2009-cu ilin büdcəsi ölkəmizin sosial-iqtisadi inkişafının miqyasını daha da genişləndirəcək

 

2003-cü ilin 31oktyabrında “Mən hər bir azərbaycanlının Prezidenti olacağam. Mənim borcumdur ki, hər bir vətəndaş inkişafı, irəliləyişi görsün və onu hiss etsin” deyərək fəaliyyətə başlayan ölkə Prezidenti möhtərəm Ilham Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcını qoydu.

Hakimiyyətə gəlişinin ilk günlərindən başlayaraq ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən cənab İlham Əliyev tərəfindən milli iqtisadiyyatın ayrı-ayrı sahələrində həyata keçirilən uğurlu islahatlar nəticəsində yüksək iqtisadi artıma nail olunmuş, milli neft strategiyasının reallaşmasından əldə edilən maliyyə resursları səfərbər olunmuş, əhalinin maddi rifah halı ilbəil yaxşılaşmış və Azərbaycan dövlətinin qarşısında duran taleyüklü vəzifələrin həlli üçün əsaslı zəmin yaradılmışdır.

2008-ci ilin prezident seçkiləri isə ən müasir tariximizin dönüş nöqtəsi oldu. Azərbaycanın qarşısında duran başlıca strateji vəzifə dövlətimizin geosiyasi simasını və mövqeyini bundan sonra da qorumaq idi.

Ulu öndər Heydər Əliyevin gərgin zəhməti və həyata keçirdiyi siyasi xətt nəticəsində qlobal geosiyasi enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycanın uğurları ilbəil artmaqdadır.

2009-cu ilin dövlət büdcəsinin müzakirəsi qazanılmış bu uğurların davamlı və dinamik olacağına inamı daha da artırır.

“Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsindən aydın oldu ki, 2009-cu il dövlət büdcəsinin gəlirləri 12177 milyon manat, xərcləri isə 12355 milyon manat həcmində nəzərdə tutulmuşdur ki, bu da 2008-ci ilin analoji göstəricilərindən müvafiq olaraq 16,1 faiz və 11,7 faiz çoxdur. Eyni zamanda, 2009-cu ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz nəzərdə tutulub ki, bu da ötən illə müqayisədə 24,4 faiz çoxdur. Bu isə dövlətin əsas məqsədinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi olduğunu və Azərbaycan hökumətinin sosialyönümlü siyasətə sadiq qaldığını sübuta yetirir. Məhz bunun nəticəsidir ki, növbəti ilin dövlət büdcəsində qeyri-hökumət təşkilatlarına, müharibə əlillərinə və digər əhali qruplarına sosial ipotekanın verilməsi məqsədilə vəsaitlərin artırılması da nəzərdə tutulmuşdur. Təbii ki, neftdən əldə olunan gəlirlərin qeyri-neft sektorunun, xüsusilə, sosial sferanın inkişafına yönəldilməsi və bu sahədə böyük uğurlara nail olunması aparılan iqtisadi siyasətin uğurlu nəticəsidir. 2009-cu ilin büdcə layihəsinin üstün cəhətlərindən biri də büdcə zərfində respublikanın bölgələrində turizmin inkişaf etdirilməsi ilə bağlı xüsusi investisiya layihələrinin, eləcə də sərhədyanı bölgələrin inkişafı ilə bağlı müvafiq maliyyələşdirmənin nəzərdə tutulmasıdır.

Büdcə proqnozlarında, hər il olduğu kimi, bu il də elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyyəsi və gənclər siyasəti tədbirləri prioritet sahələr kimi qəbul edilmiş və qeyd edilən sahələrin xərcləri üçün 2,14 milyard manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2008-ci illə müqayisədə 421,5 milyon manat və ya 24,5 faiz çoxdur. Ümumilikdə bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsinin tərkibində xüsusi çəkisi 17,4 faizə çatmışdır və bu, 2008-ci illə müqayisədə 1,8 faiz çoxdur. 2009-cu ilin dövlət büdcəsində elm, təhsil, səhiyyə və mədəniyyət üzrə məqsədli dövlət proqramlarının maliyyə təminatı üçün 316,1 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2009-cu ilin büdcəsini fərqləndirən müsbət göstəricilərdən biri də ondan ibarətdir ki, ilk dəfə olaraq büdcə paketində ölkənin kütləvi informasiya vasitələrinə dövlət yardımı məqsədilə 1,3 milyon manat vəsait ayrılmışdır. Bu da ölkəmizdə vətəndaş cəmiyyətinin və ölkə mətbuatının inkişafına göstərilən diqqət və qayğının nəticəsidir.

