Ölkə daxilində
məhsuldar qüvvələrin məqsədəuyğun və
səmərəli yerləşdirilməsi sosial-iqtisadi
inkişaf problemlərinin həlli vəzifələri ilə
sıx bağlıdır. Bu, hər şeydən əvvəl
regionlarda yerli xammaldan və başqa imkanlardan istifadə etməklə,
qeyri-neft sektorunun güclü inkişafının təmini əsasında
milli sahibkarlığın təşəkküllünü
xeyli sürətləndirməyin həlledici amilidir. Digər
tərəfdən, respublikada məşğulluq səviyyəsinin
artırılmasına və bunun əsasında xalqın maddi
rifah halının yaxşılaşdırılmasına,
yoxsulluğun aradan qaldırılmasına yönəldilən
ciddi tədbirdir. Nəhayət, regionların kompleks
inkişafı ölkə sakinlərinin daha münasib məskunlaşmasının
əsas tələblərindən biridir.
Tale Azərbaycan
xalqına zəngin sərvətlərə malik bir diyar bəxş
etmişdir. Lakin uzun müddət bu imkanlardan milli mənafelərimiz
naminə istifadə etməkdən məhrum olmuşuq. Rus
imperiyası tərəfindən işğal edilmiş Azərbaycan
təxminən 2 əsrə qədər bu imperiyanın, daha
sonra isə Sovet imperiyasının ucqar əyalətlərindən
biri olmuşdur.
Sovet hakimiyyəti illərində
başqa respublikalarda olduğu kimi, Azərbaycanda da iqtisadiyyat
maksimal dərəcədə ictimailəşdirildiyindən,
onun inkişafı dövlətin müəyyən məqsədləri
ilə bağlı idi. Ona görə də Azərbaycanın
iqtisadi inkişafı əsasən neft sənayesinin
üstünlüyü ilə birtərəfli istiqamətə
yönəldilmişdi. Sovet İttifaqının xilasına və
daha da möhkəmlənməsinə xidmət edən Azərbaycan
iqtisadiyyatının bu səpgidə inkişafı ancaq
ölkənin ümumi ehtiyaclarını güdürdü və
respublikanın milli mənafelərinə cavab vermirdi. Uzun
müddət Sovet İttifaqının əsas neft istehsalı
mərkəzi olan Azərbaycanda (müxtəlif dövrlərdə
o, ölkədə hasil edilən neftin 70-80 faizini verirdi) bu sahənin
mütləq hakim yer tutması istehsalın başqa
mühüm sahələrininin inkişafına mane olurdu.
Çünki bu sənaye sahəsinin başlıca xüsusiyyəti
ondan ibarətdir ki, o, öz inkişafı üçün
çoxlu vəsait tələb edir, yüksək gəlir gətirməsinə
baxmayaraq əldə edilən qazanc bütünlüklə
ölkə büdcəsinə daxil olurdu. Azərbaycana isə
çox az miqdarda vəsait ayrılırdı. Respublikanın
ümumi xərclərinin əsas hissəsi neft sənayesinin
inkişafına sərf edildiyindən, başqa sahələrin
yaranması və artımı məhdudlaşdırılırdı.
Ədalət naminə
etiraf etmək lazımdır ki, Sovet hakimiyyəti illərində
Azərbaycanın sosial-iqtisadi inkişafı rus imperiyası
dövrünə nisbətən xeyli yüksək olmuşdur.
Lakin onun bu inkişafının səviyyəsi respublikanın
son dərəcə zəngin sərvətlərinə
müvafiq olmamışdır. Digər tərəfdən,
hamıya məlum bu həqiqəti də xatırlamaq
lazmdır ki, bütün Sovet dövrünün 70 ilində,
yalnız keçən əsrin 70-ci illərində və
80-ci illərin birinci yarısında Azərbaycan həyatının
bütün sahələrində, o cümlədən
sosial-iqtisadi sahədə əldə edilən yüksək
artım müdrik, uzaqgörən və çox cəsarətli
respublika rəhbəri olan Heydər Əliyevin vaxtında
qazanılmışdır. O, Sovet dövlətinin Azərbaycana
qarşı tətbiq etdiyi bütün məhdudiyyətlərdən
yan keçərək, respublikanı böyük
imkanlarına uyğun səviyyədə inkişaf etdirməyə
nail oldu.
