Tale yazıları

 

Çağdaş məişət leksikonunda işlətdiyimiz “yazı” anlayışının semantik çaları adi, bəsit görünsə də filologiya elmləri doktoru, professor Vilayət Quliyevin “Son illərin yazıları” kitabında bu söz yeni məna, qürur və iftixar hissi yaşadan mahiyyət kəsb edir. Elmi-publisistik üslubda işlənmiş bu “yazılar”la dərindən tanış olduqca bitkin və mükəmməl struktura, zəngin fakt yeniliyinə, cazibədar və şirin təqdim manevrlərinə, millətsevərlik və yurdsevərlik hissləri ilə yoğrulmuş yenilməz ruha, məfkurəyə malik tutumlu, sanballı əsərlərin yaranışının Tanrı işi, tale qisməti olduğuna inanmaya bilmirsən.

 

Ən qədim türk yazılarının açıq muzeyi sayılan Orhun daş kitabələrinin ziyarətinə gedən müəllifin yaşadığı duyğu və düşüncələrini həyəcansız oxumaq, geniş erudisiyasına, ümummilli tarixi keçmişimizin 1300 illik dərinliyinə göstərdiyi maraq və ehtirama heyran qalmamaq mümkün deyil. İmkanlı insanlarımızın çoxu məzuniyyətlərini Avropa ölkələrinin ən gözəl kurort şəhərlərində keçirməyi üstün tutduqları halda bu kitabın müəllifi eynitəyinatlı vaxtını qışın 15-20 dərəcə şaxtalı-sazaqlı vaxtında, Ulan-Batorun 400 kilometrliyində yerləşən Qaraqorum yaxınlığındakı ucsuz-bucaqsız çöllüyə səpələnmiş “Bilgə Kağan”, “Kül Tigin”, “Tonyukuk” yazılı abidələrinin ziyarətinə yollanmışdı.

Əski türk runik yazılarına kitab müəllifinin dərin məhəbbəti haradan qaynaqlanır? – sualına Vilayət müəllim özü belə cavab verir: “Dindar bir müsəlmanın Məkkə ziyarəti nə qədər içdən gələn və qutsaldırsa, ana dilini sevən, tarixini öyrənmək, onun qaynaqlarına baş vurmaq istəyən hər bir türk insanı üçün də ucsuz-bucaqsız Monqolustan çöllərindəki bu yazılı daşları ziyarət etmək o qədər mühüm və zəruridir.”

Vilayət Quliyevin hələ universitet illərindən əski türk abidələrinə ciddi maraq göstərməsinin, L.Qumilyovun “Qədim türklər” kitabını Azərbaycan və türk dillərinə çevirməsinin və uzun əsrlərdən sonra ilk oxunuşu “Tenqri” (Tanrı) sözü ilə başlanan Orhun abidələrinə ziyarətini gerçəkləşdirə bilməsinin səbəbini dilimizə və qədim tariximizə sevgi ilə yanaşı, bir tale yazısı, Tanrı qisməti kimi də dəyərləndirmək olar. Əslində, onun “Son illərin yazıları” adlandırdığı kitaba daxil etdiyi məqalələr tarixi vətənindən uzaqlarda mühacirət həyatı yaşamış, Azərbaycanla gen, qan və mənəvi bağlılığı olan görkəmli şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, mütəfəkkirlərin, elm və ədəbiyyat adamlarının keşməkeşli ömür yolu, qəribə tale yazılarıdır.

Bu yazılar müxtəlif aktual mövzuları əhatə etsə də mənəvi sərvətlərdən yükünü tutaraq ovsarla bir-birinə bağlanıb susuz səhralardan, Orhun çöllüklərindən üzü sabaha doğru yol gedən dəvə karvanını xatırladır. Karvanın önündə gedən dəvə ləngərlidi, asta addımlarından hiss olunur ki, yükü çox ağırdı... Çünki Azərbaycan ədəbi-ictimai fikrinin intibahında, milli-mənəvi dəyərlərin intişarında, istiqlal və azadlıq ideyalarının təbliğində müstəsna xidmətləri olan görkəmli mütəfəkkir, mühərrir, müəllim, müstəşar, milliyyətçi və mücahid Əhməd bəy Ağaoğlunun ədəbi-bədii, elmi-fəlsəfi irsini aparır.

