Bakı Dövlət Universiteti və milli ideologiyamızın formalaşmasında humanitar elmlərin rolu

 

Azərbaycan xalqının ən mötəbər elm və təhsil məbədi olan Bakı Dövlət Universitetinin 90 illik yubileyi münasibətilə öz düşüncələrimi oxucularla bölüşməyə bir ehtiyac duydum. Ölkəmizdə ali təhsilin flaqmanı olan Bakı Dövlət Universitetinin xalqımızın savadlanmasında, respublikada elm və təhsilin inkişafında misilsiz xidmətləri olmuşdur. BDU indiyədək yüz minlərlə yüksək səviyyəli ali təhsilli kadrlar hazırlamışdır. Təkcə onu demək kifayətdir ki, dünyanın böyük siyasət nəhəngi, müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli liderimiz Heydər Əliyev onun məzunu olmuşdur. Ulu öndər Bakı Dövlət Universitetinin həm də böyük qayğıkeşi olmuş, onu Azərbaycan xalqının milli sərvəti adlandırmış, BDU-nun məzunu olması ilə fəxr etdiyini dəfələrlə söyləmişdir.

 

XX əsrdə və üçüncü minilliyin əvvəllərində Azərbaycanda mənəvi mədəniyyətimizin, elm və maarifimizin inkişafı Bakı Dövlət Universitetinin inkişafı ilə yanaşı addımlamışdır. İstər keçmiş İttifaq dövründə, istərsə də müstəqil Azərbaycan dönəmində Bakı Dövlət Universiteti bütövlükdə mənəvi mədəniyyətimizin, o cümlədən də elm və təhsilin inkişafına böyük töhfələr vermişdir. Müasir şəraitdə milli ideologiyamızın təşəkkül və formalaşmasında Bakı Dövlət Universitetinin, xüsusilə də humanitar elmlərin rolu olduqca böyükdür. Ümummilli lider Heydər Əliyev bunu dəfələrlə qeyd etmişdir.

Milli ideologiya özü nə deməkdir? Milli ideologiya hər bir ölkənin, cəmiyyətin özünəməxsusluğunu, yerli, milli xüsusiyyətlərini, tarixi keçmişini, inkişaf perspektivlərini, tərəqqi dinamikasını özündə ifadə edir.

Azərbaycan milli ideologiyasının təşəkkül və formalaşmasından söhbət gedərkən unutmamalıyıq ki, 70 il müddətində bizim respublikamızda da kommunist ideologiyası hökm sürüb. Heydər Əliyevin təbirincə desək, biz sonradan kommunist ideologiyasından imtina etmişik. Bu, doğrudur, lakin belə təsəvvür etmək olmaz ki, yeni milli ideologiyamız elə birdən-birə hazır “zənbillə” göydən düşüb. Əlbttə, belə deyildir. Bu baxımdan milli ideologiyamızın təşəkkülü, formalaşma təkamülü ilə bağlı bəzi məqamlara diqqət yetirək. Hər şeydən əvvəl, tariximizin müxtəlif dövrlərində, həmçinin fərqli sosial şəraitlərdə, xüsusilə də XX əsrdə fəaliyyət göstərmiş görkəmli mütəfəkkirlərimizin, tarixçilərimizin, filosof və siyasətçilərimizin, ədəbiyyatçı-dilçi alimlərimizin nəcib əməyini xatırlamağa dəyər. Yəni qeyd etməyə dəyər ki, hazırda sahib olduğumuz elmi-nəzəri, mənəvi-əxlaqi dəyərlərin, necə deyərlər, ilk sütunlarını məhz onlar yaradıblar. Hələ totalitar rejim dövründə Azərbaycanın maarifi, elmi, təhsili üçün “külüng çalanlarımız” az olmamışdır. Uzağa getməyək, ulu öndərimiz Heydər Əliyevin kommunist ideologiyasının hökm sürdüyü dövrlərdə, o cümlədən də Sovet İttifaqının çox nüfuzlu rəhbərlərindən biri olduğu vaxtlarda Azərbaycanın tərəqqisi ilə bağlı söyləmiş olduğu tarixi ideyaları unutmaq olarmı? Bu ideyalar isə ictimai-iqtisadi, elm-təhsil, mənəviyyatla bağlı bütün sahələri əhatə edir. Buna görə də milli ideologiyamızın formalaşmasından söhbət gedərkən keçmişin mütərəqqi irsini unutmamalı, varislik prinsiplərini rəhbər tutmalıyıq.

