Azərbaycanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 oktyabr 2008-ci ildə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinin açılış mərasimində demişdir: “Bilirsiniz, həm Bakıətrafı qəsəbələrin inkişafı üçün xüsusi proqram icra olunur, həm də bu işlər regionlarda, yəni hər yerdə gedir və gələcək illərdə də gedəcəkdir”. Ölkə başçısının bu çıxışından sonra, görəsən, bəzi təşkilatların nümayəndələri, nəhayət, başa düşəcəklərmi ki, Bakıətrafı qəsəbələrin hamısı bütün Abşeron iqtisadi rayonunda yerləşmişdir və onları heç cür paytaxt şəhərindən ayırmaq olmaz.

Bakını nəzərə almadan Abşeronun inkişaf məsələsinə münasibət ilk anda burada sanki əhalinin seyrək məskunlaşması barədə yanlış təsəvvür yaradır və bu mülahizə əsasında iqtisadi rayona insan kütləsinin, xüsusən xeyli əlverişli coğrafi şəraiti və çox münasib infrastrukturu olan paytaxta hər cür adamların axınına və ərazidə arzuolunmayan fəaliyyət növlərinin qurulmasına səbəb olur. Halbuki Abşeronun malik olduğu kiçik ərazi əhalinin çox sıx cəmləşdiyi Bakı şəhəri sakinlərinin əsas istirahət yeridir. Abşeron ərazisinin lüzumsuz sənaye və başqa istehsal sahələrinin tikinti meydanına çevrilməsi məqsədəuyğun deyildir. Çünki onun özünəməxsus torpaq- iqlim şəraitinə uyğun olaraq burada dünyada ən keyfiyyətli zəfəran bitkisi becərmək imkanları vardır. Bu ərazi həm də ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından çox vacib rayondur. Bura böyük həcmdə zeytun bağlarının salınması və yüksək keyfiyyətli zeytun yağının emalı üçün son dərəcə əlverişlidir. Az su tələb edən zeytun bağlarının Abşeronda genişləndirilməsi onun həm də çox mühüm müalicə-istirahət mərkəzi kimi ətraf mühitin sağlamlaşdırılması baxımından çox vacibdir.
Bir daha xatırladırıq ki, regionların hamısının tarazlı sosial-iqtisadi inkişafının yüksək səviyyədə təmin edilməsi Azərbaycanın ümumi iqtisadiyyatının hərtərəfli tərəqqisinin məqsədləri ilə üst-üstə düşür. Ümumiyyətlə, məhsuldar qüvvələrin ölkə ərazisi daxilində proporsional və səmərəli yerləşdirilməsi xeyli mürəkkəb məsələdir. Bu prosesin gedişinin mürəkkəbliyi, ilk növbədə, müəyyən obyektiv səbəblərlə əlaqədardır. Məsələn, bəzi ölkə ərazilərində sosial-iqtisadi inkişafın təşkili imkanları məhduddur. Digər ölkələrdə isə bir sıra ərazi sahələrinin təbii şəraiti nisbətən əlverişsiz olduğundan onların mənimsənilməsi hələlik qeyri-mümkündür. Avropanın əksər ölkələrinin və ABŞ-ın əraziləri bu cəhətdən daha münasib olduğundan, həmin ölkələrdə istehsalın və əhalinin ərazi təşkili xeyli yaxşıdır. Təsadüfi deyildir ki, regionlarda tarazlı inkişaf bu ölkələrdə iqtisadiyyatın daha əlverişli olmasının ən mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Azərbaycan ərazisinin xeyli həssələrinin dağlıq sahələrdən ibarət olması, onun 12 faiz meşələrlə örtülməsi və bəzi sahələrdə landşaft səthinın mənimsənilməsi üçün qeyri-münasib şəraitə baxmayaraq, bütünlükdə respublika iqtisadi rayonlarının hamısı məhsuldar qüvvələrin daha bərabər inkişafına tamamilə əlverişlidir.

