Qobustan günbəgün dəyişməkdədir

 

İndi bu qədim diyar yeni dövranını, xoş çağlarını yaşayır

 

... Əhali arasında “Mərəzə” kimi tanınan Qobustan rayonunun mərkəzi bu gün şəhərdir,magistral yolun üzərində yerləşən bu şəhərin necə dəyişməsi, doğrudan da şəhər görkəmi alması son bir neçə ildə həyata keçirilən abadlıq-quruculuq işlərinin,müasir görkəmli yeni inzibati binaların, yaraşıqlı yaşayış evlərinin tikilməsi və çoxalması sayəsində mümkün olmuşdur. Yerli camaatdan olan bir taksi sürücüsünün yaz vaxtı şəhərin girişindəki çöllükdə lalələrin yaratdığı füsunkar gözəlliyə işarə ilə dedikləri lap yerinə düşmüşdü və real vəziyyəti dəqiqliyi ilə əks etdirirdi: – Əvvəllər buranın baxımlı vaxtı gül-çiçəyin solduğu vaxtacandı, indi isə,Allaha şükür, təzə və rəngarəng binalar bu gözəlliyi uzunömürlü edib. Bütün bunlara görə Allah-taalaya da minnətdarıq, dövlət başçımız başda olmaqla bu şəraiti qurub-yaradanlara da.

 

Əlbəttə,2009-cu ilin 9 ayı ərzində də bu proses davam edib, həm də daha böyük qətiyyətlə. Rayon maliyyə şöbəsindən alınan məlumata əsasən 2009-cu ilin 9 ayında yerli xərclər üzrə maliyyələşən təşkilatlara ödənilməmiş əmək haqqı borcu qalmamışdır. Ölkədə aparılan uğurlu iqtisadi siyasətin davamı kimi rayonun yerli xərclərinə bərabər tutulan xərclərlə yanaşı digər zəruri xərclər də bölgü faizlərinə uyğun icra edilmişdir. Ötən tədris ilində respublika Prezidentinin sərəncamı ilə Qobustan Rayon Təhsil Şöbəsinin müdiri İmran Sabirov respublikanın əməkdar müəllimi adına layiq görülmüş, Çuxanlı kənd orta məktəbinin direktoru Əmrağa Eyyubov isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Dövlət başçısının “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsində fəal iştirak edən Sündü kənd orta məktəbinin kimya – biologiya müəllimi Seyidəhməd Əhmədov Prezidentin sərəncamı ilə 5000 manat pul mükafatına layiq görülmüşdür. Noyabr və yanvar aylarında keçirilmiş fənn olimpiadalarının rayon turunda öz istedadları və bacarıqları ilə daha çox fərqlənən Çuxanlı kənd orta məktəbin XI sinif şagirdi Aynurə Qasımova, Qobustan şəhər 1 nömrəli orta məktəbin X sinif şagirdi Ləman Ələkbərova, XI sinif şagirdi Sevinc Güləliyeva, IX sinif şagirdi Aynur İmanova aprelin 19-da respublika turunda iştirak etmişlər.

Son illər rayonda altı yeni məktəb binası inşa edilmiş, dörd məktəbdə isə əsaslı təmir işləri aparılmışdır. Ən ucqar Nardaran kəndində Heydər Əliyev Fondu hesabına yeni məktəb binası tikilmiş, məktəbyaşlı uşaqlar təhsilə cəlb olunmuşdur. Hər tədris ilində şagirdlər pulsuz dərsliklərlə təmin olunmuş, Heydər Əliyev Fondu hesabına birinci sinif şagirdlərinə 506 ədəd çanta və 16 adda dərs ləvazimatı verilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı il dönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı və rəsm müsabiqəsinin inşa yazı üzrə qalibi şəhər 3 saylı məktəbin şagirdi Xankərəm Qayıbov və rəsm üzrə qalibi Nicat İbadov respublika mərhələsində uğurla çıxış edərək həvəsləndirici mükafata layiq yerləri tutmuşlar. Ümummilli liderin 86-cı ildönümünə həsr olunmuş şahmat yarışında Sündü kənd orta məktəbin komandası I yeri tutaraq respublika mərhələsində həvəsləndirici yerə layiq görülmüşdür. Respublika Prezidentinin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Ötən müddət ərzində təhsil müəssisələrində sərəncamın müvafiq bəndinə uyğun olaraq uşaq yaradıcılığının və idmanın inkişafı ilə əlaqədar yarışlar və müsabiqələr keçirilmişdir.