“Sonuncu mogikan – Əhməd Ağaoğlu” məqaləsini 70 illik sovet dönəmində haqsız olaraq tarixi vətənində qınanan böyük fikir adamının elmi bəraəti kimi də dəyərləndirmək olar. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2007-ci ildə Əhməd bəy Ağaoğlunun kütləvi tirajla (25000!) işıq üzü görən “Seçilmiş əsərləri”nin tərtibçisi, ön sözün, izah və şərhlərin müəllifi də professor Vilayət Quliyevdir. O, Ə.Ağaoğlunun çoxcəhətli fəaliyyətini, zəngin yaradıcılığını, bütövlükdə, Türk-islam dünyasının ədəbi-bədii düşüncəsinin ayrılmaz tərkib hissəsi kimi təqdim edir və yüksək qiymətləndirmişdi.

Vilayət Quliyevin bir vətəndaş-alim fədakarlığının nəticəsində Türkiyədə yaxşı tanınan Azərbaycan əsilli ədəbiyyatşünas-alim, türkoloq Əhməd Cəfəroğlunun “Seçilmiş əsərləri” (2008), görkəmli ictimai-siyasi xadim, modern yazıçı Səməd Ağaoğlunun “Hekayələr, memuarlar”(2008), “Behbud Xan Cavanşirin məhkəmə prosesi” (2008) və Azərbaycan Xalq Cümhuriyyəti Milli Məclisinin sədri, Paris sülh konfransında nümayəndə heyətimizin rəhbəri Əlimərdan bəy Topçubaşovun “Azərbaycan Paris sülh konfransında” (2008) kitabları Azərbaycan oxucusuna ilk dəfə təqdim edilmişdir. Bu kitabların tərtibi, çapa hazırlanması, onlara geniş müqəddimə, izah və şərh yazılması və geniş ədəbi-elmi ictimaiyyətə çatdırılması Vilayət müəllimin böyük əzmkarlığı və yorulmaz səyi sayəsində mümkün olmuşdur.

“Son illərin yazıları” sırasında Azərbaycan – Türkiyə ictimai-siyasi, ədəbi-mədəni əməkdaşlıq tarixinə sanballı töhfə verən, əhəmiyyətli xidmət göstərən məqalələrdən “Səməd Ağaoğlu – atasına layiq oğul”, “Əhməd Cəfəroğlu: Gəncədən bütün türk dünyasına”, “İstanbulda azərbaycanlı bir xanım – Nazan Ölçər”, “Türk ordusunun azərbaycanlı generalları – Bərköz qardaşları”, “Bakıda ilk türk diplomatı - Məmduh Şövkət Esendal” və b. adlarını xüsusi vurğulamaq olar. Türkiyə Cümhuriyyətinin demokratik inkişafında, dövlət quruluşunun möhkəmləməsində, elmi-mədəni irsinin zənginləşməsində fəal iştirak edən həmyerlilərimizdən Səməd Ağaoğlu Türkiyənin sənaye naziri, Baş nazirin müavini vəzifələrinə qədər yüksələ bilib, Əhməd Cəfəroğlu İstanbul Universitetinin professoru, Türkiyyat İnstitutunun direktoru işləyib.

Əslən Şəkidən olan istiqlal medallı Məhəmməd Sarıkərimli (Bərköz) Türkiyə Jandarmeriyasının baş komandanı, general-polkovnik, qardaşı Mahmud Sarıkərimli (Bərköz) isə Üçüncü ordu komandanı, ordu generalı kimi yüksək vəzifəyə və rütbəyə öz istedadları, bacarıqları sayəsində layiq görülüblər. Bu unikal faktlar hər bir azərbaycanlının içində iftixar hissi yaradır, qürur mənbəyinə çevrilir. Xalqımızın bu görkəmli oğullarının əldə etdikləri nailiyyətlər bütün türk dünyasının dirçəlişinə, yüksəlişinə, xalqlar arasında münasibətlər sisteminin nizamına, möhkəmlənməsinə həsr edilmiş unudulmaz tarixi xidmətlərdir.

