Şəxsiyyət, sənətkar və zaman

 

Xeyirxah əməlləri ilə həmişə yaşayacaqdır

 

Bəzən elə olur ki, ilk baxışda qəzetin hasilə gəlməsində çox önəmli əməyi olan adamın adını — imzasını oxucu görmür. Qəzetin ümumi görünüşü ayrı-ayrı materialların başlıqlarının üzə çıxarılması, müəyyən ştrixlər, rubrikalar, tənqidi yazılara çəkilmiş karikaturalar diqqətimizi konkret yazıya yönəltsə də, bu cəlbedici elementlərin müəllifini tanımır, yazının müəllifinin imzasına baxıb qəlbimizdə minnətdarlıq hissi ilə bir daha qəzeti gözlərimiz önündə tutaraq təkrarən yazıya nəzər yetirir, bizim diqqətimizi bu yazıya cəlb edən qrafik cizgilərə, karikatura və portretə nəzər salır və onların müəllifinin imzasını görmürük. Qəzetçilər bilir ki, bunlar tərtibatçı rəssamın işləridir, lakin konkret halda oxucu onu tanıya bilmir və burada sənətkar bir növ kölgədə qalır.

 

Ayrı-ayrı dövrlərdə mətbuat orqanlarının yubileyləri ərəfəsində bu illər ərzində qəzetdə dərc olunmuş yazılar təhlil olunur. Müəlliflər xatırlanır, tərtibatçı rəssamın fəaliyyətinə bir çox hallarda yenə diqqət yetirilmir.

Əvvəllər “Kommunist” adlanan, mənə çox doğma olan qəzetin 1931-ci ildən 1987-ci ilədək, habelə yubiley nömrələrini vərəqlədikdən sonra bu qənaətə gəldim.

Qırx ildən artıq əmək fəaliyyətim qəzet nəşriyyat və poliqrafiya ilə bağlı, habelə, müəyyən dövr ərzində sinkoqrafiya sahəsinə rəhbərlik etmiş adam kimi qətiyyətlə deyə bilərəm ki, qəzetlərimiz ofset çapına keçənə qədər olan dövrdə qəzet rəssamının işi çox məsuliyyətli və ağır bir iş idi.

Bu yazı da ömrünün 51 ilini “Kommunist” qəzetinə həsr etmiş son dərəcə mehriban, həssas və incə qəlbə malik sənətkar, mənim həyatımda xüsusi rolu olmuş gözəl insan, Azərbaycan Respublikasının xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev haqqında olacaq. Hüseyn müəllimlə ilk tanışlığımız 1979-cu ildə “İşıq” nəşriyyatında istehsalat şöbəsində işlədiyim vaxtlarda olmuşdu.

Bu şöbədə yenicə işə başlamışdım. Bir gün saçları dümağ olan ağsaqqal bir kişi əlində qovluq otağa girib salam verdi. Tez ayağa durub yer göstərdim, oturmadı. Mən rəssam Hüseyn Əliyevəm, – dedi. Plakatının çapının nə üçün gecikdiyinin səbəbini soruşanda doğrusu cavab verməkdə çətinlik çəkdim. Qeydiyyat dəftərinə baxıb “Kommunist” nəşriyyatındadır, yəqin ki, bu yaxınlarda çap olunacaq, – dedim. Cavabım onu qane etmədiyindən otaqdan çıxdı. Bir neçə dəqiqədən sonra direktorumuz daxili telefonla məni yanına çağırdı. Hüseyn müəllim də orada idi. Direktor məni Hüseyn müəllimə təqdim edərək istehsalat şöbəmizin təzə rəisidir, mətbəədən bura gətirmişik, inanırıq ki, tezliklə çap məsələləri ilə bağlı çətinlikləri aradan qaldıracaq, – dedi. Sonra isə mənə müraciətlə: – Hüseyn müəllim bizim hörmətli müəlliflərimizdəndir. Onun çəkdiyi plakatla və ümumiyyətlə hazırda istehsalatda olan plakatlarla Mərkəzi Komitə də maraqlanır. Məhsul yığımı yaxınlaşır. Əmək qəhrəmanlarından bəhs edən bu əsərlərin ən qısa zamanda çap olunmasına nail olmalıyıq, – dedi.