Tərbiyə müəssisələrində islahat proqramının və məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramının tələblərinə uyğun olaraq 5 yaşlıların hamılıqla uşaq bağçalarına cəlb olunması, uşaq həyatının zənginləşdirilməsi, tərbiyə və təlimin səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görülmüşdür.

Orta təhsil üzrə sənəd alan məzunlardan 121, əvvəlki illərdə təhsil müəssisələrini bitirən məzunlardan isə 26 nəfəri ali məktəblərə sənəd vermişdir. Sənəd verən məzunların sayı şəhər 1 və 3 saylı, Çuxanlı, Sündü, Təklə kənd orta məktəbləri üzrə daha çox olmuşdur. Sevindirici haldır ki, bir sıra ümumtəhsil məktəblərinin məzunları daha yüksək nəticələr göstərmişlər. Şəhər 1 saylı orta məktəbin məzunu Sevinc Güləliyeva 622 bal, Azər Maqsudov 590 bal, İsmət Vəliyev 515 bal toplayaraq müvafiq ali məktəblərə qəbul olmuşlar. Ümumilikdə rayon üzrə bu il ali və orta ixtisas məktəblərinə sənəd verən 169 abituriyentdən 87-si tələbə adını qazanmışdır ki, bu da 50 faizdən yuxarı göstəricidir. Son illər Poladlı, Bədəlli, Dərəkənd, Çalov, Nardaran və Xilmilli kəndlərində, eləcə də Qobustan şəhərində yeni məktəb binaları, Nabur orta məktəbində isə 10 sinif otağı tikilmiş və müxtəlif tədris avadanlıqları ilə təmin olunmuşdur. Yeni tikilən tədris binaları zəngin otaqları, idman zalı və dizayn quruluşu ilə müasir tələblərə cavab verməklə şagirdlər üçün yüksək estetik aura yaradır. Prezidentin 12 yanvar 2004-cü il tarixli “Azərbaycanda latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına uyğun olaraq çap edilmiş 19388 ədəd müxtəlif adda bədii ədəbiyyat, ensiklopediya, müxtəlif lüğət və poliqrafik cəhətdən müasir tələblərə cavab verən 22900 ədəd yeni dərslik kitabxanalara verilmiş və zəngin dərslik fondu yaradılmışdır. Rayonun təhsil müəssisələrinə 101 ədəd komyuter, 8 ədəd noutbuk və proyektor alınmışdır. Bununla yanaşı, təhsil sahəsində ilk dəfə olaraq Azərbaycan tarixi, kimya, fizika, biologiya fənləri üzrə hazırlanmış elektron təlimi materiallarından 25 dəst alınaraq tədris prosesində istifadə etmək üçün məktəblərə verilmişdir. “20 Yanvar faciəsi”nin 19-cu ildönümü ilə əlaqədar Mədəniyyət evində, kənd klublarında, Mərkəzi kitabxanda və kitabxana filiallarında sərgilər təşkil olunmuş, ədəbi bədii kompozisiyalar nümayiş etdirilmişdir. 2 fevral “Gənclər günü” təntənə ilə qeyd olunmuş, Gənclər və İdman İdarəsi ilə birgə təşkil edilən tədbirdə “Qobustan” ansamblı bayram konserti ilə çıxış etmişdir. “Xocalı faciəsi”nin 17-ci ildönümü ilə əlaqədar rayon Mədəniyyət evində və Mərkəzi kitabxanada sərgilər təşkil olunmuş, faciəyə həsr olunmuş ədəbi-bədii kompazisiya nümayiş etdirilmişdir. Mədəniyyət və Turizm Nazirliyinin sifairişi ilə “Salnamə” studiyasının istehsalı olan “Dua”qısametrajlı sənədli filmi fevralın 26-da Mədəniyyət evində nümayiş etdirilmiş, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Gənclər evində keçirilən bayram tədbirində “Qobustan” ansamblı rəngarəng bayram konserti ilə çıxış etmiş, çay süfrəsi və əyləncəli proqram təşkil olunmuşdur.