Beləliklə, Sovet dövlətinin rəhbərləri neft
sənayesinin xüsusiyyətini bəlkə də qəsdən
nəzərə almayaraq, müxtəlif yanacaq məhsullarına
olan əsas tələbatı və neft sənayesindən gələn
yüksək mənfəəti mərkəzə ötürmək
üçün Azərbaycanda neft istehsalının və
onunla əlaqədar digər sahələrin inkişafına
xüsusi diqqət yetirirdilər. Nəticədə respublikaya
ayrılan vəsaitin əsas hissəsi (70-90 faizi) neft istehsal
kompleksinin inkişafına yönəldiyindən, Azərbaycanda
iqtisadiyyatın başqa vacib sahələrinin inkişafı
unudulurdu. Həm də tikilən yeni müəssisələr
neft sənayesi ilə bağlı olduğu üçün
onların əksəriyyəti Bakıda və Abşeronun
başqa yaşayış məntəqələrində yerləşdirilirdi.
Nəticədə Azərbaycanda neft sənayesinin güclü
inkişafı hesabına Bakı şəhəri də daxil
olmaqla Abşeron iqtisadi rayonu ilə Azərbaycanın başqa
iqtisadi rayonları arasında ümumi inkişaf səviyyəsinə
görə fərqlər yenə qalırdı. Məsələn,
XX əsrin əvvəllərində Azərbaycanın sənaye
məhsulunun 90 fazidən çoxunu Abşeronda yerləşən
müəssisələr verirdisə, sonralar respublikanın
başqa rayonları arasında bu fərq çox cüzi
şəkildə azalaraq, 1955-ci ildə 80 faizə enmişdi.
Sənaye kimi, iqtisadiyyatın bütün başqa sahələrində
də vəziyyət belə idi.
Xarici ölkələrdə
və keçmiş Sovet İttifaqında tarixi xidmətləri
çox yüksək qiymətləndirilən Azərbaycan
geoloqları XX əsrin ortalarında Qərbi Sibirdə zəngin
neft yataqları aşkar etdilər. Dərhal onların
istismarına başlanması və alınan yüksək nəticələr
Azərbaycan iqtisadiyyatında son dərəcə gərgin
problemlərin yaranmasına səbəb oldu. Çünki
ölkə rəhbərliyinin Azərbaycanda çoxdan istismar
edilən və nisbətən baha başa gələn
neftçıxarma məhsullarına marağının
azalması nəticəsində bu sahəyə vəsait qoyuluşunun
həcmi xeyli ixtisar edildi. Lakin Azərbaycan mütəxəssisləri
isbat etdilər ki, çıxarılması nisbətən
baha başa gələn Bakı nefti yüksək keyfiyyətə
və daha ucuz emal üstünlüyünə malikdir. Azərbaycan
neftinin bu üstün keyfiyyəti ortaya qoyulandan sonra onun
çıxarılmasına vəsait ayrılsa da, neft
istehsalının həcmi ilbəil aşağı
düşürdü. Ümumiyyətlə, o illərdə
respublikada qeyri-neft sahələrinin olmaması və ya zəif
inkişafı, sənayemizin aparıcı sahəsi olan neft
hasilatının tənazzülə uğraması
bütövlükdə respublika iqtisadiyyatını hər cəhətdən
zəiflətdi. Bu vəziyyət özünü o qədər
qabarıq şəkildə büruzə verdi ki, Azərbaycanın
Sovet İttifaqının başqa respublikaları arasında
iqtisadiyyatın artım sürətinə və ümumi
inkişaf səviyyəsinə görə xeyli geri qalması
ölkədə rəsmi müzakirə mövzusuna
çevrildi.
Belə bir ağır məqamda
Azərbaycanın həyatında çox əlamətdar hadisə
baş verdi. Cəsarətli, uzaqgörən, son dərəcə
müdrük şəxsiyyət olan Heydər Əliyev
respublikanın rəhbəri seçildi.
