Super qrossmeysterlərin super qələbəsi yaxud, Avropa şahmatının azərbaycanlı sərkərdələri

 

Teymur Rəcəbov, Vüqar Həşimov, Şəhriyar Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədovdan ibarət super qrossmeysterlər komandası super qələbə qazanmışdır. Hələ çox gənc, lakin səmimi və əzmkar bu komanda 2009-cu ilin 30 oktyabr axşamında Serbiyanın Novi Sad şəhərində Azərbaycan tarixinə ölkəmizin hər bir vətəndaşına böyük qürur gətirən şanlı bir səhifə yazmış və ən azı 2011-ci ilin payızınadək fəxrlə Avropa çempionu adını daşıyacaqdır. İki il əvvəl Yunanıstanın Krit adasında yerləşən Heraklio şəhərində keçirilən qitə çempionatında öz tarixində ilk dəfə mükafatçılar sırasına daxil olub bürünc medal qazanan qrossmeysterlərimiz indi Serbiyada ən yüksək zirvəni fəth edərək sinələrini qızıl medallarla bəzəmişlər.

 

Avropa çemponatında böyük qələbəyə, fəxri kürsünün ən yüksək pilləsinə aparan yol isə hamar deyildi. Onun üç dəst medalı uğrunda nə az, nə də çox — 38 ölkənin komandaları kəskin rəqabət aparırdılar və qızıl mükafatların taleyi sonuncu turda həll olundu.

Rusiya və Azərbaycan komandaları həlledici raunda eyni miqdarda xalla başlasalar da, əlavə göstəricilərə görə komandamız ikinci pillədə idi. Lakin ən çətin, ən məsul anda hər şey bizim oğlanların, onların minlərlə pərəstişkarının arzuladığı məcrada davam etdi. Rusiya komandası İspaniya ilə matçda heç-heçə ilə kifayətlənməli oldu (2:2), Azərbaycan yığması isə ikinci taxtada Vüqar Həşimovun hollandiyalı Daniel Stellvagen ilə gərgin görüşdə əzmkar oyunu və 75-ci gedişdə qələbəsi sayəsində matçı 2,5:1,5 hesabı ilə öz xeyrinə başa çatdırıb (buna qədər Rəcəbov Yan Smitslə, Məmmədyarov Ervin L’Ami ilə, Məmmədov isə Ernst Sipke ilə heç-heçəyə razılaşmışdılar) əsas rəqibi üçün əlçatmaz oldu.

Xüsusi qeyd edək ki, komandamız Avropa çempionu adını inamla, əlavə göstəricilərin köməyinə ehtiyac olmadan qazanmış və yekun cədvəlində Rusiyanı bir xal qabaqlamışdır. Çempion finişə 15 xalla çatmış (9 matçda 7 qələbə, 1 heç-heçə və yalnız 1 məğlubiyyət), rusiyalı qrossmeysterlər isə 14 xal toplamışlar. Bürünc medalların sahibi Ukrayna da (13 xal) öz növbəsində gümüş mükafatçıdan 1 xal geri qalmışdır.

Tarixi qələbə, Azərbaycan üçün Avropa qızılı qazanılmışdır. Bu böyük müvəffəqiyyətin əldə olunmasında doqquz gün ərzində taxta arxasında uzun çəkən, bəzən beş saatdan da artıq davam edən “döyüşlərdə” komandamızın bütün üzvləri əsl qəhrəmanlıq nümunəsi göstərmiş, vətənimizə qızıl medalların sevincini yaşatmaq, Bakıya çempion kimi qayıtmaq üçün əllərindən gələni etmişlər.

Qrossmeysterlərimizdən ikisi isə həm də fərdi mükafatlara sahib olmuşdur. Çempionatın bütün iştirakçılarından yalnız dördü — Həşimov, Məmmədyarov, norveçli Lüdviq Con Hammer və finlandiyalı Tomi Niabik hərəyə 6,5 xal toplamışlar. Bu nəticə ilə Vüqar ikinci taxtada, Şəhriyar isə üçüncü masada birinci olmuşlar.

Qadın şahmatçılarımızın da çıxışları hər cür tərifə layiqdir. Çempionat ərəfəsində heç kim onların bu qədər uğurla çıxış edəcəklərini deməyə cəsarət etməzdi. Çoxlarımız bu qənaətdəydik ki, əgər qızlar 2007-ci ilin Avropa çempionatında göstərdikləri nəticəni (10-cu yer) Novi Sadda da təkrar edə bilsələr, bu heç də pis göstərici olmaz. Lakin Zeynəb və Türkan Məmmədyarovalar, Nərmin Kazımova, Xəyalə İsgəndərova və Gülnar Məmmədovadan ibarət heyət çempionatın lap əvvəlindən cəsarətli və məhsuldar oyunu ilə diqqət mərkəzində olub yarışı son turda Sloveniya komandası üzərində qələbə ilə başa çatdırdı — 2,5:1,5. Bununla da qızlar bütün Avropaya sübut etdilər ki, onlar öz oyunları ilə çox şeyə qadirdirlər. Səkkiz görüşdə “meydana çıxıb” komandasına 5,5 xal qazandıran Türkan hətta şəxsi hesabda ən yaxşı nəticələrdən birini göstərdi.

Yalnız bir şeyə təəssüflənə bilərik ki, bu komandamız fəxri kürsüdən kənarda qaldı. Çempionatın yekun cədvəlində qızları üçüncü mükafatçıdan cəmi bir pillə ayırır. Finişə 12 xalla dördüncü çatan Azərbaycan komandası üçüncü yerin sahibi Ukrayna yığması ilə eyni nəticə göstərmiş və ondan yalnız əlavə göstəricilərə görə geri qalmışdır. Bununla belə, 28 komanda arasında dördüncü yer bizim qızlar üçün çox yaxşı göstəricidir. Onları da ürəkdən təbrik edək.

Qadın komandalarının çempionatında qızıl medalların da taleyini əlavə göstəricilər həll etmişdir. Son turda müvafiq surətdə Ermənistan və Rumıniya yığmalarına eyni hesabla (2,5:1,5) qalib gələn Rusiya və Gürcüstan komandaları hərəyə 16 xal toplamışlar. Rusiyalı çempionlar gürcüstanlı gümüş mükafatçılardan yalnız əlavə göstəricilərə görə üstün ola bilmişlər.

Beləliklə, Azərbaycan sevinc içərisindədir. Avropa çempionatının qızıl medalları bizimdir. Üstəlik, qızlar da ölkənin şərəfini layiqincə qorumuşlar. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərdə komandalarımızın məşqçiləri rolunda çıxış etmiş FİDE-nin vitse-prezidenti, qrossmeyster Zurab Azmayparişvilinin və zəngin təcrübəli mütəxəssis, şahmat məktəbimizin ən tanınmış yetirmələrindən biri olan Fikrət Sideyifzadənin, respublika Şahmat Federasiyasının da xidmətləri böyükdür.

Qazanılmış qələbə həm də Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmanımızın, o cümlədən şahmatın inkişafına göstərdiyi daimi qayğı və diqqətin daha bir parlaq təzahürüdür. Avropa şahmatının ən yaxşı komandası adını qazanmaq hər ölkənin işi deyil.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.-1 noyabr.- S. 8.