Türkdilli Ölkələrin Parlament Assambleyası türk dünyasının inteqrasiyasını daha da sürətləndirəcək

 

Müsahibimiz Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri Nizami Cəfərovdur.

— Nizami müəllim, bugünlərdə Türkdilli Ölkələrin Parlament Assambleyasının təsis konfransı keçirilib. Belə bir Parlament Assambleyası hansı zərurətdən yarandı?

— Neçə illərdir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması haqqında söhbət gedirdi. Bunun zərurəti onunla bağlıdır ki, bu gün türk dünyası yalnız vahid bir mədəni məkan yox, həm də vahid bir siyasi məkana çevrilməkdədir. Vahid siyasi məkanın müəyyənləşmə ehtiyacı meydana çıxdığı bir vaxtda yalnız türk dövlət başçılarının zirvə toplantıları və yaxud türk xalqlarının qurultayları ilə kifayətlənmək olmaz. Hətta, ikitərəfli görüşlər də nə qədər zəngin olsa, çox keçirilsə belə, bu da əslində ardıcıl davamlı bir siyasi məkan yolu yaratmır. Amma təbii ki, həm ictimai birlik səviyyəsində, həm də ali orqan olaraq türk dövlət başçılarının zirvə toplantıları səviyyəsində aparılmış işlər də müəyyən şərait yaradıb ki, türkdilli ölkələrin parlamentlərinin qarşılıqlı əlaqələrini təmin edən bir qurum meydana çıxsın. Bu qurumun meydana çıxmasının ilkin mərhələsi ondan ibarət oldu ki, təxminən, bir il bundan qabaq Antalyada türkdilli ölkələrin parlament sədrlərinin müavinləri səviyyəsində görüş keçirildi və bu görüşdə qərara alındı ki, Katiblik yaradılsın.

İstanbul şəhərində yaradılmış Katiblik artıq xeyli iş görüb. Bu Katibliyin funksiyası nədən ibarət idi? Yeni yaradılmış qurum Parlament Assambleyasının yaradılması üçün zəruri prosedur qaydalarını və lazım olan sənədləri hazırladı. Katiblikdə demək olar ki, bütün türk dövlətləri parlamentlərinin katibləri təmsil olunurdu. Bu proses parlamentlərlə əlaqəli şəkildə aparılırdı. Parlament Assambleyanın yaradılması ilə bağlı toplantının açılışında Türkiyə Cümhuriyyətinin başçısı Abdullah Gül çıxış etdi. Dövlət başçısı bu Assambleyanın zəruriliyini əsaslandırdı, həm də maraqlı bir fikir səsləndirdi. Dedi ki, bu Assambleyanın yaradılmasında gecikmişik. Yəni, daha öncədən də yaradıla bilərdi. Çünki parlamentlərin belə bir birlik məclisinə böyük ehtiyac var. Bu toplantıda Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan da iştirak edirdi. Təsis konfransında Türkiyə Böyük Millət Məclisi, Azərbaycan, Qazaxıstan və Qırğızıstan parlamentləri təmsil olunurdular. Qeyd edim ki, kifayət qədər yüksək səviyyəli bir görüş keçirildi. Türkmənistan bu məclisə gəlməklə bağlı əvvəlcə razılıq vermişdi, təəssüf ki, son günlər qərarı dəyişdi. Özbəkistan da bu parlament birliyində iştirak etmirdi. Amma bütün çıxışlar, söhbətlər və məruzələr göstərdi ki, yaxın vaxtlarda Türkmənistan və Özbəkistan parlamentlərinin nümayəndələri də bu Assambleyanın işində iştirak edəcəklər. Bu inam nədən irəli gəlir? Ona görə ki, onların iştirak etməmələrinin səbəbi obyektiv yox, subyektiv səbəblər idi. Məsələn, yeni müstəqillik qazanmış türk dövlətlərinin hələ həddindən artıq müstəqil olmaq cəhdləri var. Sonra regional münasibətlərdən irəli gələn müəyyən mülahizələr, çəkinmək məsələləri meydana çıxdı. Bunlarla yanaşı Türkiyəyə münasibət məsələlərinin də müəyyən təsirləri özünü büruzə verir. Çünki müstəqillik qazanılandan sonra bəzi türk dövlətləri arasında münasibətlərdə bir sıra problemlər yaşandı. Bu da istər-istəməz öz təsirini göstərdi. Bütün bunlara baxmayaraq təsis konfransı çox yüksək əhval-ruhiyyədə keçirildi.