Hazırda Azərbaycanın rayonlarında sosial-iqtisadi inkişafın ümumi səviyyəsinə görə müşahidə edilən böyük fərqlər əvvəllər uzun müddət istehsalın təşkilində buraxılan səhvlərin nəticələridir. Həqiqətdə isə Azərbaycanın hər bir iqtisadi rayonunun xeyli müxtəlif inkişaf imkanları hətta bu gün Avropanın bütövlükdə çox qabaqcıl ölkələrindən də artıqdır. Bu tarixi ədalətsizliyi aradan qaldırmaq üçün son illər respublikada böyük tədbirlər həyata keçirilir və onların gözəl nəticələri tez bir zamanda özünü göstərəcəkdir. Bu vəzifənin düzgün həyata keçirilməsinin başlıca tələblərindən biri uzun müddət əhalinin və istehsalın bütün sahələrinin Abşeronda, xüsusən Bakı şəhərində mərkəzləşməsinin qarşısını almaqdan ibarətdir.

Bakı şəhəri də daxil olmaqla Abşeron iqtisadi rayonu karbohidrogen ehtiyatları ilə bərabər, çoxlu başqa sərvətlərlə zəngindir. Ona görə də onun ərazisi bundan sonra da istehsal sahələrinin inkişafı üçün ən münasib rayon olacaqdır. Təkcə neft-qaz xammalının bu sahədə böyük imkanları kifayətdir ki, burada əlavə yeni istehsal sahələri yaradılsın. “Azərikimya” şirkətinin rəhbərliyi bu yaxınlarda yerli karbohidrogen xammalı əsasında Sumqayıt şəhərində yeni neft-kimya kompleksinin tikintisi barədə İngiltərə şirkətləri ilə razılıq müqavilələri imzalamışdır. Ən müasir texnologiyalar əsasında yaradılacaq 9 zavoddan ibarət bu yeni kompleks azot və geniş çeşiddə məhsullar (tikinti materialları, plastik boru və profillər, boya, kimyəvi reagentlər, rezin məmulatları, müxtəlif təyinatlı sintetik materiallar və məişət avadanlıqları, mebel ləvazimatları, habelə digər sənaye və məişət təyinatlı qablar və s.) istehsal ediləcəkdir. Minlərlə işçini cəlb edəcək bu kompleks çox zəruri məhsullarla daxili tələbatı ödəməklə yanaşı, Azərbaycanın dünya bazarlarında da mövqeyini möhkəmləndirməyə imkan verəcəkdir.

Başqa bir misal. Məlumdur ki, Bakı Metropoliteni ölkənin daim inkişafda olan sahələrindən biridir. Bu yaxınlarda istismara verilən yeni “Nəsimi” stansiyası 250 nəfərdən artıq işçini iş yeri ilə təmin edəcəkdir. Halbuki, ancaq yaxın gələcəkdə metropolitenin onlarla yeni stansiyası tikiləcək və Sumqayıt şəhərinə qədər uzanacaqdır. Bundan başqa, Abşeronun Avropa-Qafqaz-Asiya, habelə yaradılmaqda olan Şimal-Cənub əməkdaşlıq dəhlizi üzərində yerləşməsi və Sovet dövründə burada yaradılan çoxsaylı müəssisələrin yenidən qurulması və genişləndirilməsi onsuz da göstərilən ərazidə istər-istəməz bir sıra sahələrin inkişafını təmin edəcəkdir. Bu yaxınlarda Bakıda Müdafiə Sənayesi Nazirliyinin Optika-Mexanika İstehsalat Birliyinin “Alov” zavodunun əvvəllər mövcud olan müəssisəsi əsasında yenidən qurulması nəticəsində burada yüzlərlə iş yerinin açılmasını təmin etmişdir. Eyni sözləri Bünyad Sərdarov adına maşınqayırma zavodunda yenidənqurma əsasında “MAP TEA” yük avtomobilinin yeni modelinin istehsalı barədə də demək olar və i.a. Bir sözlə, Bakı və bütövlükdə bütün Abşeronda müxtəlif istehsal sahələrinin yaranması imkanları kifayət qədərdir. Digər tərəfdən, Abşeron iqtisadi rayonunda müxtəlif istehsal sahələri və əhali həddindən artıq sıx toplandığı üçün burada onların zəruri tələbatı ilə əlaqədar olaraq yeni müəssisələr yarana bilər. Məsələn, iyulun 30-da Bakıda Fransanın "CNİM" şirkəti tərəfindən çox lazımlı olan ilk zibilyandırma zavodunun tikilməsinə start verildi. Hər cəhətdən yüksək təmərküzləşmə ilə əlaqədar burada belə lazımlı müəssisələrin tikilməsi həmişə olacaqdır.