Əvvəlki illərdə olduğu kimi, bu il də büdcə daxilolmalarında əsas güc Vergilər Nazirliyinin (VN) və Dövlət Gömrük Komitəsinin (DGK) üzərinə düşür. Ölkə əhalisinin gündəlik tələbatının ödənilməsində, eləcə də ölkənin iqtisadi və ərzaq təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rolu olan kənd təsərrüfatı sahəsinə növbəti il üçün 408,9 milyon manat vəsait ayrılmışdır ki, bu da ötən ilin müvafiq göstəricisinə nisbətən 42,9 faiz çoxdur. Eyni zamanda, büdcə layihəsində kənd təsərrüfatının texniki təminatının yaxşılaşdırılması, bu sahədə çalışan iş adamlarının maksimum məhsuldarlığa nail olması məqsədilə “Aqrolizinq” cəmiyyətinə 4 milyon manat vəsaitin ayrılması bu sahədə bir sıra çətinliklərin aradan qaldırılmasına xidmət edəcəkdir.

Ümumilikdə, Azərbaycan Respublikasının son illər ərzində əldə etdiyi makroiqtisadi uğurlara nəzər saldıqda aydın olur ki, son beş il ərzində ÜDM 5,8 dəfə, ölkənin valyuta ehtiyatları 10,9 dəfə, dövlət büdcəsi 10 dəfədən çox artmışdır. Nəticədə büdcə gəlirlərinin ÜDM-də payı 1998-ci ildəki 13-14 faizdən, 2008-ci ildə 27-28 faizə yüksəlmişdir. Bütün bunların arxasında isə təbii ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökumətinin apardığı uğurlu siyasət durur və əldə edilən uğurlar ölkəmizin inkişaf strategiyasının ardıcıl həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda, qeyd olunduğu kimi, 2009-cu ilin büdcəsi əldə edilən nailiyyətləri daha da çoxaltmağa imkan yaradacaqdır. Belə ki, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,9 faizi həcmində və ya mütləq ifadədə 12 milyard 177 milyon manat olacaqdır ki, bu da 2008-ci ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 1 milyard 693 milyon manat və ya 16,1 faiz çoxdur. 2009-cu ildə büdcə gəlirlərinin 47,2 faizini və ya 5,75 milyard manatını vergi daxilolmaları təşkil edəcək ki, bu da 2008-ci ilə nisbətən 6,9 faiz və ya 370 milyon manat çoxdur.
2009-cu ildə neft sektoru üzrə vergi yığımlarının məbləğinin 2,7 milyard manat, yəni 2008-ci ilə nisbətən 7,6 faiz və ya 220 milyon manat azaldılması, qeyri-neft sektoru üzrə isə 3,7 milyard manat və ya 2008-ci ilə nisbətən 23,8 faiz, yəni 590 milyon manat çox olacağı proqnozlaşdırılır. DGK üzrə daxilolmalar 1,3 milyard manat nəzərdə tutulur ki, bu da 2008-ci ilə nisbətən 17,1 faiz və ya 190 milyon manat çoxdur və dövlət büdcəsinin gəlirlərinin 10,7 faizini təşkil edəcəkdir. Dövlət büdcəsinə digər mənbələrdən 5 milyard 122,3 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır. Bunun da 4 milyard 915 milyon manatını və ya büdcə gəlirlərinin 40,4 faizini Neft Fondundan transfer, 212 milyon manatını isə digər daxilolmalar təşkil edəcəkdir.

