Yaradan əllərin möcüzələri

 

Altmış yaşlı Sumqayıt onu qurub-yaradanların özləri üçün ucaltdıqları möhtəşəm bir abidəyə bənzəyir. Azərbaycan Prezidenti İlham Əliyevin bu il aprelin 24-də imzaladığı sərəncamla yubileyi ölkəmizdə geniş qeyd edilən gənclər şəhəri son illərdə daha da böyüyüb, inkişaf edib. Burada müasir infrastruktur yaradılıb, sosial sahə genişlənib. Artıq sənaye şəhərinin “qaşqabaqlı” görkəmindən əsər-əlamət qalmayıb, hər tərəf, necə deyərlər, üzə gülür, göz-könül oxşayır. Bu gözəlliyi Sumqayıta onun qədirbilən övladları bəxş ediblər. Şəhərin hüsnünə sığal çəkən fədakar adamların böyük bir dəstəsi “Ximekspress-2000” şirkətində çalışır. Onlar mənzil fondunun qorunmasında, binaların fasadlarının, dam örtüklərinin əsaslı təmirində, sosial obyektlərin yenidən qurulmasında, park və xiyabanların salınmasında yaxından iştirak edirlər.

 

Şirkətin təsisçisi İlqar Nuriyev Sumqayıtda doğulub, boya-başa çatıb. Ali təhsilli mühəndisdir. Doğma şəhərə sevgisini rəhbərlik etdiyi kollektivlə birlikdə yeni-yeni gözəllik ünvanları yaratmaqla ifadə edir. Onun dedikləri:

— Sumqayıtda həyata göz açdığıma görə bu şəhər mənim üçün daha əziz, daha doğmadır. Bizneslə məşğul olsam da, arzum həmişə Sumqayıtın gözəlliklərinə sığal çəkmək, tikililərində iz qoymaq olub. Elə bu niyyətlə də quruculuq işlərinə qoşulmuşam.

Ulu öndərimiz Heydər Əliyev 2003-cü ilin aprelində Sumqayıta gələrək şəhərin tərəqqisi naminə onun rəhbərliyini dəyişəndən, Vaqif Əliyevi icra hakimiyyətinin başçısı təyin edəndən sonra abadlıq-quruculuq işləri xüsusilə geniş vüsət aldı. Biz də bu mühüm tədbirlərdə iştirakımızla öyünürük. İndiyədək çox uğurlara imza atmışıq. Şirkətimiz 2000-ci ildən fəaliyyət göstərsə də, son 5-6 ildə imkanlarımız xeyli genişlənib, sifarişlərimizin sayı artıb. Maddi-texniki bazamızı gücləndirmişik. İnşaat işləri üçün müasir standartlara cavab verən və sertifikatı olan materiallar əldə edirik. 120 nəfər yüksək ixtisaslı və daimi çalışan işçimiz var. Sifarişlər böyük olanda 400-dən artıq adamı işə cəlb edirik. Sumqayıtın 60 illiyi ərəfəsində öhdəmizə götürdüyümüz işləri daha böyük zövqlə, əzmlə yerinə yetirməyə çalışırıq ki, yubileyə töhfələrimiz sanballı olsun...

İlqar Nuriyev sonra dedi ki, biz Sumqayıtla yanaşı, Abşeronun şəhər və qəsəbələrində, digər regionlarda da təmir-tikinti işləri ilə məşğul olmuşuq. Amma Sumqayıt üçün etdiklərimizlə daha çox qürur duyuruq. İşimizi yüksək keyfiyyətlə görə bildiyimizə görədir ki, bir çox sosial yönümlü obektlərin əsaslı təmirinə və yenidənqurmasına məhz bizim şirkət cəlb edilib...

Foto-müxbirimiz Rafiq Salmanovla bu şirkətin “möhür” vurduğu obyektlərə baş çəkdik. Mən dəftərimə qeydlər etdikcə o da gözəllikləri foto-kamerasının “yaddaş”ına köçürürdü.