Bir sözlə, nəzərə almaq lazımdır ki, bu regionda təmərküzləşmənin səviyyəsi istər-istəməz yüksələcəkdir. Hətta bura gələnləri hesaba almadan, yerli əhalinin təbii artımı hesabına yaxın 10 ildə onun sayının əlavə olaraq təxminən 200 min nəfərdən çox atması gözlənilir. Ərazinin yüksək səviyyədə mənimsənilməsi nəticəsində onun funksional fəaliyyəti üçün dövlət tərəfindən qoyulan vəsaitin artmasına tələbat çoxalır və beləliklə, xeyli miqdarda əlavə xərclərin məcburi sərfi meydana çıxır. Hazırda Bakı şəhərində köprülərin, keçidlərin və s. işlərin dövlət tərəfindən çox lazımlı tədbir kimi həyata keçirilməsi, o cümlədən su təchizatının yaxşılaşdırılması zəruriyyətdən irəli gəlsə də bütün bunlar məcburi xərclərdir. Belə çıxır ki, Abşeronun əlverişli infrastruktur mühitindən istifadə etmək hesabına ayrı-ayrı iş adamları çoxlu qazanc götürmələri naminə burada hər cür mərkəzləşmənin törətdiyi arzuedilməz hallarından doğan ağır nəticələrin aradan qaldırılması üçün dövlətin üzərinə əlavə xərc və qayğı yükləyirlər. Bizcə, bu xərclərin qismən ödənilməsinə belə şəraiti yaradan iş adamlarını da cəlb etmək lazımdır.

Qeyd etdiyimiz kimi, vaxtilə uzun müddət Azərbaycanda məhsuldar qüvvələrin inkişafında düzgün ərazi nisbətlərinin tənzimlənməməsi nəticəsində Abşeron iqtisadi rayonunda istehsalın və əhalinin həddən artıq təmərküzləşməsi, bütövlükdə respublikanın sosial-iqtisadi həyatının bir sıra mühüm sahələrində çox ciddi uyğunsuzluqlar yaratmışdır ki, onların da aradan qaldırılması böyük səylər və əlavə məsrəflər hesabına həll edilir. Yaranmış vəziyyət, ilk növbədə, əhalinin yaşayış mühitinin mürəkkəbləşdirilməsinə və cətinləşdirilməsinə səbəb olmuşdur. Əvvəla, onsuz da respublikanın əsas kənd təsərrüfatı mərkəzlərindən xeyli aralı yerləşən ərazi əhalinin mühüm ərzaq məhsulları ilə təminatı (görünür, burada onun əsas növlərinin baha olmasının həlledici səbəblərindən elə biri də budur) su, nəqliyyat və sairə xidmətləri də gərginləşdirir. Bununla əlaqədar sakinlərin əmin-amanlığı və rahatlığı naminə son dövrlər dövlət tərəfindən şəhər təsərrüfatı sisteminin lazımi qaydada nizamlanması məqsədilə həyata keçirdiyi məcburi tədbirlər son dərəcə vacib və əhəmiyyətlidir. Lakin çar imperiyası və sovet dövründə Bakının yüklənməsi elmi əsaslarla düzgün həyata keçirilsəydi, indi paytaxtın nəqliyyat infrastrukturunu sahmana salmaq əvəzinə, Azərbaycanın başqa rayonlarının davamlı və tarazlı sosial-iqtisadi inkişafına daha çox vəsait ayırmaq olardı. Bu da onların xeyli sürətli artımının inkişafını təmin edərdi və bununla da, Abşeron iqtisadi rayonunun əsassız genişləndirilməsi xeyli məhdudlaşardı.

Bundan başqa, Abşeron ərazisində istehsalın və əhalinin həddən artıq sıxlığı təbii tarazlığın pozulmasına səbəb ola bilər, xüsusən ətraf mühitin çirklənməsini, bəzi dağıdıcı təbiət hadisələnin yaranmasını sürətləndirə bilər. Halbuki Abşeron (Bakı-Sumqayıt) iqtisadi rayonunun son dərəcə əlverişli coğrafi şəraitindən, infrastruktur sistemindən və onun münbit investisiya mühitindən istifadə edərək ayrı-ayrı iş adamları burada o qədər də tələb olunmayan istehsal sahələri yaratmışlar. Məsələn, Aran iqtisadi rayonunda hasil edilən və ərazinin özündə əsas xammal hesab edilən pambıq mahlıcının gətirib Abşeronda istehsal edilməsi hansı zərurətdən irəli gəlirdi?

