Bakı Dövlət Sirki yeni proqram təqdim edir

 

Artıq hər il payız mövsümündə Bakı Dövlət Sirkinin yeni proqramla tamaşaçıları sevindirməsi ənənə şəklini almışdır. Bu il yenə də Dövlət Sirki bu payız günlərində maraqlı proqram təqdim edir. Bu barədə Dövlət Sirkinin mətbuat katibi Mahir Hümbətov məlumat verir.

— Bu proqram olduqca maraqlıdır. Ukrayna, Rusiyanın Sankt- Peterburq və Moskva sirk ustalarının çıxışları söz yox ki, tamaşaçıların ürəyincə olacaq. Elə bir neçə gündür ki, biz bunun canlı şahidiyik. Artıq “Payız cizgiləri” adlı proqram cümə, şənbə və bazar günləri nümayiş etdirilir. Məktəblilərin tətili dövründə isə hər gün proqram nümayiş etdiriləcək.

35-dən artıq sirk ustasının iştirak etdiyi bu proqramda müxtəlif sirk nömrələri vardır. Azərbaycandan kimlər iştirak edəcəyi barədə sualımıza cavab olaraq Mahir müəllim bildirdi ki, bir neçə il əvvəl biz azərbaycanlı sirk ustalarını müxtəlif ölkələrdən dəvət etdik və ayrıca proqram göstərdik.

Yeni proqramda kəndirbazlar da çıxış edir. Bu nömrə “Qobustan cizgiləri” adlanır. İlk dəfə Bakıda yaradılan bu sirk nömrələri həqiqətən fantastik bir ustalıqla ifa olunur.

Yeni proqramda Janita Kudrayavtsevanın əhliləşdirilmiş itlərlə göstərdiyi nömrələr də maraqlıdır. Şatalovların da gözəl nömrələri proqrama daxil edilmişdir.

Müsahibim bildirdi ki, bu gün Azərbaycanda sirk sənəti getdikcə formalaşmaqdadır. Sirk ustalarının yetişməsi ənənələrə söykənir. Belə ki, çox vaxt atadan övladlara ötürülür. Azərbaycanlı sirk ustası Allahverdi İsrafilov bir neçə festivallarda iştirak edib. Bu il Sankt-Peterburqda keçiriləcək dünya ölkələrinin sirk festivalında Allahverdi İsrafilov Azərbaycanı təmsil edəcək. O, 20-yə yaxın nömrə hazırlamışdır.

Azərbaycan sirkində yeni gənclər yetişməkdədir. Rafiq Əliyev Rusiyanın əməkdar artistidir. O, ailə üzvləri ilə birgə çıxış edir. Azərbaycanlı sirk ustalarının Rusiyada çıxış etmələri təsadüfi deyil. Çünki Rusiya dünyada sirk sənətinin ən çox inkişaf etdiyi dövlətlərdəndir. Onlar Bakıda işləməli olsalar öz proqramları ilə bir dəfə çıxış edə biləcəklər. Ona görə də bizim sirk ustaları daha çox başqa ölkələrdə fəaliyyət göstərirlər. Bilirsiniz ki, Azərbaycanda yalnız bir sirk binası vardır. Əyalətlərdə çıxış etmək isə problemdir. Sirk proqramını hazırlamaq üçün bəzən beş-altı il lazım gəlir. Onlar da həmin proqramı uzun illər təkrar göstərməyə məcbur olurlar.

Ona görə də biz yığma proqram dəvət etmişik. Hətta müqavilə ilə başqa ölkələrdə çalışan azərbaycanlı sirk ustalarını da bu yığma proqrama salmışıq.

Dünyada beynəlxalq sirk festivalı Monte Karlo şəhərində keçirilir. İndi Rusiyada da belə festival keçirilir. Bizim də fikrimiz var ki, gələcəkdə sirkimizin binası təmir edildikdən sonra belə bir beynəlxalq festival təşkil edək. Belə festivallarda dünyanın məşhur sirk proqramları iştirak edir.

Müsahibim bildirdi ki, dünyanın ən böyük sirk ölkəsi Rusiyadır. Burada hər cür proqramlar var. Çində isə əsasən akrobatlarla təşkil olunan sirk proqramlarıdır. Avropa bu sarıdan çox geri qalıb. Onlarda elə bir stasionar sirk yoxdur. Elə Türkiyədə də əsasən çadırlarda sirk nömrələri göstərilir. Azərbaycanda isə gördüyünüz kimi, möhtəşəm sirk binası inşa edilib. Amma uzun müddətdir ki, əsaslı təmir olunmayıb.

— Bəs, nə vaxt təmir olunacaq? — sualımıza isə Mahir müəllim belə cavab verdi:

— Mədəniyyət və Turizm Nazirliyi artıq bu məsələni xeyli vaxtdır ki, qaldırıb və layihə- smeta sənədləri də hazırdır. Bakı Dövlət Sirki böyük və çox quruluşu olan müəssisədir. Elə şeylər var ki, məsələn, manejdir, su hövzəsidir, digər mexanizmlərdir ki, onların qurulması ciddi mütəxəssis müdaxiləsi tələb edir. Layihə hazırlanması zamanı İtaliyadan, Türkiyədən mütəxəssislər gəlib sirklə tanış olublar. Dəqiq vaxt deyə bilmərəm, ancaq çox güman ki, gələn il təmirə başlanacaq.

Hələlik isə Dövlət Sirki öz fəaliyyətini davam etdirir və noyabrın 22-nə kimi qapıları sevimli tamaşaçılarının üzünə açmışdır.

 

 

M.Mükərrəmoğlu

 

Xalq qəzeti.- 2009.- 3 noyabr.- S. 7.