Dünya Bankı ilə Azərbaycan hökuməti arasında daha bir saziş
imzalanmışdır
Noyabrın 28-də Azərbaycan Hökuməti
ilə Dünya Bankı arasında növbəti saziş imzalanmışdır.
“Sosial müdafiə sahəsinin inkişafı”
layihəsi sazişini
Azərbaycan tərəfdən
əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov,
Dünya Bankı (DB) adından isə qurumun Azərbaycan üzrə ölkə meneceri Qreqori Yedjeyçak imzalamışlar. Mərasimdə
çıxış edən
F.Ələkbərov son 5 ildə
Azərbaycanda 740 min iş
yerinin açıldığını,
bunların 530 mininin daimi olduğunu demişdir.
Bu il mayın 27-də
DB-nin Direktorlar Şurası tərəfindən
təsdiq edilmiş layihənin təqdimatı
ilə nazirliyin beynəlxalq əlaqələr
şöbəsinin müdiri
Elnur Sultanov çıxış etmişdir.
Sözügedən layihənin
ümumi dəyəri
54,6 milyon ABŞ dollarıdır. Bu vəsaitin
26,7 milyon dolları DB tərəfindən
kredit şəklində,
qalan 27,9 milyonu isə Azərbaycan Hökuməti tərəfindən
maliyyələşdiriləcəkdir. Əsas icraçılar nazirlik və Dövlət Sosial Müdafiə Fondudur.
Layihənin icrası
nəticəsində əmək
bazarının modernləşdirilməsi,
sosial müdafiə qurumlarının fəaliyyətinin
gücləndirilməsi, xidmətlərin
yaxşılaşdırılması, nazirliyin kadr potensialının təkmilləşdirilməsi,
iş proseslərinin
tam avtomatlaşdırılması, reabilitasiya xidmətlərinin
çeşidinin və
keyfiyyətinin artırılması
və sair işlər həyata keçiriləcəkdir. Eyni
zamanda, çətin şəraitdə olan uşaqlar, gənclər, qadınlar, əlillər və ahıllar üçün sosial iş, qayğı, əlilliyin qiymətləndirilməsi
ilə bağlı xidmətlər də təkmilləşdiriləcəkdir.
Q.Yedjeyçak layihənin uğurla həyata keçiriləcəyinə
şübhə etmədiyini
vurğulamışdır.
Xalq qəzeti.-2008.-29 noyabr.-S. 5.