Beləliklə, bundan sonra Abşeron (Bakı-Sumqayıt) iqtisadi rayonunda lüzumsuz yerə yeni müəssisələrin tikintisini dayandırmaq üçün təsirli iqtisadi tədbirlərdən, hətta lazım gələrsə məcburi inzibati vasitələrdən istifadə etmək lazımdır.

Yeri gəldikcə, imkan daxilində bəzi müəssisələri Abşeron (Bakı-Sumqayıt) iqtisadi rayonu ərazisindən kənara çıxarmaq lazımdır. İndiki vəziyyətdə bu, zamanın tələbidir. Bakıda fəaliyyət göstərən neftayırma istehsalının Ələt yaşayış məntəqəsinə köçürülməsi Bakı şəhərinin istehsal yükünü azaltmaqla yanaşı, onun ekoloji mühitinin yaxşılaşdırılmasına da müsbət təsir edərdi. Bu həm də mühüm strateji məhsul olan neftayırma istehsalının qeyri-məqbul mərkəzləşməsinin də qarşısını almaq baxımından çox vacibdir.

Nazirlər Kabinetinin 2007-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2008-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə yeni müasir neft emalı və neft kimyası müəssisəsinin tikilməsini məsləhət görmüşdür. Bununla əlaqədar olaraq respublikada göstərilən sahənin daha səmərəli inkişafı məsələsi ətrafında müəyyən mülahizələr söyləməyə əsas verir. Hazırda Abşeronda istehsalın müxtəlif sahələrinin həddən artıq təmərküzləşməsi və burada ətraf mühitin qorunması naminə Bakıdakı neftayırma zavodlarının əvəzinə iqtisadi rayonun paytaxtdan uzaq daha əlverişli məntəqələrinin birində Abşeron, Quba-Xaçmaz, Dağlıq Şirvan və digər ətraf ərazilərin müxtəlif yanacaq növlərinə olan tələbatını ödəmək üçün yeni, müasir neftayırma zavodunu tikmək daha məqsədəuyğundur.

Regionların sosial-iqtisadi inkişafında səmərəli tarazlıq yaratmaq üçün onların hər birinin bütün inkişaf imkanlarından düzgün və səmərəli istifadə etmək lazımdır. Quba-Xaçmaz regionu tarixən Azərbaycanın meyvəçilik və tərəvəzçilik mərkəzi olub. Həmin sahələrin gələcəkdə də inkişafı üçün burada çox böyük imkanlar vardır. Regionun şərqində narın qumlu Xəzər dənizinin çimərliklərinin olması, qərbində isə çox qısa məsafədə hündür və çəmənli dağ silsilələri, mərkəzində ecazkar meşə sahələri onu dünya miqyaslı istirahət, turizm mərkəzinə çevirmək imkanlarından xəbər verir. Xəzərin sahilində Nabran istirahət sahəsi artıq məşhurlaşan istirahət zonası kimi təşəkkül tapmaqdadır.

Bundan başqa, cəlbedici dağ-meşə sahəsində aşkar edilmiş müalicəvi Qalaaltı ərazisində yeni sağlamlıq mərkəzinin yaranması imkanlarını üzə çıxarır. Ən əsası isə Quba-Şamaxı avtomobil yolunun çəkilməsi, bu ərazini Şəki-Zaqatala və Dağlıq Şirvan rayonları ilə vahid məkanda istirahət, turizm və müalicə-təsərrüfat kompleksinin inkişafı üçün zəmin yaradır. Bu yolun çəkilişi həddən artıq yüklənən Bakı-Quba-Xaçmaz magistral xəttində gərginliyi və Azərbaycanın bir sıra rayonlarına gediş məsafəsini xeyli azaldacaq.

