Azərbaycan – İtaliya əməkdaşlığı gündən-günə genişlənir

 

Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələr arasında İtaliya da vardır. 1991-ci ilin dekabrında ölkəmizin müstəqilliyini Böyük Britaniya, sonrakı ay — 1992-ci ilin yanvarında isə Fransa, Almaniya və İtaliya tanımışlar. Sonralar Heydər Əliyev neft strategiyasının icrası zamanı, ikitərəfli əməkdaşlığımız Roma və Bakını təmin edəcək şəkildə inkişaf etmişdir. Hələ ulu öndərin dövründə İtaliyanın Azərbaycanda, Azərbaycanın isə İtaliyada səfirliyi açılmışdır. Heydər Əliyevin Vatikana (1997-ci il, sentyabr) və Vatikan dövlətinin başçısı, Roma Papası II İohan Pavelin Azərbaycana səfərləri (2007-ci il, may) ayrılıqda Azərabycan—Vatikan münasibətlərinin inkişafına təkan versə də, bu səfərlər Bakı—Roma əməkdaşlığının daha da genişləndirilməsi istiqamətində mühüm rol oynamışdır.

Son beş ildə Azərbaycanın Qərbi Avropa ölkələri ilə əməkdaşlığının genişləndirilməsində qiymətli addımlar atılmışdır. Bu baxımdan tərəflərin maraqlarına cavab verən səfərlər xüsusi qeyd olunmalıdır. Prezident İlham Əliyevin 2005-ci ilin fevralında İtaliya Respublikasına və Vatikan dövlətinə etdiyi rəsmi səfər tarixçilər tərəfindən yüksək qiymətləndirilir. Heydər Əliyev siyasi xəttinin davamı olan həmin səfər çərçivəsində dövlət və hökumət rəhbərləri, işgüzar dairələrin nümayəndələri ilə görüşlər keçirilmiş, İtaliya–Azərbaycan Birgə Bəyannaməsi və qarşılıqlı əlaqələrə dair 8 sənəd imzalanmışdı. Təsadüfi deyil ki, bu gün İtaliya Azərbaycanla ən çox ticari-iqtisadi əməkdaşlıq edən ölkələrdən biridir.

Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün öncə İtaliyaya reallaşdırdığı növbəti rəsmi səfəri də tərəflər arasında əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Azərbaycan Prezidentinin mətbuat katibi Azər Qasımovun bu səfərin yekunları ilə bağlı Azərbaycan Televiziyasına verdiyi müsahibədə Bakı-Roma əməkdaşlığının genişləndirilməsi istiqamətində atılan addımlar, İtaliyanın dövlət və hökumət rəsmiləri, işgüzar dairələrin nümayəndələri ilə keçirilən görüşlər və eləcə də digər məqamlar barədə ətraflı fikirlər səsləndirmişdir. Dövlət başçımızın İtaliyaya səfərindən əvvəl həm hər iki ölkə daxilində, həm də, ümumiyyətlə, Avropada kütləvi informasiya vasitələri bu səfərə böyük maraq göstərirdilər. Elə səfər boyunca da bu maraq öz miqyasını artırırdı. Azərbaycan Prezidentinin “RAİ İnternational” televiziyasına verdiyi müsahibə kütləvi informasiya vasitələrinin marağının ödənilməsi baxımından xüsusi əhəmiyyətə malik idi.
2005-ci ilin fevralında olduğu kimi, bu səfərin ilk günü də Azərbaycan rəhbəri İtaliyanın sənaye nəhənglərindən olan “Edison” energetika şirkətinin rəhbərini qəbul etmişdir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın getdikcə daha çox əhəmiyyət kəsb etməsinin təzahürü idi. Məlum məsələdir ki, İtaliya da Azərbaycanla enerji məsələsində əməkdaşlığa böyük önəm verir. Qeyd edilən görüşdə də Azərbaycanla İtaliya arasında enerji sahəsində əməkdaşlığın perspektivləri barədə, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Türkiyə vasitəsiylə Yunanıstana çatdırılan Azərbaycan qazının oradan da İtaliyaya göndərilməsi məsələsi bu gün Avropa üçün gündəlikdə duran ən mühüm məsələlərdəndir. Bu da ölkəmizin beynəlxalq aləmdə, iqtisadi məkanda rolunun güclənməsinin daha bir uğurlu nümunəsidir.