— Türk dövlətlərinin siyasi birliyinin yaranmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi qeyd edilib.

— Ümumiyyətlə, türk dövlətlərinin birliyindən, türk dünyasının dünya inteqrasiyasından söhbət düşəndə, ilk növbədə, bu sahədə müstəsna xidmətləri olan ulu öndər Heydər Əliyevin adı xüsusi qeyd edilməlidir. Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov çox yüksək səviyyədə çıxış etdi. O qeyd etdi ki, ümummilli lider Heydər Əliyevin türkdilli xalqlar arasında əlaqələrin daha sıx inkişaf etdirilməsində böyük rolu olub. Azərbaycan Prezidenti İlham Əliyevin son illərdəki fəaliyyəti dövründə türk dünyası və türk dünyasının birliyi üçün qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində gördüyü işlər də diqqətə çatdırıldı. Təbii ki, digər türk dövlət başçılarının, məsələn, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin xidmətlərindən söhbət açıldı. Hətta, Nursultan Nazarbayevin belə bir təklifi də müdafiə olundu ki, Parlament Assambleyası ilə yanaşı, həm də türk dünyasının Ağsaqqallar Şurası da yaradılsın. Bu təklif diqqəti daha çox cəlb edən məsələdir. Bu, Parlament Assambleyasının işini təkrar edəcək və yaxud ikinci, üçüncü dərəcəli rol oynayacaq bir qurum ola bilməz. Ağsaqqallar Şurası həm parlamentin işinə müəyyən qədər nəzarət, həm dövlət başçılarının zirvə toplantılarında görülən işin uğurlu getməsinə xeyli dərəcədə kömək edə bilər. Eyni zamanda, həm də türk dövlət başçıları zirvə toplantılarının bir növ müşaviri mövqeyindən çıxış edə bilər. Amma hələlik bu məsələ yalnız müzakirə səviyyəsindədir. Türkdilli Ölkələrin Parlament Assambleyası artıq yaradılıb.

— Hazırkı şəraitdə parlament birliyinin əhəmiyyəti nə dərəcədə böyükdür?

— Mən deyərdim ki, hazırda parlament birliyinə çox böyük ehtiyac var. Türk dövlətlərinin birliyi üçün vacib şərtlərdən biri də parlament birliyidir. Çünki parlament bütün dünyada ən demokratik qurumlardan biridir. Yəni orada xalq təmsil olunur. Müzakirələri xalqın nümayəndləri aparır. Qanunlar yalnız parlament tərəfindən qəbul olunur. Elə qanunlar var ki, onlar türk dünyası üçün ümumi qanunlardır. İstər-istəməz bu qanunların bir uyğunlaşdırılması prosesi getməlidir. Yəqin ki, yeni yaradılmış Parlament Assambleyası öz işini buradan başlayacaq. Bütün türk dövlətləri, yalnız Türkiyəni çıxmaq şərti ilə prezident dövlətləridir. Bildiyiniz kimi, Türkiyə parlament dövlətidir. Amma buna baxmayaraq, Türkiyənin siyasi tarixinin son dövrü göstərir ki, burada da prezident idarəçiliyinə müəyən meyllər var. Parlamentlərdə aparılan müzakirələr xalqın iradəsini ifadə edir. Parlament Assambleyası türk dünyasının, türk xalqlarının iradəsinin bir yerdə ifadə olunacağı bir qurum kimi ortaya çıxacaq. Unikasiya məsələləri, əlbəttə, bu gün çox vacibdir.

