Şərəfli ömür yolu
Sabir Həbib
oğlu Babayev 1929-cu ilin oktyabrında Bakı şəhərində anadan
olmuş, 1947-ci ildə orta məktəbi bitirdikdən sonra Moskva
Avtomexanika İnstitutuna göndərilmişdir. O, 1952-ci ildə həmin
ali təhsil ocağını bitirdikdən sonra təyinatla Minsk traktor
zavodunda əmək fəaliyyətinə başlamışdır. 1955-ci ildə
Belarusiya Elmlər Akademiyasının aspirantirasına qəbul olunmuş və
1959-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir.
Sonradan təyinat üzrə Mərkəzi Kənd Təsərrüfatının
Mexanikləşdirmə Elmi-Tədqiqat İnstitutunda (Minsk şəhəri)
əmək fəaliyyətini davam etdirmişdir.
Sabir Babayev 1962-
ci ildə Bakıya qayıdaraq 1976-cı ilədək Ümumittifaq Neft
Maşınqayırma Elmi-Tədqiqat və Layihə-Texnologiya İnstitutunda
(ÜETLTİNEFTEMAŞ) laboratoriya və şöbə müdiri işləmiş, sonradan
isə institutun direktoru vəzifəsinə irəli çəkilmişdir.
Bu dövr ərzində professor Sabir Babayevin elmi fəaliyyətinin
əsasını maşınqayırma texnologiyası, neftqazmədən
avadanlıqlarının keyfiyyətinin və etibarlılığının yüksəldilməsi
problemləri təşkil etmişdir.
O, gənc alim və
mühəndisləri öz ətrafına tolayaraq ilk dəfə neftmədən
maşınqayırmasında etibarlılıq nəzəriyyəsi məktəbini
yaratmış və ona rəhbərlik etmişdir. Bu istiqamətdə
Sabir müəllim tərəfindən bir sıra nəzəri müddəalar
irəli sürülmüş, tezliklə orijinal tədqiqatlar aparılmış,
standartlar tərtib olunmuş, çoxlu sayda kitablar, monoqrafityalar və
elmi məqalələr yazılmışdır. Böyük bir tsikli əhatə edən
tədqiqat işlərinin nəticələri 1987-ci ildə
“Nedra” nəşriyyatı tərəfindən “Neftmədən
avadanlıqlarının etibarlığı” adlı monoqrafiyada nəşr olunmuşdur. Bu əsər
müasir dövrdə də neft maşınqayırması sahəsində fundamental
elmi işlərdən hesab edilir.
Professor Sabir
Babayevin elmi işlərində etibarlığın optimal göstəricilərinin
müəyyən edilməsi, avadanlıqlarda baş verən imtinaların
fiziki mahiyyətinin tədqiqi, keyfiyyətin və etibarlığın
yüksəldilməsi istiqamətində konstruktor-texnoloji tədbirlərin
işlənməsi öz geniş əksini tapmışdır. Onun tərəfindən
işlənilən “Keyfiyyətə kompleks nəzarətin
hipotikloidal modeli” mövcud xarici analoqlardan fərqli olaraq daha geniş
tətbiqini tapmış və bir çox ali məktəblərdə, o
cümlədən İ.M.Qubkin adına Moskva Neft və Qaz Akademiyasında tədris
olunan dərsliklərin tərkibinə daxil edilmişdir.
Sabir müəllimin
elmi işlərinin əsas istiqamətlərindən biri maşın və
mexanizmlərdə sürtünmə və yeyilmə prosesləri,
onların mühitin təsirindən və mexaniki amillərdən
asılılığı məsələləri ilə bağlıdır. İlk dəfə
olaraq neft və neft məhsulları mühitində metallarda yeyilmə
prosesinin geniş tədqiqi məhz professor Sabir Babayev tərəfindən
aparılmışdır.
O, ÜETLTİNEFTEMAŞ-da
işlədiyi müddətdə doktorluq dissertasiyasını hazırlamış və
1970-ci ildə onu müvəffəqiyyətlə müdafiə
etmişdir.
ÜETLTİNEFTEMAŞ-ın
direktoru işlədiyi illərdə Sabir müəllim Azərbaycan
Respublikasının rəhbəri Heydər Əliyevlə görüşmüş,
ümummilli liderimiz tərəfindən xalq təssərrüfatının
inkişafı ilə bağlı irəli sürülən vəzifələr onun gələcək
işlərində mühüm rol oynamışdır.
Ümumittifaq əhəmiyyətli,
neft maşınqayırma texnologiyası üzrə bu baş institutda işlədiyi müddətdə
(1972-1976) professor S.Babayevin rəhbərliyi altında aparılan elmi- tədqiqat
işlərinin nəticələri kitab və monoqrafiya şəklində
nəşr edilmiş və ölkənin əksər maşınqayırma müəssisələrində
geniş istifadə olunmuşdur. Fərəhlidir ki, həmin tədqiqatlar
bu gün də öz aktuallığını saxlamaqdadır.
Sabir müəllim,
eyni zamanda, respublikada fəaliyyət göstərən neft
maşınqayırma zavodlarında istehsal texnologiyalarının texniki səviyyəsinin
yüksəldilməsinə, mütərrəqi metodların tətbiqinə,
müəssisələr üçün xüsusiləşmiş istehsal planlarının tərtibinə,
tərtibat və mexanikləşdirmə vasitələrinin işlənməsi
proseslərinə, eləcə də avtomatlaşdırılmış istehsal müəssisələrinin
və sahələrinin yaradılması işlərinə ümumi rəhbərlik
etmişdir.