2009-cu ilin büdcə xərcləri 12 milyard 355 milyon manat proqnozlaşdırılır ki, bu da 2008-ci ilə nisbətən 1 milyard 294,4 milyon manat və ya 11,7 faiz çoxdur. Gələn ilin büdcəsində sosial yönümlü xərclərin xüsusi çəkisi 33 faiz və ya 4 milyard 24 milyon manat nəzərdə tutulmuşdur. Bu da 2008-ci illə müqayisədə 790,4 milyon manat və ya 24,4 faiz çoxdur. Bundan başqa, 2009-cu ilin dövlət büdcəsində nəqliyyat, kommunal və kommunikasiya xidmətləri haqqının ödənilməsi xərcləri üzrə 350,6 milyon manat, təqaüdlər və sosial müavinətlər üçün 1,9 milyard manat və s. nəzərdə tutulmuşdur. İstər 2009-cu il üçün maksimum dəqiqliklə verilmiş proqnoz göstəriciləri, istərsə də 2008-ci ilin mövcud göstəriciləri dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacağını təsdiq edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 ayın yekunlarına həsr edilmiş 2008-ci il 13 oktyabr tarixli iclasında səslənmiş fikirlər də bir daha sübut etdi ki, dünyada cərəyan edən maliyyə böhranına və bir sıra aparıcı ölkələrdə iqtisadi artım sürətinin azalmasına baxmayaraq, Azərbaycanda ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 faiz artaraq 30,4 milyard manat, hər nəfərə düşən ÜDM həcmi isə 13,7 faiz artaraq 3554 manat təşkil etmişdir. 2008-ci ilin oktyabr ayında ölkənin valyuta ehtiyatları keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 2,3 dəfə artaraq 17,5 milyard ABŞ dollarına çatmışdır. 2008-ci ilin uğurlarından biri də ondan ibarətdir ki, milli iqtisadiyyatın inkişafı neft sektoru ilə bərabər, qeyri-neft sektorunun da sürətli artımı hesabına davam etmişdir. Belə ki, 2008-ci ilin 9 ayında neft sektoru üzrə real artım tempi 14,6 faiz, qeyri-neft sektoru üzrə 15,4 faiz təşkil etmişdir.

Ölkədə təmin edilmiş makroiqtisadi sabitlik, maliyyə imkanlarının genişlənməsi və ən əsası investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində əsas kapitala yönəldilən investisiyalar 38 faiz artaraq 6,3 milyard manata çatmışdır. Bütün bunların növbəti illərdə də davam edəcəyi şübhəsizdir. 2009-cu ilin büdcə proqnozlarına əsasən, gələn il ÜDM 18,9 faiz artaraq 43,6 milyard manata bərabər olacaq, qeyri-dövlət sektorunun ÜDM-də çəkisi isə 88 faiz təşkil edəcəkdir. 2009-cu ildə ölkə iqtisadiyyatına investisiya qoyuluşu 8,4 milyard manat olacaq və ÜDM-in adambaşına düşən həcmi də artaraq 6300 ABŞ dollarına çatacaqdır. Eyni zamanda, 2009-cu ildə əhalinin gəlirlərinin 22,5 faiz artaraq 22,7 milyard manat, orta aylıq əmək haqqının 16 faiz artaraq 353,5 manat olacağı, pensiyaların baza hissəsinin 80 manata, ehtiyac meyarının 60 manata çatdırılması proqnozlaşdırılır. Bütün bunlar isə ölkədə əldə edilmiş iqtisadi tərəqqinin növbəti illərdə də davam edəcəyini, daha da sürətlənəcəyini və davamlı inkişafa çevriləcəyini sübut edir. Bu həm də ondan irəli gəlir ki, Azərbaycan dövləti iqtisadi nailiyyətlərə ziddiyyətli tarixi dönəmdə addım-addım, ilbəil qazanılmış müvəffəqiyyətlərlə nail olmuşdur. Bütün bunları 2003-2008-ci illəri əhatə edən məlumatlardan da aydın görmək mümkündür.