Məsələn, ilkin olaraq dövlətlərin konstitusiyaları ilə onların parlamentlərinə verilən hüquqlar, onun miqyası müəyyənləşdirilə bilər. Türk dövlətlərində hansı qanunlar qəbul olunub, hansılar qəbul olunmayıb, hansı türk dövlətində bu və ya digər qanun var, o biri türk dövlətində yoxdur və indiyə qədər qəbul olunmuş bu qanunlar arasında hansı fərqlər var. Bu məsələlərin müzakirəsi elə bir mühit yarada bilər ki, gələcəkdə bir prosedur konteksti ola bilər. Türk düynasında elə məsələlər var ki, bunlar ümumi məsələlərdir. Məsələn, ortaq türk əlifbası, ortaq türk dili məsələsindən başlamış türk dünyası üçün ümumi bazar məsələsinə qədər. Bura iqtisadi, maliyyə və digər münasibətlər daxildir. Bunlar Parlament Assambleyasının müzakirə obyektinə çevrilə bilər. Qeyd edim ki, Parlament Assambleyasında ümumi cəhətlər çoxdur. Bu məsələlərin ayrı-ayrı türk dövlətlərinin parlamentlərində müzakirə olunaraq qərar qəbul olunması heç cürə mümkün deyil. Çünki bunlar ortaq məsələlərdir. Ona görə də mütləq Parlament Assambleyasında müzakirə olunmalıdır.

Parlament birliyinin yaranması zərurəti bir də onunla bağlıdır ki, türk dünyasnıın ayrı-ayrı yerlərində elə problemlər çıxır ki, bunu bu və ya digər türk dövlətinin gücü daxilində həll etmək mümkün deyil. Məsələn, erməni soyqırımı iddiaları, Dağlıq Qarabağ problemi, Şimali Kipr, Orta Asiya dövlətlərinin bir-birinə münasibətində olan bəzi problemlər kimi. Eyni zamanda, bu Parlament Assambleyası ona görə yaranmır ki, turk dünyasını dünyadan təcrid etsin. Əksinə, ona görə yaradılır ki, türk dünyası dünyaya daha normal bir şəkildə inteqrasiya olunsun. Bu baxımdan qeyd etmək istərdim ki, Türkudilli Ölkələrin Parlament Assambleyası türk dünyasının dünyaya inteqrasiyasını daha da sürətləndirəcək. Elə beynəlxalq məsələlər var ki, türk dünyası bu məsələləri öz mənafeyi baxımından müzakirə edə bilər. Həm də söhbət ondan getmir ki, müzakirə olunan bütün məsələlərlə bağlı qərarlar qəbul edilsin. Elə məsələlər ola bilər ki, illərlə müzakirə olunsun. Parlament Assambleyası türk xalqlarının qurultayından, türksoydan, ya da türk dövlət başçılarının zirvə toplantısından fərqli olaraq uzun müddət fəaliyyət göstərən bir qurumdur. Yəni, burada bir şey müzakirə oluna bilər. Elə məsələlər var ki, onlar haqqında qərar qəbul olunmaya bilər və bu proses bir neçə il davam edə bilər. Bundan başqa, Parlament Assambleyası türk dünyasının ictimai maraqlarından irəli gələn siyasi beyin mərkəzinə çevrilməlidir. Eyni zamanda, cəmiyyətlə rəsmi qurum arasında olan münasibətləri əks etdirən, təhlil edən çox geniş bir kütləvi informasiya vasitələri şəbəkəsi olmalıdır. Bunun özü parlament birliyinin nə dərəcədə vacib olduğunu göstərir.