Onun rəhbərliyi
altında Azərbaycan Respublikasının görünməmiş
inkişaf dövrü başlandı. Heydər Əliyevin
böyük vətənpərvərlik amalı, onun bu məqsəd
uğrunda dönməz qətiyyəti, sonsuz
bacarığı, ümumbəşəri dəyərlərlə
xalqın yüksək milli-mənəvi keyfiyyətləri
arasında yaratdığı həmahəng vəhdət illərlə
həsrətində olduğumuz müstəqillik
arzularımızı gerçəkləşdirdi.
Azərbaycan
xalqının bəxti onda gətirdi ki, respublikaya yeni rəhbər
təyin olunan gənc Heydər Əliyev respublikanın
bütün problemlərinə kifayət qədər bələd
idi. Ona görə o, fəaliyyətə başlayan kimi əsl
həqiqəti xalqa çatdırdı. Digər müttəfiq
respublikalar arasında sosial-iqtisadi inkişaf sürətinə
görə xeyli geri qalan Azərbaycanı layiq olduğu səviyyəyə
qaldırmaq üçün qarşıda çox
mühüm vəzifələr durduğunu etiraf etdi. O vaxta qədər
həmişə birtərəfli inkişaf meyli xas olan Azərbaycan
iqtisadiyyatı Heydər Əliyevin müəyyən etdiyi və
elmi cəhətdən mükəmməl
hazırladığı kursa uyğun olaraq istehsalın təşkilinin
zəruri tələblərinə cavab verən istiqamətdə
inamla irəliləməyə başladı. Tarixdə ilk dəfə
respublika iqtisadiyyatı hərtərəfli və kompleks şəkildə
böyük yüksəliş yoluna qədəm qoydu, onun hər
bir sahəsinin səmərəli və həmahəng
inkişaf yolları müəyyənləşdirildi.
İqtisadiyyatda həyata
keçirilən köklü dəyişikliklər, ilk
növbədə, sənaye sahəsini əhatə edirdi. Məlumdur
ki, kifayət qədər müxtəlif təyinatlı təbii
sərvətlərin, habelə böyük tələbatın
olmasına baxmayaraq, o illərdə Azərbaycan
iqtisadiyyatının aparıcı sahəsi olan sənaye son dərəcə
məhdud səviyyədə inkişaf etmişdi. Qısa
müddət ərzində respublika sənayesində, xüsusən
maşınqayırma, kimya, yüngül və yeyinti sənayesi
sahələrində yüzlərlə yeni müasir müəssisə
tikilib istifadəyə verildi. Bundan başqa, Heydər Əliyev
Azərbaycan neft sənayesinin inkişafına biganə
münasibət göstərənlərin əksinə olaraq,
bu ənənəvi və çox böyük imkanı olan
sahənin respublika iqtisadiyyatının gələcək
yüksəlişində hələ uzun illər
aparıcı yer tutacağı barədə dəlilləri
ortaya qoydu. Onun gələcək inkişafına lazımı
inamı artırmaq üçün yanacaq sənayesinin hələ
tükənməyən imkanlarından böyük uzaqgörənliklə
istifadə etdi. O, həmin dövrdə yaranmış vəziyyəti
qiymətləndirərək, hələlik neftçıxarma
sənayesində istehsalı sabitləşdirməyi lazım
bildi. Bakıda ekoloji cəhətdən təmiz və
müasir iki neftayırma qurğusunu (hərəsinin
gücü 6 milyon ton həcmində) tikdirdi. Nəticədə
ilk dəfə Azərbaycanda çıxarılan neftin
hamısı, üstəlik də Rusiyadan və Qazaxstandan gətirilən
xammalın bir hissəsi bu müəssisələrdə emal
olunmağa başlandı. Digər tərəfdən,
respublikada qaz istehsalı bir neçə dəfə
artırıldı. Nəticədə həmin dövrdə
yanacaq sənayesinin gələcəkdə daha böyük
inkişafı üçün bir sıra zəruri tədbirlərin
həyata keçirilməsi geniş vüsət aldı.
