Ömür
insana bir dəfə verilir. Bu ömrün qədəri
İlahidəndir, necə yaşamaq isə insanın
özündən asılıdır. Yəni Allah-Taala
“Yer üzünün əşrəfi!” (Nizami Gəncəvi)
kimi xəlq etdiyi insandan heç nəyi əsirgəməmiş,
digər yaratdıqlarından fərqli olaraq ona ağıl, dərrakə,
yaxşını pisdən, savabı günahdan, haqqı
nahaqdan ayırmaq qabiliyyəti vermişdir. Bununla da
seçimi insanın öz ixtiyarına buraxmışdır:
gözün görür, ağlın kəsir, necə istəyirsən,
get elə yaşa. Elə bu səbəbdəndir
ki, hərə öz ömrünü bir cür
yaşayır.
Unutsaq, unudularıq
Adam var ki, ömür boyu pis
əməllərlə, mərdimazarlıqla məşğul
olur, baş kəsir, ev yıxır, qəlb
sındırır... və beləsi ölərkən nəinki
yadlar, hətta yaxın adamları, qohum-əqrəbası da
rahat nəfəs alır ki, canımız əlindən
qurtardı. Adam var ki, həyatda yalnız
özü üçün yaşayır, yəni nə pislik
eləyir, nə də əlindən yaxşılıq gəlir,
necə deyərlər, “təki mən saleh olum, özgələr
ilə nədi karim” prinsipi ilə ömür sürür.
Beləsi həyatdan köçərkən
heç torpağı soyumamış yaddaşlardan silinib
gedir. Adam da var ki, ömür boyu savab əməllər
sahibi olur, xeyirxahlıq edir, imkansızlara əl tutur, qəlb
sevindirir, qurub-yaradır... Haqq dünyasına
köçdükdən sonra isə on illər, yüz illər
boyu yaddaşlarda, xatirələrdə yaşayır,
haqqında söz düşəndə “Allah rəhmət eləsin,
yaxşı kişi idi!” – deyirlər.
Belə yaxşı kişilərdən biri bu
ilin mart ayının ilk günündə dünyasını
dəyişmiş istedadlı alim, vətənpərvər
ziyalı, mərhəmətli və xeyirxah insan İsrafil Rəsulov
olub.
İsrafil
müəllimlə şəxsi tanışlığım
olmasa da, onun haqqında eşitmişdim. Keçən
əsrin yetmişinci illərinin axırları idi. Azərbaycan Mühəndis — İnşaat
İnstitutunun (indiki Azərbaycan Memarlıq və
İnşaat Universitetinin) tələbəsi olan qohumumun
atası vəfat etmişdi. Yas kənddə
keçirildiyindən bir neçə gün dərs
buraxmışdı. Semestr imtahanında
adı “məşhuri-cahan” olan müəllimlərdən biri
onu məhşər ayağına çəkmişdi. Yanına nə qədər minnətçi
getmişdisə, bir faydası olmamışdı, “qiymət
yazmaram”, – deyib durmuşdu. Müəllimin tərsliyinə
bələd olanların hamısı əlini
üzmüşdü: ən yaxşı halda kursda qalacaq, bir il geri düşəcək. Oğlan,
sözün həqiqi mənasında, yasa batmışdı,
müəllimin daşürəkliliyi atasının müsibətini
yaddan çıxarmışdı... Günlərin
bir günü tələbə qohumum şad-xürrəm
yanıma gəldi. Soruşdum:
— Maşallah, kefi kök
görünürsən, yoxsa işin düzəlib, nədir?
— Düzəldi! Necə deyərlər, dünya yaxşılardan xali
deyilmiş. İnstitutda İsrafil müəllimlə
rastlaşdım. Əhvalımı
soruşdu, vəziyyəti danışdım.
“Zaçotnik”imi alıb getdi həmin kafedraya, bir
“kafi”yazdırıb verdi özümə...
— İsrafil müəllim
kimdir?
— Sopromat müəllimimiz,
xeyirxah bir insandır, hamı hörmətini saxlayır, bir
müddət institutun prorektoru olub...