Martın 19-da Heydər Əliyev Parkında Novruz bayramı münasibətilə keçirilmiş geniş bayram tədbirində Sündü mədəniyyət evinin, Ərəbqədim kənd klubunun bədii özfəaliyyət kollektivləri, idmançılarla yanaşı rayonun tanınmış ifaçıları, “Muğam televiziya müsabiqəsi – 2007”nin qalibi, Prezident təqaüdçüsü Abgül Mirzəliyev və müsabiqənin diplomantı Nişanə Baxışova da bayram tədbirində çıxış etmişlər. 31 Mart “Azərbaycanlıların soyqırımı günü” ilə əlaqədar Mərkəzi kitabxanada sərgi təşkil olunmuş, həmin gün Qobustan şəhərində soyqırım qurbanlarının xatirəsinə qoyulmuş abidə ətrafında və Acıdərədə yerləşən “Türk şəhidi” abidə kompleksində tədbirlər keçirilmişdir. 9 may “Qələbə günü” münasibətilə müharibə veteranları üçün süfrə təşkil olunmuş, bu tədbirdə də “Qobustan” ansamblı çıxış etmişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamına əsasən ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilmiş, Mərkəzi kitabxanada və kənd kitabxanalarında, Mədəniyyət evində, kənd mədəniyyət evlərində və klublarda sərgilər təşkil olunmuş, Heydər Əliyev İrsini Araşdırma Mərkəzində “Heydər Əliyev və mədəniyyət” mövzusunda elmi praktiki konfrans, mayın 10-da Mədəniyyət evində geniş bayram tədbiri keçirilmişdir. “Respublika günü”nə həsr olunmuş silsilə tədbirlər mayın 28-də keçirilən ümumrayon tədbiri ilə yekunlaşmışdır.Həmçinin 1 iyun “Uşaqların beynəlxalq müdafiəsi günü”nə və R.Behbudov adına Qobustan şəhər uşaq incəsənət məktəbinin 25 illik yubileyinə həsr olunmuş geniş tədbir keçirilmiş, musiqi məktəbi şagirdlərinin iştirakı ilə konsert proqramı və gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil olunmuşdur. 15 iyun “Milli Qurtuluş günü” də rayonda geniş qeyd edilmişdir. Bundan başqa, 26 iyun — “Silahlı Qüvvələr Günü”, 2 iyul polislərin peşə bayramı, 15 sentyabr Bilik Günü münasibətilə də tədbirlər keçirilmişdir. 18 sentyabr “Üzeyir musiqisi günü” Qobustan şəhər R.Beybudov adına uşaq incəsənət məktəbində və Təklə uşaq musiqi məktəbində geniş qeyd edilmiş, istedadlı şagirdlər Ü.Hacıbəyovun əsərlərini ifa etmişlər. Sentyabrın 30-da tanınmış musiqiçilərin və elm adamlarının iştirakı ilə sənətkar Əvəzxan Xankişiyevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Yubilyar rayon icra hakimiyyəti başçısının fəxri fərmanı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına uyğun olaraq bu il rayon kitabxanalarına 2633 nüsxə yeni kitab hədiyyə edilmişdir. Qurbançı kəndində tikilmiş yeni klub və kitabxana binası inventar və avadanlıqlarla təmin olunaraq istifadəyə verilmişdir. Həmçinin rayon Mədəniyyət evinin və Mərkəzi kitabxana sisteminin dam örtüyü təzələnmişdir. Qobustan rayon kommunal müəssisələri kombinatı tərəfindən 2009-cu ilin 9 ayı ərzində Qobustan şəhərində küçə və səkilər qardan təmizlənmiş, buz bağlamış küçələrə qum səpilmiş və süpürülmüş, məişət tullantıları və zibillər ayrılmış sahəyə daşınaraq zərərsizləşdirilmişdir. Həmçinin şəhərdə əhali arasında quduzluq və s. xəstəliklərin yayılmaması üçün Baytarlıq İdarəsi və Gigiyena Epidemiologiya Mərkəzi işçilərinin iştirakı ilə lazımi tədbirlər görülmüşdür. Ümummilli lider Heydər Əliyevin büstünün ətrafında ağaclar əkilmiş, adını daşıyan parkda təmizlik işləri aparılmış və işıqlandırma sisteminə müntəzəm olaraq texniki xidmət göstərilmişdir. Şəhərin küçə işıqlandırma sisteminə müntəzəm olaraq texniki xidmət göstərilmiş, Ş.Şikarov küçəsindəki 8 mənzilli yaşayış evinin dam örtüyü əsaslı təmir edilərək dəyişdirilmiş, Heydər Əliyev, Ş.Şikarov və M. Balakişiyev küçələrini birləşdirən leysanötürən arxlar təmizlənmişdir. 2007-ci ildə Gigiyena və Epidemiologiya Mərkəzi üçün müasir üslubda tikilmiş ikimərtəbəli, 11 otaqlı inzibati bina 2008-ci il martın 17-də istifadəyə verilmişdir. Ötən dövr ərzində 95 kommunal obyekt, o cümlədən 21 müalicə-profilaktika müəssisəsi, 5 bərbərxana, su kəmərləri və s. 51 dəfə müayinə olunmuş, 36 uşaq və yeniyetmə müəssisəsi 34 dəfə cari sanitariya nəzarətinə cəlb olunmuşdur. 37 yeyinti obyektində aparılan müayinələr zamanı sanitar-gigiyenik qaydaların pozulması ilə əlaqədar aşkar edilmiş 24 faktdan 19-u aradan qaldırılmışdır. Sanitar-gigiyenik qaydalara əməl etməyən 6 sahibkar cərimə olunmuş, magistral avtomobil yolunun kənarında yerləşən un dəyirmanının, Qobustan şəhərində 2 ədəd ət mağazasının fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır. Həmçinin ictimai-iaşə və ticarət obyektlərində sanitar-gigiyenik müayinələr zamanı əhalinin sağlamlığına ciddi zərər vuran, istifadə müddəti keçmiş, keyfiyyətsiz ərzaq məhsulları aşkarlanaraq ləğv edilmişdir.

