Etiraf, yaxud “mən öz şəhərimi niyə
tanımadım”
Yevlaxda ümumi daxili məhsulun həcmi
250,8 milyon manat olmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə
59,3 milyon manat, yaxud 31 faiz çoxdur
...Elə
bildim ki, yol yoldaşım bu yerlərə nabələddir. Ona görə
də bələdçilik etmək istədim: — Bura Yevlaxdır, —
dedim, — sağa burulun, yol sizi mərkəzə aparacaq... O isə
sanki mənim dediklərimi eşitmirdi. Öz-özü ilə danışırmış kimi: —
Elə bilməyin ki, nabələdəm. Yox, qardaş, mən əslən
yevlaxlıyam. Bilirsiniz, iş ondadır ki, indi mən öz şəhərimi
tanıya bilmirəm. Bəli, bəli, tanıya bilmirəm. Halbuki burdan getdiyim
cəmi 5-6 il olar... Jurnalist
marağı üstün gəldi. Daha doğrusu, belə
maraqlı müsahib tapdığıma görə hətta sevindim. Qərara
aldım ki, bir az əvvəl
Yolumuz şəhərin
mərkəzinə, Heydər Əliyev prospektinə düşdü. Müsahibim
o qədər sürətlə addımlayırdı ki, sözün düzü onunla
ayaqlaşmaq çətin idi. Onu gördüyü mənzərələr,
yeni binalar, park və xiyabanlar, bulaq və fəvvarələr
sözün həqiqi mənasında, heyran etmişdi. Bunu
onun gözlərindən, çöhrəsindən aydın hiss etmək mümkün
idi. Dəmiryol vağzalına çatanda nəyi isə dəqiqləşdirirmiş
kimi:
— 55 yeni bina saydım, — dedi.—
Küçələr gör nə qədər genişləndirilib. Elə binalara, elə arxitektura nümunələrinə
rast gəldim ki, bunu ancaq xarici ölkələrdə görmüşəm.
Daha doğrusu, burda milliliklə, dünyəvilik üzvi surətdə
birləşib. İndi bilirsinizmi, mən nə üçün doğulduğum, 50 il yaşadığım doğma Yevlaxı tanıya bilmədim. Məni qınamayın. Bu sürətə,
bu gözəlliyə, bu zövqə heyran qalmışam.
Yüngülcə müsahibimin qoluna toxundum,
zarafatla:
— Sizi qınamıram, eloğlu, — dedim. — İndi heç
bizim özümüz də Yevlaxı tanıya bilmirik...
Sonra öyrəndim ki, həmsöhbətim Ələmdar
Mustafayev 6 il bundan əvvəl münasib iş tapa
bilmədiyindən ailəsi ilə köçüb Rusiyaya gedib. O vaxtdan
birinci dəfədir ki, doğma şəhərinə gəlib.
— Son illər Yevlaxda görülmüş
tikinti-abadlıq, quruculuq işləri, hərtərəfli inkişaf və
yüksəliş barədə çox eşitmişdim. İndi gəldim,
gördüm. Artıq elə bu dəqiqədən qərarımı da dəqiqləşdirmişəm:
Köçüb gələcəyəm. Axı, kim belə
şəhərdə yaşamaq istəməz. — Sonra da köksünü ötürüb məşhur
bayatının bir misrasını pıçıldadı. — Aləm cənnətə dönsə,
yaddan çıxmaz Qarabağ...
Ələmdar Mustafayevla sağollaşdıq və
ayrılarkən şərtimiz belə oldu: köçüb Yevlaxa qayıdandan sonra əməlli-başlı
Yevlaxa budəfəki səfərim bax, belə bir xoş təsadüflə,
isti əhval-ruhiyyə ilə başladı. Məqsədim isə ölkə
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr
olunmuş yığıncaqda qarşıya qoyulmuş vəzifələrin müzakirəsi ilə bağlı Yevlaxda keçirilən toplantıdan yazı hazırlamaq
idi.
Dinamik inkişaf davam edir
Yevlax Şəhər
İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin məruzəsində
səslənən belə bir fikir yığıncağın bütün məqsəd və
istiqamətini çox gözəl ifadə edirdi: “Yevlaxlılar respublika
Prezidenti cənab İlham Əliyevin son 5 ildə 3 dəfə şəhərimizə
səfər etməsini, keçirdiyi unudulmaz görüş və söhbətləri
yüksək qiymətləndirir, dərin minnətdarlıq hissi ilə
xatırlayırlar. Həmin səfərlər zamanı ölkə
rəhbərinin qarşıya qoyduğu məsul vəzifələr, göstəriş
və tövsiyələri fəaliyyətimizin əsas istiqamətini
təşkil etmiş, bizi daha yaxşı işləməyə ruhlandırmış, bütün
imkan və səylərimizi səfərbər etmişdir”.