Sözün doğrusu, o
vaxtadək mən sopromat fənninin nə olduğunu bilmirdim. Sonradan öyrəndim ki, bu, materiallar müqaviməti
(soprotivleniye materialov) fənninin qısaldılmış
adıdır. Şəxsən şahidi
olduğum bu hadisə heç vaxt üzünü görmədiyim
bir xeyirxah insanın – İsrafil müəllimin adını yaddaşıma
həkk etdi. Üstündən on illər
ötsə də, bir vaxtlar onun tələbəsi olmuş
qohumumu görəndə həmin hadisəni xatırladım və
İsrafil müəllimlə əlaqə
saxlayıb-saxlamadığı ilə maraqlandım.
Eşidəndə ki, çoxdandır əlaqə
saxlamır, onu möhkəm danladım: Sənin boynunda o
kişinin böyük haqq-sayı var, onu yaddan
çıxarma...
Bu ilin mart
ayında o, bikef halda yanıma gəldi və bildirdi ki,
İsrafil müəllim rəhmətə gedib. Soruşdum ki,
nədən? Çiynini çəkdi:
– Deyirlər, xəstə
yatmayıb, telefonla danışdığı yerdə
keçinib.
Araya sükut
çökdü. Az sonra dedi ki, noyabrda 70 yaşı
olacaqdı. Rəhmətlik yaxşı insan idi... Onun haqqında bir şey yazarsanmı?
Razılıq verdim...
Bu sətirləri
qələmə olarkən əlimdə İsrafil müəllimin
vəfatından təqribən 3 ay yarım əvvəl öz
xətti ilə yazdığı “Tərcümeyi-halı” və
onu yaxından tanıyan bir neçə nəfərin fikirləri
vardı. Bunlar
onun haqqında tam təsəvvür yaratmaq baxımından
yetərli olmasa da, ümumi təqdimat üçün kifayət
idi...
İsrafil Rəsulov 1938-ci il noyabrın 14-də Qax rayonunun İlisu kəndində
usta Rəsulun ailəsində dünyaya göz açıb. Uşaqlıq dövrü qanlı-qadalı
müharibə illərinə təsadüf edir. Atası
Rəsul kişi cəbhəyə yola
düşəndən sonra anası Nabat xanım işləyib,
azyaşlı 4 uşağını aclıqdan xilas etmək
məqsədi ilə rayon mərkəzinə
köçür. Aclığın
tüğyan etdiyi bir zamanda böyük külfəti
saxlamağın qadın üçün nə qədər
çətin olduğunu görən uşaqlar erkən
yaşlarından gücləri çatan bir işin qulpundan
yapışmaqla analarına yardımçı olmağa
çalışırlar. Bu, bir tərəfdən
də uşaqlarda çətinliyə qatlaşmaq, zəhmətə
alışmaq vərdişi aşılayırdı.
İsrafil 1945-ci ildə Qax
rayonundakı İ. V. Stalin adına orta məktəbin
1-ci sinfinə gedir. Elə ilk günlərdən
çalışqanlığı, iti yaddaşı, daha
çox mütaliə etmək, bilik qazanmaq həvəsi ilə
müəllimlərinin diqqətini çəkir...
Cəbhədən müharibə
əlili kimi qayıdan usta Rəsul çətinliklə olsa
da öz peşəsini davam etdirərək,
övladlarının təhsil almasına şərait
yaradır. Yeri gəldikcə onlar da atalarına
yardımçı olurlar.
Məhz həmin
illərdə İsrafilin qəlbində gələcəkdə
inşaatçı olmaq arzusu baş qaldırır. Atasından
eşitmişdi ki, onlar nəsillikcə
inşaatçıdırlar, atası kimi, babaları da
bir-birindən yaraşıqlı imarətlər
ucaltmış, halal zəhmətləri ilə el-obada ad
çıxarmış, hörmət-izzət sahibi
olmuşlar. Bu arzu orta məktəbi
bitirdikdən sonra onu Azərbaycan Politexnik İnstitutunun
inşaat, sənaye və mülki tikinti fakültəsinə
gətirir.
