Müqəddəs mənəvi dəyərlərimizə münasibətimiz necədir?

 

Dostluq, qardaşlıq, bərabərlik, həmrəylik, birlik. Bu sözlərə sovet dönəmində tez-tez rast gəlirdik. Bu kəlmələr şüara cevrildiyindən, o vaxtın yeniyetmələri və gəncləri kimi bu sözlərin fərqinə az varırdıq. Robot kimi təkrar edir, “ura!” qışqırırdıq. İndi deyəcəksiniz ki, niyə axı bu sözlər, məhz müstəqil Azərbaycanda yaşadığımız bir dövrdə yadıma düşdü. Bunun səbəbləri var.

Vaxt var idi dünyada iki ictimai-siyasi formasiya hökm sürürdü. Zamanların sınağından keçən kapitalizm və 60–70 yaşı olan sosializm. Uşaq idim, hələ bunların fərqinə varmadığım ücün atamdam tez-tez soruşurdum: Kapitalizm nədir, sosializm nə? Atam uşaq dili ilə cavab verirdi ki, sosializmin qanunu budur ki, “istəsən də, istəməsən də səni yaşadacağam”. Kapitalizm deyir ki, bacarırsan yaşa, bacarmırsan öl". Amma bir tərəfdən sosializmdə daha cox işlənən “İşləməyən dişləməz”, “Cəfa cəkərsən, səfa görərsən” məsəlləri daha cox kapitalizm qanunlarına uyğun gəlirdi. İndi deyəcəksiniz ki, mənim siyasi iqtisad, elmi kommunizm fənləri yadıma düşüb. Yada sala-sala sizin də yaddaşınızı təzələmək! Bazar iqtisadiyyatına keçid dövründə bu məsəllərin doğruluğuna mən də inanıram. Amma bunun mənəviyyatımıza bu qədər dərin təsirini heç ağlıma da gətirməzdim. Dəbdəbəli toy və dəbdəbəli yas mərasimləri məni cox düşünməyə vadar edir.

Məqalənin əvvəlində “bərabərlik” sözünü işlətməyim əbəs deyildi. Bu söz daha cox sosial ədalət prinsipini təsdiqləyir. Əslində isə insan həyatda iki dəfə bərabər olur. Bir dünyaya gələndə, bir də dünyadan köçəndə. Doğulanda oğlan-qız olmasından asılı olmayaraq, bir palatada qoyulur, öldükdən sonra isə qəbiristanlıqda cinsindən, qohumluğundan asılı olmayaraq yanaşı torpağa basdırılır. Hər şeyi bir tərəfə qoyub mən yas mərasimlərindən danışmaq istəyirəm. Cünki ölüm hər bir insanın başına gəlir. Bazar iqtisadiyyatı bu sahədə də bərabərliyi pozub.

Bir anlıq situasiyanı göz önündə canlandırmaq istəyirəm. Fərz edək ki, əziz bir adamın ölüb. Dərdin qalır bir yana, ilk növbədə, qəbir yeri tapmaq problemi gəlir durur göz önündə. Məscidə gedərək islam adətlərinə əməl etmək istəyirsən. Tabut, cənazə, xüsusi maşın, pul axtarırsan. Qohum-əqraba kömək edir, bəziləri də borca girir. Nəhayət, dəfn mərasimini bir təhər başa catdırırsan. Onu da qeyd edək ki, dövlət tərəfindən qanuna əsasən bu proseslərin aparılmasına az da olsa vəsait ayrılır, bu faktdır. Amma o da faktdır ki, dəbdəbəli mərasim keçirilir və xərclər ayrılan vəsaiti qat-qat üstələyir. Qapına adalar gəlir, evinsə darısqal. Gedib çadır danışırsan. Çadır quranlar isə əvvəlcə sənin qarşına böyük bir “menyu” siyahısı qoyurlar. “Yəqin ki, hüzürə gələnlərə cay verəcəksiniz? Çayın yanında nə olsun? Limon, halva, şəkərcörəyi, badambura, ləbləbi, noğul-araxis, şəkər-araxis, tumlu, yoxsa tumsuz xurma, marmelad və sairə. Ağız silməyə salfetka. Meyvələrdən armud, alma, apelsin, mandarin, tumlu və kişmişi üzüm. Mineral sular. Yaydırsa hökmən soyuducu lazımdır. Çadır böyükdür, mollanın boğazına güc düşməsin deyə gücləndirici mikrafon. Yeməyə nə olsun? Aş, yanında iki növ qarası qaysı- kişmişi. Salatı, göyərtisi, Gəncə dovğası, motal pendiri, təndir cörəyi”...