2009-cu ilin 9 ayında Qobustan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında ticarət obyektlərindən götürülmüş xörək duzlarında kalium yodatın və kalium yodidin təyininə görə aparılmış 148 müayinədən 5-i normalara cavab vermədiyinə görə yodlaşdırılımamış duzlar satışdan kənarlaşdırılmışdır. Baytarlıq idarəsi ilə birlikdə həyata keçirilmiş tədbirlər nəticəsində rayonda qarın yatalağı, dezinteriya, difteriya, göyöskürək, tetanus, poliomelit, quduzluq, parotit və s. qorxulu xəstəliklər qeydə alınmamışdır. 2009-cu ilin iyul ayında geniş immunlaşdırma proqramı çərçivəsində keçirilmiş təlimlərə uyğun olaraq BSJ (vərəm əleyhinə), Hepatit B, poliomelit vaksinləri alınmış,494 yenidoğulmuş uşağa göyöskürək, difteriya, tetanus, poliomelit və hepatit B, 1 yaşlı 478 uşağa qızılca, məxmərək, parotit vaksinləri vurulmuş, 496 uşağa isə difteriya və tetanus revaksinasiyası olunmuşdur. 2009-cu il sentyabr ayına qədər rayon mərkəzi xəstəxanasında 1247 xəstəyə stasionar tibbi xidmət göstərilmiş, 603, Sündü KSX-da 252, Təklə KSX-da 392 xəstə müalicə olmuşdur. Təcili yardım şöbəsində 2159 evə çağırış olmuşdur. İnfeksion palataya 63 xəstə daxil olmuşdur. May ayından etibarən 2 çarpayılıq “Donuz qripi (A/H1N1)” xəstəliyinə görə palata və kifayət qədər dezinfeksiyaedici maddələr ayrılmışdır. 49 onkoloji, 68 ruhi əsəb, 6 qan xəstəsi daim dərman preparatları ilə təmin olunur. Bu ilin sentyabrına qədər 741 uşaqda təqvim üzrə qoruyucu peyvəndlər aparılmışdır. “Elektron” sağlamlıq kartı”nı uşaqlar arasında təşkil etmək üçün tibb işçiləri mütəmadi olaraq kəndlərdə olurlar. 176 şəkərli xəstə tibbi qeydiyyatdadır. Səhiyyə Nazirliyi tərəfindən 58 ədəd qlükometr aparatı şəkərli xəstələrə paylanmışdır.

Səhiyyə Nazirliyinin göstərişinə əsasən respublika Endokrinoloji Mərkəzin əməkdaşlarının Qobustan şəhər 1, 2, 3 N-li məktəblərdə apardıqları yoxlamalar nəticəsində 210 müəllim və şagirddə zob xəstəliyinin əlamətləri müəyyən edilərək müvafiq tədbirlər həyata keçirilmiş, polimelit xəstəliyinə görə müayinə üçün nümunələr götürülmüş, xəstəlik aşkar olunmamışdır.Səhiyyə Nazirliyi tərəfindən yeni doğulmuş uşaqların qeydiyyata götürülməsi və Elektron Sağlamlıq Kartı ilə təmin edilməsi ilə əlaqədar doğum şöbəsinə bir ədəd kompyuter dəsti verilmişdir. Büdcə təşkilatlarına və əhaliyə bank xidmətləri Kapital Bankın Qobustan filialı vasitəsilə həyata keçirilir. Əmək haqları, sosial yardımlar, müavinətlər tam şəkildə plastik kartlar vasitəsilə verilir. Əhalinin rahat şəkildə əmək haqlarını ala bilməsi üçün rayon ərazisində 2 ədəd bankomat istifadəyə vermişdir.

