Vətən və ana məhəbbətinin qaynağı ilə yaşanmış ömür

 

“Mən öz ömrümü yaşayıram. Erkən vaxtlarımda atamı, anamı itirmişəm. Həyatda büdrəmişəm, amma əyilməmişəm. Həyatda çarpışmışam, mübarizə aparmışam. Ata yox, ana yox. Mənə arxa-dayaq duran heç bir kəsim yox idi. Tale məni həyatda Heydər Əliyevlə qarşılaşdırdı. Bu dahi şəxsiyyət həyatıma mayak kimi yaşıl işıq yandırdı, yüksəlişimdə, cəmiyyətdə mövqe tutmağımda həmişə mənə qayğı göstərdi. Həyatda qazandığım bütün uğurlara görə mən yalnız ona borcluyam..."

Bu sözlər səhiyyəmizin inkişafında, tibbi kadrların yetişməsində böyük əməyi olmuş, əməkdar elm xadimi, tibb elmləri doktoru, ictimai və dövlət xadimi professor Zəhra xanım Quliyevanındır. Onun mənalı ömrünə, ailə, xalq, Vətən üçün göstərdiyi səmərəli fəaliyyətinə də elə bu cümlələrlə işıq tutduq. Bu fikirlərin izi ilə onun ömür kitabını vərəqlədik.

Zəhra xanımın atası Tahir Quliyev tanınmış mühəndis olub. Azərbaycanda ilk dəfə Bakı – Sabunçu – Buzovna – Mərdəkan “konka” yolunun layihəsini hazırlayıb. Neft Akademiyasında kafedra müdiri, professor olub. Zəhra xanım da belə ziyalı bir ocaqda dünyaya göz açıb. Amma uşaqlıq illəri çox ağır keçib. On yaşında — 1933-cü ildə anası Camal xanımı (qohum-əqrəbası onu “Cavahir” çağırırmış) itirib. Bacı qardaşları özündn kiçik idilər, Fəridənin 3 yaşı, Fərid isə 8 aylıq idi.

Nə dayə, nə də qulluqçu ananı əvəz edə bilməzdi, o da ola körpə uşaqlar üçün. Odur ki, atası Tahir Əhməd Cavadla xanımı Şükriyyənin məsləhəti ilə Şükriyyənin bacısı Nəzirə xanımla ailə həyatı qurur ki, uşaqlara baxan olsun. Nəzirə xanım bu körpələrə əsil ana olur, onları böyüdür, hər cür qayğılarına qalır, öz doğma övladlarından ayırmır, sonra da onların övladlarına nənəlik edir.

Müharibənin od-alovu dünyanı bürüyəndə onun ağrı-acısı bu ailədən də yan ötmür. Ataları Tahir istehkamçı kimi cəbhəyə yola düşür. Elmi mütəxəssislərə ciddi ehtiyac olduğundan bir müddət sonra geri çağrılır. Şərtə görə bir neçə ali məktəbdə dərs deməli olur. O, həftənin iki günü Bakıda Neft-Kimya İnstitutunda, iki günü Gəncə Kənd Təsərrüfatı İnstitutunda, iki günü isə Tbilisi Dəmir Yolu İnstitutunda mühazirələr oxuyur. Gecəsi-gündüzü yollarda, çirkli vaqonlarda keçirdi.

1943-cü ilin dekabrı. İşinə son dərəcə məsuliyyətlə yanaşan Tahir bəy xəstə-xəstə Tbilisə yola düşməyə hazırlaşır. Az sonra halı pisləşir. Səpkili yatalaq diaqnozu ilə xəstəxanaya yerləşdirilir. Həkimlər ona heç bir kömək edə bilmirlər, üç gün sonra dünyasını dəyişir. Beş uşaq Nəzirə xanımın ümidinə qalır. Bu zaman Zəhra xanım Tibb İnstitutunun üçüncü kursunda oxuyurdu. Ailənin ağır durumu onu məcbur edir ki, mütləq işləsin. Zəhra xanım xatirələrində yazır ki, çox ağır illər idi. Tələbələrin çoxu hospitallarda və digər yerlərdə işləyirdilər. Buna dövlətin də ehtiyacı var idi. Gələcəyin həkimi olacaq tələbələr yaralılara daha yaxşı baxırdılar. Ümumiyyətlə, hospitallarda tibb işçilərinə böyük ehtiyac vardı. Bunu görən professor Yeqorov mühazirələri sərbəst elan edir. Yəni mühazirələrdə iştirak etmək məcburi deyildi. Amma özümüz şərtləşmişdik ki, kimin imkanı varsa iştirak etsin, sonra o biri yoldaşlarına danışsın.

