Mədəni irsimizin qorunması üzrə məlumat Avropa Şurasının xüsusi vebsaytında yerləşdirildi

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazirlikdə HEREİN (European Heritage Network) layihəsində iştirak ilə əlaqədar milli hesabat hazırlanmışdır. Mədəniyyət və turizm sahələrini əhatə edən milli hesabat Avropa Şurasının vebsaytında yerləşdirilib. Milli hesabat Avropa Şurasının Mədəniyyət, Mədəni və Təbii İrs Müdiriyyəti tərəfindən təqdim olunan suallar əsasında hazırlanıb.

HEREİN layihəsində Avropa Şurasına üzv olan bir çox ölkələr iştirak edir. Bu layihənin məqsədlərindən biri üzv ölkələr tərəfindən qəbul edilmiş Avropa Şurasının mədəni irsin mühafizəsi üzrə mövcud olan konvensiyaların həyata keçirilməsinin monitorinqidir.

İngilis dilində hazırlanmış milli hesabat hazırda Azərbaycan və fransız dillərinə tərcümə edilir. Tərcümə işləri başa çatdırılandan sonra milli hesabat bu dillərdə də həmin vebsaytda yerləşdiriləcək.



 M. MÜKƏRRƏMOĞLU.

 

 Xalq qəzeti.-2008.-28 noyabr.-S.8.