Tələbəlik
illərində öz işgüzarlığı, savadı və
səmimiyyəti ilə seçilən İsrafil
hamının sevimlisinə çevrilir. Dərs əlaçısı
olmaqla bərabər, institutun ictimai həyatında fəallıq
göstərir və fakültə komsomol təşkilatının
katibi seçilir. Stalin təqaüdçüsü
olan İsrafil tələbəlik illərindən elmi işə
də böyük maraq göstərir. Bu
sahədə göstərdiyi fəaliyyətin və əldə
etdiyi nailiyyətlərin nəticəsində III kurs tələbəsi
ikən Azərbaycan Politexnik İnstitutu Tələbə Elmi
Cəmiyyətinin sədri vəzifəsini ona həvalə
edirlər. 1960-cı ildə Az
Pİ-ni fərqlənmə diplomu ilə bitirdikdən sonra
Elmi Şuranın qərarı ilə onu materiallar müqaviməti
kafedrasında saxlayırlar. 1962-1964-cü illərdə
dəmir beton konstruksiyaları kafedrasının həmin
ixtisas üzrə aspirantı olur. Aspiranturanı
bitirdikdən sonra materiallar müqaviməti kafedrasının
baş müəllimi vəzifəsinə təyin olunur.
Görkəmli alim, əməkdar elm və texnika xadimi,
professor V. M. Moskvinin rəhbərliyi ilə “Yüngül dəmir-beton
konstruksiyalarının korroziyası və mühafizəsi”
mövzusunda namizədlik dissertasiyasını müdafiə
edir.
Alman dilini
mükəmməl bilən İsrafil müəllim 1971-72-ci
illərdə Almaniya Demokratik Respublikası Drezden Texniki
Universitetində elmi ezamiyyətdə olmuş, mühazirələr
oxumuş, dəfələrlə simpozium və konfranslarda
iştirak etmiş, alman dilində 20-dən artıq elmi əsərin
müəllifi olmuşdur.
İsrafil Rəsulov 1973-cü ildə
AzPİ-nin materiallar müqaviməti kafedrasının dosenti vəzifəsinə
təyin olunmuşdur. 1975-ci ildə Azərbaycan
Mühəndis — İnşaat İnstitutunun təşkilində
fəal iştirak etmiş, elmi işlər üzrə
prorektor vəzifəsini icra etmiş, institutun elmi-tədqiqat
sektorunun, aspirantura şöbəsinin qurulmasında
mühüm rol oynamışdır.
İsrafil müəllim 50
ildən artıq bir dövr ərzində Tələbə
Elmi Cəmiyyətinə, o cümlədən 33 il Azərbaycan
Mühəndis-İnşaat İnstitutunun TEC-nə rəhbərlik
etmiş, 1974-cü ildən Respublika Tələbə Elmi-Tədqiqat
İşləri Şurası sədrinin müavini
olmuşdur. 48 illik elmi-pedaqoji fəaliyyəti ərzində
yüzlərlə tələbəni elmi işə cəlb
etmişdir. İsrafil müəllimin rəhbərliyi
ilə onlarca gənc alim elmdə ilk addımlarını
atmışdır. Tələbələrlə
apalılan bu elmi işlər Azərbaycanda, SSRİ məkanında
və beynəlxalq miqyasda yüksək qiymət almış,
dəfələrlə mükafatlara layiq
görülmüşdür. İsrafil müəllimin rəhbərliyi
altında təsis olunmuş “İnşaatçı” Tələbə-Konstruktor
Bürosu SSRİ-də bu qəbildən olan qurumlar arasında
6 dəfə laureat adı qazanmış, xüsusi diplom və
pul mükafatlarına layiq görülmüşdür.
İsrafil
müəllim dəfələrlə Azərbaycanda
keçirilən ümumrespublika, ümumittifaq və beynəlxalq
səviyyəli konfransların təşəbbüsçüsü
və təşkilatçısı olmuşdur. O, 160-dan artıq elmi əsərin,
6 ixtira və patentin müəllifidir. SSRİ və Azərbaycan
SSR Ali və Orta İxtisas Təhsili nazirliklərinin
mükafatlarına, fəxri fərmanlara, diplomlara, 2006-cı
ildə isə “Azərbaycan Respublikasının qabaqcıl tədris
işçisi” fəxri adına layiq
görülmüşdür...