Sumqayıtda ilk öncə diqqəti yaşayış binalarının al-əlvan fasadları cəlb eləyir. Bəzi binalar 5-6 il öncə rənglənsə də, boyalar keyfiyyətli və küləyə, günəşə, yağış-yağmura elə davamlıdır ki, deyirsən rəngsaz əlindən yenicə çıxıb. Dünyaca məşhur “Polisan” və “Marşall” boyaları bu məqsədlə məxsusi olaraq qardaş Türkiyədən gətirilir. Sumqayıt şəhər rəhbərliyinin qayğısı və nəzarəti ilə son illərdə 260-dan çox binanın xüsusi layihəyə əsasən zövqoxşayan rənglərlə boyanması şəhərin memarlıq görkəminə yaraşıq gətirib. Təkcə bu ilin əvvəlindən 50 yaşayış binasının fasadı əsaslı təmir edilərək əlvan boyanıb. Hazırda 6-cı və 18-ci mikrorayonlarda daha 10 binada rənglənmə işləri aparılır.

Şəhərin sakinləri uzun illər payız-qış mövsümündə dam örtüklərinin yararsız vəziyyətindən əziyyət çəkiblər. 2003-cü ildən bu problemin həllində əsaslı dönüş yaranıb, 750-dən çox yaşayış binasının dam örtüyü təmir edilib. Əsas sifarişçi Sumqayıt Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismar Birliyi, baş podratçı isə “Ximekspress – 2000” şirkətidir.

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 1 oktyabr 2009-cu il tarixli sərəncamı ilə Sumqayıt şəhərində abadlıq işlərinin sürətləndirilməsi üçün dövlət başçısının Ehtiyat Fondundan 5 milyon manat məbləğində vəsait ayrılıb. Sərəncam bu sahədə görülən tədbirlərin gücləndirilməsinə əlavə stimul yaradıb. Hazırda 2-ci və 3-cü mikrorayonlarda, digər ərazilərdə beşmərtəbəli yaşayış binalarının dam örtükləri şiferlə yenidən qurulur. “Ximekspress – 2000” şirkəti qısa vaxtda 10-a qədər binanın damında hazırlıq işləri aparıb. 20 yaşayış binasının dam örtüklərində rəngli metal lövhəli materiallardan istifadə olunacaq ki, bu da Heydər Əliyev prospekti və Sülh küçəsindəki binaların görünüşünü xeyli yaxşılaşdıracaq.

Prezidentin birbaşa tapşırığı ilə Sumqayıtın girəcəyindəki 12 mərtəbəli yaşayış binaları alkopon üzlüklə yeni görkəmə salınıb, keyfiyyətli materiallardan qapı və pəncərə sistemləri qoyulub. “Ximekspress – 2000” burada 11 min kvadratmetrə qədər iş görüb. Yeni istirahət parkının və fəvvarə kompleksinin fonunda həmin binalar xüsusilə yaraşıqlı görünür. Köhnə yaşayış massivlərində binaların kürsüsünün üzlük daşla örtülməsi həyata keçirilən mühüm işlərdəndir. 14 və 8 mərtəbəli yaşayış binaları indi yeni görkəmi ilə diqqət çəkir, arxitektura baxımdan daha dolğun təsir bağışlayır.

“Ximekspress – 2000”-in gördüyü işlər hər zaman bəyənilir. Şəhərin 17-18-ci mikrorayonlarında daxili və xarici istilik sistemlərinin qurulması buna əyani misaldır. Artıq 22 bina istilik sistemi ilə təchiz edilib.