“Bakıda ilk türk diplomatı – Məmduh Şövkət Esendal” haqqında da çağdaş Azərbaycan oxucusuna ilk dəfə maraqlı, geniş və ətraflı məlumatı professor Vilayət Quliyev təqdim edir. Bu məqalədə 1920-ci ilin sentyabrında Türkiyənin siyasi nümayəndəsi sifətilə Bakıya gələn Məmduh Şövkət Esendalın təkcə həyatı, diplomatik fəaliyyəti deyil, bütövlükdə dövrün və iki ölkə arasında mövcud münasibətlərin siyasi-publisistik icmalı yüksək peşəkarlıqla öz əksini tapmışdır. Mövzunu arxiv materialları əsasında dərindən araşdıran müəllif zərurət yarandığı halda nümayəndəliyin böyük elçiliyə (səfirliyə) çevrilməməsinin, Bakıya hərbi attaşe göndərilməməsinin səbəblərini araşdırmışdır. Yazıda Azərbaycanda get-gedə dəyişilən ictimai-siyasi vəziyyətin münasibətlərə mənfi təsirinin səbəbləri də göstərilmişdi.

Tale elə gətirmişdir ki, bu sətirlərin müəllifi də iyirmi il əvvəl Azərbaycanın Türkiyədə ilk hərbi attaşesi işləmiş Ələsgər Əsgərov haqqında araşdırmalar aparmış, məqalə çap etdirmişdir. Azərbaycan XİN-in arxivindəki sənədlərə əsasən, məlum oldu ki, Türkiyənin cəbhədə vəziyyəti ilə bağlı sovet rəhbərliyi Ə.Əsgərovdan məxfi informasiyalar tələb ediblər. Ə.Əsgərov buna açıq etiraz etdikdə isə onu İstanbula göndərilməsindən doqquz ay sonra, 1922-ci ilin mayın 7-də həbs edərək qolları qandallı Bakıya göndəriblər. Lakin hərbi attaşe Samsunda Rusiyanın qırmızı dipkuryerlərinin əlindən çıxmağa müvəffəq olub. Bu hadisə sözsüz ki, Türkiyənin Bakıdakı siyasi nümayəndəliyinin fəaliyyətinə, onun statusunun yüksəldilməsinə və ştatının genişləndirilməsinə mənfi təsir göstərmişdi. Məmduh Şövkət Esendalın Bakıda diplomatik fəaliyyət göstərdiyi, yaşadığı dövrdə (1920-1924) Mirzə Bala Məhəmmədzadənin rəhbərlik etdiyi İstiqlal hərəkatı Azərbaycanın müstəqilliyi uğrunda sovet rejiminə qarşı gizli mübarizə aparırdı. Milli istiqlalçılarla əlaqədar məxfi arxivlərdə araşdırmalar apararkən 1923-cü ildə əvvəl İrana, sonra isə Türkiyəyə mühacirət etmiş Mirzə Balanın dəfələrlə Məmduh Şövkət Esendalla görüşməsi, istiqlal hərəkatına ondan maddi və mənəvi dəstək istəməsi istintaq sənədlərində öz təsdiqini tapmışdı. Gizli İstiqlal təşkilatının 1923-cü ilin oktyabrın 1-də Azərbaycan Çekası tərəfindən 20 nəfər fəal üzvünün həbs edilməsi onların Türkiyə diplomatı ilə məxfi əlaqələrini üzə çıxartmışdı.

Siyasi münasibətlərdə soyuqlaşma özünü çox gözlətməmişdi. Əgər İzmirin azad edilməsi (1921, 30 avqust) münasibətilə respublikanın partiya və hökumət başçıları Məmduh Şövkəti hərarətlə təbrik etmişdilərsə, Türkiyənin özünü Cümhuriyyət elan etməsi (1923, 29 oktyabr) münasibətilə diplomatın Azərbaycan rəhbərliyi tərəfindən “unudulması” təsadüfi deyildi. Hadisələrin sonrakı inkişafı nəticəsində 1924-cü ilin aprelində milli istiqlalçılar Solovkiyə, “Buzlu cəhənnəmə”, Məmduh Şövkət Esendal isə münasibətlərin “buzlaşma” prosesinin əsas günahkarı kimi Tehrana yola salınmışdı. Türkiyə diplomatının işğalçı sovet rejimi şəraitində gənc milli istiqlalçılara mənəvi dəstəyi o dövr üçün çox cəsarətli addım idi və şübhəsiz ki, rəğbətə layiqdir.