Şəki-Zaqatala iqtisadi rayonunun iqtisadiyyatı çoxşaxəlidir. Burada tarixən güclü yüngül və yeyinti sənayesi sahələrinin müxtəlif növləri – taxılçılıq, tütünçülük, heyvandarlıq, xüsusən də baramaçılıq, meyvəçilik sahələri geniş inkişaf edib. Bu sahələrin əksəriyyəti sonralar ciddi tənəzzülə uğrasa da hazırda dirçəlmə mərhələsini yaşayır. Bir zamanlar nəinki yerli, həm də Şirvan, Qarabağ zonasında böyük həcmdə becərilən barama xammalı əsasında keçmiş Sovet İttifaqı miqyasında güclü Şəki ipək toxuculuq sənaye mərkəzi inkişaf etmişdi. Düzgün münasibət olsa bu sahə indi də çox gəlirli və lazımlı istehsal növü ola bilər. Əvvəla, kənd təsərrüfatına yararlı torpaqlar sahəsi məhdud olan Azərbaycan şəraitində baramaçılığın inkişafı üçün geniş əkin sahələri tələb olunmur. Onun xammalını təşkil edən tutçuluq yollar və kanalların ətrafında, dağ yamaclarında və s. yerlərdə salına bilər. İkincisi, baramanın becərilməsi əsasən may və iyun aylarına təsadüf edir ki, bu dövrdə də kənd əməkçiləri əsas əkinçilik qayğılarından nisbətən azaddırlar. Üçüncüsü, baramaçılıq çox gəlirli sahədir. Dördüncüsü, istər baramaçılığın özü, istərsə də onun əsasında inkişaf edən ipək toxuculuq sənayesi son dərəcə yüksək əməktutumlu sahələrdir və bu, əmək ehtiyatları bol olan Azərbaycan üçün çox əhəmiyyətli faktordur. Nəhayət, ipək sənayesi təbii parçalar istehsalı baxımından çox faydalıdır. Bütün bunları nəzərə alaraq yaxın gələcəkdə baramaçılığı nəinki bu iqtisadi rayonda, həm də respublikanın əvvəlki digər baramaçılıq rayonlarında inkişaf etdirmək lazımdır ki, Azərbaycan Avropanın və dünyanın ən güclü ipəkçilik sənayesi ölkələrindən birinə çevrilsin.

Şəki-Zaqatala iqtisadi rayonunda çox zəngin polimetal yataqları (Filizçay, Katex, Kats yataqları) yerləşir. Bu yataqlar kükürd xammalının idxalı və daha böyük həcmdə kükürd turşusu istehsalı, eyni zamanda, ölkənin böyük ehtiyacı olduğu misin çıxarılması, habelə emalı üzrə yeni istehsal sahəsinin yaradılması üçün böyük imkanlar yaradır. Ancaq hasil edilən filizin yataq rayonunda saflaşdırılması və emalı müəyyən ciddi problemlərin yaranmasına səbəb ola bilər. Hər şeydən əvvəl çıxarılacaq xammal ərazisində onun bütün səviyyələrdə emalı təbiətin qorunması, meşə sahələrinin mühafizəsi və inkişafına xələl gətirməməlidir. Odur ki, xammal çıxarıldıqdan sonra onun emalı yataq ərazisinə yaxın yerləşən və kənd təsərrüfatına o qədər də yararlı olmayan, dəmir yolu xəttinə və Mingəçevir elektrik stansiyasına yaxın olan Hacınohur düzündə emal edilməsi daha məqsədəuyğundur. Filiz saflaşdırılması və onun əsasında iri kimya-metallurgiya kompleksinin yaranması ətraf rayonların bol işçi qüvvəsindən səmərəli istifadə imkanlarını da xeyli təsdiqləyir.

Şəki-Zaqatala regionunun gözəl və zəngin təbiəti, əhalinin tarixən peşə səriştəsi və onun Quba — Xaçmaz — Dağlıq Şirvan iqtisadi rayonları ilə əlverişli nəqliyyat əlaqəsinin təşkili burada vahid istirahət-turizm təsərrüfat kompleksinin yaradılması məqsədəuyğunluğunu təsdiqləyir.

Aran iqtisadi rayonu respublikanın taxılçılıq, pambıqçılıq, bostançılıq və digər mühüm kənd təsərrüfat məhsulları istehsal edən əsas ərazisidir. Öz böyük imkanlarına görə bu iqtisadi rayon gələcəkdə də Azərbaycanın ən güclü kənd təsərrüfatı istehsalı mərkəzi kimi inkişaf edəcəkdir. Aran iqtisadi rayonunda həmçinin sənayenin və başqa sahələrin də inkişaf imkanları xeyli genişdir. Bu rayon həm müxtəlif xammal ehtiyatlarına malikdir, həm də əhalisinin miqdarına görə ölkənin ikinci rayonu olduğundan geniş tələbatı və bol əmək ehtiyatları ilə səciyyələnir. Rayonda kifayət qədər istehsal olunan xam pambığın, onu emal edən müəssisələrin, Yevlaxda iri yuntəmizləmə zavodunun, ərazinin bir sıra şəhərlərində toxuculuq sənayesinin tarixən geniş inkişafı (Mingəçevir, Göyçay və s.) Aran iqtisadi rayonunda pambıq parça istehsalı üzrə güclü sənaye mərkəzi yaradılmasını tələb edir.