Kənd təsərrüfatının
inkişaf yolları isə tamamilə başqa səpgidə
müəyyənləşdirildi. Respublikada kənd təsərrüfatının
özünəməxsus inkişafını düzgün qiymətləndirən
ulu öndər Heydər Əliyev bu mühüm sahənin
daha məhsuldar və faydalı inkişafı yoluna
üstünlük verdi. Məsələ onda idi ki, Azərbaycanda
müxtəlif səbəblər üzündən kənd təsərrüfatına
yararlı torpaq sahələri xeyli məhdud olduğundan,
respublikanın əlverişli təbii şəraitindən bəhrələnərək
kənd təsərrüfatı sahələrinin fərqli təbii-iqtisadi
zonalarda düzgün yerləşdirilməsi və səmərəli
ixtisaslaşdırılması, habelə əkinçilik,
heyvandarlıq sahələrinin təşkili mədəniyyətinin
yüksəldilməsi ön plana çəkildi. Nəticədə
sənayedə olduğu kimi, kənd təsərrüfatında
da əkin sahələri az artsa da məhsul istehsalının
həcmi dəfələrlə çoxaldı.
Geniş tikinti
meydanına çevrilən Azərbaycan yerli inşaat
materialları ilə təmin olundu və müasir
dövrün tələblərinə uyğun təşkil
edildi. İstehsalın səmərəli təşkili tələblərinə
uyğun olaraq Azərbaycan iqtisadiyyatının bütün
sahələri inkişaf etdirildi. Əldə edilmiş
uğurlu naliyyətlər təkcə Azərbaycan sakinlərinin
yox, eyni zamanda, keçmiş Sovet İttifaqı rəhbərlərinin
də diqqətindən yayınmadı. Ən yüksək
tribunalardan Azərbaycanın əldə etdiyi uğurlar dəfələrlə
təqdir edildi.
Az sonra M.Qorbaçovun bədnam
“yenidənqurma” siyasəti, bu xislətli başqa rəhbərlərin
milli respublikalara, xüsusən müsəlman
respublikalarına ögey, hətta düşmən münasibəti
nəticəsində onsuz da kövrək təməllər
üzərində qurulmuş “qardaşlıq ittifaqı”
dağılmağa başladı. Bu quruma daxil olan xalqlar
çoxdan arzuladıqları dövlət müstəqilliyini
qazandılar.
Məlum həqiqətdir
ki, Azərbaycanın milli istiqlalının əsası hələ
keçən əsrin 70-80-ci illərində ulu öndər
Heydər Əliyevin rəhbərliyi altında qoyulmuşdu. Həmin
dövrdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində
qazanılan misilsiz nailiyyətlər mətbuat səhifələrində
kifayət qədər
işıqlandırılmışdır. Onları bir daha təkrar
etmədən ancaq toxunduğumuz məsələnin mahiyyətini
əks etdirən durumun bəzi xüsusiyyətlərini və
yaranma səbəblərini nəzərdən keçirək.
İstər rus, istərsə də Sovet imperiyasının tərkibində
olduğu dövrdə Bakı-Sumqayıt (Abşeron) iqtisadi
rayonu ilə respublikanın başqa əraziləri arasında
sosial-iqtisadi, mədəni və digər sahələrdə fərqlər
həmişə saxlanılırdı. Səbəbi də o
idi ki, Azərbaycan iqtisadiyyatı təşəkkül
tapdığı ilk dövrdən başlayaraq bütün
sonrakı yüz il ərzində onun inkişafının
imperiyanın xeyrinə, Azərbaycanın isə zərərinə
olan həqiqəti qiymətləndirməkdən diqqəti
yayındırsın. Sovet dövründə əsas sahələr
kimi neft sənayesi də ümumittifaq mülkiyyətində
idi və onun inkişafı dövlət idarəetmə
orqanları tərəfindən müəyyənləşdirilirdi.
Bu müddət ərzində Azərbaycan
iqtisadiyyatının əsasını yüksək gəlirli
neft sənayesi və çox aşağı məhsuldarlığa
malik kənd təsərrüfatı təşkil edirdi.
Neftçıxarma yüksək gəlirli sənaye sahəsi
olsa da, bu imkandan Azərbaycan xalqı kifayət qədər bəhrələnə
bilmirdi.