Bu tanışlıqdan sonra Hüseyn müəllimlə birgə “Kommunist” nəşriyyatına getməyi qərarlaşdıq ki, gedib birbaşa yerində məsələni həll edək. O vaxtlar indiki çap texnologiyaları olmadığından və habelə respublikada rəngli işlər cəmi iki mətbəədə icra olunduğundan bu sahədə böyük çətinliklər var idi. Ona görə də bir sıra hallarda plakatların çapını sürətləndirmək üçün müəllifin — rəssamın razılığı ilə bir rəngi digəri ilə əvəzləməli olurduq.

“Kommunist” nəşriyyatının direktoru o vaxtlar görkəmli poliqrafçı gözəl insan nəsillikcə bu sahədə çalışanlardan olan Nazim Əhmədov idi. O, bizi çox hörmətlə qarşıladı və təkcə Hüseyn müəllimin deyil, başqa bir rəssamın da plakatının iki gün ərzində çap olunmasına tapşırıq verdi.

O gündən sonra Hüseyn müəllimlə olduq dost. “Kommunist” nəşriyyatının mətbəəsində direktorla texnoloq və çap sexinin rəisi ilə apardığım söhbət onun xoşuna gəlmiş, məni bu sahənin mütəxəssisi kimi tanımışdı. Arabir “İşıq” nəşriyyatına gələr, bədii tərtibat şöbəsində işini bitirdikdən sonra mənimlə də görüşər və işdən sonra emalatxanasına dəvət edərdi.

İlk vaxtlar onun yanına direktor Fərhad Fərəcovla gedərdik. Həftədə ən azı iki dəfə getməsəydik zəng edər, bizim üçün darıxdığını, narahat olduğunu, onu unutduğumuzu deyərdi. Direktorun evi uzaqda olduğundan o, az-az gələr, mən isə Hüseyn müəllimin emalatxanasına yaxın ərazidə yaşadığımdan tez-tez gedərdim. Emalatxananın qapısı həmişə açıq olardı, çox vaxt heç qışda da bağlamazdı. Yanına gedəndə boş dayandığını görməzdik, həmişə işləyərdi.

Emalatxanasında çəkdiyi bir neçə tablosu, xüsusilə “Zəhmli torpaq”, “Nəğməli torpaq” və “Sülhsevər torpaq” adlandırdığı “triptix”ini çox sevərdi. Qartalın ilanı caynağına alaraq göyə qaldırmasını əks etdirən “Səmada əlbəyaxa”, “İlandağ” lövhəsi və son vaxtlar çəkdiyi “Qisas” əsərləri həmişə göz önündə olar, onlardan danışmağı xoşlayardı.

Hüseyn müəllim vətəninin hər qarışını sonsuz məhəbbətlə sevər və əsərlərində əks etdirərdi. Biz onunla birgə Göygöldə, Kəpəz dağının ətəklərində, Göygölün üstündəki dağın ən yüksək yerlərində olmuşuq. O vaxt “İşıq” nəşriyyatı “Azərbaycan təbiəti” adlı nəfis bir albom nəşr etmişdi. Albomun üz qabığında Göygölün son dərəcə gözəl bir mənzərəsini əks etdirən şəkil çap olunmuşdu. Hüseyn müəllim bu mənzərə – şəklə vurulmuşdu. Biz Göygöldə olarkən o mənzərəni lentlə almış fotoqraf da bizimlə bir yerdə idi. Hüseyn müəllim fotoqrafdan xahiş etdi ki, onu o mənzərənin çəkildiyi yerə aparsın. Bu yer dağın lap yuxarısında idi. Yaşının yetmişi ötməsinə baxmayaraq, bizimlə bərabər yüksəkliyə qalxdı, orada bir neçə eskiz çəkdikdən sonra aşağı endik. Hüseyn müəllimin Göygöllə bağlı seriya mənzərə şəkilləri var.