Başqa bir məqam da diqqət tələb edir. Azərbaycanda humanitar elm nümayəndələrinin hər cür səylərinə baxmayaraq totalitar rejim, eyni zamanda, sərt tələbləri ilə çıxış edən kommunist ideologiyası elmi tədqiqatlar və araşdırmalar üçün müəyyən yasaqlar, qadağalar qoymuşdu. Nəyi tənqid edib-etməməyimizdə, müstəqil fikir söyləməkdə, bir qayda olaraq, sərbəst deyildik. Bir sıra alimlərimiz, yazıçı və şairlərimiz, sənət adamlarımız repressiya və təqiblərə məruz qalmışdılar. Məsələn, Azərbaycanın ilk Demokratik Xalq Cümhuriyyətinin tarixini, fəaliyyətini olduğu kimi, müsbət planda öyrənib araşdırmaq qadağan edilmişdi, demokratik hökumətimizin fəaliyyəti ya pislənir, ya da təhrif olunurdu. Bir çox mətbu orqanlarımız (“Füyuzat”, “Şəlalə”, “Azərbaycan”) burjua mətbu orqanları adlandırılaraq, yasaqlanmışdı.

Daha bir məqam. Zamanın müəyyən dönəmində kommunist rejiminin dayaqlarının çürüməkdə olduğu aşkar şəkildə özünü büruzə verdi. Respublikamızda milli-azadlıq hərəkatı vüsət aldı, milli mənlik şüuru, milli özünüdərk meyli və hərəkatı gücləndi. Totalitar rejim milli-azadlıq hərəkatını boğmağa çalışaraq, ölkəmizdə qan tökdü, 20 Yanvar faciəsini törətdi, torpaqlarımızın bir hissəsinin Ermənistan tərəfindən işğal olunmasına şərait yaratdı. Bu arada Azərbaycanı parçalamaq meyilləri də gücləndi. Tarixin də öz məntiqi var. İttifaq çökdü, biz siyasi müstəqillik əldə etdik. Xalq Cəbhəsi hakimiyyətə gəldi. Təəccüblü də olsa, bu dövrdə də adlı-sanlı mütəfəkkirlərimizə, keçmiş dövlət xadimlərimizə, siyasətçilərimizə qarşı ayrı-seçkilik siyasəti yürüdülməyə başlandı, ideoloji, daha doğrusu, ideya qeyri-müəyyənliyi meydan aldı. Siyasətdən uzaq olan adamların ölkəni bəsit şəkildə idarə etməsi öz mənfi nəticələrini verməkdə idi.

Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi ölkəmizdə böyük tarixi, ictimai-siyasi proseslərin əsasını qoydu. Burada Heydər Əliyevin üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətinə istinad etsək yerinə düşər. Müraciətdə deyilir: “Öz müstəqilliyini əldə edən Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Məhz bu müddət ərzində Azərbaycan xalqı öz müstəqil dövlətinin Konstitusiyasını qəbul etmiş, qanunvericiliyini, hakimiyyətin bölünmə prinsiplərini, hüquq normalarını dünya standartlarına uyğunlaşdıraraq, digər dövlətlərlə hərtərəfli əməkdaşlığa hazır olduğunu nümayiş etdirmişdir”.

