Milli varlığın
ifadə vasitələrindən
biri – soyad
Soyad insanın hansı nəslə, hansı kökə,
hansı millətə mənsub olduğunu bildirən rəsmi
onomastik vahiddir. O, hər xalqın öz ənənəsinə,
ana dilinin qanunlarına uyğun yaradılmalıdır. Planetimizin
qədim tarixi olan, sayılıb-seçilən bütün
millətlərində bu belədir.
Məsələn, soyad
ingilislərdə əsasən “son”, “ton” (Conson, Nyuton),
almanlarda “er”, “man” (Şiller, Dorfman), ispanlarda “es” (Servantes,
Qonsales), latışlarda “is” (Latsis, Mejelaytis), yunanlarda “pulo”,
“is” (Popondopulo, Karamanlis), ərəblərdə “ibn”, “bin” (ibn
Abdulla, bin Laden), gürcülərdə “dze”, “şvili”
(Leonidze, Paliaşvili)... şəkilçiləri vasitəsilə
düzəlir. Azərbaycanda sovetləşmənin ilk illərində
“islahat” keçirilərkən dilimizə yabançı olan
“ov”, “yev” sonluqları qəbul edildi.
Tarix boyu
xalqımızın adı dəfələrlə dəyişdirilib.
Ona gah tatar, gah türk, gah azəri, bəzən sadəcə
olaraq müsəlman, daha sonra isə azərbaycanlı deyiblər.
Dilimizin və əlifbamızın da başına bu müsibəti
gətiriblər. Sabit adı, əlifbası və s.. olmadığından
xalqımızı beynəlxalq aləmdə də
yaxşı tanımayıblar. Xalqı tanıtdıran əsas
əlamətlərdən biri də onun milli
soyadlarıdır. Milli soyad milli varlığın ifadə
vasitələrindəndir. Təəssüf ki, biz bu
özünəməxsusluqdan da məhrum edilmişik. Odur ki,
“Nəzərov” soyadlı azərbaycanlının milliyyətini
təyin etmək çox çətindir. Çünki “Nəzərov”
soyadlı türkmən, özbək, qazax, tatar,
başqırd, hətta rus və erməni də var. Amma “Nəzərli”
olsaydı, həmin şəxsin azərbaycanlı olmasına
şübhə yeri qalmazdı. Soyadlarımızın zorla
eyniləşdirilməsinin nəticəsidir ki, İkinci
Dünya müharibəsi zamanı həlak olmuş
oğullarımızı axtarıb tapmaqda çətinlik
çəkirik. Adi bir misal: Stalinqrad döyüşlərində
həlak olmuş həmyerlimiz general-mayor Yaqub Quliyev 1970-ci ilədək
türkmən kimi tanınırdı. Əgər onun soyad
sonluğu Azərbaycan türkcəsində olsaydı, təbii
ki, bu dolaşıqlıq da yaranmazdı. Başqa misal: Bir
neçə il bundan əvvəl ADP-in keçmiş Baş
naziri Fətəli xan Xoyskinin nəvəsi C.Xoyskaya
Vaşinqtondan Vətənə səfər etmək arzusunu
bildirəndə soyadına görə onun azərbaycanlı
olduğuna şübhə ilə yanaşmışlar. Bu səbəbdən
də onun Azərbaycana səfəri baş
tutmamışdı.
Bütün bunları nəzərə
alaraq Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü
ilin əvvəllərində verdiyi fərmanda deyildiyi kimi,
soyadlarımızın axırında “ov”, “yev”, “ski” şəkilçiləri
əvəzinə dörd formada “lı”, “li”, “lu”, “lü”
sonluqları işlədilməlidir. Bizim bir çox
yazıçı və ictimai xadimlərimiz, məsələn,
İsmayıl bəy Qutqaşınlı, Asəf Zeynallı,
Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Cəfər
Cabbarlı, Qənbər Hüseynli, Qulam Məmmədli və
s. milli soyadlar daşımışlar. Bunlar əsl örnək
ola bilər. Böyük dramaturqumuz C. Cabbarlı isə millətimiz
üçün ən yaxşı nümunədir. Hələ
20-ci əsrin əvvəllərində C. Cabbarlı öz
soyadını Cabbarov, Cabbarzadə yox, məhz Cabbarlı
seçib. Çünki C. Cabbarlı dilimizin incəliklərini
dərindən dərk edirdi.
Fikrimcə, “li” şəkilçisi
soyad sahibinin hansı nəsildən, tayfadan olduğunu
aydınca göstərir. Deyəndə ki, kimlərdənsən,
cavab verirlər: “Cəfərlilərdən”, hansı nəsildənsən?