Beləcə, ağır illərdə Zəhra xanım özü dediyi kimi, çarpışaarpışa, mübarizə apara-apara həyatda daha möhkəm, dəyanətli olurdu. Ən ağır anlarında atasının sözlərini xatırlayırdı. Cəbhədən bir neçə günlüyə evlərinə gələn atasına Zəhra gileylənmişdi ki, qıtlıqdır, vəziyyətləri çox ağırdır. Talonla verilən qapqara çörəyi də güclə tapırlar. Atası ona təskinlik vermişdi ki, “Yaman günün ömrü az olar, qızım. Dəyanətli ol. Sənin zərif çiyinlərin möhkəm olmalıdır. İndi ailənin dolanışığı səninlə bağlıdır”. Amma sonrakı illər daha amansız oldu, atasının ölümü onu sarsıtdı.

Zəhra xanım sayılıb-seçilən tələbə idi, əla qiymətlərlə oxuyurdu. Odur ki, təhsilini başa vuranda onun institutda saxlanılmasına qərar verildi. Onu da qeyd edək ki, bu illərdə gələcəkdə onun həkim kimi faliyyət istiqamətini müəyyənləşdirən hadisələr də baş verdi. Bu, Zəhra xanımın Azərbaycanın görkəmli şəxsiyyəti Əziz Əliyevin övladları ilə dostluğu idi. Zəhra xanım yazır ki, atam öləndə başımızı itirmişdik, nə edəcəyimizi bilmirdik. Onda Əziz müəllimin oğlu Tamerlan bizim köməyimizə yetdi. Demək olar ki, dəfn mərasimində bütün məsələləri o həll etdi.

Zəhra xanım yazır: “Müalicə-profilaktika fakültəsində təhsil alırdım. Oftalmologiyaya meyilli idim. Bu sahəyə ilk yol göstərənim Zərifə xanımın bacısı Ləzizə xanım olmuşdu. Göz xəstəlikləri kafedrasının müdiri professor Trubin idi. Praktiki məşğələləri Ləzizə xanım aparırdı. Və o, həyatımda, peşə seçimimdə böyük rol oynayıb...” Ləzizə xanımın tələbə Zəhranın istedadını, bacarığını qiymətləndirməsi, ona hər an qayğı göstərməsi, daha sonra Zərifə xanımla qırılmaz dostluğu onu bu müqəddəs ailəyə daha möhkəm bağlayır.

Daha ağır, kəşməkəşli günlər arxada qalmıqşdı. Zəhra xanım elmi yaradıcılıq yolunda inamlı addımlarını atırdı. Çətin anlarında Əziz müəllimin ailəsinə, xüsusən Zərifə xanıma arxalanırdı. Daha sonra ümummilli liderimiz Heydər Əliyevlə tanışlıq. Ulu öndər Zəhra xanımın biliyini, bacarığını, təşkilatçılığını, ən əsası vətənpərvərliyini çox yüksək qiymətləndirirdi. Zəhra xanım yazırdı: “Həyatda qazandığım bütün uğurlara görə mən yalnız ona (Heydər Əliyevə – red.) borcluyam. O, elə bir şəxsiyyətdir ki, insanları gözəl tanıyır, qiymətləndirməyi bacarır. Onun kadr seçmək bacarığı özü bir məktəbdir. Rektor təyin edilməyim, komitə sədri olmağım Heydər Əlirza oğlunun mənə göstərdiyi etimadın, qayğının, münasibətin təzahürüdür.

Özümü xoşbəxt sayıram ona görə ki, belə nəcib bir insanın evində olmuşam. Heydər Əliyevin həyat yoldaşı, gözəl insan, akademik Zərifə xanımla bir yerdə işləmişəm, dostluq etmişəm.

Xoşbəxtəm ona görə ki, həyatda ömrümə-günümə belə insanlarla görüşmək qismət olub. Bu nəcabətli ailənin özülü Vətən, xalq üçün qoyulub. Bu ocaqdan boy atanlar Azərbaycanın böyük şəxsiyyətləri olublar. Xalq, Vətən üçün böyük işlər görüblər.

Özümü xoşbəxt sayıram ona görə ki, mənəviyyatca yüksək, qüdrətli insanlarla birgə yaşamışam, çalışmışam, onları özümə arxa-dayaq saymışam".
Zəhra xanımın acılı-şirinli ömür yolu, müəllim kimi, həkim kimi, ziyalı kimi, ictimai və dövlət xadimi kimi fəaliyyəti bir məqaləyə sığacaq deyil. Dəyərli elmi əsərlərin müəllifidir Zəhra xanım. Yüzlərlə layiqli yetirmələri var. Neçə-neçə ailələr onun xeyirxahlığı ilə həyatda öz mövqeyini tuta bilib. Və oftalmoloq kimi minlərlə insana nur verib.

Qısa avtobioqrafiyası isə belədir: 1923-cü il yanvarın 18-də Bakıda anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdiyi üçün 1940-cı ildə Azərbaycan Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə imtahansız qəbul edilib. İnstitutu da əla qiymətlərlə bitirdiyinə görə 1944-cü ildə dövlət komissiyasının qərarı ilə göz xəstəlikləri kafedrasında ordinator vəzifəsində saxlanılıb. Müsabiqə yolu ilə 1946-cı ildə assisent, 1959-cu ildə dosent vəzifələrinə seçilib. 1958-ci ildə “Müxtəlif usulla büllurun çıxarılmasında buynuz qişanın sferikliyinin və refraksiyasının dəyişilməsi” mövzusunda namizədlik, 1967-ci ildə “Görmə itiliyinin refraksiyanın və akkomadasiyanın rəng duyğusuna təsiri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, tibb elmləri doktoru, alimlik dərəcəsini alıb. 1972 – 1983-cü illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru olub.