Gəncə-Qazax iqtisadi rayonunda metallurgiya və maşınqayırma sənayesinin əsaslı inkişafı üçün miqyaslı işlər görülür. Gəncə-Qazax, Şəki-Zaqatala, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarının və qismən Aran regionu ərazisinin bir hissəsini az vəsait sərfi və müxtəlif yanacaq növləri ilə etibarlı təminatı üçün Gəncədə, yaxud da Qazaxda yeni neftayırma zavodunun tikilməsi hər cəhətdən sərfəlidir. Gəncə-Qazax və ətraf rayonlarda məhsuldar qüvvələrin nəzərdə tutulan güclü inkişafı nəticəsində artan tələbatı, habelə Azərbaycanın gələcəkdə əhəmiyyətli elektrik enerjisi ixrac edən ölkəyə çevrilməsi bu zavodun hasil etdiyi yanacaq mazutu əsasında elektrik enerjisi istehsal edən stansiyasının tikintisi üçün də şərait yaradar və burada kimya sənayesinin müxtəlif sahələrini inkişaf etdirərdi.
Erməni işğalından rayonlarımız azad edildikdən sonra Gəncə şəhəri ilə Kəlbəcər şəhəri arasında rayonlararası Murovdağ səfalı dağ yolunun müasir tələblər səviyyəsində yenidən qurulması ilə Gəncə-Qazax, Kəlbəcər-Laçın və Yuxarı Qarabağ ərazilərində vahid istirahət, müalicə-turizm təsərrüfat kompleksinin yaradılması vacibdir.

Burada istehsalın başqa sahələrinin (üzümçülük, şərabçılıq, dağ-mədən, sement istehsalı və s. sahələr) inkişafı üçün də imkanlar böyükdür.

Lənkəran regionu da böyük inkişaf yolundadır. Hazırda “Gilan Holdinq” şirkəti tərəfindən müasir avadanlıqla təchiz olunan yeni meyvə-tərəvəz emalı zavodu, Lənkəranda dəniz limanı və digər müəssisələrin tikintisi başa çatmaq üzrədir. Burada yüksək gəlirli çayçılıq və onun emalı üzrə müəssisələrin yaradılması və bərpası istiqamətində də böyük işlər görülür. Hələ sovet dövründə SSRİ Elmlər Akademiyasının xüsusi çay ekspedisiyası burada 28 min hektardan artıq çay becərilməsinə yararlı torpaq sahələrinin mövcudluğunu aşkar etmişdi. Hesablamalar göstərir ki, bu qədər çay sahələrindən 100 min tondan artıq yaşıl çay yarpağı toplamaq olar. Bir qədər qabaq burada 30 min tondan çox çay yarpağı yığılırdı. Bu qiymətli bitki həm də müəyyən miqdarda Şəki-Zaqatala regionunda becərilir. Beləliklə, yaxın zamanlarda yaşıl çay yarpağı və onun emalı əsasında çay sənayesi regionda məhsuldar qüvvələrin güclü inkişafını təmin etməklə, ölkə əhalisini bu qiymətli məhsulla tam təmin edə bilər.

Lənkəran dəniz limanı tikintisinin başa çatdırılması da ərazinin sosial-iqtisadi inkişafına əhəmiyyətli təsirini göstərəcəkdir. Bu yaxınlarda Lənkəranda hava limanının istismara verilməsi regionun təkrarolunmaz təbii sərvətlərindən məqsədli istifadə edilməsi ilə burada dünyada məşhur olacaq müalicə, istirahət-turizm kompleksinin inkişafına möhkəm zəmin yaradır. Xəzərin dayaz və qumlu sahilləri, ətrafdakı endemik meşələr, yaşıl dağlar, zəngin qoruqlar, qədim tarixi- memarlıq abidələri (təkcə Lənkəran rayonunda 87 belə abidə vardır) və çoxlu başqa özəlliklər beynəlxalq istirahət mərkəzi kimi bu kompleksə xüsusi üstünlük verəcəkdir. Bununla əlaqədar olaraq tikilən dəniz limanında istirahət edənlər, xüsusən xarici turistlər üçün yelkənli və hər cür qayıqlar, dəniz çimərlikləri üçün paltarlar və üzgüçülük əşyaları üzrə istehsal sahələrinin yaradılmasını zəruri edir.

