İllər
ötdükcə, nəsillər dəyişir və bir
vaxtlar statusuna uyğun səlahiyyət sahibi olmuş bir
çox vəzifə adamları unudulur, yaddan
çıxırlar. İstisna olaraq, hansısa
araşdırıcı arxivlərdə çalışarkən
filankəsin də bir zamanlar səlahiyyət sahibi olduğunu
saralmış qəzet, jurnal səhifələrindən oxuyub
bilir və bir andaca o ad unudulur. Gərəyi
yoxsa, yaddaşı yükləmək nəyə lazım ki?
Amma ədaləti tarixin yaddaşında qalan və
gələcək nəsillərə örnək olası elə
insanlar da var ki, onlar əbədiyaşarlıq qazanırlar, bəşəriyyət
durduqca onlar da xatırlanırlar.
Bu barədə
sübut axtarmağa ehtiyac da yoxdur, bəşəriyyət
mövcud olduğu zamandan bəri tarix bugünümüzə
qədər bir çoxlarının adları və əməlləri
barədə məlumatları qoruyub saxlamışdır. Onu da qeyd etmək
lazımdır ki, tarixdə hər kəs olduğu qiyafədə
qalır! Tarixə çevrilmiş zamanın sərt
iqlimi kimin-kim olduğunu göstərmək üçün
onu möhkəmcə silkələyib, bəzək-düzəkdən
kənar, necə varsa elə saxlayır. Budur tarixin qərarı!
Yazıçı dostlarımdan birinin dediyi
kimi, vaxt tarixdə tamamlanır, tarixin içində isə
vaxtın nə ölçüsü var, nə də mizan-tərəzisi.
Bu səbəbdən tarix qarşısında
statusunla öyünə bilməzsən. Kimə
hansı statusu verəcəyini Tanrı özü müəyyənləşdirir.
Və Tanrı hər kəsi istəyinə
uyğun məqamda tutur. Heç
şübhəsiz ki, bu məqamda onun keçmişi,
yetişdiyi mühit, əsil-nəcabəti və qan təmizliyi
mühüm dəyər kəsb edir. Alimlər sübut
etmişlər ki, nəsil-nəcabət, eləcə də təmiz
iqlim insanın sonrakı taleyində izsiz
ötüşmür...
Qədim
yurdumuz Naxçıvan elm, mədəniyyət sahəsində
olduğu kimi, hərb tariximizdə, eləcə də dövlətçilik
sahəsində böyük şəxsiyyətlərin vətənidir. Azərbaycanın
istər siyasi həyatında və istərsə də elmində,
mədəniyyətində, incəsənətində bu
bölgənin adamlarının əvəzsiz xidmətləri
olmuşdur. Fikrimizin təsdiqi kimi, təkcə
bunu demək kifayətdir ki, Naxçıvan torpağı Azərbaycana
dünyanın ən mötəbər siyasi və dövlət
xadimlərindən biri olan ümummilli lider Heydər Əlirza
oğlu Əliyevi vermişdir.
Şərqin fəlsəfi
meyarlarına görə, hikmət iki yerə
bölünür: nəzəri hikmət və əməli
hikmət. Milli fəlsəfi düşüncə
tariximizdə danılmaz rolu olan Nəsirəddin Tusinin təbirincə
desək, “kimdə bu iki fəzilətin hər ikisi varsa, o ən
müdrik insan, ən kamil alim hesab edilər, onun mövqeyi bəşər
övladının tuta biləcəyi ən yüksək zirvələrin
fövqündə olar”.
Bəli, məhz
deyilən zirvələrin fatehi unudulmaz ulu öndər Heydər
Əliyevin sayəsində indi bütün dünya dövlətləri
Azərbaycan Respublikasını tanıyır və onunla
iqtisadi-siyasi əlaqələrin genişlənməsinə
maraq göstərir. Dünyanın idarə edilməsində söz sahibi
olan ölkələrin məşhur dövlət
adamlarının Heydər Əliyev haqda söylədikləri
fikirlər sübut edir ki, Uca Yaradan onun təkcə Azərbaycan
üçün deyil, dünya tarixində mövcudluğunu
qoruyacaq şəxsiyyət statusunda olması qərarını
vermişdir. Müstəqil dövlət olaraq Azərbaycanın
yaradılmasında, onun siyasi-coğrafi vahidliyinin
qorunmasında, dünya dövlətləri arasında
özünəməxsusluğunun təqdimində bu
böyük şəxsiyyətin ideyaları mühüm əhəmiyyət
kəsb edir. İndi möhtərəm Prezidentimiz cənab
İlham Əliyev tərəfindən deyilən və xalq tərəfindən
birmənalı şəkildə qəbul edilən
“Bugünkü Azərbaycan Heydər Əliyevin
”şah əsəridir" fikri əbədilik
qazanmış tarixi faktdır.