Yəhya Kərimov, Təhsil
Problemləri İnstitutu direktorunun müavini, pedaqoji elmlər
doktoru, professor:
— İnsan öz əməlləri
ilə yaşayır. İsrafil Rəsulovun onu
xatirələrdə yaşadacaq əməlləri kifayət
qədər olub. İsrafili mən
uşaqlıqdan tanıyıram. 1945-46-cı
illərdə Qax rayonundakı orta məktəbdə ona dərs
demişəm. Hələ o vaxtlardan o,
biliyi, çalışqanlığı, intizamlılığı,
yüksək əxlaqı ilə müəllimlərinin və
yoldaşlarının hörmətini qazanmışdı.
Bu keyfiyyətlər ömrü boyu ona
başucalığı gətirmişdir. Azərbaycan
Politexnik İnstitutunu əla qiymətlərlə bitirdikdən
sonra institutda saxlandı, aspirant oldu, uğurla dissertasiya
müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi
aldı, baş müəllim və dosent vəzifələrində
işlədi. O, müəllim olmağından şərəf
duyurdu. Tez-tez təkrar edirdi ki, müəllim hər
şeydən əvvəl tərbiyəçidir. Tərbiyəçi isə şəxsi nümunə
göstərməli, ilk növbədə özü tərbiyəli
olmalıdır. Yoxsa onun səyi bir nəticə
verməz.
İsrafil
müəllim məhz şəxsi nümunəsi ilə istər
çalışdığı kollektivdə, istərsə də
ailədə böyük nüfuz sahibi idi. O, həyat yoldaşı,
hazırda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və
Ginekologiya İnstitutunun ambulator diaqnostika şöbəsinin
müdiri vəzifəsində işləyən Fatimə
xanım Rəsulova ilə birgə 4 qız və 7 nəvə
böyüdüb tərbiyə etmişdir. Bu
qızların hamısı Azərbaycan Tibb Universitetini
qırmızı diplomla bitirmiş, üçü
dissertasiya müdafiə edərək elmlər namizədi
alimlik dərəcəsi almışdır. İsrafil müəllimin qızlarının ikisi Azərbaycan
Tibb Universitetində müəllim işləyir və iki nəvəsi
ATU-nun tələbəsidir.
Mən fəxr
edirəm ki, İsrafil Rəsulovun müəllimi olmuşam. Həmçinin
şərəf duyuram ki, taleyin qisməti ilə onunla qohum
olduq. İsrafil müəllimin
qızı, hazırda ATU-nun patoloji anatomiya kafedrasının
dosenti işləyən İlahə xanım Rəsulova (Kərimova)
mənim gəlinimdir.
Polad Qasımov, Azərbaycan
Memarlıq və İnşaat Universiteti materiallar müqaviməti
kafedrasının dosenti:
— İsrafil müəllimlə
30 ilədək bir kollektivdə işləmiş və
bir-birimizi kifayət qədər yaxşı
tanımışıq. O, təvazökar, sadə, xeyirxah, əliaçıq,
özünün və sözünün yerini bilən bir
insan idi. İsrafil müəllim həm tələbkar
idi, həm də qayğıkeş. Amma tələbkarlıq
daha çox özünə qarşı idi,
qayğıkeşlik isə əksinə, başqalarına,
tanıdığı və tanımadığı
bütün insanlara münasibətdə təzahür edirdi.
Ümumiyyətlə, o, böyük ürək
sahibi idi, təmənnasız yaxşılıq etməkdən
zövq alardı.
