VI ULUSLARARASI TÜRK DİLİ QURULTAYI MÜVƏFFƏQİYYƏTLƏ KEÇİRİLDİ VƏ TARİXƏ YAZILDI

 

Türk dünyası dilçilərinin böyük maraqla gözlədiyi və 15 ay hazırlıq işləri gedən VI Uluslararası Türk dili Qurultayı 2008-ci il oktyabrın 20-də Ankaradakı Bilkend otelinin Sakarya salonunda öz fəaliyyətinə başladı. Öncə İstiqlal marşı çalındı və Mustafa Kamal Atatürkün xatirəsi anıldı. Mustafa Kamal Atatürkə olan bu sayğı qurultay iştirakçıları tərəfindən onun Türk dünyası qarşısında əvəzsiz xidmətlərinin çox cüzi bir mükafatı kimi başa düşülürdü. Həmin an Azərbaycanın və ümümən, Türk dünyasıının XX əsrdə yaşamış ən böyük mütəfəkkirlərindən olan Əli bəy Hüseynzadənin Mustafa Kamal Atatürkə həsr etdiyi şeirin bəzi misraları mənim qəlbimdən keçdi:

          Ucadır ülgüsü ulu öndərin,
          Diləyi: ölkədə türkcə söylənsin.
          Ey Türk ozanlar, irəli gəlin
          Bu işlər bir az da ozanla olur.

         Onun göstərdiyi yolla yürürəm,
         Önümdə gözəllik, işıq görürəm.

 

Sonra tədbirin açılış mərasimində nitqlər söyləndi. İlk açılış nitqini Türk Dili Qurumunun Başkanı prof.dr. Şükrü Haluk Akalın etdi. O, Türk Dili Qurumunun keçdiyi zəngin tarixi yoldan, dil quruculuğu sahəsində göstərdiyi xidmətlərdən, qurumun indiyə qədər fəaliyyətinin ən dəyərli məqamlarından, gələcəkdə görüləcək işlərin nə dərəcədə əhəmiyyətli olduğundan və sair məsələlərdən bəhs etdi.

Yeri gəlmişkən qeyd edək ki, VI Uluslararası Türk Dili Qurultayında Prezident Abdullah Gül, Baş nazir Rəcəb Tayyib Ərdoğan, dövlət bakanı professor Mehmet Aydın da iştirak edirdilər.

Türkiyənin dövlət başçısı Abdullah Gül türkologiya sahəsində əvəzsiz xidmətləri olan üç türkoloqu şəxsən özü “Ləyaqət nişanı” ilə təltif etdi. Ləyaqət nişanı ilə təltif olunmuş türkoloqlar İsveç (Lars Johanson), Macarıstan (Andreas Ronatos) və Rusiya (Viktor Quzev) təmsilçiləri oldu. Əlbəttə, belə bir şərəfli təltif təkcə mükafat alanları deyil, qurultay iştirakçılarının hər birini ürəkdən sevindirdi. Mükafat iştirakçı alimlərin hər biri üçün türkologiya sahəsində xidmətlərini fəallaşdırmaq işində stimullaşdırıcı rol oynadı.

2008-ci ildə dünyanın ən böyük itkilərindən biri Çingiz Aytmatov vəfat etmişdir. Bu itkinin türk dünyası üçün nə dərəcədə ağır olduğu Çingiz Aytmatova həsr edilmiş bölümdə dönə - dönə qeyd olundu. Onun türk dünyası üçün xidmətlərindən danışıldı, yazdığı əsərlərin dünya ədəbiyyatına verdiyi töhfələrdən, rus dilində yazmaqla türk bədii düşüncə tərzinin imkanlarını rusdilli oxuculara anlatmağından və s. məsələlərdən bəhs olundu. Belə bir müqayisə aparıldı ki, vaxtilə Mahmud Kaşğari də öz məşhur lüğətini ərəb dilində yazmaqla türk dilinin incəliyini, zərifliyini, imkanlarını ərəblərə, ərəbdilli oxuculara anlatmağa çalışmışdı. Yaxud, Nizami Gəncəvi fars dilində yazmaqla türkçülük ideyalarını daha da geniş yaymış, farsdilli oxuculara türklərə məxsus olan dəyərləri anlatmağa çalışmışdır.