Lakin tarix
faktlara söykəndiyi kimi, yeri gəlincə onlardan da bəhrələnir. Azərbaycan
tarixinin 1969-cu ildən bəri hansı səhifəsi
açılsa, orada ulu öndər Heydər Əliyevin qətiyyətli,
unudulmaz səsi eşidiləcəkdir. Və əminliklə
hesab edirəm ki, tarix içində şanlı bir səhifə
olan Heydər Əliyev irsi min illər sonranın tədqiqatlarında
öyrənilməklə, ondan ali idarəetmə
metodologiyası kimi istifadə olunacaqdır. Ulu
öndərin idarəetmə mexanizminin metodologiyası
aydın və şəffafdır. Elə
ona görə də bu mexanizmin mənimsənilməsi çətinlik
törətmir. Vətənə məhəbbət, xalqa
sevgi, milli adət-ənənələrə, mənəvi-əxlaqi
dəyərlərə hörmət, insanlara inam və etibar,
kadrların seçimində səriştəlilik, siyasi
sayıqlıq, qərarların icrasında çeviklik və
digər bu kimi prinsipial şərtlər Heydər Əliyevin
idarəetmə mexanizminin əsasını təşkil
edirdi. Bu mexanizmi işlək vəziyyətdə
saxlamaq üçün ulu öndərin siyasi məktəbini,
həyati mühazirələrini dərindən mənimsəmək
və onu tətbiq etmək kifayətdir.
Ümummilli lider 2003-cü il prezident seçkiləri ərəfəsində
xalqa müraciətində o, seçiciləri İlham Əliyevi
dəstəkləməyə çağırarkən
bildirmişdi: “Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Heydər Əliyevin
müdrik qərarı xalqın seçimini müəyyənləşdirdi. Əlbəttə qədirbilən
xalqımız özünün böyük xilaskarının
çağırışını eşitdi və
2003-cü il 15 oktyabr prezident seçkilərində
cənab İlham Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi. Prezident İlham Əliyevin
bu illərdəki fəaliyyəti böyük şəxsiyyət
Heydər Əliyevin dediyi kimi, onun “yüksək intellektli,
praqmatik düşüncəli, müasir dünya siyasətini
və iqtisadiyyatını gözəl bilən enerjili və təşəbbüskar
bir şəxsiyyət” olduğunu sübut etdi. Təsadüfi
deyil ki, xalq 2008-ci il prezident seçkilərində
də özünə məhz İlham Əliyevi rəhbər
seçdi.
Dövlətin
idarə edilməsi ayrı-ayrı ölkələrdə
mövcud olan siyasi sistemə uyğun olaraq qurulmuş idarəetmə
mexanizminə söykənir. Bu seçim və
ümumən dövlətin mövcudluğunun qorunması, eləcə
də bu istiqamətdə məsələləri əhatə
edən geniş elmi-nəzəri, praktik əhəmiyyətli
Azərbaycan - 2003-2008: Reallığa çevrilən qeyri-adi
zaman" adlı məqaləsində akademik Ramiz Mehdiyevin təhlilləri
obyektivlik və dolğunluq baxımından daha
sanballıdır. Fikrimizcə, bu məqalədəki
nəzəri konkretlilik elmi məntiqin praktik nəticələrindən
bəhrələndiyi üçün həyatidir. Yəni, hörmətli akademik Ramiz Mehdiyevin elmi cəhətdən
əsaslandırdığı kimi məqsəd azad
insanların ədalətli cəmiyyətini, firavan, demokratik,
sivil Azərbaycan qurmaqdır. Əlbəttə
ki, bu yolda amalımız istedadlı, müstəqil,
düşüncəli, yaradıcı, kreativ, özünə
tənqidi yanaşan vətəndaşlar yetişdirməkdir.
Şübhəsiz ki, müasir dünyanın
qabaqcıl ölkələrinin keyfiyyətli idarəetmə
mexanizmləri ilə ayaqlaşmaq və bununla kifayətlənməyib
daha da irəli getmək üçün düzgün kadr
seçiminin aparılması mühüm şərtlərdən
hesab olunmalıdır. Kiminsə yerində
olmaması o sahənin zəifləməsinə gətirib
çıxarır ki, bu da müasir dünyanın indiki zaman
sisteminin tələblərinə kökündən ziddiyyət
təşkil edir. “Cəmiyyətin
gücü elmdə, mənəviyyatda, əxlaqdadır” fikri
söyləniləndə, şübhəsiz ki, ilk növbədə
insan amili diqqət mərkəzində dayanır. O insan
ki, sabah hansısa strukturda
çalışır və bu zaman onun istər mənfi, istərsə
də müsbət keyfiyyətləri fərdilikdən
çıxaraq, ictimailəşir. Məhz buna
görə də bu gün hər bir dövlət təşkilatında
işləyən şəxs üzərinə düşən
işin icrasında daha məsuliyyətli olmalıdır.