Sumqayıtın hüsnünə yaraşıq verən daha bir naxış şəhərin tarixi muzeyidir. Fasadı, dam örtüyü müasir səviyyədə zövqlə yeniləşdirilib. İkimərtəbəli binanın dəhlizləri, pilləkənləri, qapı və pəncərələri, kommunikasiyası, tavan və döşəmələri – bütün interyeri günün tələbləri səviyyəsinə gətirilib. Ağ və qırmızı alkoponlar fasada xüsusilə cəlbedici görkəm verib. Yaradan əllərin möcüzələri ilə süslənən, 15 min eksponatı olan muzey tezliklə qapılarını sumqayıtlıların və şəhərin qonaqlarının üzünə açacaq.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevin təşəbbüsü ilə yenidən qurulan uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzində də işlər başa çatmaq üzrədir. 1972-ci ildən fəaliyyət göstərən köhnə binanın xoşagəlməz görkəmindən indi əsər-əlamət qalmayıb. “Ximekspress – 2000”in təmirçiləri mərkəzi başdan-başa yenidən qurublar. Dəhliz və döşəmələr mərmərlə, parket və digər materiallarla örtülüb. Rəssamlıq, bərbərlik, xalçaçılıq, rəqs və digər dərnəklər üçün otaqlar, məşq zalı təyinatına uyğun şəkildə istifadəyə hazırlanıb. Binanın qızdırılması, su təchizatı, Avropa standartlarına uyğun avadanlığı yeni konstruksiya əsasında quraşdırılıb. Binada dizayn işlərinə xüsusi diqqət yetirilib. Bu günlərdə Vaqif Əliyevlə təhsil naziri Misir Mərdanov yaradıcılıq mərkəzində görülən işlərlə tanış olub və razı qalıblar. Onlar 1 saylı uşaq-gənclər idman məktəbinin yenidənqurma işləri ilə də maraqlanıblar. Uzun müddət istifadə edilən və yararsız vəziyyətə düşən məktəbdə “Ximekspress – 2000” böyük iş həcmini yerinə yetirir. Şirkətin hazırladığı və şəhər rəhbərliyi tərəfindən bəyənilmiş layihədə idman məktəbinin əsl olimpiya kompleksi kimi bərpası nəzərdə tutulub. Burada idmanın 15 növü üzrə məşqlər keçmək üçün zallar, meydanlar, kortlar, tir, hovuz ən müasir görkəmdə, yüksək tələblər səviyyəsində olacaq.

Səməd Vurğun küçəsində “Ximekspress – 2000” şirkətinin qonşuluğunda yerləşən 3 saylı şahmat və dama məktəbi, demək olar ki, tam sökülərək yenidən qurulur. Hazırda burada hörgü-suvaq işləri aparılır. Məktəbə yeni işıqlandırma sistemi çəkilib, qızdırıcı sistem qaydaya salınıb. Bina tezliklə gənc zəka sahiblərinin istifadəsinə veriləcək.

Mərkəzi şəhər kitabxanasının əsaslı təmiri də uğurla aparılıb. Kitabxananın 400 kvadratmetrədək olan sahəsi tamamilə yeniləşdirilib, kitab fondunun qorunması üçün lazımi şərait yaradılıb, xidmət otaqları əla təmir edilib, dam örtüyü təzələnib. Burada internet şəbəkəsi var, elektron kitabxana yaradılır.

Şəhərin qocaman mədəniyyət ocaqlarından sayılan N.Nərimanov adına mədəniyyət evində aparılan təmir işləri də “Ximekspress – 2000”ə həvalə edilmişdi. İndi bina gözəlliyi və səliqə-sahmanı ilə uzaqdan diqqəti cəlb edir. Bülbül adına uşaq incəsənət məktəbinin təmirini də şirkət yüksək zövqlə həyata keçirilməkdədir. Göz xəstəxanasında bir neçə korpusun təmiri reallaşdırılıb. Eyni tədbirlər şəhər uşaq xəstəxanasında da görülür. İndiyə kimi xəstəxananın bir sıra şöbə və sahələri əsaslı təmir olunub, hazırda qəbul şöbəsi yenilənir, binanın bütün qapı-pəncərələri dəyişdirilir.

Sumqayıtda abadlaşdırılmayan, işıqlandırılmayan küçə, asfalt çəkilməyən yol, demək olar ki, yoxdur. Hətta məhəllə və mikrorayondaxili yolların belə asfalt örtükləri təzələnir. Əksər sosial və inzibati binalar öz yaraşığı ilə göz oxşayır. Bütün bunlar son 5-6 ildə həyata keçirilən abadlıq və quruculuq işlərinin fərəhli nəticələridir. “Ximekspress – 2000” bu sahədə nümunə göstərir.

Şirkət indi müasir üslubda avtobus dayanacaqlarının quraşdırılması ilə məşğuldur. Artıq “Sülh” küçəsində və “Mebel mərkəzi”nin yaxınlığında yeni konstruksiyalı oturacaqları olan, zövqoxşayan dayanacaqlar hazırdır. İlin sonuna qədər quraşdırılan dayanacaqların sayı 65-ə çatacaq.

Sumqayıtda müasir şəhər elementlərinin durmadan artması fərəh doğurur. Modern memarlıq nümunələrinin milli ornamentlərlə vəhdətdə tətbiqi onun simasını zənginləşdirir, şəhər mühitinə yeni ab-hava gətirir. Haqqında söhbət açdığımız tikinti-təmir şirkəti bütün bu işlərdə öndə gedir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 1 noyabr.- S. 5.