Bombeydə antiterror əməliyyatı keçirilib
Xəbər verildiyi
kimi, noyabrın 26-da axşam saatlarında Hindistanın iri
turizm mərkəzlərindən olan Bombey əyalətinin
Mumbai şəhərindəki mehmanxanalardan biri terrorçular
tərəfindən hücuma məruz qalmışdır.
Şəhərin müxtəlif yerlərində də bir
neçə partlayış qeydə alınmışdır.
Son məlumatlara görə,
dəhşətli terror zamanı həlak olanların sayı
artıq 130-a çatıb. Həmçinin 327 nəfərin
yaralandığı bildirilir. Həlak olanların 14-ü
polis işçisi, 6-sı isə xarici vətəndaşlardır.
Yerli polisin verdiyi xəbərə görə mehmanxanaya
hücum edən terrorçulardan 4 nəfəri
öldürülüb, 9-u isə tutulub.
Bu arada verilən ən
son bilgiyə görə dünən Hindistan ordusunun xüsusi
təyinatlı dəstələri tərəfindən şəhərdəki
elitar kompleksin terrorçulardan təmizlənməsi
üçün irimiqyaslı əməliyyat həyata
keçirilib. Qeyd edək ki, həmin hündürmərtəbəli
binada əsasən yəhudiəsilli insanlar yaşayır.
Ehtimala görə binada 10-dan çox İsrail vətəndaşı
girov saxlanılır.
Onu da deyək ki, bir
sıra xarici telekanallar hadisə yerindən canlı reportajlar
yayımlayır. Belə ki, “Sky News” teleşirkəti
binanın xüsusi təyinatlılar tərəfindən necə
ələ keçirildiyini nümayiş etdirən
görüntüləri yayımlayıb. Həmin kadrlarda
hökumət qüvvələrinin qara maskada olduqları, həmçinin
terrorçular arasında çaxnaşma salmaq
üçün içəriyə tüstü
buraxdıqları aydın görünür. Şəhərin
polis rəisinin verdiyi informasiyaya görə aralarında
çoxlu xarici ölkə vətəndaşları olan
girovlara xəsarət yetirməmək üçün binaya tərəf
snayperlər tuşlanıb. O da məlum olub ki, baş
vermiş hadisəyə görə məsuliyyəti indiyədək
məlum olmayan “Dekkan mücahiddin” adlı qruplaşma öz
üzərinə götürüb. Ekspertlərin fikrincə,
adıçəkilən qruplaşma “Əl-Qaidə” terror
şəbəkəsi ilə əlaqədardır. Terror hadisəsi
ilə bağlı xalqa müraciət edən Hindistanın
Baş naziri Manmohan Sinqx onları sakit olmağa
çağırıb. O, bu terror aktında əli olan hər
kəsin cəzalandırılacağını bildirib.
Mumbai hadisələrindən
sonra dünən Hindistanda fond birjaları
açılmayıb. Hakimiyyət orqanları əhalini evlərindən
çıxmamağa çağırıb. Dünya ictimaiyyəti
də Hindistanda törədilən dəhşətli terror
aktını kəskin pisləyib. ABŞ-ın gələcək
prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri Medvedev və digər
dünya liderləri də hadisəylə bağlı kəskin
mövqelərini ifadə ediblər.
Mahmud QƏZƏNFƏROĞLU.
Xalq qəzeti.-2008.-29
noyabr.-S.6.