuşdur. Rayon üzrə iri mal 279 baş artaraq 30442 olmuşdur. Müqayisə olunan dövrdə xırda heyvanların sayı 118 baş artaraq 107370-ə çatmışdır. İri malın 99,9 faizi, xırda heyvanların isə 92 faizi özəl təsərrüfatlardadır.

Ötən ilin eyni dövrü ilə müqayisədə rayonda ət istehsalı 60 ton artaraq 1862, süd istehsalı 822 ton artaraq 18868 ton, yumurta istehsalı 18 min ədəd artaraq 6 milyon 68 min ədəd, yun istehsalı 8 ton artaraq 130,2 ton olmuşdur. Bütün bunlar xalqımızın təhlükəsizliyinin həlli yolunda Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir. Rayonda sosial-iqtisadi inkişaf proqramının bütün sahələrdə həyata keçirilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür. Ancaq bunlar bizi qane etmir. Qarşıda görəcəyimiz işlər daha çoxdur.

Rayonda hələ də öz işini bu günki tələblər səviyyəsində qura bilməyən idarə, müəssisə və təşkilat rəhbərləri var və onların yarıtmaz fəaliyyətindən əhali haqlı olaraq narazı qalır. Bu baxımdan Paylayıcı Elektrik Şəbəkəsinin, Subartezian Quyularının İstismarı İdarəsinin işində ciddi nöqsanlar və qüsurlar olmuşdur. Elektrik enerjisinin böyük fasilələrlə verilməsi, lüzumsuz açılmalar, gərginliyin zəif olması, həmçinin enerji sistemində əsaslı təmir işlərinin aparılmaması, kənd camaatının suvarma suyuna daha çox ehtiyacı olduğu halda artezianların normal işləməməsi çox ciddi çətinliklər yaradır.

Hazırda bütün qüvvə və səylər ili uğurla başa çatdırmağa, gələn il daha ciddi uğurlar qazanmaq üçün möhkəm zəmin yaratmağa yönəlib. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının, “Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması haqqında” Prezident sərəncamının həyata keçirilməsi ilə əlaqədar mühüm işlər görülmüş, bu istiqamətdə yaradılmış komissiyaların, işçi qruplarının fəaliyyəti genişləndirilmişdir. 2004-cü ildən 2008-ci ilin oktyabr ayına qədər rayonda 1896 nəfər daimi, 3712 nəfər mövsümi olmaqla 6508 nəfər işlə təmin olunmuşdur. İlin əvvəlindən isə 287 nəfər daimi, 704 nəfər mövsümü işlərə cəlb edilmişdir.

“Azərbaycan Gəncliyi Dövlət Proqramının icrası ilə əlaqədar rayon Gənclər və İdman idarəsinin fəaliyyəti canlandırılmışdır. Gənclərimizin rayonun bütün sahələrində fəal iştirak etmələri üçün münasib şərait yaradılmış, onlarca gənc rəhbər vəzifələrə irəli çəkilmişdir. Dövlət qadın siyasətinin həyata keçirilməsi rayonda ardıcıl davam etdirilir. Qadınların hüquqlarının qorunması, tibbi və sosial müdafiəsinin gücləndirilməsi, işlə təmin olunması, rəhbər vəzifələrə təyin olunması, rayonun ictimai və mədəni həyatında fəal iştirakları diqqət mərkəzində saxlanılır.

Dövlət başçısının “Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” 22 yanvar 2008-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılması rayonun sosial-iqtisadi inkişafına böyük təkan vermişdir.

Rayonda ilin əvvəlindən qazanılmış uğurlarla ətraflı tanış olmaq üçün ayrı-ayrı sahələrin fəaliyyəti ilə maraqlandıq. Hər sahədə irəliləyişin, yeniləşmənin şahidi olduq. Rayonun təhsil sistemi 151 ümumtəhsil, 2 peşə, 2 orta ixtisas məktəbini əhatə edir. Pedaqoji kollektivlər öz işlərini həyata keçirilən islahatın tələbləri səviyysində qurmağa çalışırlar. Köçkünlük həyatının yaratdığı çoxsaylı problem və çətinliklərə baxmayaraq, məktəblərdə tədrisin keyfiyyətinin yüksəldilməsi, fənn olimpiadalarının, sınaq-test imtahanlarının keçirilməsi, istedadlı şagirdlərin üzə çıxarılması, nizam-intizamın möhkəmləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü iş aparılır.

Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində son illər görülən əsaslı işlər, yeni məktəblərin tikintisi, bəzi məktəblərdə əlavə sinif otaqlarının, yardımçı binaların istifadəyə verilməsi, lazımi inventarla təchizatı, şagirdlərə pulsuz dərsliklər verilməsi rayona uğurlu nəticələr qazandırmışdır. Bu günlərdə 160 şagird yerlik İkinci Baharlı orta məktəbinin, 640 şagird yerlik Quzanlı qəsəbə orta məktəbinin binasında əsaslı təmir və yenidənqurma işləri başa çatmışdır. Sosial İqtisadi Kolleci Quzanlı qəsəbəsində bütün avadanlıqla təchiz edilmiş yeni binaya köçmüşdür.

Məktəblərin yeni kompyuter avadanlıqları ilə təchizatı ilbəil artır. İki il əvvəl 125 şagirdə 1 kompüter düşürdüsə, indi hər 37 nəfər şagirdə 1 kompyuter düşür. Rayonun ümumtəhsil məktəblərində 22242 şagirdin təlim-tərbiyəsi ilə 4452 müəllim məşğuldur. Bu il 9-cu siniflərdən 2184, 11-ci siniflərdən 1743 nəfər şagird buraxılış imtahanı vermiş, müvafiq olaraq 2121 və 1558 nəfər şəhadətnamə və attestat almışdır. Məzunlardan 580 nəfəri Tələbə Qəbulu Komissiyasına sənəd vermiş, 180 nəfər birinci, 52 nəfər isə ikinci turda ali məktəblərə qəbul olmuşdur. Tələbə adını alan məzunlarımızın 26 nəfəri 500-dən, 6 nəfəri isə 600-dən çox bal toplamışdır.

Bu il Quzanlı qəsəbəsində 150, Xındırıstan kəndində 80 yerlik müasir tipli uşaq bağçaları inşa edilmişdir. Ağdam Musiqi məktəbində də təlim-tərbiyənin keyfiyyəti yüksəldilmişdir. Köçkünlük dövründə Bərdə rayonunda ağır şəraitdə fəaliyyət göstərən məktəb üçün Quzanlı qəsəbəsində yeni müasir tipli tədris binası tikilmişdir. Cari tədris ilində texnikumu 53 nəfər gənc bitirmişdir. 50 saylı texniki-peşə məktəbində də əsaslı təmir işləri aparılmışdır.

Mədəniyyət və Turizm şöbəsinin nəzdində 11 mədəniyyət evi, 50 kitabxana, 11 uşaq musiqi məktəbi, 2 muzey və 29 klub fəaliyyət göstərir. Mədəniyyət işçiləri bayramlarnı və digər əlamətdar günlərin təntənəli surətdə keçirilməsində yaxından iştirak edirlər. Onlar ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyi ilə əlaqədar Birinci Dördyol, İkinci Dördyol qəsəbələrində, Xındırıstanda yerləşən “N” saylı hərbi hissədə, Ayaq qərvənd, Birinci Baharlı, Bənövşələr qəsəbələrində, Mingəçevir DRES köçkün qəsəbəsində, Mahrızlı kəndində “N” saylı hərbi hissədə, Qaradağlı, Çəmənli kəndlərində, Təzəkənd qəsəbəsi “N” saylı hərbi hissədə, Sarıcalı kəndində hərbi hospitalda müxtəlif tədbirlər keçirilmişdir. Kitabxanaların maddi bazasının möhkəmləndirilməsinə də diqqət artırılmış, onlara xeyli avadanlıq alınmışdır.

Səhiyyə şöbəsi işçilərinin normal fəaliyyət göstərmələri üçün münasib şərait yaradılması, tibb məntəqələrinin cari və əsaslı təmiri, yeni avadanlıqlarla təmin olunması istiqamətində görülən işlər il boyu davam etdirilmişdir. Göz xəstəxanası və təcili yardım stansiyasının hər biri üçün 5 otaqlı bina inşa edilmişdir. Rayon ərazisində 2005—2006-cı illərdə tikilib istifadəyə verlmiş 12 yeni köçkün qəsəbəsindəki xəstəxanalar, ambulatoriyalar və tibb məntəqələrinin hamısına həkim və tibb işçiləri təyin olunmuş və onlar köçkünlərin sağlamlığı keşiyində dururlar.