Kommunist ideologiyası iflasa uğradıqdan sonra respublikamızın müstəqillik əldə etdiyi, bazar iqtisadiyyatına keçildiyi, xüsusi mülkiyyətə əsaslanan yeni ictimai münasibətlərin formalaşmaqda olduğu, yeni demokratik strukturların təşəkkül tapdığı bir şəraitdə demokratik milli ideologiyanın, yeni ideoloji konsepsiyaların yaradılması böyük intellekt və zəka sahibi olan Heydər Əliyevin ideya-nəzəri irsinin tərkib hissələri idi. Cəsarətlə deyə bilərik ki, yeni ideologiyanın başlıca struktur elementləri, təməl ideoloji konsepsiyalar Heydər Əliyevin əsərlərində, nitq və çıxışlarında özünə yer almışdır. Bunlar da özünəməxsus “vətəndaşlıq həmrəyliyi fəlsəfəsi” kimi qiymətləndirilən “azərbaycançılıq konsepsiyası”, Azərbaycan dili və ədəbiyyatına, milli-mənəvi dəyərlərimizə, islam dininə hörmətlə yanaşmasından ibarətdir. Akademik Ramiz Mehdiyev “Qlobal inteqrasiya və Azərbaycanda fəlsəfi fikrin yenidən nəzərdən keçirilməsinə dair” məqaləsində yazır: “Son illərdə biz tez-tez azərbaycançılıq ideologiyası barədə danışır, ona müraciət edirik. Belə hesab edirik ki, o, yeni şəxsiyyətin formalaşmasının əsaslarından biridir. Lakin biz bu anlayışın mahiyyəti və tərkib hissələri ilə əlaqədar fundamental elmi araşdırmaları görmürük, indiyə qədər onun strukturu elmi səviyyədə müəyyənləşdirilməmişdir. Bizim ideoloji korpus, təhsil müəssilərinin müəllimləri ümumən bu ideoloji konsepti dolaşıq təsəvvür edir və buna müvafiq olaraq, onu özlərinin elmi-praktik araşdırmaları sırasına daxil etmirlər. Milli Elmlər Akademiyası bu boşluğu doldurmağa və onun işlənməsini mühüm dövləti vəzifə kimi müəyyənləşdirməyə, əlaqədar elmi institutları və ali məktəblərin müvafiq kafedralarını bu işə cəlb etməyə sadəcə olaraq borcludur”.

Bakı Dövlət Universitetinin humanitar elm nümayəndələrinin bu deyilən sahədə apardıqları müəyyən səmərəli işləri də qeyd etməklə, hörmətli filosofumuz, akademik Ramiz Mehdiyevin iradını tamamilə haqlı sayır və onun özünün də azərbaycançılığın tədqiqi sahəsində dəyərləri elmi araşdırmalarının olmasını oxucularımıza xatırlatmaq istəyirəm. Düşünürəm ki, ilk təməl nəzəri prinsipləri, postulat və paradiqmaları ulu öndərimiz tərəfindən yaradılmış Azərbaycan milli ideologiyası bütöv bir sistemdir, daha böyük və əhatəli anlayışdır. Azərbaycançılıq konsepsiyası onun aparıcı, təyinedici tərkib hissəsidir, keyfiyyət müəyyənliyidir. Azərbaycan cəmiyyətinin daxili bütövlüyünə nail olmağa çalışarkən Heydər Əliyev “vətəndaş həmrəyliyi fəlsəfəsi” kimi qəti surətdə təqdir olunan “azərbaycançılıq” konsepsiyasını irəli sürdü və bildirdi ki, Azərbaycan bu ölkədə yaşayanların hamısının Vətənidir. Azərbaycançılıq konsepsiyası həmçinin buna diqqəti yönəldir ki, Vətənimiz olan Azərbaycan böyük tarixə malik, çox vaxt da məhz “Azərbaycan” adı ilə çağrılan qədim bir ölkədir, türk dillərindən biri olan dilimiz də məhz Azərbaycan dilidir. “Hər bir xalq öz dili ilə yaranır”, — deməklə Heydər Əliyev doğma dilimizin Azərbaycan xalqının varlığının təyinedici, ayrılmaz hissəsi olduğunu nəzərə çatdırmışdır. Azərbaycanlı olması ilə həmişə fəxr edən ulu öndər Vətənə övlad məhəbbəti ilə yanaşdığını bir daha nümayiş etdirmişdir. Onun Səməd Vurğunun “Azərbaycan” şeirinə müraciət etməsini, hətta onu zümzümə etməsini də yada salmaq yerinə düşərdi.

