İLK SINAQLAR UĞURLA KEÇİB

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, “Azərpoçt” Dövlət Müəssiəsi üçün HP və onun partnyorları olan Colvir və Sinam şirkətləri tərəfindən qurulan Avtomatlaşdırılmış Korporativ İnformasiya sisteminin ilk sınaqları uğurla keçirilib.

Belə ki, yaxın günlərdə sistemin “pul köçürmələri” modulu çərçivəsində şəhər telefon pullarının qəbulu üzrə real rejimdə ilk əməliyyatlar “Azərpoçt” DM-in 1 saylı poçt filialının 10 saylı poçt şöbəsində həyata keçirilib. Aşkara çıxmış səhvlər tam aradan qaldırıldıqdan sonra poçt filialının mərkəzi poçt şöbəsi də sistemə qoşulub. Bundan əlavə, APUS sistemi üzrə kommunal haqların qəbulu əməliyyatları da sınaqdan keçirilib və nəzərdə tutulmuş formatda APUS və Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi arasında informasiya mübadiləsi normal baş tutub. Yaxın vaxtlarda Azercell, Bakcell, Ultel və Catel rabitə operatorlarının telefon pullarının da sistem üzərindən və ya informasiya mübadiləsi formasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumilikdə sistemin tam olaraq təhvil verilməsi isə növbəti ilin sentyabr ayına qədər sona çatdırılacaq.

 

M. MÜKƏRRƏMOĞLU.

 

Xalq qəzeti.-2008.-30 noyabr.-S.7.