Bakı mühitinin Məmduh Şövkət Esendal şəxsiyyətinə, dünyagörüşünə təsirsiz qalmadığını vurğulayan kitab müəllifi yazır: “Ötən əsrin 20-ci illərinin əvvəllərində Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəfər Cabbarlı kimi görkəmli sənətkarların yazıb-yaratdıqları Bakıda yaşaması Məmduh Şövkətin həyatının ən əlamətdar mərhələsi olmuşdu. O dövrdə Azərbaycanın bütün müsəlman Şərqində misli-bərabəri olmayan zəngin teatr və musiqi həyatı, Şərq və Qərb mədəniyyətinin çuğlaşdığı Bakı mühiti ölkəmizdəki ilk Türkiyə diplomatının ədəbi zövqünün formalaşmasına, yaradıcılığının mövzu və sənətkarlıq dairəsinin genişlənməsinə öz təsirini göstərməyə bilməzdi.”

Doğurdan da, Azərbaycana göndərilənə qədər yalnız bədii yaradıcılığı ilə xalq arasında tanınan, hətta ali təhsil almağa belə imkanı olmayan Məmduh Şövkət Esendal üçün Bakı mühiti bir həyat məktəbi, diplomatiya akademiyası olmuşdu. Vilayət Quliyev türkiyəli həmkarının siyasi portretini ən incə cizgilərlə, əlvan boyalarla yaddaqalan üslubda, xalqımıza qarşı içi sevgi ilə çırpınan iri planda, məğrur, təvazökar pozada işləyə bilmişdir. “Son illərin yazıları”ndakı tarixi notlar üzərində gəzişmələr, unudulmuş şəxsiyyətləri, hadisələri çağdaş tariximizin gündəminə gətirmək, onu istiqlal məfkurəli gəncliyin iftixar mənbəyinə, ilham qaynağına, həyat amalına çevirmək özü millət və dövlət qarşısında tarixi xidmətdir. “Kazımbəylər: İki əsr Rusiya ilə birlikdə”, “İsa Sultan Şahtaxtinskinin qəribə həyatı”, “İstiqlalçılar nəsli”, “Talelərin qəribə kəsişməsi”... Hər biri tariximizdən qopardılmış səhifələrdir. Aralarında xronoloji ardıcıllıq olmasa da milli-mənəvi tellərlə bir-birinə sıx bağlıdır. Kazımbəylər, Şahtaxtinskilər, Ziyadoğlular nəsli xalqımızın tarixində dərin iz və zəngin irs qoyub getmişlər. Kitabda Mirzə Kazım bəy nəslinin ağrılı-acılı taleyindən, mühacir həyatından, İsa Sultan Şahtaxtinskinin ömür yolundan, maarifçilik, jurnalistlik fəaliyyətindən, ailəsinin sonrakı aqibətindən, Ziyadoğlular nəslinin Azərbaycanın müstəqilliyində və dövlət quruculuğunda göstərdiyi misilsiz xidmətlərdən bəhs edilir.

“Son illərin yazıları”nda yer alan “Polşa tatarları Azərbaycan dövlətçiliyinin xidmətində” silsiləsindən lGeneral Masey Sulkeviç”, “Kriçinski qardaşları”, eləcə də “Şapşal – azərbaycanşünas, yaxud qardaşlarımız karaimlər” yazıları mövzu yeniliyi və fakt zənginliyi etibarilə diqqəti cəlb edir, beynəlxalq əməkdaşlığın üfüqlərini genişləndirmək baxımından aktualdır.

“Unudulmayanlar” sırasında Azərbaycanın üç görkəmli alimi, akademiki - Məmməd Cəfər Cəfərov, Ziya Bünyadov və Əziz Mirəhmədov barədə səmimi duyğular, isti xatirələr yüksək qədirşünaslıqla yer almışdır.

Azərbaycanın Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyevin “Son illərin yazıları” kitabı son illərin dövri mətbuatında çap olunsa da əslində uzun illərdən bəri apardığı narahat axtarışlarının, səmərəli tədqiqatlarının uğurlu nəticəsidir. Qeyri-adi ehtirasla, analitik təfəkkürlə, yüksək peşəkarlıqla yazılan bu elmi məqalələr haqqında söz açılan tarixi şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin, görkəmli elm, ədəbiyyat və mədəniyyət adamlarının ömür yolundan, mübarizəsindən, taleyindən bəhs edən gərəkli mənbələrdir.

 

 

Asif RÜSTƏMLİ

 

Xalq qəzeti.- 2009.- 1 noyabr.- S. 7.