Azərbaycan milli ideologiyasının təşəkkülü və formalaşmasında Bakı Dövlət Universitetinin humanitar elm nümayəndələrinin xidmətlərini qeyd etməzdən əvvəl Heydər Əliyevin bu xidmətləri necə qiymətləndirməsinə diqqət yetirək. Ulu öndər universitetin 80 illik yubileyində xüsusi vurğulamışdır: “Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır”. Bakı Dövlət Universitetinin 75 illiyi ilə əlaqədar Heydər Əliyev demişdir: “Bakı Dövlət Universitetinin əsas fakültələri — tarix fakültəsi, filologiya fakültəsi, fəlsəfə fakültəsi, yəni bütün humanitar fakültələr Azərbaycan dilinin, Azərbaycan elminin inkişafında müstəsna yer tutur... Azərbaycanda milli-azadlıq hərəkatının yaranması, meydana çıxması, inkişaf etməsi, tariximizin səhifələrinin təxribatdan, təhrifdən qorunması, əsrlərdən-əsrlərə xalqımızın böyük tarixə, böyük mədəniyyətə malik olması — bunlar hamısı XX əsrdə alimlərimizin, ali təhsil ocaqlarında çalışanların fəaliyyəti sayəsində olmuşdur”.

Heydər Əliyev bütövlükdə tarix elminə, xüsusilə də Azərbaycan xalqının tarixinə metodoloji cəhətdən necə yanaşmağın paradiqmalarını hazırladı, bəzi tarixi hadisələrin qiymətləndirilməsində özünə yer almış bayağılıqları və lüzumsuz subyektivizmi aradan qaldırmaq nümunəsi göstərdi, keçmiş ideologiyadan gələn bir sıra yasaqları və qadağaları ləğv etdi. Bu cəhətdən universitetin tarixçi alimləri onun tövsiyələrini rəhbər tutaraq milli ideologiyamızın formalaşması prosesində fəal iştirak edirlər. BDU-nun tarixçi alimlərinin ilk Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, xalqımızın müxtəlif vaxtlarda məruz qaldığı deportasiya və soyqırımı məsələlərinə dair apardıqları dəyərli elmi araşdırmaları buna misal çəkmək olar. Bakı Dövlət Universitetində AXC-nin tarixinə həsr olunmuş və AMEA ilə birlikdə uğurla keçirilmiş elmi-nəzəri konfransın işində tarixçilərimizlə yanaşı, digər humanitar elm sahəsi üzrə mütəxəssislər də yaxından iştirak etmişlər. Sevindirici haldır ki, AXC-nin tarixinə və fəaliyyətinə həsr olunmuş bir neçə cilddən ibarət kitab Azərbaycan və rus dillərində geniş oxucu kütləsinin ixtiyarına verilmişdir. Heydər Əliyevin “Minilliyin qovuşağında” adlı xalqa müraciətindən aşağıdakı sözləri xatırlatmaq yerinə düşər: “Bu əziz gündə Azərbaycan Xalq Cümhuriyyəti banilərinin ruhu qarşısında, bolşevik terrorunun, repressiyaların, kütləvi deportasiyaların, soyqırımlarının, Qanlı Yanvar qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün vətəndaşlarımızın xatirəsi qarşısında baş əyib Allahdan onlara rəhmət diləyirik”.