Onun rəhbərlik
etdiyi kollektiv tərəfindən neft sənayesi üçün yeni
quruluşlu elevatorun istehsalı məqsədilə tam kompleks texnoloji
sənədlər hazırlanmış, pəncəli baltaların istehsalının
təşkili üçün xüsusi sahənin yaradılmasıyla bağlı bütün tədbirlər
planı işlənilmiş və tətbiq olunmuşdur.
ÜETLTİNEFTEMAŞ-ın
tematik planında keçmiş “İttifaqneftemaş” Birliyinin zavodları tərəfindən
yerinə yetirilən işlərin xüsusi çəkisi ciddi şəkildə
artaraq 1974-cü ildə 64 faiz, 1973-cü illə müqayisədə iki dəfədən
çox olmuşdur. Eyni zamanda, elmi-tədqiqat işlərinin tətbiq planı
artaraq 1973-cü ildə 49 faiz, 1975- ci ildə isə 70 faiz
olmuşdur.
1976-cı ildən
professor Sabir Babayevin elmi-pedaqoji fəaliyyəti Azərbaycan
Dövlət Neft Akademiyası ilə bağlıdır. Ali məktəbin professor-müəllim
heyəti arasında dərin hörmət və böyük ehtiram sahibi olan
Sabir müəllim 1971-1981-ci illərdə “Maşın hissələri
texnologiyası” kafedrasının müdiri, 2004-cü ildən isə həmin
kafedranın professorudur. O bir neçə il neft-mexanika fakültəsinin dekanı
vəzifəsində çalışmışdır.
Professor Sabir Babayevin ümumi iş stajı 57 il,
elmi-pedaqoji fəaliyyəti isə 50 ildir. Onun rəhbərliyi
altında 3 doktorluq və 44 namizədlik dissertasiyaları hazırlanmış və
müdafiə edilmişdir. S.Babayevin hazırladığı elmi kadrların arasında xarici
ölkə, o cümlədən Polşa, Suriya, İordaniya və Rusiya vətəndaşları
vardır.
Professor S.Babayev “Neftin, qazın geotexnoloji
prosesləri və kimya” ETİ- də “Quruda və dənizdə
neft avadanlığının səmərəli və etibarlı işlənməsinin
problemləri” laboratoiyasının yaradıcısı və rəhbəridir. O,
maşınqayırma texnologiyası və neftmədən avadanlıqlarının
etibarlığı istiqamətində 400-dən artıq elmi əsərin, o
cümlədən bir neçə kitab və monoqrafiyanın və 45 müəlliflik
şəhadətnaməsi və patentin müəllifidir.
Professor Sabir
Babayev yüksək ixtisaslı pedaqoq kimi hər zaman tələbələrinin
seçdikləri peşəyə olan maraqlarını artırmağa, bu istiqamətdə
biliklərini genişləndirməyə xüsusi önəm verir. O, çox
sayda dərslik və dərs vəsaitlərinin müəllifidir.
“Nefmədən avadanlıqlarında etibarlıq nəzəriyyəsinin əsasları”
dərsliyi akademiyanın professor-müəllim və tələbə
heyəti tərəfindən böyük maraqla qəbul olunmuşdur.
1994-cü ildə Azərbaycan Respublikası üçün olduqca vacib olan - “Maşın
və aparat hissələrinin bərpası və möhkəmliyinin
yüksəldilməsi texnologiyası və avadanlıqları” ixtisasının
bakalavr və magistr pillələrinin açılması professor Sabir
Babayevin böyük səyi nəticəsində baş tutmuşdur.
Sabir müəllimin
fundamental elmi- tədqiqat işlərinin nəticələri ölkənin
maşınqayırma və neft sənayesində geniş tətbiqini tapmışdır.
O, elmi dairələrdə böyük nüfuza malikdir, geniş elmi və
pedaqoji fəaliyyətlə yanaşı, böyük elmi təşkilati işlər
də aparır. Sabir müəllim müxtəlif illərdə SSRİ Kimya və
Neft Maşınqayırma Nazirliyinin elmi - texniki şurasının üzvü, Azərbaycan
Dövlət Elm və Texnika Komitəsinin maşınqayırma üzrə şuranın
üzvü, Azərbaycan maşınqayıranlar Elmi-Texniki Cəmiyyətinin üzvü,
Azərbaycan Sovet Ensiklopediyasının redaksiya heyətinin üzvü, Azərbaycan
Respublikası AAK-ın ekspert şurasının üzvü, AzTU-nun nəznində
İxtisaslaşdırılmış şuranın sədr müavini, “Azərbaycan neft təsərrüfatı”
jurnalının redaksiya heyətinin üzvü, rayon “Bilik” təşkilatının sədr
müavini və s. olmuşdur. Hazırda “Mexanika. Maşınqayırma” jurnalının
redaksiya heyətinin üzvü kimi onun inkişaf perspektivləri və
istiqamətinin müəyyən olunmasına, yüksək ixtisaslı müəlliflərin
cəlb olunmasına böyük köməklik göstərir.
“Azərbaycan
Respublikasının əməkdar elm xadimi” olan Sabir müəllimin elmi fəaliyyəti
yüksək qiymətləndirilmiş, o, “Qırmızı Əmək Bayrağı”
ordeni və “Rəşadətli əməyə görə” medalı ilə
təltif edilmişdir. Sabir müəllim xalq təsərrüfatının
inkişafındakı uğurlara görə Xalq Təssərüfatı Nailiyyətləri
Sərgisinin bürünc medalına və “SSRİ ixtiraçısı” fəxri adına layiq
görülmüşdür.
Eldar Şahbazov
Xalq qəzeti.- 2009.- 3 noyabr.- S.7.