Onu da qeyd etmək yerinə düşər ki, 2008-ci il YUNESKO tərəfindən Mahmud Kaşğari ili elan edilmişdir. Bu il Mahmud Kaşğarinin 1000 illik yubileyi YUNESKO tərəfindən qeyd edilir. Bundan başqa, əlifba islahatının türk xalqlarının ərəb əlifbasından latın qrafikasına keçməsinin 80 ili tamam olur.

VI Uluslararası Türk Dili Qurultayında xarici ölkələrdən gəlmiş nümayəndələr adından nitqlər söyləndi. Azərbaycan nümayəndə heyəti adından AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev çıxış etdi. Natiq Türk Dili Qurultayının xalqlararası əlaqələrin genişlənməsinə xidmət göstərdiyini qeyd edərək bu tədbirin türk xalqlarının bir - birini anlamasına yardımçı olduğunu qurultay iştirakçılarının nəzərinə çatdırdı. Doğrudan da bir - birimizi daha dərindən tanımağımız ortaq dəyərlərimizi aşkarlamağımız məhz belə tədbirlərlə sıx bağlıdır.

Türk xalqları bir - birinə yaxınlaşdıqca aydınca görünür ki, dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin ortaq qaynaqları çoxdur. Bu qaynaqlar olduqca dəyərlidir. Türk olan hər bir kəsi qürurlu edəndir... Açığı deyim ki, Mustafa Kamal Atatürkün şəxsən özünün tikdirdiyi əski türk ocağında türk xalq rəqslərini seyr etdikcə bir daha etnoqrafiyamızın, adət - ənənələrimizin nə qədər zəngin olduğunun şahidi olduq. Mən şəxsən rəngarəng türk xalq rəqslərini seyr etdikcə canımda qanım qaynadı, ruhum təzələndi, bir könüldən min könülə türk dünyasına yenidən aşiq oldum. Ancaq biz bu zənginlikləri indiyə qədər tam halda dünyaya tanıda bilməmişik. Qeyd etmək yerinə düşər ki, dünya mədəniyyəti həm də ona görə zəngindir ki, onun tərkibində türk mədəniyyəti də var və bu mədəniyyət yaşayır, türk ruhunu qürurla təmsil edir.

Daha dərinliklərə getdikcə görürsən ki, türk xalqlarını birləşdirən vahid kök vardır. Bu kökün üzərində türk xalqları qol - budaq atıbdır. Eyni zamanda, kökü bu və ya digər baxımdan az və ya çox dərəcədə qoruyub saxlayıbdır. Mən kosovolu və makedoniyalı türk qardaşlarımla söhbət edəndə gördüm ki, biz bir-birimizdən tarixi baxımdan uzaqlaşsaq da, ortaq dəyərlər baxımından çox yaxınıq: Novruz bayramı, Qurban bayramı, digər adət - ənənələr dünyanın müxtəlif yerlərində yaşayan hər bir türk tərəfindən qorunur. Fikir verin, türklərdə bir Xıdır Əlləz // Xızır İlyas // Xıdır Elləz // Xıdır Nəbi bayramı vardır. Bu bayram, sən demə, hal -hazırda Makedoniya, Kosovo türklərində də yaşayır. Doğrusu, etnos, xalq, millət nə qədər təqib, təzyiq altında olursa, bir o qədər də öz varlığını daha çox qoruyub saxlayır. Bu mənada dünyanın müxtəlif bölgələrində kiçik toplum şəklində yaşayan türk xalqlarının hər biri adət - ənənəsini, dilini, mədəniyyətini qoruyur. Özü də dövləti, müstəqilliyi olan türk xalqlarından geri qalmayacaq dərəcədə, əksinə, bu dəyərlərə bir qədər də mühafizəkarlıq göstərərək qoruyur.

Nə yaxşı ki, türk xalqlarının yazılı abidələri, klassikləri, görkəmli tarixi şəxsiyyətləri, müqəddəs adamları var... Bunlar türklərin işıqlı gələcəyinə olan inamı daha da artırır. Türk dünyasının bir parçası olan Azərbaycan həmişə türkologiyanın beşiyi sayılıb, türk xalqları tərəfindən sevilib və rəğbətlə qarşılanıbdır. Elə bu qurultayda da həmin rəğbəti hiss etmək olurdı. Türklərin bizə doğmalığını, yaxınlığını, sayğısını, məhəbbətini hər birimiz görürdük. Qurultay iştirakçıları üçün hazırlanmış konsertlərdə Azərbaycan mahnılarının türk qardaşlarımız tərəfindən oxunması bizi həm sevindirir, həm də dünyanın 34 ölkəsindən gəlmiş türkoloqlara daha yaxından tanıdırdı. Müxtəlif ölkələrin Bilkend otelinin qarşısında dalğalanan bayraqları konfrans iştirakçılarının hər birini duyğusal əhval - ruhiyyəyə kökləyirdi. Dünyanın 34 ölkəsindən gəlmiş türkoloqların baxışlarından Ziya Göyalpın məşhur misralarını oxumaq olurdu:

          Oğuz xan! İştə budur könlümə edən məlhəm:
          Vətən nə Türkiyədir türklərə nə Türkistan,
          Vətən — böyük və müəbbəd bir ölkədir: Turan...