BDU-nun tarix fakültəsi alimlərinin Azərbaycan xalqının tarixinin elmi araşdırılması sahəsindəki xidmətlərini qeyd etmək lazımdır. Bu cəhətdən Azıx mağarasında edilən kəşfi, dünya azərbaycanlılarının tarixinə dair elmi laboratoriyanın yaradılmasını qeyd edə bilərik. “Azərbaycanın Avropa ölkələri ilə əlaqələri (XV əsrin II yarısı)”, “Azərbaycan diplomatiyası”, “Kitabi-Dədə-Qorqud” və “Azərbaycan tarixinin konseptual problemləri”, “Azərbaycan xalqının genezisi” kimi sanballı əsərlərdə xalqımızın tarixinin ciddi surətdə tədqiq edilməsinin şahidi oluruq. Xalqın tarixi keçmişinə, hətta “Azərbaycan” adına biganə yanaşanlara cavab olaraq bununla bağlı tarixçilərimizin bir sıra məlumatlarını yada salmaq yerinə düşər. Məsələn, ərəb xəlifəsi I Müaviyyə (VII əsr) öz müşaviri Übeyd İbn-Şəriyyədən soruşub: “Türklər və Azərbaycan nə deməkdir?” Müşavir cavab verib: “Azərbaycan qədimdən türklərin yaşadığı ölkədir”. Yaxud IX əsr səyyahı Əl-Yaqubi Arazın şimalını “Yuxarı Azərbaycan” (“Azərbaycan əl-Ülya”) adlandırır. Daha bir misal. Ət-Təbəri yazır: “Azərbaycan ərazisi Həmədan-Zincan şəhərlərindən başlar, Dərbəndə qədər davam edər, bu əraziyə Azərbaycan deyirlər”. 902-903-cü ildə ibn əl-Fəqih yazıb: “Azərbaycan ərazisi Bərdə torpaqlarından Zəncan torpaqlarına qədərdir” (Bax. akad. Tofiq Köçərli. “Erməni saxtakarlığı”, Bakı, 2002, s. 6-7).

BDU-nun tarixçi alimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş və Azərbaycan milli ideologiyasının formalaşması baxımından dəyərli mənbə hesab etdiyim “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyət” (Y.Mahmudov), “Dövlətçilik naminə” (İ.Hüseynova) adlı kitabları yada salmaq istərdim.

Bakı Dövlət Universitetinin hüquq, beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsinin alimləri də bu təhsil ocağımızın humanitar alimləri arasında layiqli yer tutur, respublikamızda keçirilən ictimai-siyasi tədbirlərdə, qanunvericilik aktlarının müzakirəsində yaxından iştirak edirlər. Hüquq fakültəsinin alimləri “Azərbaycanın siyasi və hüquqi nəzəriyyələr tarixi”, “Azərbaycan dövlət və hüquq nəzəriyyəsi”, “Azərbaycanın siyasi və hüquqi təlimlər tarixi” kimi sanballı əsərləri oxucuların xidmətinə vermişlər. Bu əsərlərdə Azərbaycanın konstitusiya inkişafı, vətəndaşların hüquq və vəzifələri, ölkənin müxtəlif tarixi mərhələlərində Azərbaycanın ictimai, dövlət quruluşu və hüququ, siyasi-hüquqi ideologiyasının formalaşması və inkişafı kimi məsələlər öz əksini tapmışdır. Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsi xeyli cavan olsa da, Azərbaycanın daxil olduğu beynəlxalq aləmdə onun yerinin tədqiq edilməsində, Heydər Əliyevin elmi-nəzəri irsinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Ümummilli liderimiz BDU-nun filologiya fakültəsinin alimlərinin ölkəmizdə ədəbi-bədii irsin, dil mədəniyyəti tarixinin tədqiqində, Azərbaycan dilinin inkişaf etdirilməsi sahəsində nəcib əməyini xüsusi qeyd edir, mütəfəkkir yazıçı və şairlərin ədəbi-bədii irsinin öyrənilməsi ilə əlaqədar filoloqlar qarşısında ciddi vəzifələr durduğunu nəzərə çatdırırdı. Bunu Heydər Əliyev Nizaminin, Füzulinin, Cəlil Məmmədquluzadənin yubileylərinin, həmçinin “Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar söyləmiş, eyni zamanda, şifahi xalq yaradıcılığının dərindən öyrənilməsi zərurətini bir vəzifə kimi irəli sürmüşdür. Universitetin filologiya fakültəsinin alimləri rəhbərin bu çağırış və tapşırıqlarına layiqincə cavab vermişlər.