Müzakirələr zamanı qərara alındı ki, növbəti toplantı Bakıda keçirilsin. Türk dövlətlərinin parlament birliyi səviyyəsində əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafına kömək edəcək. Qeyd etdiyim kimi, elə məsələlər var ki, ikitərəfli danışıqlar vasitəsilə həll olunmalıdır. Parlament birliyi ikitərəfli münasibətləri genişləndirəcək parlamentlərarası qarşılıqlı əlaqələri daha da yaxınlaşdıracaq. İstanbul toplantısında iştirak etməyən Özbəkistan və Türkmənistan dövlətləri də vaxt qazanacaqlar. İstanbul toplantısında çox mühüm bir məsələyə də toxunudu. Bu da ondan ibarət idi ki, birinci mərhələdə təbii ki, türk dövlətləri parlamentlərinin millət vəkilləri təmsil olunurdular. İkinci mərhələdə bu və ya digər dərəcədə müstəqilliyi olan, lakin ayrı-ayrı dövlətlərin tərkibində olan parlamentlər bura cəlb olunsun. Yəni, burada söhbət daha çox Rusiya ərazisində olan Tatarıstan, Başqırdıstan, Yakutiya, Saxa, Altay və digər türk dillilərindən gedir. Nəzərə alaq ki, bəzi yarımmüstəqil respublikaların parlamentləri də var. Üçüncü mərhələdə müasir dünyada olan hansı dövlətin tərkibində türk xalqalrı toplu şəklində yaşayırsa, həmin dövlətin parlamentini ifadə edən deputatları Assambleyaya dəvət olunacaqlar. Məsələn, Rusiyada, Çində, İranda, Gürcüstanda çoxlu sayda türk xalqları yaşayırlar. Onların da deputatları yeni yaradılmış qurumda təmsil olunmalıdır. Bu Parlament Assambleyası bütün türk dünyasını ifadə edəcək.

Nizami müəllim, Türkdilli Ölkələrin Parlament Assambleyasının təsis olunması artıq əks-reaksiyasını göstərib. Bizim düşmənlərimiz Türklərin yığışıb Turan dövləti yaratması barədə səs-küy salmağa başlayıblar. Xüsusilə, erməni saytlarında, kütləvi informasiya vasitələrində bu barədə məlumatlar yayılıb. Bu məsələyə münasibətinizi bilmək maraqlı olardı.

Türkdilli Ölkələrin Parlament Assambleyası müasir beynəlxalq standartlar insan hüquqlarının qorunmasına müvafiq bir şəklində yaradılıb. Yəni, burada söhbət Turan dövlətindən, türklərin yığışıb dünyanı dağıdacağından gedə bilməz. Bunlar sərsəm fikirlərdir. Türk xalqları müasir dünyanın kifayət qədər inkişaf etmiş harmoniya yarada biləcək xalqlarıdır. Türk xalqları dünyaya parçalanmış, dağıdılmış bir şəkildə inteqrasiya oluna bilməz. Burada bir harmoniya olmalıdır. Digər tərəfdən, Türkdilli Ölkələrin Parlament Assambleyası bütün dünyanın böyük hüquqi təfəkkürü üçün həmişə açıq olacaq. Müasir qanunvericilik, modern texnologiyaları əsasında fəaliyyət göstərəcək. Bunun üçün ən böyük təcrübə Avropa Şurası Parlament Assambleyasının prinsipidir. Bununla yanaşı, etnik milli əsaslarla qurulan Parlament Assambleyaları da var. Məsələn, ərəb ölkələrində Cənubi Amerika, Pribaltikada belə parlament birlikləri fəaliyyət göstərir. Təcrübə göstərir ki, daha bir sıra yerlərdə dil, mədəniyyət, etnoqrafiya düşüncə tərzi birliyinə görə assambleyalar yaradıla bilər. O mənada burada hansısa patriorxal birlikdən yox, kifayət qədər çevik, dünyada gedən proseslərə təsir edə bilən, türk xalqlarının münafelərini müdafiə edən bu mənafelərlə dünyanın, insanlığın mənafeyini əlaqələndirən qurum olacaq.

Onu da qeyd edim ki, Təsis Sazişinin dörd ölkə parlament sədrləri tərəfindən imzalanmasına baxmayaraq, digər türkdilli ölkələr bu quruma üzv olacaqlar. Hadisələrin gedişi göstərir ki, türk xalqlarını bir-birinə bağlayan, birləşdirən xüsusiyyətlər daha çoxdur. Məhz bu baxımdan Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması təqdirəlayiq haldır çox böyük əhəmiyyət kəsb edir.


            Müsahibəni qələmə aldı: Əliqismət BƏDƏLOV
.

 

Xalq qəzeti.-2008.-30 noyabr.-S.3.