Respublika enerji sistemində ənənəvi olaraq qış mövsümünə
hazırlıq məqsədilə
əsaslı, cari və orta təmir
işləri həyata
keçirilir. Abşeron yarımadası və
digər Bakıətrafı
ərazilərin enerji
təchizatında enerji
sistem əhəmiyyətli
“Bakı Yüksək
Gərginlikli Elektrik Şəbəkəsi” (UGEŞ) də bu qəbildən
olan enerji obyektidir.
“Azərenerji”
ASC-nin mətbuat xidmətindən aldığımız
məlumata görə,
500 kilovoltluq “Abşeron”
yarımstansiyasının təhlükəsizliyinin
daha da möhkəmləndirilməsi
və dayanıqlığının
artırılması məqsədilə
yeni tikilən 330 kilovoltluq açıq paylayıcı qurğuda elektrik avadanlıqları quraşdırılaraq saz
vəziyyətə gətirilib.
Bundan əlavə, burada idarəetmə məntəqəsinin
təmiri, eyni zamanda akkumlyator otağının rənglənməsi
və avtomatik yanğınsöndürmə sisteminin
bərpası ilə əlaqədar müxtəlif
təyinatlı tədbirlər
planı yerinə yetirilib.
220 kilovoltluq “Müşviq” yarımstansiyasında da növbəti mövsümə
hazırlıq məqsədilə
bir sıra işlər həyata keçirilib. Burada yerləşən bir saylı 220 meqavatlıq avtotransformator
və 110 kilovoltluq yarımstansiya arasındakı
köhnə və vaxtı ötmüş dayaq izolyatorları yeniləri illə əvəz edilib. 110
kilovoltluq I və II Balaxanı və III Bayıl hava elektrik verilişi xətlərinin yağ
açarları yeni tipli eleqaz açarları
ilə dəyişilərək
tam işlək vəziyyətə
gətirilib. “Xırdalan” yarımstansiyasında
da analoji tədbirlər yerinə yetirilib. 220 kilovoltluq
IV Binəqədi hava elektrik verilişlərinin
ayırıcılarında yararsız hala düşmüş izolyatorların
dəyişdirilməsi və
digər cari təmir işləri həyata keçirilib.
Analoji işlər
110 kilovoltluq “205", 220 kilovotluq
”Səngəçal", 110 kilovoltluq “Binəqədi” və 110 kilovoltluq “Puta” yarımstansiyalarında
da aparılıb.
Qeyd edək ki, paylayıcı
şəbəkələrə gün ərzində orta hesabla 11 milyon kilovatt-saata yaxın elektrik enerjisi ötürülür.
Qəzənfər QASIMOV.
Xalq qəzeti.-2008.-28 noyabr.-S.7.