Azərbaycan Prezidentinin İtaliya parlamentinin Deputatlar Palatasının sədri Canfranko Finni ilə görüşündə ölkələrarası münasibətlərin digər sahələrində olduğu kimi, parlamentlərarası əlaqələrin də genişləndirilməsi zərurəti gündəliyə gətirilmişdir. Qeyd edək ki, Azərbaycan parlamentinin son illər qəbul etdiyi qanunlar Avropa İttifaqı, Avropa Şurası və ATƏT ekspertləri tərəfindən yüksək qiymətləndirilir və ona görə də Azərbaycan parlamentinin beynəlxalq aləmdəki nüfuzu durmadan artır. Cənab Canfranko Finnin Azərbaycan parlamenti ilə əməkdaşlığa böyük önəm verməsi də məhz həmin nüfuzun təzahürüdür. Üstəlik palata sədri bu əməkdaşlığın sadəcə ikitərəfli xarakter daşımadığını, eyni zamanda Avropa İttifaqı ilə Azərbaycanın əlaqələri çərçivəsində inkişaf etdiyini vurğulamışdır.

Yeri gəlmişkən, Deputatlar Palatası sədrinin Azərbaycan Prezidenti ilə görüşdə söylədiyi iki məqam ekspertlər tərəfindən daha böyük maraqla qarşılanmışdır. Birinci məqam: “Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, dinc yolla həll oluna bilər”. İkinci məqam: “Azərbaycanla uğurlu əlaqələr İtaliyanın Yunanıstan, Türkiyə və digər ölkələrlə əlaqələrinin möhkəmlənməsinə də öz töhfəsini verir”.

Birinci məqam barədə. Avropa İttifaqı başda olmaqla bütün qitəmiqyaslı və beynəlxalq təşkilatlarda aparıcı ölkələrdən olan, eyni zamanda Qərb dünyasında xüsusi söz sahibi kimi qəbul edilən İtaliyanın qanunverici orqanının rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vacib sayırsa, bu, artıq Ermənistan diplomatiyasının açıq məğlubiyyətidir. Deməli, Azərbaycanın haqq işi, yeritdiyimiz xarici siyasət Qərb dünyasında öz halal dəstəyini almaqdadır. İkinci məqam barədə. Seçki ərəfəsində Avropa rəsmilərindən biri söyləmişdi ki, biz Azərbaycanda Heydər Əliyev siyasi kursunun davam etdirilməsini ona görə dəstəkləyirik ki, bu siyasət təkcə Azərabycan üçün deyil, bütövlükdə region üçün səmərəli və xeyirlidir. Buyurun, İtaliya kimi güclü dövlətin parlament rəsmisi etiraf edir ki, bizim Azərbaycanla uğurlu əməkdaşlığımız eyni zamanda İtaliyanın Yunanıstan, Türkiyə və digər ölkələrlə əlaqələrinin möhkəmlənməsinə də öz töhfəsini verir. Bu isə sadə bir məsələ, özbaşına yaranmış nəticə deyildir. Bu, Heydər Əliyev kimi siyasət dahisinin müdrikliyinin və uzaqgörəliyinin nəticəsidir.

Azərbaycan Prezidentinin İtaliya Nazirlər Şurasının sədri cənab Silvio Berluskoni ilə görüşündə də əvvəlki görüşlərdə olduğu kimi həm dövlət başçımızın yenidən Prezident seçilməsinin əsasını təşkil edən məqamlar, həm də ölkəmizin sosial-iqtisadi inkişafının Azərbaycana yeni nüfuz qazandırmasından söz açılmışdır. Azərbaycan Prezidentinin tarazlaşdırılmış siyasət yeritməsini təqdir edən İtaliya rəhbəri etiraf etmişdir ki, bu məsələ rəsmi Bakının beynəlxalq aləmdəki mövqelərini gündən-günə möhkəmləndirir. Eyni zamanda enerji məsələsindən söz açan Baş nazir bu sahədə də Azərbaycanın dünyadakı rolunun artmasını vurğulamışdır. Bütün əcnəbi iş adamları üçün açıq olan Azərbaycanda İtaliyanın çoxlu şirkətləri fəaliyyət göstərir. Baş nazir bu fəaliyyətin gələcəkdə də genişləndirilməsi üçün konkret planların tərtib edilib reallaşdırılması zərurətini gündəliyə gətirmişdir.

Sonda bir məsələni xüsusilə qeyd etmək istərdik. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri ilə görüşdə bugünki Azərbaycan həqiqətlərini yüksək səviyyədə xarakterizə edən bir ifadə işlətmişdir: “Azərbaycan beynəlxalq münasibətlər sistemində sabitləşdirici rol oynayır”. Heydər Əliyev siyasi dühasının müstəqil Azərbaycan dövlətinə bəxş etdiyi ən qiymətli dəyərlərdən biri də məhz bu prinsip – gənc dövlətin regionda sabitləşdirici rol oynaya bilmək səviyyəsinə qalxmasıdır.

 

İttifaq MİRZƏBƏYLİ.

 

Xalq qəzeti.-2008.-30 noyabr.-S.3.