Ölkəmizin davamlı iqtisadi inkişafı texniki peşə təhsilinə
xüsusi diqqət yetirməyi tələb edir
Milli təhsilimizin mühüm pillələrindən
olan texniki peşə təhsilinə son illər dövlət
tərəfindən böyük önəm verilir. Təsadüfi
deyil ki, 2007-ci il iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı” qəbul
edilməsi ilə bağlı sərəncam
imzalamışdır. Bu sərəncam təhsilin bu pilləsinin
inkişafına böyük təkan vermiş, bu sahədə
uğurlar qazanılmasına stimul yaratmışdır. Ən
əsası budur ki, ictimaiyyətin peşə təhsilinə
münasibəti xeyli dəyişmişdir. Bu gün ölkənin
bütün texniki peşə məktəblərində
aparılan islahatların nəticəsi aydın hiss
olunmaqdadır. Bu islahatlar rəhbərlik etdiyim 13 saylı
Bakı peşə liseyinin fəaliyyətinə də öz
təsirini göstərmişdir.
Onu da qeyd edim ki, peşə
təhsili islahatı ümummilli lider Heydər Əliyevin
başladığı və möhtərəm Prezidentimiz
İlham Əliyev tərəfindən davamlı olaraq həyata
keçirilən təhsil islahatının tərkib hissəsidir.
13 saylı peşə liseyinin bu islahat nəticəsində əldə
etdiyi nailiyyətlərin bəziləri barədə məlumat
vermək istərdim.
1974-cü ildə 79
nömrəli orta texniki peşə mktəbi adı ilə fəaliyyətə
başlayan təhsil ocağının məqsədi əsasən
tikilməkdə olan Bakı məişət kondisionerləri
zavodu üçün ixtisaslı fəhlə kadrlar
yetişdirmək idi. Bu missiyanı məktəb xeyli müddət
böyük şərəflə yerinə yetirmiş, lakin
zavod fəaliyyətini dayandırandan sonra məktəbin də
fəaliyyətində ciddi problemlər yaranmışdır.
Təhsil Nazirliyinin, eləcə
də liseyin kollektivi çevik mexanizmlər tapa bildi və
ölkənin əmək bazarının tələblərinə
uyğun olaraq məktəb yenidən
formalaşdırıldı. Burada yeni müasir ixtisaslar
üzrə qruplar yaradıldı.
Bu gün ölkənin
inkişafında prioritet sahələrdən biri olan informasiya-kommunikasiya
texnologiyaları üzrə ixtisaslı kadr
hazırlığı məktəbin əsas istiqamətini təşkil
etdi. Beləliklə, bu təhsil ocağı az bir vaxt içərisində
ölkənin qabaqcıl peşə təhsili müəssisəsinə
çevrildi. Hazırda peşə liseyində kompyuter üzrə
operator, mühasib-fərdi kompyuter üzrə operator,
mühasib-fərdi kompyuter texnikasının
sazlayıcısı, çapçı ixtisasları üzrə
kadrlar hazırlanır. Daha çox ehtiyac və tələbat
duyulan kompyuter texnikasının sazlayıcısı
ixtisası üzrə kadr hazırlığına bu ildən
başlanılmışdır. Mühasib-fərdi kompyuter
operatoru ixtisası üzr həm əsas, həm də orta təhsil
bazasından, digər ixtisaslar üzrə isə əsas təhsil
bazasından qəbul aparırıq. Bu il liseyimizə əsas
təhsil bazasında 120 nəfər, orta təhsil bazasında
ödənişli qruplara 45 nəfər şagird qəbul
olunub.
Hazırda liseydə 400
nəfərə yaxın şagird təhsil alır. 24 qrupda
komplektləşdirilmiş həmin şagirdlərin təlim-tərbiyəsi
və ixtisas hazırlığı ilə 58 nəfər
müəllim və 24 istehsalat təlimi ustası məşğul
olur.
1997-ci ildən mən bu
təhsil ocağına rəhbərlik edirəm. 12 il ərzində
məktəbin fəaliyyətinin genişlənməsi, yeni
ixtisasların yaradılması, təlimin keyfiyyətinin
yaxşılaşdırılması üçün bir
sıra əsaslı işlər görə bilmişik. Məhz
təhsil islahatının tələblərini rəhbər
tutaraq keyfiyyətli kadr hazırlığını təmin
etmək əsas məqsədimiz olub.
Liseyin müəllimləri
və şagirdləri peşə təhsili pilləsinin
müəssisələri arasında keçirilən
müsabiqələrdə, olimpiadalarda, digər bilik
yarışlarında fəallıq göstərmişlər.