Kənd təsərrüfatı və əkinçiliyin inkişafı üçün filial tərəfindən sahibkarlara güzəştli kreditlər verilmiş, istehlak mallarının və gündəlik tələbat mallarının alınması üçün də vətəndaşlara kreditlər verilmiş və bu hazırda davam etdirilir.Filialda xaricdən pul köçürmələri üçün “Western Union” və ölkədaxili sürətli pul köçürmələri üçün “Xəzri” sürətli pul köçürmələri sistemi fəaliyyət göstərir. Qobustan qaz istismar sahəsi hazırda 1 şəhər, 15 kənddə əhali sektoru üzrə 4025 abonenti, 59 büdcədən maliyyələşən, 1 kommunal, 11 sənaye və 22 qeyri-dövlət müəssisəsini təbii qazla təmin edir. Bütün abonentlər sayğacla təmin edilmişdir. İstehlakçıları fasiləsiz və təhlükəsiz təbii qazla təmin etmək üçün 6 nəfərlik təmir briqadası, 15 nəfər müxtəlif baxıcı təmir çilingəri və 24 saat ərzində qaz daxilolma xidmətinin dispetçerləri və növbətçi maşın xidmət edir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar təsdiq edilmiş tədbirlər planına uyğun işlər görülür. Təbii qazla təmin ediləcək yaşayış məntəqələri kimi Nabur, Bədəlli, Üzümçü, Sədəfli, Yekəxana, Təsi, Poladlı, Xilmilli, Şıxzahırlı kəndlərində əsaslı tikinti işləri aparılacaq.Qobustan şəhərində geniş şəhərsalma işləri ilə əlaqədar “Yeni Massiv” – 1 və “Yeni Massiv” – 2 yaşayış ərazilərində yeni inzibati binaların və 700 fərdi evin tikilməsi nəzərdə tutulduğundan həmin ərazinin layihələşdirilməsinə ehtiyac vardır. Şəhərin Heydər Əliyev prospektində polad boruların polietilen borularla əvəz edilməsi, Nərimankənd yaşayış sahəsinin qaz təchizatının yaxşılaşdırılması barədə layihə-smeta sənədləri hazırlanmışdır. Rayon mərkəzinin və yaşayış məntəqələrinin qaz təminatının bərpası üçün aparıcı və paylayıcı qaz kəmərlərinin bərpası və yenidənqurulması, Xilmilli, Təklə – Mirzəbaba, Ərəbşalbaş, Çuxanlı və Sündü kəndlərinin qaz təminatının yaxşılaşdırılmasında böyük rol oynayacaq yeni qaz paylayıcı məntəqənin tikilməsi nəzərdə tutulur. “Qobustan elektrikşəbəkə” rayonunun əhali üzrə 5349, qeyri-əhali üzrə 149 abonenti var. İstifadə edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə vəziyyət belədir:əhali üzrə 80-85, qeyri-əhali üzrə isə 100 faiz. Ötən dövr ərzində 5 transformator təmir olunub, 3 təzə transformator quraşdırılıb, 30 dayaq, 3 ton “As” markalı naqil dəyişdirilib. Rayon fasiləsiz olaraq elektrik enerjisi ilə təmin olunur. Bu sahəyə məsul şəxslərin məlumatına əsasən qışa hazırlığın vəziyyəti normaldır. Sayğacdan kənar elektrik işlədilməsi hallarının və müdaxilələrin sayı azalıb. Qobustan Bölgə-Təcrübə stansiyasında 2009-cu ilin məhsulu üçün 220 hektarda dənli bitkilər əkilmişdir. Bunun 20 hektarını arpa, 185 hektarını buğda, 15 hektarını isə toxumçuluğun ilkin manqaları və təcrübə sahələri təşkil etmişdir. “Cəlilabad – 19” arpa, “Bezostaya – 1”, “Qobustan” və “Ruzi – 84” buğda sortları səpilmişdir. Aqrotexniki qulluğun düzgün və vaxtında yerinə yetirilməsi nəticəsində sahələrdən 546350 kiloqram məhsul yığılmış, ümumi məhsuldarlıq 24,8 sentner olmuşdur. Sort qarışığına yol vermədən ayrı-ayrı reproduksiyalar üzrə biçin aparılmış, üç dəfədən az olmayaraq toxumtəmizləyən maşından keçirilmiş və qablaşdırılaraq anbara təhvil verilmişdir. Beləliklə, 205 hektar toxumluq əkin sahəsindən istehsal edilən 337160 kiloqram yüksək reproduksiyalı toxum Kənd Təsərrüfatı Nazirliyinin bölgüsünə əsasən dövlət toxumçuluq təsərrüfatlarına və özəl toxumçuluq fermerlərinə veriləcəkdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2009-cu ilin ötən dövrü ərzində bir sıra işlər görülmüşdür. Poçtamt vasitəsi ilə 321 nəfərə birdəfəlik, dəfn xərci və Çernobıl əlillərinə müalicə əvəzi müavinət ödənilmiş, hazırda 1327 nəfərə sosial müavinət, 252 ailəyə ünvanlı dövlət sosial yardımı verilir.