Rayon Mərkəzi Xəstəxanasının tərkibində 21 xəstəxana, 1 poliklinika, 27 həkim ambulatoriyası, 82 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Mərkəzi Xəstəxananın stasionar müəssisələrində 1090 çarpayı var. Tibb müəssisələrində 323 həkim, 1045 orta tibb işçisi çalışır. İlin əvvəlindən tibb heyətinin işgüzar fəaliyyətinin nəticəsi olaraq doğuş zamanı ana ölümü olmamışdır. Uşaq ölümü 3 nəfərə endirilmişdir ki, bu da respublikanın orta göstəricilərindən aşağıdır.

Mərkəzi Xəstəxanada 1022 şəkərli diabeti olan xəstə nəzarətə götürülmüş və onlar pulsuz dərman preparatları ilə təmin edilir. 2 nəfər hetofiliyalı, 4 nəfər talasemiyalı, 342 nəfər vərəmli, 12 nəfər xroniki böyrək çatışmazlığı olan xəstə dispanser uçotuna alınaraq dövlət hesabına müalicə edilmiş və ya respublikanın mərkəzi xəstəxanalarına ixtisaslı müayinə və müalicəyə göndərilmişlər. Bütün bunlarla yanaşı, Mərkəzi Xəstəxanada flüoqrafiya aparatının olmaması, ginekoloq-həkimlərin, cərrahların azlığı, stasionar xəstələrin isti yeməklə təmin olunmaması həllini gözləyən məsələlərdəndir.

Təəssüf ki, bütün bu uğurları, irəliləyiş və inkişafı gözü götürməyən, onları qəribə bir qısqanclıq və bədxahlıqla qarşılayan qüvvələr də var. Hər şeyə qara eynək arxasından baxmağa öyrənmiş belə insanlar başıbəla, qərəzkar qəzetlərdə şər və böhtanla dolu cızmaqaralar çap etdirirlər. Belə müəlliflər aydın və aşkar həqiqətləri, necə olursa-olsun, pərdələməyə çalışır, ağa qara deyirlər. Bu günlərdə rayon ağsaqqallarının, ziyalılarının bir qrupunun imzası ilə redaksiyamıza daxil olmuş məktubda deyildiyi kimi, ağdamlılar kimin kim olduğunu yaxşı bilirlər. Şər və böhtan atmağı özünə peşə edənlərin də, onların havadarlarının da siması, məqsəd və niyyəti rayonda hamıya məlumdur. Belə yerdə yaxşı deyiblər: Yel qayadan heç nə apara bilməz.

Bu gün Quzanlı qəsəbəsində, ayrı-ayrı kəndlərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və quruculuq işləri, iqtisadiyyatın sürətli inkişafı, yaranmış sağlam mənəvi-psixoloji mühit, yüksək işgüzarlıq üzdəniraq qüvvələrə də, onların havadarlarına da ən layiqli cavabdır.

Göründüyü kimi, ağdamlılar rayona göstərilən dövlət qayğısından, hərtərəfli köməkdən kifayət qədər bəhrələnirlər. Tikinti-quruculuq və abadlıq işlərinə ayrılan vəsaitdən bacarıqla istifadə olunur. İqtisadi yüksəliş rayonun qazancını artırır, adamların rifahını yüksəldir. Problemlər sürətlə həll olunur. Bütün bunlar sabaha inamını artırır, adamları daha xoş günlər naminə səfərbər edir. Üçdə iki hissəsi işğal altında olan, düşmənlə üzbəüz yaşayan Ağdamın indiki uğurları ötən illərin ağrı-acılarına məlhəm qoyur, hər kəsə mənəvi qüvvə gətirir.

 

Tahir AYDINOĞLU.

 

Ziyəddin SULTANOV.

 

Xalq qəzeti.-2008.-27 noyabr.-S.5.