Keçən əsrin
70-80-ci illərində isə vəziyyət
yaxşılığa doğru dəyişməyə
başladı. Həmin illərdə Bakı da daxil olmaqla
Abşeronun istehsal potensialının həddən çox
artımına baxmayaraq, respublika ümumi sənaye məhsulunun
həcmində onun xüsusi çəkisi 60 faizə qədər
endi. Az vaxt içərisində məhsuldar qüvvələrin
inkişafında ərazi nisbətlərinin belə kəskin
dəyişməsi bir zaman zəif istehsal potensialına malik
olan respublikanın başqa rayonlarında müxtəlif təyinatlı
infrastruktur sisteminin təkmilləşdirilməsi, xüsusən
Yevlax- Balakən, Yevlax-Ağdam-Xankəndi dəmir
yollarının çəkilməsi, energetika və qaz şəbəkələrinin
genişləndirilməsi, çoxsaylı
sosialyönümlü tədbirlərin həyata keçirilməsi
nəticəsində iqtisadiyyatın daha üstün
inkişafı ilə bağlı idi. Azərbaycan tarixində
ilk dəfə onun iqtisadiyyatında belə əzəmətli
yüksəliş hesabına respublika ərazisinin müxtəlif
hissələrində bir sıra mühüm iri şəhərlərin
və sənaye qovşaqlarının formalaşması
mümkün oldu.
Azərbaycanın bütün iqtisadi rayonlarının
sosial-iqtisadi imkanlarından hərtərəfli istifadə
edilməsi məcrasında onların yüksək
inkişafı həm də respublikada əhalinin məşğulluğunun
yaxşılaşdırılmasında, onun respublika üzrə
səmərəli məskunlaşmasında çox əhəmiyyətli
rol oynadı. Onu da qeyd etmək lazımdır ki, bu istiqamətdə
müəyyən edilmiş tədbirlər məlum səbəblər
üzündən sonralar təəssüf olsun ki, axıra qədər
davam etdirilmədi. Yaradılması nəzərdə tutulan
çoxlu müəssisələrin tikintisi
yarımçıq qaldı, bəzi müəssisələrin
inşasına isə heç başlanılmadı.
Dövlət müstəqilliyi
bərpa edildikdən sonra təxminən iki ilyarımı
xeyli təlatümlü olan dövrdə Azərbaycan
iqtisadiyyatının ən çox tənəzzülə məruz
qalan sahəsi regionlar oldu. Neft sənayesi hesabına öz
inkişafını müəyyən qədər qoruyub
saxlayan Abşeron iqtisadi rayonunun Azərbaycan sənayesinin ümumi
həcmində xüsusi çəkisi daha da artdı. O illərin
statistik məlumatlarına görə hətta 98 faizə qədər
qalxdı.
Hələ keçən
əsrin 70-ci və 80-ci illərində Azərbaycan həyatının
bütün sahələrində, o cümlədən
sosial-iqtisadi inkişafda əvvəllər heç zaman
görünməmiş yüksək nailiyyətlərin banisi
olan Heydər Əliyevə xalqın inamı və etimadı
hədsiz idi. Ona görə də Azərbaycan xalqı
böyük təkidlə onu müstəqil Azərbaycan
dövlətinə yenidən başçılıq etməyə
dəvət etdi. Ən ağır şəraitdə
düzgün qərarlar qəbul edən, istedadı və
müdrikliyi, habelə zəngin həyat təcrübəsi ilə
seçilən Heydər Əliyev tezliklə ölkədə
ictimai-siyasi sabitliyə nail oldu. Gənc Azərbaycan dövlətinin
beynəlxalq aləmdə etibarlı nüfuzunu qazanmaq, xarici
investorları ölkə iqtisadiyyatına cəlb etmək
üçün əlverişli mühitin yaradılması
istiqamətində böyük işlər gördü. Ən
nəhayət, Azərbaycanın taleyində mühüm rol
oynayan “Əsrin müqaviləsi” layihəsini hazırlayıb,
həyata keçirməsini gerçəkləşdirdi. Bu
tarixi müqavilə ölkə həyatının başqa
sahələrində olduğu kimi, iqtisadi bölgələrində
də məhsuldar qüvvələrin yüksək səviyyədə
inkişafına səbəb oldu.