Bir məqamı da diqqətə çatdırmaq istərdim. Heydər Əliyev alimlərimiz qarşısında vəzifə qoyarkən onu bütün aydınlığı ilə nəzərə çatdırırdı, daha doğrusu, onun mükəmməl konsepsiyasını təqdim edirdi. O, böyük mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubileyi ərəfəsində çox şövqlə nəzərə çatdırırdı ki, “baxın, 500 il bundan əvvəl Füzuli öz ana dilində, Azərbaycan dilində, türk dilində öz əsərlərini yaratmışdır”. Yaxud Cəlil Məmmədquluzadənin 125 illiyi ilə əlaqədar Heydər Əliyev demişdi: “Cəlil Məmmədquluzadənin yaradıcılığı, əsərləri bu gün bizim ideologiyamızın formalaşmasına, yaranmasına və onun konsepsiyasının elmi şəkildə hazırlanmasına çox kömək edə bilər və edəcəkdir”.

Filologiya fakültəsinin səmərəli axtarışlarından bəhs edərkən azərbaycançılıq ideologiyasının elmi araşdırılması sahəsinə dəyərli xidmət kimi “Azərbaycanşünaslıq məsələləri” (Nizami Cəfərov. Bakı, 2001), “Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri” (Nizami Cəfərov. Bakı, 2001) kitablarını nəzərə çatdırmaq istərdim.

Heydər Əliyev jurnalist peşəsinə həmişə çox hörmətlə yanaşan dövlət rəhbərlərindən idi. O göstərirdi ki, “jurnalistika böyük zəhmət, xüsusi səy, professional yanaşma, hadisələri operativ qiymətləndirmək və prosesləri düzgün təhlil etmək bacarığı tələb edən sənətdir”. Məncə, ulu rəhbərin bu sözləri həmçinin BDU-nun jurnalistika fakültəsinin professor-müəllim heyəti üçün həm ruhlandırıcı, həm də rəhbəredici sözlər idi. Fakültənin alimlərinin yaratdığı “Heydər Əliyev və mətbuat” dördcildliyini təqdirəlayiq hadisə kimi qiymətləndirmək olar. Ümumiyyətlə, Mətbuat Günü ilə əlaqədar elmi-nəzəri, elmi-praktiki konfransların keçirilməsi və universitet rəhbərlərinin bu işə həvəslə qatılması, onu diqqətdə saxlaması artıq xoş ənənəyə çevrilmişdir. “Azərbaycan” qəzetinin 90 illiyinin Bakı Dövlət Universitetində təntənə ilə keçirilməsi də bu qəbildəndir.