1979-cu ildə Hüseyn müəllimlə qatarla Lənkərana məhsul bayramına getmişdik. O, Lənkərana getməyi də çox xoşlayırdı. Ulu öndər Heydər Əliyev də məhsul bayramında iştirak edirdi. Hüseyn müəllim məni özündən kənara qoymurdu. Bütün tədbirlərdə bir yerdə olurduq. Səhər tezdən başlayan tədbirlər — ayrı-ayrı təsərrüfatlarda olmaq, yeni obyektlərin açılışı, təntənəli bayram şənliyi və ziyafət məclisi gecə yarıya kimi davam etsə də, Hüseyn müəllimin yorulduğu hiss olunmurdu. Daima şux görünürdü. Xanbulandakı qonaq evinin qarşısında qurumuş bir dəmirağacının çox qəribə şəkildə bir-birinə sarılmış və fiqur şəklində olan budağı yerə basdırılmışdı. Hüseyn müəllim onu “maral ağac” adlandırdı. Bu “maral ağac” adlandırdığı budağın əvvəlcə yataq otağımızdan, sonra isə yanından eskizlərini çəkdi. O vaxt respublikanın tanınmış foto ustası, foto profesoru adı almış Hüseyn Hüseynzadə də bizimlə səfərdə idi. Hüseyn müəllimin və mənim ayrı-ayrılıqda bu ağacın önündə şəklimizi slayda çəkmişdi. Biz hər dəfə onunla Lənkəranda olanda bizim evimizə və qaynatamgilin evinə gedərdi. Doğrudur, Lənkəranda olduğumuz dövrdə rayonun rəhbərləri və Hüseyn müəllimin burada olan çoxsaylı dostları işi elə planlaşdırdılar ki, biz başqa yerdə çörək yeməyək. Ancaq bir dəfə mənim xahişimlə Hüseyn müəllim bizim evdə anamın bişirdiklərini yemiş və çox bəyənmişdi. Qalan vaxtlarda evimizə gələndə xahiş edərdi ki, heç kəsi narahat etmək lazım deyil. Quyumuzun suyundan bir stəkan içər, sonra meyvə ağaclarının arasında gəzişər, öz əlilə bir və ya iki meyvə dərər və sağollaşıb gedərdik. Gecələmək üçün bizə “Xanbulan” dəryaçasının sahilində yerləşən qonaq evində yer vermişdilər. Qonaq evində Hüseyn müəllimin çəkdiyi bir neçə tablo asılmışdı. Bir dəfə də bizə Qızılağac qoruğundakı qonaq evində yer vermişdilər. Hüseyn müəllim burada da eskizlər çəkmişdi.

Lənkərandan Bakıya adətən avtomobillə qayıdar, yolda ayaqüstü Cəlilabadda olardıq. Cəlilabad RPK-nın birinci katibi sosialist əməyi qəhrəmanı İbrahim Qurbanov idi. İbrahim müəllim Hüseyn müəllimin xətrini çox istəyirədi. O vaxtlar təkcə Cəlilabad rayonu bütün Ermənistandan artıq üzüm məhsulu istehsal edirdi. Hüseyn müəllimlə birgə üzüm sahələrinə gedər, əmək qəhrəmanları ilə görüşərdik. Hüseyn müəllimin üzümçülərə həsr etdiyi plakat da çox ehtimal ki, bu görüşlərin nəticəsində yaranmışdı. Cəlilabad muzeyində — Cəlilabaddakı qonaq evində və şəkil qalereyasında Hüseyn müəllimin bir çox şəkilləri sərgilənirdi. Hüseyn Əliyev dostluq etdiyi, hörmət bəslədiyi insanları axtarmağı sevirdi. Cəlilabaddan Bakıya qayıdarkən Salyanda burada maşın-traktor istehsalat birliyinin rəisi ədəbiyyat adamı, duzlu hekayələr müəllifi, gözəl ailə və təsərrüfat başçısı həlim bir insan olan Aslan Qəhramnovla görüşməyi də unutmaz, bir saatlığa da olsa evlərinə gedər, hal-əhval tutar, bir stəkan çay içib yola düşərdi. Bir neçə dəfə Neftçalada sosialist əməyi qəhrəmanı Nuruş Əliyevin qonağı olmuşduq. Hüseyn müəllim heç nədə gözü olmayan, nəfsi tox adam idi.

Onun yanına gələnlər dost münasibəti saxladığı adamlar içində ən gənci mən idim. Kiminləsə bərkdən danışsa da mənimlə həmişə mülayim və mehriban danışardı.

Bir həftə yanına getməyəndə gecə saat on ikidə də olsa evimizin qapısını döyər, içəri girər, uşaqları soruşar, dolanışığımızla maraqlanardı. Uşaqlar oyaq olanda onun qabağına qaçar, o, da baba məhəbbətilə onların başına əl çəkər və təbəssümlə bizdən arylıardı.

Ötən əsrin səksəninci illərində mənzil problemim yaranmışdı. Hüseyn müəllim məsələni bilmiş və bununla bağlı Bakı Şəhər Soevtinin sədri Nəcməddin Əhmədovun yanına getmiş və mənim problemimin həll etməyi ondan xahiş etmişdi.