Ölü yiyəsi bilmir öz dərdinə qalsın, yoxsa bütün bunların tədarükünü görsün. Fikirləşir: edim, yoxsa etməyim. Bu zaman Rüfət Əhmədzadənin “Qonşudan qalma dala” şeiri düşür yada (əslində, o başqa mənada yazmışdı). Sonra, “Axı mənim mərhum anam və ya atam, qardaşım, arvadım, uşağım kimin ölüsündən əskikdir?” məntiqi sualı gəlir ortalığa. Ən nəhayət isə, “Qohum-qonşu nə deyər?” deyərək borca-xərcə girib razılıq verirsən. Çadıra girəndə dəbdəbəni görüb fikirləşirsən ki, qız evinə “həri”yə gəlmisən, yoxsa yasa? Özü də deyəsən razıdırlar, yoxsa ortaya bu qədər şirni-mirni düzməzdilər. Yeməklərə baxırsan, toy süfrəsi yada düşürr. Bircə arağı-şampanı çatışmır. Amma yox, cəld tərpənənlər də var, mineral su butulkasında araq gətirənlər də olur. Hərdən hüzr yeri olduğunu unudub, sanki tost da deyirlər: “Ruhu şad olsun. Yaxşı kişiydi, yeyib-içən oğlan idi”. Bu yerdə Aqşin Babayevin AzTV-də efirə gedən teletamaşası yada düşür. Deyəcəksiniz ki, axı imkanı olanlar da var, onları bu siyahıya niyə qatırsan? Ehsandı da, qoy versinlər. Demaqoqluq eləmə, de: “Allah qəbul eləsin!”. İmkanı olanlar bu siyahıya aid deyillər. Məsələ burasındadır, imkansız da ona baxıb pis nümunə götürür, borca girib öz vəziyyətini daha da ağırlaşdırır. Aeroportda, vağzalda, turizm şirkətlərində VİP deyilən bir termin var. Ölmədik bu günü də gördük."Yas sənayesi" o qədər inkişaf edib ki, indi VİP, SUPER çadırlar, VİP, SUPER yas mərasimləri meydana gəlib. Yas mərasiminin hüzn əhval-ruhiyyəsi həm də rəngdə hiss olunur. VİP çadırlar isə “Dədə Qorqud” filmində oğlu olanlar ücün qurulan rəngdədir. Necə deyərlər, dəbdəbə. Elə bilməyin ki, işlər bununla bitir. Əsla... Qəbiristanlığa gəlirsən. Yaxınlaşırlar ki, “Ay ölü yiyəsi, qəbirin ətrafında bir az yer var, cox yox - 100 kvadrat metr. Götür, peşman olmazsan. Bir anlıq öz ölümün və bundan sonra əmələ gələn cətinliklər gəlib durur göz önündə. Uşaqların əziyyət cəkməməsi ücün işini ehtiyatlı tutmağa qərar verirsən. Sövdələşmə də bundan sonra başlanır. Hasar daş üzlük olsun, yoxsa qranit? Döşəməsi nədən olsun?. Bəlkə hələ əvvəldən qəbir yerlərini hazır qoyaq. Üstünü pilətə ilə bağlayaq? Bu təkliflərin qabağında isə aciz qalırsan. Cünki insanın qorxduğu yeganə şey ölümdür.

Sonra sənə sinə daşlarının nümunəsini göstərirlər: Mərmər, qranit, büst, heykəl, qorelyef, barelyef, fotoəks: “Bir yanğılı şeir tapıb onu da sinə daşına yazarıq”, – deyə minnət də qoyurlar. Belə getsə, 200 ildən sonra Azərbaycanda boş yer qalmayacaq, mərmər, qranit bəzənmiş qəbiristanlıq baş alıb gedəcək. Bəs bərabərlik? Axı ölüm insanın həyatda son bərabərliyidir.

Bu yerdə çoxlarınız deyəcəksiniz ki, tənqid eləməyə nə var e... Hünərin var çıxış yolunu göstər. Müşahidələrimin yekunu olaraq fikirlərimi sizinlə bölüşürəm:

— Əgər dövlət dəfn mərasimi ücün rəsmi pul ayırırsa, bu ölü yiyəsinə verilməməlidir. Bu vəsait ölünün yuyulduğu, kəfənləndiyi, kirayəyə tabut, cənazə verilən məscidlərin hesabına köcürülməlidir.

ehsan verməyə imkanı olan şəxslər bunun əvəzinə uşaq evlərinə, əlil və şikəst olanlara, yataq xəstələrinə, qocalara yardım edə bilərlər.

çadır quraraq yolları bağlamamaq üçün ərazi üzrə xeyir-şər evləri yaradıla bilər. Təzə tikilən evlərdə bunu nəzərə almaq olar.

hüzr mərasiminə gələnin qabağına ancaq cay və halva qoyula bilər.

kəndlərdə və şəhərlərdə eynitipli qəbiristanlıqlar yaradıla, hər ölü üçün bərabər yer və standart başdaşı qoyula bilər.

Yasdan sonra toydan danışmaq hec yerinə düşməsə də, bu sahədə də yersiz israfçılığa yol verilməsi məqbul sayıla bilməz. Birinci, şadlıq evləri tikilərkən akustika qaydalarına riayət olunmalıdır. Toydan çıxanda hamının başı ağrıyır. Salonda akustika yaratmaq əlavə xərclər tələb etdiyindən, çoxları buna əməl etmir. Digər tərəfdən, qonaqlar nə qədər tez durub qaçsalar, axı şadlıq evinin yiyəsinə xeyirdir. Təamlara əl dəyilməz. Süfrənin isə pulu artıqlaması ilə ödənilib.

Yenə də soruşacaqsınız ki, bəs çıxış yolunu nədə görürsən? Çıxış yolunu toy və dəfn mərasimləri haqqında vahid qaydaların işlənib hazırlanmasında görürəm. Bundan sonra bəlkə hər şey yoluna düşə. Məsələn, mən Naxçıvanda tətbiq edilən qaydaların tam tərəfdarıyam. Mərasimlərin keçirilməsində qayda yaratmaqla, Naxçıvan camaatı dinimizə, adət-ənənələrimizə böyük diqqət və hörmətlə yanaşdığını bir daha sübut etdi. Və bu təcrübənin Azərbaycanın digər bölgələrində, o cümlədən, Bakıda da yayılmasına böyük ehtiyac var.

 

Mahir İMANVERDİYEV.

 

Xalq qəzeti.-2008.-30 noyabr.-S.8.