Poçtamt vasitəsilə 321 nəfərə 22830 manat, Kapital Bankın Qobustan rayon filialı vasitəsilə 252 nəfərə 213650 manat, Beynəlxalq Bankın bankomatlarından 1327 nəfərə 527050 manat vəsait ödənilmşidir. Mərkəz 15 Çernobıl əlilinə 2250 manat müalicə əvəzi birdəfəlik kompensasiya ödəmişdir. Pulsuz avtomaşın növbəsində dayanan 18 nəfər BMV-si, ÇAES və Qarabağ əlilinə 270 manat kompensasiya ödənilmişdir. Mərkəzin 10 nəfər sosial işçisi rayonun şəhər və kəndlərində yaşayan 82 nəfər tək, tənha və kimsəsiz vətəndaşa sosial məişət xidməti göstərir. 2009-cu ilin ötən dövrü ərzində DSMF-nin Qobustan rayon şöbəsi tərəfindən qeyri büdcə təşkilatlarından 161,4 min manata qarşı 157,5 min manat sosial sığorta haqqı toplanmışdır ki, bu da 2008-ci ilin müvafiq dövrünə nisbətən 20,2 min manat çoxdur. Fiziki şəxslərdən 40,6 min manat toplanaraq proqnoz tapşırığına 104,7 faiz əməl edilmişdir. Əkinə yararlı torpaq sahələrindən 5,3 min manat vəsait yığılmışdır ki, bu da 2008-ci ilə nisbətən 3,7 min manat çoxdur. Fondun rayon şöbəsi 5210 pensiyaçıya xidmət göstərir. Şöbədə fərdi uçota alınanların sayı 7452 nəfərdir və onlara Q-3 forması yazılmışdır. Bu günə kimi 6458 ədəd sığorta şəhadətnaməsi paylanmışdır.

Telekommunikasiya qovşağı tərəfindən Cəngi yaşayış məntəqəsində 16 yerlik, Yekəxana kəndində 32 yerlik mini ATS quraşdırılmış, şəhər şəbəkəsində 5 kilometr kabel təmir edilmiş,20 ədəd kabel qutusunun ətrafında səliqə yaradılmış, abunəçi zədələnmələri daim diqqətdə saxlanılmış və təmir edilmişdir.

Rayon poçt filialı doqquz aylıq plana yüz faiz əməl etmişdir. Poçtun 12 şöbəsi tərəfindən əhaliyə poçt xidmətləri göstərilir. 2009-cu ilin ötən dövrü ərzində Ərəbşalbaş və Nabur kəndlərində yeni tipli poçt şöbələri tikilərək istifadəyə verilmişdir.Yaxın vaxtlarda Xilmilli kəndində də yeni poçt şöbəsinin tikintisi tamamlanacaqdır.

Göründüyü kimi, Qobustan rayonunda 2009-cu ilin 9 ayı ərzində görülmüş işlər çox və əhəmiyyətlidir. Hamısını isə saymaq, sadəcə olaraq, mümkün deyil. Qobustan “yol ağzında” yerləşdiyindən buradakı yenilikləri gözlə görmək asandır. Sözsüz ki, rayonda aparılan abadlıq-quruculuq işləri barədə mübaliğəyə yol verilməyib, əksinə, mən hələ gördüklərimin heç onda birini də yaza bilmədim...

 

 

Səməd HÜSEYNOĞLU,

“Xalq qəzeti”nin bölgə müxbiri

 

Xalq qəzeti.- 2009.- 1 noyabr.- S. 4.