Zəhra xanım 4 namizədlik dissertasiyasının elmi rəhbəri, 4 monoqrafiyanın, 160-dan çox elmi məqalənin, Tibb Universitetinin tələbələri və gənc həkimlər üçün “Göz xəstəlikləri” kitabının, 4 dərs vəsaitinin, 1 ixtira və 4 səmərələşdirici təklifin müəllifidir. 1975-ci ildə Azərbaycan Oftalmologiya Cəmiyyətinin sədri seçilib, Ümumittifaq Oftolmologiya Cəmiyyətinin üzvü olub. 1998-ci ildən ömrünün sonuna kimi Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.
Vətən, xalq qarşısında Zəhra xanımın xidmətləri həmişə yüksək qiymətləndirilib. İki dəfə “Şərəf nişanı” və “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilib. Müstəqil respublikamızın “Şöhrət” ordeninə layiq görülüb. Amerika Bioqrafiya İnstitutu Zəhra xanımı “2001-ci ilin qadını” elan edib.


***

Zəhra xanımın elmi, ictimai fəaliyyəti olduqca genişdir. Əvvəl qeyd etdiyimiz kimi onun barəsində bir məqalədə ətraflı söhbət açmaq mümkün deyil. Qarşımdakı kitabda isə Zəhra Quliyeva haqqında kifayət qədər əhatəli bəhs edilib. Bu, Solmaz Zeynalovanın 2003-cü ildə nəşr edilmiş “İnsanlara nur bəxş edən alim ömrü” kitabıdır. Bu məqaləni hazırlayanda mən də həmin kitabdan istifadə etməli oldum.

S.Zeynalova bu kitabda Zəhra xanımın uşaqlığından tutmuş ömrünün acılı-şirinli bütün anlarını vərəqləyir. Kitabı oxunaqlı edən əsas səbəb odur ki, müəllif daha çox Zəhra xanımın öz söhbətlərini önə çəkir, hadisələri onun dilindən verir.

Kitabda həmçinin ayrı-ayrı tanınmış şəxslərin Zəhra xanım haqqında məqalələri, ürək sözləri, ona həsr olunmuş şeirlər də toplanıb. Onlardan bəzilərinə diqqət yetirək: “Beynəlxalq miqyasda müyyən səviyyələrdə Azərbaycanı ləyaqətlə təmsil edən, Vətən məhəbbəti ilə ana məhəbbətinin qaynağından yararlanan ülvi ideyaların təbliğatçısına, gənclərimizin bu günü və gələcəyi üçün dəyərli örnək məktəbinə çevrilən alimlərimizdən biri Zəhra Tahir qızı Quliyevadır” (Əhliman Əmiraslanov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik), “Zəhra Quliyevanın uzun illər möhtəşəm elm məbədi sayılan Tibb Universitetinə rəhbərliyi, yetişdirdiyi alim və tələbələr onun mənalı ömür yolunun ən barlı bəhrələri, qazandığı fəxri adlar isə fəaliyyətinin yüksək zirvələridir” (Seyfəddin Qəndilov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru), “Bütün məziyyətləri ilə təriflərdən yüksəklərdə dayanan və bir çox dövlət mükafatları ilə təltif olunan Zəhra xanım Azərbaycan qadınının müsbət keyfiyyətlərini özündə birləşdirir” (Abel Məhərrəmov, BDU-nun rektoru), “Zəhra xanım yeni yağmış qar kimi təmizdir” (Ağabəy Sultanov), “Zəhra xanım tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti və isməti ilə seçilən azəri qadınlarının canlı simvoludur. O, təvazökar olduğu qədər də müdrik və təmkinlidir” (Asya Manafova)...

Bu siyahını istənilən qədər artırmaq olar. Amma bütün fikirlər saflığa, ülviliyə, ucalığa, vətənpərvərliyə, Vətən məhəbbəti ilə ana məhəbbətinin qaynağından yaranan dəyərlərə üz tutur, hər biri Zəhra xanımın ömrünün bir məqamına işıq salır.

...O, mənalı bir ömür yaşadı. İnsanlara nur payladı. Vətən təəssübü çəkdi. Azərbaycan elminin və qadınının nüfuzunu, şərəfini qorudu, ucadan uca tutdu. Özündən sonra örnək olacaq bir ömür yolu, alim ömrü, vətəndaş ömrü qoyub getdi. Odur ki, həmişə xatırlanır, yada düşür, ona istinad edilir. Bu, Zəhra xanım yoludur, məktəbidir, ənənələridir.

 

Vahid İMANOV.

 

Xalq qəzeti.-2008.-28 noyabr.-S.5.