Ulu öndər Heydər
Əliyevin uzaqgörən müdrik siyasəti nəticəsində
tarixi inkişaf yolu keçən Azərbaycan neft sənayesi
20 sentyabr 1994-cü il müqaviləsindən sonra
özünün görünməmiş yüksək
inkişaf mərhələsinə qədəm qoydu. Bu
müqavilədən əldə edilən gəlirlər
qeyri-neft sektorunun da genişlənməsinə təkan verdi.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev Qazax
rayonu ictimaiyyəti nümayəndələri ilə 24 sentyabr
2008-ci ildə görüşü zamanı bu böyük
hadisənin əhəmiyyətini bir daha vurğulayaraq
demişdir: “Əgər vaxtilə ulu öndər Heydər Əliyev
tərəfindən neft strategiyası həyata keçirilməyə
başlanmasaydı, indi Neft Şirkətinin imkanı
olmayacaqdı ki, belə gözəl bina tiksin, avadanlıqla təchiz
etsin. Yəni bütün bunlar bir-biri ilə bağlı olan
məsələlərdir. Bizim bugünkü
uğurlarımızın təməli 10-15 il bundan əvvəl
qoyulmuşdur. Biz sadəcə olaraq yeni
çağırışlara hazır olmaqla bu siyəsəti
davam etdiririk və Azərbaycanın hər bir bölgəsini
müasirləşdiririk. İnfrastruktur, sosial, iqtisadi, sənaye
və humanitar məsələlərin həlli-bütün
bunlar kompleks şəkildə, əlbəttə, ölkənin
uğurlu inkişafını təmin edəcəkdir”.
İndi Azərbaycanın
bəzi rayonlarında iqtisadiyyatın müxtəlif sahələri
güclü inkişaf etməyə başlamışdır.
Təsadüfı deyildir ki, artıq 2000-ci ildən
başlayaraq regionlarda iqtisadiyyatın sürətli və
üstün inkişafı nəticəsində Bakı şəhəri
də daxil olmaqla Abşeron iqtisadi rayonunda sənaye məhsulunun
xüsusi çəkisi xeyli aşağı
düşmüşdür. Ümummilli lider Heydər Əliyevin
Azərbaycanın regionlarının inkişafı
üçün böyük əhəmiyyət
daşıyan bu kursu cənab İlham Əliyev tərəfindən
uğurla, yaradıcı şəkildə davam etdirilir. O,
2003-cü ildə Prezident seçildikdən dərhal sonra
regionların imkan və tələblərını nəzərə
alaraq, onların hərtərəfli inkişafını nəzərdə
tutan və 2004-2008-ci illəri əhatə edən “Azərbaycan
Respublikası regionların sosial-iqtisadi inkişafının
Dövlət Proqramı”nı təsdiq etdi.
“Əsrin müqaviləsi”
çərçivəsində 1997-ci ildə “Çıraq”
yatağından ilk mənfəət neftinin
çıxarılması və 2006-cı ilin 13 iyununda
Bakı- Tbilisi-Ceyhan neft kəmərinin, az sonra isə
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə
salınması nəticəsində Azərbaycanın maliyyə
imkanlarının ildən-ilə artması onun
iqtisadiyyatının sürətli inkişafının möhkəm
əsasını qoydu. Ölkə başçısı bu
böyük imkanlardan istifadə edərək qeyri-neft
sektorunun inkişafı istiqamətində tədbirlərin
reallaşdırılmasına başladı. Bu sektorun sürətli
inkişafı isə sahibkarlıq fəaliyyətinin
genişləndirilməsini, ölkə ərazisinin bütün
bölgələrində müxtəlif təbii sərvətlərindən
səmərəli istifadə olunmasını tələb
edir. Bu məqsədlə möhtərəm Prezidentimiz
İlham Əliyev məhz regionların sosial-iqtisadi
inkişafı vəzifəsini ön plana çəkdi.
Əvvəllər,
xüsusilə Sovet İttifaqının süqutu ərəfəsində
bütün ölkə və müttəfiq respublikaların ərazisi
daxilində məhsuldar qüvvələrin yerləşdirilməsi
sxemi tərtib edilirdi və müəyyən şərtlər
daxilində həmin sxem qismən həyata keçirilirdi.