Universitetin sosial elmlər və psixologiya fakültəsində, onun müvafiq kafedralarında aparılan elmi-nəzəri iş də diqqəti cəlb edir. Hər şeydən əvvəl xatırladaq ki, fakültədə müasir problematika, müasir Azərbaycan gerçəkliyinin elmi araşdırılması aparıcı yer tutur. Müstəqil Azərbaycanın da qatıldığı qloballaşma və inteqrasiya prosesləri, bazar iqtisadi və özəlləşdirmə ilə, həmçinin müasir informasiya cəmiyyətinin təşəkkül tapması, vətəndaş cəmiyyəti və dünyəvi, hüquqi dövlət problemlərinin tədqiqi və öyrənilməsi diqqət önünə çəkilmişdir. Bütün sosial elmlərin nəzəri əsası və metodoloji bazası kimi fəlsəfənin problemləri fəal tədqiq olunur, namizədlik və doktorluq dissertasiyaları üçün, bir qayda olaraq, tədqiqi əhəmiyyət kəsb edən mövzular seçilir. Fəlsəfə üzrə bir sıra maraqlı kitablar oxucuların istifadəsinə verilmiş, Platonun, Aristotelin, Hegelin əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. Azərbaycan dilində sanballı “Fəlsəfə” ensiklopedik lüğəti yaradılmış, bir çox digər əsərlər də rus dilindən Azərbaycan dilinə tərcümə edilərək oxucuların istifadəsinə verilmişdir. Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikir tarixinin tədqiqi sahəsində də bütövlükdə səmərəli işlər görülmüşdür. Xatırlatmaq istərdik ki, sosiologiya kafedrasında “Qloballaşma və milli təhlükəsizlik”, “Şəxsiyyət və cəmiyyət”, “İdarəetmənin sosiologiyası”, “Siyasətin sosiologiyası”, “Liderlik və rəhbərlik”, “İnformasiya cəmiyyəti” və s. mövzular tədqiq və tədris olunarkən müasir Azərbaycan gerçəkliyindən götürülmüş faktlardan, eyni zamanda ulu öndərimiz Heydər Əliyevin ideya-nəzəri irsindən geniş istifadə olunur. Əlbəttə, gələcəkdə daha çox işlər görməliyik. Cəmiyyətdə baş verən çox çeşidli hadisələrin proqnozlaşdırılması və modelləşdirilməsi sahəsində bir qədər geri qalırıq, hələ elit səviyyədə sosiologiya və politologiya məktəbimiz yoxdur.

Ümummilli liderimiz Heydər Əliyevin elmi-nəzəri və ideya irsinin öyrənilməsi və tədrisi sahəsində universitetin politologiya və sosiologiya kafedrası alimlərinin faydalı əməyini də qeyd etmək olar. Kafedra rəhbərliyinin və əməkdaşlarının müxtəlif regional və beynəlxalq simpozium və konfranslarda fəal iştirakı diqqəti cəlb edir.

Heydər Əliyevin təbirincə desək, “Azərbaycan maarifinə çıraq tutan” bu təhsil ocağının, yəni Bakı Dövlət Universitetinin bütün humanitar korpusunun, bunların sırasında da şərqşünaslıq, kitabxanaşünaslıq və informasiya, ilahiyyat fakültələrinin müsbət işini qeyd etmək olar.

Bütövlükdə, humanitar fakültələr korpusu Bakı Dövlət Universitetində xoş bir aura — Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqət aurası, onun möhkəm, ideoloji zəmini olmaq, uğurlarından ruhlanmaq, taleyüklü problemlərinə həssaslıqla yanaşmaq imici yaratmışdır. Məhz buna görə də Heydər Əliyev həmişə Bakı Dövlət Universitetinə qayğı və məhəbbətlə yanaşmış, ondan ümid gözləmiş və dəfələrlə demişdi ki, milli ideologiyamızın əsasları, milli şüur və milli ruh məhz təhsil ocaqlarında, o cümlədən Bakı Dövlət Universitetində yaradılır. Yekun olaraq deyə bilərəm ki, BDU-da fəaliyyət göstərən “Heydər Əliyev məktəbi” elə hamımız üçün nümunə, örnəkdir.

 

 

İzzət RÜSTƏMOV,

Bakı Dövlət Universiteti sosiologiya

kafedrasının müdiri, fəlsəfə elmləri doktoru,

professor 

 

Xalq qəzeti.- 2009.- 1 noyabr.- S. 3.