Naxçıvan iqtisadi rayonu uzun müddətdir ki, erməni işğalçıları tərəfindən mühasirə vəziyyətində saxlanıldığından ölkənin başqa rayonları ilə çox cətin iqtisadi əlaqələr həyata keçirir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaranan müasir hava limanı Naxçıvan Muxtar Respublikasını Azərbaycanın başqa rayonları ilə əlaqələndirən yeganə hava nəqliyyatıdır. Muxtar respublikanı düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün qonşu Türkiyə, İran İslam respublikalarından təbii qaz və elektrik enerjisi, habelə Naxçıvan rayonunun özünün enerji istehsalı mənbələrindən istifadə edilir. Bütün çətinliklərə baxmayaraq, regionda yeni istehsal sahələri tikilir, keçmişdən qalmış istehsal sahələri müasir texnologiyalar və avadanlıqlar əsasında bərpa olunur, kənd təsərrüfatı yüksək sürətlə inkişaf edir və daha da genişləndirilir.
İqtisadiyyatın bütün sahələrinin miqyaslı inkişafı üçün rayonun öz enerji imkanlarından hərtərəfli istifadə edilməsi günün ən vacib tələblərindəndir. Bu məqsədlə istehsal gücü 4,5 meqavat gücündə olan Vayxır hidroqovşağında su elektrik stansiyası tikilmiş, ümumi gücü 30 meqavat olacaq Ordubad və Marazad, Gilançay çayı üzərində 14,2 meqavat gücündə, Tivi çayı üzərində 8,8 meqavat gücündə su elektrik stansiyalarının tikintisi sürətlə davam edir. Naxçıvan rayonunun yanacaq-enerji balansını daha da yaxşılaşdırmaq, regionun iqtisadiyyatının gələcək böyük vəzifələrin həllinə uyğunlaşdırmaq üçün bu sistemin inkişafının digər münasib yolları da vardır. Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Naxçıvan rayonunun yaxınlığına qədər çəkilməsi imkan verir ki, onu muxtar respublikaya qədər uzatmaqla, ərazinin qərb hissəsini daha ucuz və etibarlı Azərbaycan qazı ilə təmin etsin, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə yaxın ərazilərinə, lakin İranın əsas qaz şəbəkəsinə uzaq olan rayonlarına bu ölkədən Naxçıvana verilən qazın əvəzində mübadilə yolu ilə qaz verilsin.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev mühüm beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Axalkalaki-Qars dəmir yolunun çəkilməsi təşəbbüsü ilə çıxış edib və hətta bu layihənin gerçəkləşdirilməsini sürətləndirmək üçün Gürcüstana güzəştli şərtlərlə 200 milyon manat kredit verilməsi üçün sərəncam imzalayıb. Yeri gəlmişkən, bu dəmir yolunun Naxçıvan Muxtar Respublikasını mühasirə vəziyyətindən çıxarılması və onun dünya dövlətləri ilə iqtisadi əməkdaşlığının, habelə Azərbaycanın başqa əyalətləri ilə əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyəti çox böyükdür. Belə ki, Naxçıvan dəmir yolunun Qars dəmir yolu ilə birləşdirilməsi bir tərəfdən, Naxçıvanın Avropa bazarlarına çıxışını təmin edəcək, digər tərəfdən isə Bakı-Axalkalaki-Qars dəmir yolu tikilməkdə olan Şimal-Cənub dəmir yolu vasitəsilə İrandan keçməklə həm Asiya ölkələri ilə mədəni-iqtisadi əlaqələr yarada, eyni zamanda, muxtar respublikanın Azərbaycanın başqa rayonlarına çıxışını təmin edə bilər. Çox əlamətdardır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla 4 iyun 2008-ci ildə Naxçıvanda apardıqları danışıqlar zamanı istər Türkiyədən Naxçıvana qaz verilməsi, istərsə də onun dəmir yolu xəttinin Qars dəmir yolu xətti ilə birləşdirilməsi məsələsi geniş müzakirə edilib.