Hüseyn müəllim çox gözəl ailə başçısı və valideyn idi. Hüseyn müəllimin şəxsiyyəti, insanlara gözəl münasibəti, qayğıkeşliyi və vətənpərvərliyindən çox danışmaq olardı.

Mən istərdim ki, bir qədər də bu böyük insanın ümumi yaradıcılığından, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı, 50 ildən artıq çalışdığı “Kommunist” qəzetində bu qəzetin əlavəsi “Kirpi”dəki fəaliyyəti və əməkdaşlarla münasibətindən söhbət açım.

Hüseyn Əliyevin ümumi rəssamlıq — yaradıcılıq fəaliyyəti çoxşaxəlidir. Doğma Azərbaycanı qarış-qarış gəzən sənətkarın rəngkarlığı mənzərə rəsmlərində Bakı-Abşeron, Gəncə, Naxçıvan, Zəngəzur, Lənkəran, Yardımlı, İsmayıllı, Kəlbəcər-Laçın, bir sözlə, bütün ölkənin gözəllikləri əks olunmuşdur. Bahar, şəfəq, dağlar, dəniz və meşə onun sevdiyi mövzular idi. Əsrarəngiz təbiətimizin vurğunu olan sənətkar ekologiya mövzusu ilə də bağlı bir sıra diqqətyaşayan əsərlər yaratmışdır.

1927-ci ildə rəssamlıq texnikumuna qəbul olunan Hüseyn Əliyevin mətbuatdakı ilk çıxışı 1929-cu ildə “Molla Nəsrəddin” jurnalının 2-ci nömrəsində çap olunmuş “Şuşada pioner düşərgəsi”, yaxud “İran qoşunu” adlı karikatura ilə başlanmış və bu dərgidə aktual mövzularda bir sıra əsərləri çap olunmuşdur.

1952-ci ildən 1987-ci ilə qədər “Kirpi” jurnalı ilə yaradıcılıq əlaqələrində olan rəssamın bu dərgidə “elmdə tənəzzül”, “tənqidi boğanlarla mübarizə”, “dövlət malını tanıyanlar”, “alkoqolizm”, “Məhsul yığımının pis təşkil olunması” və sair mövzularda onlarla karikaturaları dərc olunmuşdur.

Hüseyn Əliyevin “Kommunist” qəzetindəki ilk çıxışları 1931-ci ildə siyasi karikatura ilə başlamış, sonralar müxtəlif mövzular və janrlarda davam etmişdir. Rəssamın qəzetdə çap olunan ilk siyasi karikaturaları Yaponiyanın Mancuriyaya təcavüzü, müharibə, böhran və sülhün keşiyində mövzularında, habelə, faşizmin tənqidinə yönəlmiş əsərlər olmuşdur.

Portret janrı rəssamın yaradıcılığında önəmli yer tutur. 1935-ci ildə Leninqrad rəssamlıq məktəbinin qrafika şöbəsini bitirən rəssam ona doğma olan “Kommunist” qəzetinə qayıdır və burada 50 ildən artıq qəzetin tərtibat şöbəsinin müdiri və baş rəssam vəzifəsində çalışmış, sərgilərdə iştirak etmişdir. Portret janrında çəkdiyi bir sıra şəkillər çox önəmlidir. 1938-ci ildə Mirzə Fətəli Axundovun portretinə görə incəsənət komitəsinin keçirdiyi müsabiqədə birinci yeri tutaraq qalib adını qazanır və 3000 manat pulla mükafatlandırılır. Ötən əsrin 30-cu illərinin sonlarında çəkdiyi Mirzə Ələkbər Sabirin, Əbdürrəhim bəy Haqverdiyevin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlının, İvan Krılovun, Aleksandr Puşkinin əmək qəhrəmanlarından Bəsti Bağırova və Şamama Həsənovanın portretləri sənətkara şöhrət gətirir. Hüseyn Əliyevin portret janrında çəkdiyi tanınmış adamların, alimlərin, sənət və zəhmət adamlarının şəkillərinin sayı onlarladır və bunların demək olar ki, hamısı mətbuatda çap olunmuşdur. Onun tələbəlik illərində və sonrakı dövrlərdə müxtəlif yerlərdə qrafika üslubunda və sulu boya ilə çəkdiyi ayrı-ayrı insanların portretləri böyük maraq doğurur. Sənətkar bu əsərlərində insanların daxili aləmini üzünün cizgilərində və gözlərində əks etdirməkələ onların xarakterini üzə çıxarmışdır. Hüseyn Əliyev bir sıra dövlət xadimlərinin portretlərini böyük sənətkarlıqla işləmişdir. Rəssamın “Kommunist” qəzetindəki fəaliyyətini tədqiq edərkən onun yaradıcılığını bütövlükdə və ardıcıllıqla deyil, ayrı-ayrı illərin təxminən üçdə biri qədərini əhatə edə bildim və onun ümumi yaradıcılığı təbii ki, qəzet və ya jurnal səhifəsinə sığan deyil. Rəssamın yaradıcılığında önəmli yerlərdən birini hərbi vətənpərvərlik mövzusu tutur.