 

Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” şeirinə Üzeyir Hacıbəyovun bəstələdiyi məşhur mahnının türk müğənnisi tərəfindən Azərbaycanın şərəfinə ifa olunması zaldakı bütün türk xalqları nümayəndələrini ayağa qaldırdı. Onların bir qismi bu mahnını alqışlayır, digərləri isə əl - ələ verərək birliklərini nümayiş etdirirdilər. Doğrudan da, bu mahnının mətni çox dolğun və tutumludur. Oradakı sözlərin məna və məzmunu insanın əhval - ruhiyyəsini xoş, fərəhli ovqatla yükləyəndir. Mən deyərdim ki, bu şeir türkçülük ideologiyasının hər bir türkün qəlbinə yol tapa bilməsi istiqamətində danılmaz rola malikdir. Bu şərqi özündən asılı olmayaraq hər bir kəsi təbii olmağa məcbur edir, hətta hamını birlikdə ifa etmək məcburiyyətinə kökləyir.

          Dost elindən əsən yellər
          Bana şeir ... salam söylər.
          Olsun bizim bütün ellər
          Qurban Türkün bayrağına!

 

VI Uluslararası Türk Dili Qurultayında 400 - dən çox məruzə dinlənildi. Bu məruzələrin geniş müzakirəsi, əlbəttə, türkologiyanın xeyrinə oldu. Ən başlıcası o idi ki, natiqlər öz məruzələrini söyləməklə işlərini bitmiş hesab etmirdi. Bölmələr üzrə söylənən digər məruzələri də maraqla dinləyirdilər. Yeri gəlmişkən mənim məruzəm “I Türkoloji Qurultayın proqramı çağdaş türkologiyamızın qarşısında duran vəzifələrdir” adlanırdı. Mən bu məruzə ilə yanaşı, bir bölmənin rəhbəri kimi də fəaliyyət göstərirdim. Rəhbərlik etdiyim bölmədə maraqlı məruzələr söylənildi. Bu bölmədə Türkiyə, Türkmənistan, Özbəkistan türkoloqlarının məruzələri geniş müzakirəyə səbəb oldu. Ən başlıcası, bu müzakirə prosesində türkoloqlarla əlaqələrimizin genişlənməsinə imkan yarandı.

Açığı deyim ki, hazırda ingilis dili dünyanın qəbul etdiyi beynəlxalq dil olsa da, türk xalqlarının vahid ortaq dildə ünsiyyət qurmalarının vacibliyi də türkoloqlar tərəfindən qeyd olundu. İngilis dilini bilmək dünyanı öyrənmək üçün nə qədər geniş imkanlar açırsa, ortaq türk dilində ünsiyyət qurmaq da bir o qədər türk dünyasını geniş öyrənmək üçün qapılar açır. Bunun üçün başda Türkiyə olmaqla, digər türk xalqlarının və millətlərinin də bir güc, iradə birliyi içində olmalarının gərəkliliyi vurğulandı. Ona görə də türk millətləri arasında siyasi, iqtisadi, mədəni, elmi və s. əlaqələrin genişlənməsinin strateji istiqamətləri barədə təəssübkeşliklə söhbət aparıldı.

Oktyabrın 25-dək davam edən tədbirdə gələcəkdə çağrılacaq qurultaylar barəsində də xoş sözlər danışıldı. Bu istiqamətdə arzu və istəklərin həyata keçməsi üçün maraqlı fikirlər söylənildi. Hər dörd ildən bir Türk Dili Qurultayının çağrılmasının vacibliyi qeyd olundu. Bu istəklə, bu arzuyla 2012-ci ildə VII Uluslararası Türk Dili Qurultayında görüşmək ümidi ilə türkoloqlar bir - birindən ayrıldılar.

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.-2008.-29 noyabr.-S. 7.