Lakin nəzərə almaq lazımdır ki, bu sxemdə ilk
növbədə, hər müttəfiq respublikada əvvəl
istehsalın müxtəlif sahələrinin inkişafı
istiqamətləri müəyyən edilirdi (burda isə bəzi
respublikalar, xüsusən Azərbaycan öz imkanlarına
görə daha məhdud iqtisadi inkişaf seçiminə
malik idi), sonra isə Sovet rəhbərlərinin subyektiv
mülahizələri əsasında bu və ya digər müəssisənin
harada yerləşdirilməsi məsələsi həll
olunurdu. Müstəqillik dövründə isə
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında hər regionun, bütövlükdə isəAzərbaycanın
həmahəng və tarazlı inkişafı
üçün yerli imkanlar müəyyənləşdirilmişdir.
Bundan başqa, cənab
İlham Əliyev birinci prezidentlik fəaliyyəti
dövründə ölkənin 60-dan artıq rayonunda
olmuş və əlavə olaraq 20-dən artıq sərəncam
imzalamışdır. Bu dövlət tədbirlərinin əsasında,
ilk növbədə, regionlarda iqtisadiyyatın inkişafı
üçün zəruri olan müxtəlif təyinatlı
sosial və istehsal infrastruktur şəbəkələrinin
yaranması və yenidən qurulması işləri həyata
keçirilir. O cümlədən regionlarda 14 olimpiya və
idman qurğuları, müasir diaqnostika mərkəzləri,
yeni məktəblər (son 5 ildə 1600-dan artıq yeni məktəb
tikilib) inşa edilib, energetika və qaz təsərrüfatı
təzələnib. İndi Azərbaycanda
qazlaşdırmanın səviyyəsi 84 faizdir, növbəti
illərdə bu daha da artacaqdır. Energetika sahəsinin əhatə
dairəsi daha genişlənir. Artıq Gəncə,
Naxçıvan, Lənkəran və Zaqatala şəhərlərində
beynəlxalq standartlara cavab verən təyyarə limanları
istifadəyə verilmişdir. Bu işlərin görülməsində,
xüsusən məktəblərin və uşaq evləri
şəbəkəsinin yeniləşdirilməsində Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın çox
böyük əməyi vardır.
Bütün rayonlarda
müxtəlif təyinatlı infrastruktur sisteminin müasir tələblər
səviyyəsində təşkili, müxtəlif istehsal sahələrinin
yaradılması istiqamətində geniş fəaliyyətə
başlanılmışdır. Astarada, Naxçıvanda,
Şəkidə, Şirvanda, Bakıda yeni modul elektrik
stansiyaları, Xaçmazda, Lənkəranda, Biləsuvarda və
başqa yerlərdə müxtəlif emal müəssisələri
tikilmişdir. Daşkəsən filiz saflaşdırma
kombinatı yenidən qurularaq istismara verilmişdir, bu
yaxınlarda Gədəbəy rayonunda qızıl emalına
başlanılacaq. Gəncədə iri polad boru kompleksi və
alüminium zavodunun tikintisi davam edir, əksər regionlarda
sovet dövründə yaranmış bir sıra müəssisələrin
yenidən qurulması həyata keçirilir və s. Bu sahədə
görülən işlər öz müsbət nəticələrini
verməyə başlayıb. Ümumi məhsul istehsalında
Bakı da daxil olmaqla Abşeronun xüsusi çəkisi, sənaye
istehsalında 92 faizə, sənayedə işləyənlərin
orta illik sayında 70 faizə enmişdir.
Möhtərəm
İlham Əliyev birinci prezident seçkisi ərəfəsində
söz vermişdi ki, qarşıdakı 5 ildə ölkədə
600 min yeni iş yeri yaradılmasını təmin edəcəkdir.
Artıq bu ilin doqquz ayının göstəricilərinə
görə ölkədə 741 mindən çox iş yeri
yaradılmışdır. Yoxsulluğun səviyyəsi əvvəlki
49 faizdən 16 faizə enmişdir.