Hüseyn müəllim bu haqda uzun illər sonra belə yazır: “Müharibə başlananda “Kommunist” qəzeti redaksiyasında rəssam işləyirdim. Qəzetin redaktoru Rza Quliyev məni yanına çağırıb dedi: — Hüseyn, qərara gəlmişik ki, ayda dörd dəfə “Döyüş vərəqəsi” buraxaq. Plakat və karikaturalar hazırlamaq sənin öhdənə düşür. O vaxtdan “Döyüş vərəqəsi” üçün plakat və karikaturalar çəkməyə başladım. “Kommunist”in bu əlavəsi oxucular tərəfindən maraqla qarşılanır, döyüşçülərimizi qələbəyə ruhlandırırdı.”

Mənim bu vərəqələrin nəşrindən xəbərim yox idi. Hüseyn müəllimin “Kommunist” qəzetində çap olunmuş bu yazısını oxuduqdan sonra, arxivdən döyüş vərəqələrini axtarıb tapdım və sonra rəssamın bu vərəqələrdə çap olunmuş neçə-neçə plakat və azərbaycanlı Sovet İttifaqı qəhrəmanlarının portretlərini gördüm. Böyük vətən müharibəsi illərində əksər plakatlarda ümumiləşdirilmiş sovet adamının obrazı çox vaxt rusofil əks olunsa da, Hüseyn müəllimin plakatlarında azərbaycanlı obrazı canlandırılması ilə fərqlənir. Oxucular üçün maraqlı olacağını nəzərə alaraq, bir neçə plakatın adını çəkmək istərdim: “Silah başına”, “Vətən uğrunda”, “Uşaqlarımızın qatillərini amansızcasına məhv edək!”, “Vətənə verdiyimiz hər manat nemes işğalçılarına zərbədir” və s. Hüseyn müəllim bu illərdə döyüşlərdə qəhrəmanlıq göstərən Azərbaycan oğullarının portretlərini işləyir, qəzetin tərtibatı ilə gecə-gündüz məşğul olmaqla yanaşı, arada bir iki günlüyə rayonlara gedərək buradakı əmək qəhrəmanlarının da portretlərini çəkərək qəzetdə çap etdirməklə zəhmətkeşləri daha böyük nailiyyətlərə ruhlandırırdı. 1942-43-cü illərin İsmayıllı rayonunda və digər yerlərdə çəkilmiş əmək qəhrəmanlarının portretləri diqqət çəkəndir.

Hüseyn müəllim sülhsevər adam idi. Onun bü mövzuda iki maraqlı əsəri bizə məlumdur. Birini 1981-ci ildə yağlı boya ilə işləyirdi və bir neçə ay bu əsər üzərində çalışdı. Əsəri “Dostluq meridianı” adlandırmışdı. Burada sovet dövlətinin rəhbəri Leonid İliç Brejnevin Hindistanın baş naziri İndira Qandi ilə telefonla danışması əks olunmuşdu. Hər ikisinin üzündə sakitlik, əmin-amanlıq və bu əmin-amanlığı qorumaq qayğısı duyulur. Haqqında bəhs etdiyimiz plakat Hüseyn müəllimin yaradıcılığının sonuncu on ilinə düşür. Rəssam oxşar mövzunu ötən əsrin 60-cı illərinin əvvəllərində Sovet-Macarıstan dostluğuna həsr etmişdi və bu sülhsevərlik cizgiləri rəssamın müxtəlif janrlarda çəkdiyi əsərlərdə öz əksini tapmışdır. Yeri gəlmişkən, bir olayı diqqətə çatdırmaq istərdim. Bir dəfə Hüseyn müəllim ailəsi ilə dəniz kənarındakı bağların birində dincələrkən bir ağ göyərçin onların başının üstündə dövrə vuraraq Hüseyn müəllimin başına qonur. Hamı quşun bu hərəkətinə təəccüb edir. O, daxilən-mənən sülhsevər olduğundan sülhün simvolu olan göyərçin məhz onun başına qonmuşdu. Hüseyn müəllim quşun onun başına qonmasını əks etdirən şəkil də çəkmişdi.