Əhmədli nəslindənəm. Əgər soyadın
axırı saitlə bitirsə, belə halda “soylu”
sonluğundan da istifadə etmək olar. Məsələn, Əlisoylu,
Qulu-soylu və s. Yaxud “bəy”, “xan” sözlərindən
istifadə edərək “li” şəkilçisi qoşmaq
olar. Məsələn, Əlibəyli, Vəlixanlı.
Son zamanlar soyadlarda
“oğlu”, “qızı” sözlərindən də istifadə
edirlər. Məsələn, Fərhadoğlu, Xəlilqızı.
Bu variantda kimin kim olduğu haqqında məlumat olur, lakin həmin
şəxslərin nəsli, nəcabəti barəsində məlumat
verilmir. Ona görə də bundan kütləvi halda istifadə
etmək olmaz, çünki “oğlu”, “qızı” sözləri
ataya aiddir. Belə olduqda “oğlu” sözü təkrar olunur.
Məsələn, Məmməd İsa oğlu Cəfər
oğlu. Bu isə qəbul edilə bilməz.
Məlum olduğu kimi,
sovet imperiyası illərində “proletar beynəlmiləlçiliyi”
adı altında keçmiş SSRİ-də əslində
ruslaşdırma siyasəti aparılırdı. O dövrdə
bir çox ziyalılarımız, şairlərimiz öz
soyadlarındakı “ov”, “yev” sözlərini sadəcə
ixtisar etməklə kifayətlənirdilər, əks təqdirdə
onlara millətçi damğası vurardılar (Mehdi
Hüseyn, Rəsul Rza, Süleyman Rüstəm və s.) Çox
təəssüf ki, şairlərimiz arasında
azadlığımızı əldə etdiyimiz indiki
dövrdə də bu təmayül dəbdədir. Bəzi
şair və yazıçılarımız özlərinə
soyad, yaxud təxəllüs seçərkən dilimizin
qrammatik qanunlarını pozurlar. Məsələn, Məmməd
Qərib, Fikrət Tahir söz birləşmələrində
olduğu kimi. Burada nə soyad, nə də təxəllüs
nişanəsi var. Belə halda, məsələn, Məmməd
Qərib öz oğluna babası Qəribin adını verdikdə,
görün, nə kimi anormal vəziyyət alınır: Qərib
Qərib! Bu həm də ona görə məqbul hesab edilə
bilməz ki, məlum olmur həmin şəxsin adı nədir,
soyadı nə.
Yeri gəlmişkən,
bir məsələyə də öz münasibətimi bildirmək
istərdim. Yaxşı olardı ki, milli
dramaturgiyamızın banisi M. F. Axundzadə və opera sənətimizin
əsasını qoyan Üzeyr bəy Hacıbəyli öz əsl
soyadlarına qaytarılsın. Məlumdur ki, M. F.Axundzadə
ömrü boyu heç vaxt öz əsərlərinə
Axundov imzası atmayıb. Ü. Hacıbəyli isə
ömrünün 40-45-ci ilini bu soyadla yaşayıb. Lakin
sonralar SSRİ-də gedən ruslaşdırma siyasəti ilə
bağlı Üzeyir bəy də soyadını Hacıbəyov
yazdırmaq məcburiyyətində qalıb. Millətimizi
ölkə daxilində və xaricdə tanıtdıran bu
korifeylərin soyadlarının milli zəminə
qaytarılması, zənnimcə, işin xeyrinə olardı.
Soyad seçmək məsələsi
yalnız ayrı-ayrı fərdlərin yox,
bütövlükdə ümumxalq və ümummillət
işi olmalıdır. Belə olmasa, bu məsələdə
yaranmış hərc-mərclik hələ çox davam edəcək.
Soyadlarımızın qaydaya salınmasında indiki şəraitdən
maksimum istifadə etməliyik. Zənnimcə,
soyadlarımızın sabitləşdirilməsi
adamlarımızda həm milli şüuru artırar, həm də
bizi bir millət kimi sıx birləşdirərdi.
Son olaraq təklif edirəm
ki, vətəndaşlara yeni pasport verilərkən
soyadlardakı “ov”, “yev”, “ski”, “pur”, “i” və sair şəkilçilər
götürülsün, əvəzində dörd formada
“lı”, “li”, “lu”, “lü”, qismən də “soylu” şəkilçiləri
yazılsın.
Loğman NƏSİBLİ,
coğrafiya elmləri namizədi
Xalq qəzeti.- 2009.- 1 noyabr.- S. 8.