Regionların iqtisadi
inkişaf məsələlərini həmişə diqqət
mərkəzində saxlayan və bu sahədə çox
qısa vaxtda əldə edilən uğurları yüksək
qiymətləndirən möhtərəm Prezidentimiz İlham Əliyev
Milli Məclisin Azərbaycan Parlamentinin 90 illiyinə həsr
olunmuş təntənəli yığıncaqdakı nitqində
demişdir: “Regionlarda gedən abadlıq-quruculuq işləri,
yeni iş yerlərinin açılması və regionların
sosial-iqtisadi inkişafına dair beşillik Dövlət
Proqramının uğurla icra edilməsi bizim böyük
nailiyyətimizdir. Bu gün artıq bölgələrdən mərkəzə
miqrasiya meyilləri, demək olar ki, son dərəcə
azalıbdır. Bu gün ən müasir infrastruktur
yaradılır — istər səhiyyə, istər təhsil, istər
nəqliyyat və sair sahələrdə. Biz öz təbii sərvətimizdən
çox böyük səmərə ilə istifadə edirik,
təbii resurslarımızı insan kapitalına
çeviririk”. Göstərilən böyük uğurlar
regionların inkişafında hələ ancaq
başlanğıcdır və gələcək böyük
müvəffəqiyyətə əsaslı
hazırlıqdır. Dövlət başçısı bu
sahədə əldə edilən nailiyyətləri daha da
möhkəmləndirmək üçün göstəriş
vermişdir ki, 2009-2013-cü illərdə regionların
böyük imkanlarından daha səmərəli istifadə
olunması istiqamətində layihə hazırlansın. Burada
onu da diqqətdə saxlamaq lazımdır ki, regionların
inkişafı sahəsində görülməsi tələb
olan işlərin miqyası çox möhtəşəm
olacaqdır və əslində regionların yüksək
iqtisadi inkişaf məsələsi dövlətin
güclü iqtisadiyyatı yaratmaq vəzifəsinin tərkib
hissəsi olmaqla ölkədə qeyri-neft sektorunun
inkişafını sürətləndirəcəkdir.
Ona görə də gələcəkdə
görüləcək işlərin miqyasını və səmərəliliyini
artırmaq məqsədilə, bəzi mülahizələrimizi
söyləməyi lazım bilirik. İlk növbədə,
regionların inkişafı kimi taleyüklü məsələdə
ayrı-ayrı təşkilatlar tərəfindən məsələyə
elmi cəhətdən əsası olmayan yanlış
münasibətə son qoyulmalıdır. Söhbət son dərəcə
prinsipial mahiyyət daşıyan bir məsələdən —
Bakı şəhərinin Abşeron iqtisadi rayonu tərkibindən
ayrı götürülməsindən gedir. Bütün
dövrlərdə istər yerli elmi ədəbiyyatda, istər
də respublikadan kənar elmi dairələrdə Bakı
şəhəri həmişə Abşeron iqtisadi rayonunun
ayrılmaz hissəsi kimi qəbul edilib. Çünki Bakı
şəhərində işləyənlər ya Abşeron
yarmadasının başqa yaşayış məntəqələrinin
sakinləridir, ya da paytaxtda yaşayanların iş və
istirahət yerləri Abşeronun həmin yaşayış məntəqələridir.
Bir sözlə, Abşeron iqtisadi rayonu və onun tərkibinə
daxil olan Bakı şəhəri vahid aqlomeratsiya ərazisidir
və bu fakt elmi ictimaiyyət tərəfindən çoxdan qəbul
edilmiş həqiqətdir. Təsadüfi deyildir ki, bu rayon bəzən
elmi ədəbiyyatda Abşeron və ya Bakı-Sumqayıt
iqtisadi rayonu kimi hallanır. Bakı şəhərinin
süni olaraq Abşeron iqtisadi rayonu tərkibindən
çıxarılması regionların sosial-iqtisadi inkişaf
vəzifələrinin həllində yanlış addımlar
atılmasına gətirib çıxara bilər.
Asəf NADİROV.
akademik, əməkdar elm xadimi
Xalq qəzeti.-2008.-27 noyabr.-S.4.