Hüseyn müəllim işlədiyi kollektivin üzvləri ilə həmişə gözəl münasibətdə olub. Mən uzun illər “Kommunist” qəzetində müxbir, şöbə müdiri, redaktor müavini və redaktor işləmiş, respublikanın əməkdar jurnalisti Heydər Əliyev məktəbinin yetirməsi rəhmətlik Rəşid Mahmudovla 20 ilə yaxın dostluq, ata-bala münasibətində olmuşam. Tez-tez görüşər və hər görüşümüzdə “Kommunist” qəzetinin ayrı-ayrı dövrləri və burada çalışan adamlardan danışardıq. Hüseyn müəllimin işindən söhbət düşəndə həmişə razılıq hissi ilə onu xatırlayır, özündən əvvəlki redaktorların — Rza Quliyevin, Əli Vəliyevin, Xasay Vəzirovun və Ağababa Rzayevin ona xüsusi hörmətindən danışardı. Deyirdi ki, Hüseyn müəllimin rəhbərlik etdiyi bədii tərtibat şöbəsi 3-cü mərtəbədə yerləşirdi, başqa bir rəssam və retuşorla bir yerdə əyləşirdilər. Mən redaksiyanı təmir etdirəndə pilləkənin üstündə kiçik bir otaq var idi. Onu təmir etdirib Hüseyn müəllim üçün kabinet düzəltdirdim, ancaq telefon çəkdirilməsinə razılıq vermədi.

Telefon məsələsini 30 ilə yaxın onun tabeliyində işləmiş, özünü onun yetişdirməsi, tələbəsi adlandıran, hazırda “Azərbaycan” qəzetinin foto müxbiri işləyən Fərman müəllim də təsdiqlədi və Hüseyn müəllimi belə xatırladı: “Nizami Gəncəvinin ayaq üstə çəkdiyi portretini otağından asmışdı. Divarlar bütövlükdə onun çəkdiyi şəkillərlə bəzədilmişdi. Onun otağına girəndə “Kommunist” qəzetinin keçdiyi yolun şahidi olmaqla, özünü rəssamın sərgisində hiss edirdin. Hüseyn müəllimə heç bir redaktor bir sözü iki dəfə deməmişdi. Hər hansı bir tapşırığı səylə, yüksək səviyyədə və vaxtında yerinə yetirərdi. Fotoqraflara verilən tapşırığın bizim tərəfimizdən hansı səviyyədə yerinə yetirilməsinə nəzarət edər, şəkillərin qəzet səhifəsi üçün seçilməsində öz təkliflərini verər, əmək qəhrəmanlarının portretləri, tikinti meydançalarını, əkin və yığımı əks etdirən şəkillərin çəkilməsində hansı məsələlərə diqqət yetirilməsini onlara səylə başa salardı”.

Hüseyn müəllim “Kommunist” qəzetində tərtibat şöbəsinin müdiri, baş rəssam işləməklə bərabər, bir vaxtlar özünün təhsil aldığı Əzim Əzimzadə adına Respublika Rəssamlıq məktəbində də foto sənətinin incəliklərindən dərs demişdi.

Fərman Bağırov dedi ki, Hüseyn müəllim çox mehriban, sakit və təvazökar, tabeçiliyində olanlara qarşı qayğıkeş və mərhəmətli bir insan idi. Redaksiyaya gələn adamların şəkillərini çəkməzdən və habelə çəkilişə getməzdən əvvəl həmişə ondan məsləhət alardıq. Heç kəsin qəlbinə dəyməzdi. Şöbə müdiri olduğu halda, şəhər və daxili telefonun fotolaboratoriyaya qoyulmasını təkid etmişdi. Zəng etmək üçün bizim otağa gələrdi. Ailə vəziyyətimizlə maraqlanar, dəyərli məsləhətlər verərdi. Redaksiyada ən yüksək qonorarı Hüseyn müəllim alırdı. Yardım üçün ona müraciət edənlərə heç vaxt yox deməzdi.