Lisey 2001-ci ildə “İlin ən yaxşı peşə təhsili
müəssisəsi” respublika müsabiqəsində III dərəcəli
diploma layiq görülüb. Peşə məktəbləri
və peşə liseyləri şagirdləri arasında 2002,
2003, 2004, 2006-cı illərdə keçirilən olimpiadalarda
məktəbimizin şagirdləri fərqlənmiş,
müxtəlif dərəcəli diplomlar almışlar.
Ötən dərs ilində
liseyin iki müəllimi – baş usta Taleh Babayev və usta Rabil
Şahbazov Təhsil Nazirliyinin göndərişi ilə
Türkiyə Respublikasının İzmir şəhərində
müvafiq hazırlıq kursu keçiblər. Liseyin internet
saytını da onlar Türkiyədən qayıtdıqdan
sonra yaratmışlar. İlk peşə təhsili müəssisəsidir
ki, özünün saytı vardır (13 bp1.com) və burada
liseyimiz haqqında, müəllimlərimiz, öyrədilən
ixtisaslar barədə məlumatlar vardır.
Kadr
hazırlığını keyfiyyətlə aparmaq
üçün peşə liseyində müvafiq maddi-tiexniki
baza yaradılmışdır. İlk növbədə deyim
ki, məktəbimizin əsaslı təmirə böyük
ehtiyacı vardır. Doğrudur, ötən dərs ilində
cari təmir işləri aparılmışsa da, biz
arzulayırıq ki, məktəbimiz müasir üslubda əsaslı
təmir edilsin.
Son vaxtlar fənn kabinetləri
və sinif otaqları yeni avadanlıqlarla təmin
olunmuşdur. Açılışına
hazırlaşdığımız yeni kompyuter sinfi fəaliyyətə
başlayandan sonra ixtisasların daha keyfiyyətlə öyrədilməsi
mümkün olacaq. Gələcəkdə isə daha bir
kompyuter otağı yaratmaq fikrindəyik. Beləliklə, hər
kursun öz kompyuter otağı yaradılmış olacaq. Son
illər peşə liseyinə şagirdlər fəal gəlirlər.
Bu da gənclərin ixtisaslara marağı ilə izah
olunmalıdır.
Liseyimizin zəngin
kitabxanası var. Kitabxana ümumi orta və ixtisas təhsili
üzrə dərsliklərlə tam təmin olunmuşdur. Müəllimlərimiz
peşə ixtisası üzrə yeni dərsliklərin
yaradılmasında yaxından iştirak edirlər.
Liseyimizdə şagirdlərin
vətənpərvərlik ruhunda tərbiyə olunması
istiqamətində ardıcıl iş aparılır. Qarabağ
uğrunda döyüşlərdə liseyin 6 məzunu şəhid
olub. Onların xatirəsini əbədiləşdirmək
üçün binanın I mərtəbəsindəki foyedə
şəhid məzunlara həsr olunmuş xüsusi guşə
yaradılıb.
Tədris korpusunun I, II və
III mərtəbələrinin dəhlizlərini bəzəyən
“Təhsil millətin gələcəyidir”, “Biz onlarla fəxr
edirik”, “Azərbaycan idmanı gənclərin fiziki və mənəvi
sağlamlığıdır” və s. adda stendlərimiz tərbiyə
vasitəsi olub, gənclərin Azərbaycan dövlətinin,
onun Prezidentinin təhsilə göstərdiyi qayğı və
diqqətlə tanış olmalarına, idmanı sevməyə,
qabaqcıllardan nümunə götürmələrinə
imkan yradır.
Bu gün ölkəmizdə
təhsilə göstərilən qayğı göz
qabağındadır. Son dövrlər təkcə təhsil
problemlərinin həllinə yönəldilən 16 Dövlət
Proqramının qəbul edilməsi bu qayğının bariz
inümunəsidir. Həmin proqramlar arasında peşə təhsilinin
inkişafına yönəlmiş Dövlət Proqramı
2007-2010-cu illəri əhatə edir. Proqramın
reallaşması istiqamətində çox böyük tədbirlər
həyata keçirilib. Təhsil Nazirliyinin texniki peşə təhsili
şöbəsinin müdiri Namiq Məmmədov bu
yaxınlarda keçirdikləri peşə təhsili
işçilərinin yığıncağında
görülmüş işlər, qarşıda duran vəzifələr
barədə geniş təqdimat-məruzə etdi. Məruzədə
təhsilin bu sferasında son illər əldə olunan nailiyyətlər
və problemlərlə yanaşı, yeni tədris ilində
görüləcək işlər barədə də məlumat
verdi.
Görüləsi
işlər çoxdur. Rəhbərlik etdiyim 13 saylı
peşə liseyinin kollektivi də bu vəzifələrin yerinə
yetirilməsinə öz layiqli töhfələrini vermək
üçün bütün imkanları səfərbər
etmək əzmindədir.
Mövlud HACIYEV,
13 saylı Bakı peşə liseyinin direktoru
Xalq qəzeti.-2009.- 1 noyabr.- S. 5.