Hindistanda dəhşətli terror aktı törədilib

 

Silahlı quldurlar Mumbai şəhərini bir neçə istiqamətdə gülləbaran ediblər.

Noyabrın 26-da axşam saatlarında Hindistanın böyük işgizar və turist mərkəzlərindən biri olan Bombey əyalətinin Mumbai şəhərindəki mehmanxanalara yaxşı əlaqələndirilmiş silahlı quldur dəstələri tərəfindən hücum edilib. Şəhərin ən azı 7 yerində törədilmiş hücumlar nəticəsində ölənlərin sayı, dünənki məlumatlara görə, 125 nəfərə çatıb. 287 nəfər müxtəlif dərəcəli yaralar alıb.

Ölkənin xüsusi xidmət orqanları şəhərdəki "Oberoi Traydent" mehmanxanasını içindəki insanlarla birgə girov saxlayan silahlı quldurlarla atışmanı gün ərzində davam etdirib.

Şəhərin polis rəisinin verdiyi məlumata görə, artıq "lyuks" kateqoriyalı "Tac Mahal" mehmanxanasındakı girovlar azad edilib, ancaq bir çox insanlar öz otaqlarında qurduqları barrikadalarda hadisələrin sonunu gözləməkdədirlər. Hökumətin göndərdiyi qoşun hissələri bütün günü mehmanxanaları mühasirədə saxlayıb. Polislərin bildirdiyinə görə, hücum edən quldurlardan 4 nəfəri öldürülüb, 9-u isə sağ ələ keçirilib.

Quldurlar "Traydent" mehmanxanasında özlərinə barrikada quraraq müdafiə olunurlar. Hələlik Hindistan ordusunun komandanlığı aralarında çoxlu xarici ölkə vətəndaşları olan girovlara xəsarət yetirməmək üçün binaya genişmiqyaslı hücum əməliyyatına başlamaqdan çəkinir.

Dünən Rusiyanın Mumbaidəki baş konsulu Aleksandr Mantıtski məlumat verib ki, hücuma məruz qalmış mehmanxanalardan birində bu ölkənin "Aeroflot" kompaniyasının iki stüardessası da var. Hadisə ərəfəsində orada "Aeroflot"un 10 nəfərlik heyəti olub. Onlardan səkkizi baş konsulluğa gətirilib.

Mumbai sakinlərinin verdikləri məlumatlara görə, polisin əməliyyat keçirdiyi rayon blokadaya alınıb, şəhərin başqa hissələrində isə həyat öz ritmi ilə davam edir, mağazalar işləyir, nəqliyyat hərəkətdədir. Dünən Mumbaidəki bütün təhsil müəssisələri bağlı olub, dövlət idarələri işləməyib.

 

Yaxşı təşkil edilmiş hücum

 

Şəhərdə mehmanxanalardan başqa, əsas dəmir yolu vağzalı, xəstəxana və turistlər arasında məşhur olan restoran da yaxşı planlaşdırılmış hücuma məruz qalıb. Bütün bu yerlərdə əsasən xaricilər, eləcə də yerli biznesmenlər və siyasi liderlər olur. Bunlardan əlavə, şəhərdəki yerli yəhudi mərkəzi də hücuma məruz qalıb. Polisin verdiyi məlumata görə, Şabad Lyubaviç adlı ravvin ailəsi ilə birlikdə girov saxlanılır.

Quldurlar əsasən avtomat silahlar və qumbaralardan istifadə edirlər. Polis məmurlarından biri bildirib ki, silahlılarla atışmalar zamanı 6 əcnəbi və 14 polis əməkdaşı öldürülüb. Həlak olanlar arasında Mumbainin terrorizmlə mübarizə qrupunun rəisi Hemat Karkare də var. Şahidlərin sözlərinə görə, hücum edənlər əsasən mehmanxanalarda olan Amerika və İngiltərə vətəndaşlarına diqqət yetiriblər. Bəzi ekspertlər hesab edirlər ki, quldurlara "əl-Qaidə" tərəfindən rəhbərlik edilir.
Baş vermiş hadisəyə görə məsuliyyəti indiyədək heç kəsin eşitmədiyi "Dekkan mücahiddin" adlı qruplaşma üzərinə götürüb. Qərb ekspertləri hesab edirlər ki, bu, əsl terrorçu qruplaşmanı gizlətmək üçün düşünülmüş uydurma addır.

Mumbai hadisələrindən dərhal sonra ABŞ Prezidenti kəşfiyyat xidmətlərinin və terrorizmlə mübarizə şöbəsinin rəhbərləri ilə təcili müşavirə keçirib və Hindistan hökumətinə kömək etməyə hazır olduğunu bildirib. Dünən Hindistanın fond birjaları açılmayıb. Hökumət yerli əhalini evlərindən çıxmamağa çağırıb.

 

Hamı terroru pisləyib

 

Dünən Rusiya Prezidenti Dmitrii Medvedev Mumbaidə çoxsaylı insan tələfatı ilə əlaqədar Hindistanın baş naziri Sinqxə başsağlığı verib. Prezidentin mətbuat katibi Natalya Timakovanın sözlərinə görə, Medvedev hər hansı məsələnin həlli zamanı terror metodlarından istifadənin yolverilməz olduğunu bildirib.
Böyük Britaniyanın xarici işlər naziri Devid Milibend də Mumbaidə baş verənləri pisləyib. "Britaniya və Hindistan terrorçulara qarşı mübarizədə birgə addımlar atmaqda davam edir" – deyə o bildirib.

Rəsmi Vaşinqton da Hindistanda törədilmiş cinayəti pisləyərək günahsız insanların öldürülməsindən təəssüfləndiyini bildirib. "Birləşmiş Ştatlar Mumbaidə baş vermiş terror aksiyasını qətiyyətlə pisləyir. Biz hadisələrin inkişafını diqqətlə izləyirik və bu dəhşətli hadisələri törədənlərə qarşı Hindistan hakimiyyət orqanlarına kömək etməyə hazırıq", – deyə Dövlət Departamentinin nümayəndəsi Robert Vud bəyan edib. ABŞ-ın gələcək Prezidenti Barak Obama da hadisə ilə bağlı kəskin mövqeyini bildirib.

Qeyd edək ki, quldurlar Hindistan vaxtı ilə saat 23-də bir neçə istiqamətdə atəş açmağa başlayıblar. Şahidlərdən birinin sözlərinə görə, pulemyotla silahlanmış birisi "Tac Mahal" mehmanxanasının vestibülündə atəş açmağa başlayıb və bir neçə nəfər həmin dəqiqə yerə döşənib. Canını qurtarmağa çalışan başqaları restorana qaçaraq burada barrikada qurublar. Britaniyalı turist danışıb ki, "Traydent" mehmanxanasında 6 saat barrikadada qalıb. "Hər otaqda 20-30 adam vardı. Biz yubanmadan qapıları bağladıq, işıqları söndürdük və döşəməyə uzandıq", – deyə o bildirib.


           Paşa ƏMİRCANOV.

 

           Xalq qəzeti.-2008.-28 noyabr.-S.6.