Xalq rəssamı Rafiq Mehdiyevin atası Mahmud Mehdiyev uzun illər “Kommunist” qəzetində işləməklə partiya təşkilatı katibi olub. Rafiq müəllim 60 il bundan əvvəlki tarixi xatırlayaraq dedi: “12-13 yaşlarım olardı. Tez-tez atamın yanına gedərdim. Hüseyn müəllim onda tərtibat şöbəsinin müdiri, qəzetin baş rəssamı idi. Qəzetdə ən yüksək maaşı Hüseyn müəllim alırdı. Atam partiya təşkilatı katibi olduğundan üzvlük haqqı cədvəlində görmüşdüm ki, redaktor 300 manat Hüseyn müəllim isə hamıdan çox 960 manat alıb. Məndə rəssam olmaq həvəsi yarandı. Atama dedim ki, Hüseyn müəllimdən mənə rəssamlığı öyrətməyi xahiş etsin. Atam məni Hüseyn müəllimin otağına apardı, gülə-gülə, — ay Hüseyn müəllim bu, uşaq da sizin kimi rəssam olmaq istəyir, — dedi. İndi olmasın, rəhmətlik Hüseyn müəllim əlini başıma çəkib bir vərəq və qara karandaş verərək, “bir şey çək görüm” – dedi. Çəkdiyim şəklə baxıb gülümsədi, sonra karandaşı kağızın üzərindən götürmədən dovşan, quş və alma şəkli çəkdi. Mən uşaq marağı ilə onun bu şəkilləri asanlıqla necə çəkdiyinə heyran-heyran baxırdım. Hüseyn müəllim mənə: – “Darıxma, vaxt gələcək sən məndən də yaxşı çəkməyi öyrənəcək, böyük rəssam olacaqsan”, – dedi. Hüseyn müəllimin sözləri məndə böyük ruh yüksəkliyi yaratdı. Daha həvəslə və səylə onun tapşırıqlarını yerinə yetirir, çoxlu şəkillər çəkməyə çalışırdım. O da hər dəfə məni tərifləyib, həvəsləndirirdi. O illərdə camaatın maddi durumu çətin idi. Hamı yaxşı işləyib yüksək əmək haqqı almağa çalışırdı. Etalon gözümün önündə idi. Bir gün atamın yanına gedəndə çəkdiyim şəkilləri Hüseyn müəllimə göstərdikdə yerindən durub əlimdən tutaraq məni redaksiyanın yaxınlığında yerləşən Əzim Əzimzadə adına rəssamlıq məktəbinə apardı. Məktəbin direktoru sonralar sənətşünaslıq elmləri doktoru, professor olmuş, çox mehriban və gözəl insan, əsl pedaqoq, rəhmətlik Mürsəl Nəcəfov idi. Direktor Hüseyn müəllimi böyük hörmətlə qarşılayıb yer göstərdi. Sonra mənə tərəf dönüb Hüseyn müəllim, – deyəsən, bu cavan oğlan rəssam olmaq istəyir. Hüseyn müəllim mənim çəkdiyim 10-15 şəkli Mürsəl müəllimə göstərərək — bu oğlan yaxşı qrafik rəssam olacaq, bizim partkom Mahmudun oğludur – deyə, məni direktora təqdim etdi. Mürsəl müəllim çəkdiyim şəkillərə diqqətlə baxdıqdan sonra, – başlanğıc üçün pis deyil, – dedi. Əslində direktordan bu qiyməti almağım Hüseyn müəllimin zəhməti idi. O, məni öyrətməsəydi, işıq-kölgə, dərinlik və qabarıqlığı əks etdirən cizgiləri çəkmək qaydalarını mənə başa salmasaydı, Mürsəl müəllim mənim işlərimi bəyənməz və yəqin ki, bu gün xalq rəssamı olmazdım. Bugünkü uğurlarım üçün ilk növbədə Allaha və rəssamlıqda ilk müəllimim Hüseyn Əliyevə borcluyam.