Ötən beş ilin başlıca yekununun statistik mənzərəsindən başqa, simvolik mənası da vardır. Qarşıya qoyulan hər bir məqsəd, hər bir söz layihə və dövlət proqramları kimi praktik fəaliyyətdə həyata keçirilmiş, həm də son dərəcə qısa müddətdə gerçəkliyə çevrilmişdir. Belə ki, 2003-cü ilin avqust ayından keçən beş il ərzində ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi 2003-cü ildəki 3,1 milyard manatdan 2008-ci ildə 18,5 milyard manata çatmışdır ki, bu da müqayisəli qiymətlərlə 2,7 dəfə artım deməkdir. İqtisadiyyatın dinamik inkişafında mühüm rol oynayan uğurlu fiskal siyasətin həyata keçirilməsi nəticəsində ötən beş il ərzində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 5,3 dəfə, onun ümumi daxili məhsulda xüsusi çəkisi isə 7,7 faiz artmışdır. Bu illər ərzində ölkədə vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 184 minə, onların ticarət dövriyyəsi isə 4,7 dəfə artaraq 16 milyard manata çatmışdır. Bu müddət ərzində Azərbaycan Respublikasının dünya iqtisadi sisteminə inteqrasiyası daha da sürətlənmiş və ticarət əlaqələri genişlənmişdir. Bunun da nəticəsində xarici ticarət dövriyyəsi 9,9 dəfə, o cümlədən ixrac 17,5 dəfə artmışdır. Son 5 ildə əhalinin sosial rifahını xarakterizə edən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmişdir. Belə ki, 2003-2008-ci illərdə orta aylıq əmək haqqı 3,3 dəfə artaraq 75 manatdan 250 manata, təyin olunmuş aylıq pensiyanın orta məbləği 3,4 dəfə artaraq 24 manatdan 80 manata, əhalinin pul gəlirləri 4,1 dəfə artaraq 9,4 milyard manata, adambaşına düşən pul gəlirləri isə 3,9 dəfə artaraq 272 manatdan 1060 manata çatmışdır. Eyni zamanda, bu illər ərzində ölkədə minimum əmək haqqı 10,9 dəfə artaraq 5,5 manatdan 60 manata bərabər olmuş, tələbələrin təqaüdləri 10 dəfə artmış, dövlət büdcəsi üzrə əməyin ödənişi fondunun məbləği 3,9 dəfə artaraq 191 milyon manatdan 741 milyon manata, əsas sosial müavinətlərə yönəldilən vəsaitlərin məbləği isə 1,6 dəfə artaraq 76,2 milyon manatdan 128 milyon manata çatdırılmışdır.

Son beş il ərzində Azərbaycan regionda və dünyada ən dinamik inkişaf edən ölkə imicini qazanmış, intensiv və səmərəli inkişaf modelini dünyaya təqdim etmişdir. 2003-2008-ci illər ərzində dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin iqtisadi inkişafı, ayrı-ayrı sahələrin tarazlı inkişafının təmin edilməsi ilə yanaşı, nəqliyyat sisteminin potensialından tam və səmərəli istifadə edilməsini təmin etmək üçün çox böyük işlər görülmüşdür. Buna misal olaraq bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “İpək yolu” layihəsinin reallaşması istiqamətində görülən işləri, yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi sahəsindəki quruculuq işlərini, nəqliyyat qovşaqlarının (vağzallar, liman və s.) müasir standartlar səviyyəsinə çatdırılması tədbirlərini və digər yüzlərlə belə nümunələri sadalamaq olar.