Elm aləmində
gənc yaşlarından məşhurlaşmışdı. Buna səbəb,
ilk növbədə məşğul olduğu və tədris
etdiyi mürəkkəb sahəni — materiallar müqaviməti fənnini
mükəmməl bilməsi və həmin sahə üzrə
perspektivli kadr kimi, nəinki respublikada, xaricdə də
tanınması idi. Təsadüfi deyildir
ki, onu Almaniyanın Drezden Texniki Universitetinə dəvət
etdilər. Təqribən 2 il orda
çalışdı, mükəmməl bildiyi alman dilində
mühazirələr oxudu, habelə Almaniya İnşaat
Akademiyasının, Drezden Elmi-Tədqiqat Dəmir-Beton
İnstitutunun, Leypsiq, Veymar Memarlıq və İnşaat
institutlarının alimləri ilə əməkdaşlıq
etdi, DAMB Təcrübə-Sınaq Mərkəzində dəmir-beton
konstruksiyaların gərginlikli halının tədqiqatının
eksperimental tətbiqini apardı və uğurlu nəticələr
qazandı. O, üç dildə – Azərbaycan, rus və alman
dillərində məruzələr etməyi, mühazirələr
deməyi, elmi diskussiyalar aparmağı bacarırdı. İsrafil müəllim, sözün həqiqi mənasında
şərəfli bir ömür yaşadı.
Sadıq Murtuzayev, Azərbaycan
Ağsaqqallar Şurası sədrinin müavini, filologiya elmləri
namizədi:
— Çoxsaylı İlisu
alimlərinin sırasında İsrafil müəllimin
özünəməxsus yeri vardı. Bir neçə il bundan əvvəl çap etdirdiyim “İlisu”
ensiklopediyasında onun həyatı, elmi-pedaqoji fəaliyyəti
haqqında məlumat vermişəm. Lakin
ensiklopedik məlumatlarda insanın xarakterini açan
özünəməxsus cizgilərdən geniş bəhs etmək
mümkün deyil. İsrafil müəllim isə
çox koloritli bir kişi idi. Mərd xasiyyəti vardı, pisə pis deyirdi,
yaxşıya yaxşı. Ümumiyyətlə, dosta
dost idi, düşmənə düşmən, onun
üçün orta xətt yox idi. Yersiz deyilən
sözü “udmağı” bacarmazdı, çəkinmədən
hər kəsin cavabını yerində verər,
nöqsanını üzünə deyərdi.
Elinin – obasının təəssübkeşi
idi və bu hiss onda bütövlükdə Vətən
sevgisinin əsasını təşkil edirdi. Azərbaycanın
ağır günlərində o, dəfələrlə
müxtəlif beynəlxalq qurumlara məktublar, teleqramlar təşkil
edib göndərməklə Dağlıq Qarabağ
münaqişəsinin yaranması barədə əsl həqiqətləri
bəyan edir və həmin təşkilatları problemin ədalətli
həllinə çağırırdı. Bundan əlavə, Qarabağ Müdafiə Fonduna
xeyli vəsait köçürmüşdü. Həmçinin,
keçən əsrin 90-cı illərinin əvvəllərində
İranda baş vermiş zəlzələdən zərər
çəkmiş soydaşlarımıza yardım əlini
uzadanlar arasında İsrafil müəllim və onun rəhbərlik
etdiyi “İnşaatçı” Tələbə Konstruktor
Bürosu da vardı. Allah-taala onu elə bil
xeyirxahlıq, yaxşılıq üçün yaratmışdı.
Həssas və geniş qəlbi vardı, nəinki
dost-tanışın, hətta tanımadığı
insanların da uğurlarına sevinər, kədərlərinə
şərik olardı.
Hədisi-şəriflərin
birində göstərilir ki, özündən sonra insanlara
fayda verəcək bir elm, yaxud onu xatırladacaq pak övlad kimi
əbədi nişanə yadigar qoyub Haqq dünyasına
qovuşan şəxslər İlahinin mərhəmətinə
sığına bilərlər. Bu mənada İsrafil
Rəsulov xoşbəxt insandır. Bir alim
kimi onun tədqiqatları, ixtiraları bu gün insanlara xidmət
edir. Yadigar qoyub getdiyi dörd övladı
— qızları isə ən nəcib bir peşənin sahibi
kimi insanların sağlamlığı keşiyində
dayanaraq, öz atalarına rəhmət qazandırırlar.
Qüdrət PİRİYEV.
Xalq qəzeti .-2008.-30 noyabr.-S.6.