Hüseyn müəllimlə 40 ilə yaxın bir müddətdə bir yerdə işləmiş və dostluq etmiş ağsaqqal dostumuz, respublikanın əməkdar jurnalisti Kazım Ələkbərov onu çox zəhmətkeş bir adam kimi xatırlayıb deyir ki, Hüseyn müəllim redaksiyada heç kəsin işinə qarışmazdı, nə vaxt otağına girsəydin, nə isə çəkdiyini və ya hansısa şəklin bərpası ilə məşğul olduğunu görərdin. Mənim də bir qədər rəssamlıq qabiliyyətimin olduğunu bildiyindən çox vaxt çəkdiyi şəkilləri, karikaturaları, plakatların eskizlərini, ilk və son variantlarını mənə göstərər və rəyimi bilmək istərdi. Hər hansı bir şəkillə bağlı iradımı bildirdikdə, ya şəklə düzəliş edər, ya da konkret izahatlar verərdi. Bəzən də cırıb tullayar, təzəsini çəkərdi. İclaslarda belə bloknot və karandaşından ayrılmaz, danışanlara qulaq asmaqla bərabər, nəsə çəkərdi. Ciddi müzakirəyə səbəb olan məsələlərin həllində ümumi fikrə gəlmək çətin olduğu məqamlarda söz alıb danışar və elə bir təklif edərdi ki, hamı onunla razılaşardı. Partiya iclaslarında həm əvvəlki, həm də sonrakı dövrlərdə hər hansı bir məsələ ilə bağlı özünün mövqeyi olardı. Rəşid Mahmudovun yerinə redaktor təyin olunmuş Ramiz Əmədovun təqdimatında hamıdan sonra söz alıb çıxış etdi. Təzə gələn redaktora müraciətlə – “Mən bu redaksiyada on beşdən artıq redaktorla işləmişəm, hərənin öz metodu, redaksiya əməkdaşlarına münasibəti müxtəlif olub. Kimisi müxbirlərlə yumruqla danışıb, hökm edib, kimisi də şirin sözlə, xoş baxışla münasibət qurub. Şahidi olmuşam ki, həmişə əməkdaşlarla mehriban münasibətdə olub, onların qayğısına qalan, müdafiə edən redaktorların işi yaxşı olub. Həm də qəzet maraqlı və oxunaqlı olub, xalqın və rəhbərliyin hörmətini qazanıb. Yumruqla danışanlar burada çox durum gətirməmiş, nə kollektivin, nə də rəhbərliyin hörmətini qazana bilməmişlər. Siz də gəlmisiniz, xoş gəlmisiniz, kollektivlə xoş münasibətdə olsanız, işləriniz uğurlu olar”. Hüseyn müəllim belə adam idi.

Xalq rəssamı, dövlət mükafatı laureatı Kamil Nəcəfzadə deyir ki, – “Uzun illər Hüseyn müəllimlə qonşuluqla bərabər dostluq münasibətlərində olmuşuq. Hüseyn müəllimin emalatxanasının qapısı həmişə açıq olardı. Emalatxanaya gələndə birinci rəhmətlik Hüseyn müəllimlə görüşərdim. Heç olmayıb ki, onu boş dayanmış görüm. Həmişə ayaq üstə molbertin qarşısında dayanaraq hansısa peyzajın və plakatın üzərində işlədiyini görərdik. Heç vaxt heç nədən şikayətlənməz, heç kəsin işinə qarışmazdı. Çox zəhmətkeş bir sənətkar idi”.

“Kommunist” qəzetinin 1947-87-ci illər ərzində çıxan bir çox nömrələrini vərəqrəyərkən, SSRİ və Azərbaycan SSR xalq rəssamları, dövlət mükafatları laureatları, dünya şöhrətli rəssamlarımız Mikayıl Abdullayev, Tahir Salahov, Böyükağa Kazımzadə, Toğrul Nərimanbəyov, Maral Rəhimzadə və digər sənətkarlarımızın, əmək qəhrəmanları, sənət adamlarının portretləri və digər mövzularda çəkdiyi bir sıra əsərlərinin ilk dəfə burada çap olunduğunu gördükdə və bütün bu işlərin məhz Hüseyn Əliyevin təşkilatçılığı və vasitəçiliyi ilə başa gəldiyini öyrəndikdə, onun ruhuna bir daha uca Allahdan rəhmətlər dilədim. Hüseyn müəllim Allah tanıyan adam idi. Birinin haqsızlıq etdiyini görəndə deyirdi ki, bəs Allahdan qorxmursan?!

Hər vaxt yaxşılıq etməyə hazır olan, başqalarının xeyirxahlığına çalışan zəhmətkeş insanlar, xüsusən də sənətkar adamlar heç vaxt unudulmur. Hüseyn Əliyev onu sevənlər tərəfindən həmişə xatırlanır.

 

 

Hacı Mehman FƏRZULLAYEV,

“Qanunçuluq” jurnalının böyük redaktoru

 

Xalq qəzeti.- 2009.- 1 noyabr.- S. 6.