Başqa bir məsələdir ki, görülən
işə ağız büzənlər, şəffaflığa
çirkab atmağa cəhd edənlər var. Sokrat söyləyirdi
ki, bəzən adamlar pisliyi şəxsi marağı
olduğu üçün edir. Bəli, nə
yazıq ki, hazırda cəmiyyətimizdə belələri də
var, amma onların say həddi riyazi dillə söyləsək,
sıfıra bərabərdir.
Akademik Ramiz Mehdiyevin qeyd
etdiyi kimi, “... ölkəmizin hər bir düşüncəli
vətəndaşı üçün əsas sual Azərbaycan
demokratiyasının hansı istiqamətdə inkişaf edəcəyi
perspektivlərdir... Növbəti illər ərzində
formalaşacaq demokratik təsisatlar cəmiyyətimizin
bütün sosial təbəqələrində tədricən
özünəməxsus yer tutacaqdır”.
Xalq arasında
deyildiyi kimi, “Moskva bir günə tikilməyib ki?!” Yəni, cəmi 17
yaşlı müstəqil Azərbaycanın bu qısa
müddətdə əldə etdiyi dövlətçilik ənənəsi
göstərir ki, dövlətin yüksək məmur
korpusunun Prezident İlham Əliyevin rəhbərliyi altında
gördüyü işlərin miqyası ölçüyəgəlməzdir.
Dövlət
adamları xalqla davranışında çox böyük mədəniyyət
nümunəsi göstərməlidir. Bu halda kimin nə
danışmasından asılı olmayaraq, o məmur əhalinin
sevimlisinə çevrilir. Ölkədə
ədalətli və mədəni davranış qaydaları həm
də dövlətə inamı artırır ki, bu da idarəetmədə
üstündən keçiləsi sadə məsələ
deyil. Kiçik məmurla adamların
birbaşa kontaktını azaltmaq, süründürməçilik
hallarına yol verilməməsi üçün bir sıra
işlərdə “bir pəncərə” sisteminə
üstünlük verilməsi dövlətin xalqa problemsiz həyat
vermək istəyindən irəli gəlir. Yüksək ranqlı məmurun işıqlı təfəkkür
sahibi olması dövlətin və xalqın mənafeyi
baxımından qiymətlidir.
İlk baxışda sadə görünən, əslində
isə az əhəmiyyəti olmayan bir məsələyə
toxunmaq istərdik. Bu gün Naxçıvanda
cinayət hadisələri yox dərəcəsindədir.
Çünki burada hamı bilir ki,
qanunsuzluğa, ədalətsizliyə görə hər kəs
cavabdehlik daşıyır. Kiməsə
güzəşt, üzgörənlik birmənalı olaraq
göstərilmir. Əgər Ali Məclisin
sədrinin xidməti maşını qaydalara uyğun hərəkət
edirsə, başqası necə olmalıdır ki? Xeyir-şər məclislərinin də varlı-kasıba
bölünməməsi əhalidə muxtar respublika rəhbərliyinə
sevgi yaradan amillərdəndir. Deməli, səlahiyyətlərdən
düzgün istifadə nufuzun yüksəlməsi ilə nəticələnir.
Əlbəttə, biz kiçik nümunə ilə
kifayətlənirik. Əslində ölkənin
bu istiqamətdə seçilən bir çox nüfuzlu təşkilatlarının
adını çəkmək mümkündür. Demək istədiyimiz fikir bundan ibarətdir ki, yerlərdəki
rəhbər kadrların əhali ilə
davranışlarındakı münasibət bəzən
çox şeyi həll edir. Onlar
üçünsə belə nümunə mövcuddur.
Ölkənin bütün regionlarında möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin xalqla görüşlərindəki
sadəlik, isti münasibət, dərdə qalmaq, az qala hər kəsin müraciətinə fərdi
diqqət və onun yerindəcə həlli kimi nümunəvi
davranışı, elə bilirik ki, hər kəsə
görk olmalıdır. Cənab Prezidentin hər
zaman çox böyük səmimiyyətlə xalqa
arxalandığını izhar etməsi ayrı-ayrı
struktur rəhbərlərinə xəbərdarlıq və
müvafiq tapşırıq deyilmi? Əlbəttə,
belədir.
Mübariz SƏFƏROV,
professor
Xalq qəzeti.-2008.-29 noyabr.-S.5.