Araşdırmalar göstərir ki, Azərbaycan Respublikasının həm respublikadaxili, həm də tranzit daşımalardan maksimum səmərəli istifadəsini təmin etmək məqsədilə ölkəmizin yol-nəqliyyat infrastrukturlarının təkmilləşdirilməsi, onların müasir standartlara və yerli tələblərə uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülmüş və davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdən biri də cənab İlham Əliyevin tapşırığı ilə ölkə əhalisinin nəqliyyat xidmətlərindən istifadəsinin yaxşılaşdırılması və eləcə də respublikanın nəqliyyat-tranzit potensialından səmərəli istifadənin təmin edilməsi məqsədilə “Azərbaycanın yol-nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı Dövlət Proqramı”nın hazırlanmasıdır. Milli iqtisadiyyatın mühüm infrastrukturlarından biri olan nəqliyyat sisteminə dövlət qayğısının nəticəsi olan və 2006-2015-ci illəri əhatə edən bu proqramda respublikanın yol infrastrukturu, o cümlədən dəmir yolu, hava, dəniz və quru nəqliyyatının inkişaf etdirilməsi nəzərdə tutulub. Layihə nəticəsində yolların genişləndirilməsi, lazımi istiqamətverici və tənzimləyici qurğularla təmin edilməsi, yol boyunca müvafiq infrastrukturların yaradılması, yolların beynəlxalq standartlara və müasir nəqliyyat vasitələrinin tələblərinə uyğun qurulması, xüsusən şəhərdaxili sərnişin daşımalarında böyük tutumlu yeni nəqliyyat vasitələrinin tətbiq edilməsi, zərərli ekoloji təsirlərin azaldılması və s. tədbirlər həyata keçiriləcəkdir. Bütün bunlar Azərbaycan Respublikasının nəqliyyat sisteminin, bütövlükdə respublika iqtisadiyyatının davamlı inkişafına öz bəhrəsini verəcəkdir.

Nəqliyyat sisteminin inkişaf etdirilməsinin turizm, kənd təsərrüfatı və s. sahələrin inkişafına müsbət təsir imkanlarını çox düzgün qiymətləndirən Azərbaycan hökuməti ümummilli lider Heydər Əliyevin “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” sözlərini əldə rəhbər tutaraq, nəqliyyat infrastrukturlarının, avtomobil yollarının yenidən qurulmasını həyata keçirir ki, bu da milli iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verir. Məhz bunun nəticəsidir ki, son dövrlər Azərbaycana gələn turistlərin sayı ilbəil artır, həm də turist bazalarının regional inkişafına nail olunur. Bu yerdə ölkə başçısı cənab İlham Əliyevin bir fikrini yada salmaq yerinə düşərdi: “Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir”.
Bu gün Azərbaycanın iqtisadi potensialında qlobal rəqabətə davamlılığın üstün amilə çevrilməsi və bu potensialın paralel olaraq siyasi qüdrətin, milli birliyin, xalqın rifahının təmin edilməsinə yönəlməsi məşhur aforizmi yada salır: “Dövlət xalq üçündür”. İqtisadi yüksəliş və islahatların dinamik lideri olan ölkə obrazı isə tanınmış siyasətçinin deyimini xatırladır. Marqaret Tetçerə görə, “iqtisadi tərəqqi vasitədir, məqsəd isə insan mənəviyyatının, ruhunun dəyişdirilməsidir”.
Ötən beş ildə milli iqtisadi sistemin liberallaşması, sərmayə mühitinin optimal həddə çatması, özəl sektorun sürətli inkişafı, orta sinfin formalaşması üçün əsas təməlin yaradılması, yoxsulluğun səviyyəsinin minimuma endirilməsi, strateji valyuta ehtiyatlarının artması, infrastrukturun modernləşməsi, əhalinin maddi rifahının yüksəlməsi, iqtisadi uğurların sosial, demokratik nailiyyətlərin əldə olunmasına transfer edilməsi - bütün bunlar sabit yüksək nəticələrin heç də tam siyahısı deyildir. Neft diplomatiyasını müəyyənləşdirən strateji xəttin davam etdirilməsi, yeni kontinental layihələrin həyata keçirilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi sahəsində ölkəmiz son beş ildə yeni zirvələr fəth etmişdir. Cənab İlham Əliyevin 2008-ci il oktyabrın 24-də andiçmə mərasimində dediyi kimi, enerji siyasəti bizə iqtisadi müstəqillik verdi, arxayınlıq verdi: “Vaxtilə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars layihələri sadəcə olaraq, kağız üzərində idi. Sadəcə, bir niyyət idi, bir fikir idi. Bəziləri bunu əfsanə adlandırırdılar. Amma bu əfsanə artıq gerçəkliyə çevrilmişdir. Kim bunu edibdir? Biz etmişik! Biz öz siyasətimizlə, regional əməkdaşlıq çərçivəsində və qonşu dövlətlərin fəal iştirakı ilə bu uğurlu addımları təmin etmişik. Bu layihələr Azərbaycanın uzunmüddətli, uğurlu və dayanıqlı inkişafını təmin edəcəkdir”.