Regionlarda məhsuldar qüvvələrin əhatəli və miqyaslı inkişafı, ilk növbədə, həlledici istehsal, xidmət və sosial-mədəni müəssisələri, habelə onların əsasında təşkil edilmiş mükəmməl vahid ərazi sistemi ilə müəyyən olunur. Hər bir iqtisadi rayonda məhsuldar qüvvələrin ərazi təşkilinin əsas tələbi ümumi region təyinatlı müəssisələrin, onların hüdudları daxilində əsas mədəni-iqtisadi mərkəz rolunu oynayan şəhərdə cəmləşdirilməsidir. Ayrı-ayrı təşkilatların və sahibkarların fəaliyyəti onunla nəticələnməlidir ki, regionlarda başlıca mədəni-iqtisadi şəhərlərdə (onları şərti olaraq əyalət paytaxtları adlandıraq) bütövlükdə hər ərazi çərçivəsində daim artan əhalinin məşğulluğu və səmərəli məskumlaşması təmin edilsin, habelə sakinlərin sosial-mədəni tələbləri ödənilmiş olsun. Bu ilin 24 sentyabrında Gəncə şəhərində ictimaiyyətin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “...Artıq deyə bilərəm ki, Gəncə regional müstəvidə öz yerini tutan bir şəhərdir. Burada istənilən regional paytaxta xas olan bütün şərait var. Bəlkə bəzi hallarda daha da yaxşı səviyyədədir”.

Regionların ümumi inkişaf səviyyəsinin yüksəldilməsinin həlli məhz hörmətli Prezidentimizin dediyi kimi, belə mədəni-iqtisadi mərkəzlərin olmasıdır.
Regionların əsas istehsal sahələrinin inkişafı və zəruri infrastruktur şəbəkəsinin yaradılması ilə yanaşı, sakinlərinin sayı təxminən 250-300 min nəfərə çatan Gəncə kimi aparıcı mədəni-iqtisadi mərkəz rolunu oynayacaq şəhər və ya şəhərlər sistemi təşəkkül tapmalıdır. Regionların əsas mədəni-iqtisadi mərkəzi kimi formalaşan şəhərlər (əyalət paytaxtları) sırasına, zənnimizcə, Gəncə, Qazax, Mingəçevir, Yevlax, Ağdam, Xankəndi, İmişli, Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad və Naxçıvan şəhərlərini aid etmək olar. Onların hərtərəfli inkişafı ölkədə əhalinin məqsədəuyğun təbii artımını və onun ərazisi daxilində daha səmərəli məskunlaşma hədlərini tənzimləyir.

Beləliklə, hazırda Azərbaycanın bütün iqtisadi rayonları sürətlə inkişaf edir. Qarşıdakı beş ildə də bu proses davam etdiriləcək. Ölkə Prezidenti cənab İlham Əliyevin təklifi ilə 2009-cu ildən regionların inkişafının yeni mühüm mərhələsi başlayacaqdır. Yeni tədbirlər proqramının mahiyyətini hörmətli Prezidentimiz Xaçmaz rayonu ictimaiyyətinin nümayəndələri qarşısında belə açıqlamışdır: “Növbəti beşillik üçün proqram ondan ibarətdir ki, bütün kəndlər, qəsəbələr, şəhərlər abadlaşsın, bütün problemlər aradan qaldırılsın və ölkə uzunmüddətli, möhkəm inkişaf yoluna qədəm qoysun. Biz buna nail olacağıq. Çünki bunu etmək üçün hər şey var. Birincisi, iradə var, ikincisi, konkret proqramlar var, üçüncüsü, büdcəmiz buna imkan yaradır. Dördüncüsü, xalq tərəfindən bütün proqramlara, təşəbbüslərə verilən dəstək və xalqın bu işlərdə fəal iştirakı, xalqla iqtidar arasında birlik var. Bax, bu vacib amillər hamısı birlikdə uğurlu inkişafımızı təmin edəcəkdir”.

Bütün bunlar o deməkdir ki, qarşıdakı beş ildə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı sahəsində daha böyük nailiyyətlər əldə ediləcəkdir.


          Asəf NADİROV
.

          akademik, əməkdar elm xadimi

 

       Xalq qəzeti.-2008.-28 noyabr.-S.3.