Bu gün Azərbaycanın iqtisadi siyasəti açıq, şəffaf olması ilə fərqlənir və onun demokratik prinsiplər əsasında həyata keçirilməsi bütün dünyaya nümayiş etdirilir. Dünya təcrübəsindən məlumdur ki, hər bir dövlət öz tarixi təcrübəsində müxtəlif mərhələləri yaşayır. Müasir zaman növbəti – “sosial dövlət” anlayışını reallığa çevirmişdir. Avropa məkanında ən yüksək göstəricilər əldə edən, optimal modelə və nisbətən böyük tarixi təcrübəyə malik olan sosial dövlətçilik, insanların tarixi birgəyaşayışının inteqrativ forması kimi, milli və siyasi təməllərlə yanaşı, sosial təməlləri də önə çəkmişdir. Qloballaşma dövründə sosial dövlətçilik fövqəlmilli qurumların, nəhəng regional təsisatların inteqrasiyası, insanlararası münasibətlərdə özünəməxsusluğu, fikir ayrılığını şərtləndirən milli və siyasi prinsiplərlə müqayisədə sosial prinsiplərin daha universal birlik mexanizminin təmin edilməsinə söykənir. Təbii ki, Azərbaycanın milli iqtisadiyyatında son beş ildə əldə edilən nəhəng uğurların böyük qismi sosial sahənin payına düşür.

İndi ölkədə həyata keçirilən islahatların magistral meyli sosial yönümlülüyü ilə səciyyələnir. Bütün bunları 2009-cu ilin büdcə layihəsi də təsdiq edir. Büdcə zərfində müxtəlif əhali qrupları üçün müvafiq sosial ödənişlərin nəzərdə tutulması, eləcə də bu ayırmaların ilbəil artması, eyni zamanda bütün bunlarla yanaşı, qeyri-neft sektorunun, elm, təhsil və mədəniyyətin inkişafının milli prioritetlər sırasında olması, yuxarıda qeyd olunanları bir daha təsdiq edir. Neft gəlirlərinin qeyri-neft sektoruna transferi, xarici sərmayələrin innovasion layihələrə cəlb olunması iqtisadiyyatın çoxşaxəli təkamülü onun ancaq təbii sərvətlərə istinad etməsini və enerji resurslarından asılılığını aradan qaldırmaq kimi strateji vəzifəyə xidmət etmişdir və edir.

Əldə etdiyimiz nailiyyətlər bizə gələcək inkişaf perspektivlərini, yeni siyasi məkanı və mədəniyyəti, siyasi və iqtisadi strukturu təkmilləşdirməyi, cəmiyyətimizin növbəti illər üçün inkişaf istiqamətlərinin əsas cizgilərini nəzərdən keçirməyə, vətəndaşların azad, firavan və demokratik ölkədə yaşayacaqlarına inamının artmasına imkan verir. Təbii ki, milli demokratik model əsas olaraq, cəmiyyətimizdə milli mentalitet və özünəməxsusluğun, özünüdərkin yeni səviyyəsinin, tarixən çətinliklər və qurbanlar hesabına əldə etdiyimiz qələbələrin rəmzi kimi formalaşacaqdır. Aydın məsələdir ki, demokratik inkişaf xəttini vətəndaşlarımıza başqaları, özgələri deyil, bizlər, cəmiyyətimiz, hər birimiz aşılayacağıq. Çünki hər bir inkişaf modeli, ilk növbədə, milli xüsusiyyətləri tam şəkildə özündə əks etdirməyi bacarmalıdır və yalnız bu halda onun uğuru gözləniləndir.

 

Aqil ƏSƏDOV,

AMEA-nın İqtisadiyyat

İnstitutunun böyük elmi işçisi,

iqtisad elmləri namizədi

 

Xalq qəzeti.-2008.-30 noyabr.-S.4.