Görülmüş işlər,
əldə edilmiş konkret nəticələr isə göz
qabağındadır. Yığıncaqda da qeyd edildiyi kimi, əlamətdar
haldır ki, Yevlaxda son 5 ildə götürülmüş və həyatımızın bütün
sahələrini əhatə edən inkişaf və yüksəliş xətti,
tikinti-abadlıq və quruculuq işləri cari ilin ötən 9 ayında da
eyni sürət və keyfiyyətlə davam
etdirilmişdir. Şəhərsalma mədəniyyətinin ən yüksək
tələblərinə cavab verən yüksək zövq və
müasirlik, milli arxitektura elementlərinə ciddi əməl edilməsi
bu gün Yevlaxı nəinki ölkəmizin, hətta dünyanın ən gözəl,
müasir və yaraşıqlı şəhərlərindən birinə,
onu regionun mərkəzinə çevirmişdir. Gəlin hesabat məruzəsində
səslənən bəzi fakt və rəqəmlərə
diqqət yetirək.
2009-cu ilin doqquz
ayında ümumi daxili məhsulun həcmi 250,8 milyon manat olmuşdur. Bu isə
2008-ci ilin doqquz ayına nisbətən 59,3 milyon manat, yaxud 31 faiz
çoxdur. Ümumi daxili məhsulun 94,5 faizi qeyri-dövlət sektorunda
istehsal olunmuşdur. Bunun 7,8 milyon manatını sənaye,
68,7 milyon manatını kənd təsərrüfatı, 43 milyon manatını
tikinti, 103,9 milyon manatını ticarət, 2,8 milyon manatını nəqliyyat
və s. təşkil etmişdir. İstehsal olunmuş 3506,5 min manatlıq sənaye
məhsulu ixrac olunmuşdur. 2009-cu ilin 9 ayında hər nəfərə
2123,3 manat ümumi daxili məhsul istehsal olunmuşdur ki, bu da 2008-ci
ilin 9 ayına nisbətən 489 manat və yaxud 30 faiz çoxdur.
Aqrar sahə
Qeyd edildiyi kimi,
hesabat dövründə 68,7 milyon manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə
2,6 faiz çoxdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
23 yanvar 2007-ci il tarixli “Kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi haqqında” sərəncamına
uyğun olaraq 2856 nəfər buğda istehsalçılarına 424 min manat dövlət
yardımı, torpaq mülkiyyətçilərinə
80 tondan çox mineral gübrə güzəştli şərtlərlə
satılmışdır. Nəticədə bu ilin məhsulu üçün 5367 hektar çox
sahədə taxıl əkilmişdir ki, bundan da 4881 hektarı buğdadır. Keçən
ilin müvafiq dövrü ilə müqayisədə 16814 ton taxıl istehsal
olunaraq 43870 tona çatmışdır. Bu, 2008-ci ildəkindən 16814 ton
çoxdur. Cari ilin məhsulu üçün 9209 nəfər kənd təsərrüfatı
məhsulları istehsalçılarına 1 milyon 287,5 min manat yardım ödənilməsi
üçün sənədlər hazırlanıb respublika komissiyasına təqdim
edilmişdir.
Keçən
ilin doqquz ayı ilə müqayisədə mal-qaranın baş sayı 271 baş,
qoyun və keçilərin baş sayı 1933 baş, quşların sayı isə 323 baş
artmışdır. 2009-cu ilin doqquz ayında 2008-ci ilin eyni dövrü ilə müqayisədə
79,7 ton ət, 67,4 ton süd, 117,9 min ədəd yumurta, 4 ton yun çox
istehsal edilmişdir.
Rayonda
mövcud hidrotexniki qurğular, meliorasiya və irriqasiya şəbəkəsi
keçən əsrin 60-cı illərində tikilmişdir və istismar
müddətini keçmişdir. Əsaslı təmir və bərpa işləri
aparılmadığından onlar yararsız vəziyyətə düşmüşdür. Ona görə
də qurunt sularının üzdə olduğu və şorlaşmaya meyilli olan
torpaqlarda sahələrin məhsuldarlığı aşağıdır və qoyulmuş vəsait
öz bəhrəsini vermir. Rayonda bütün meliorasiya və irriqasiya şəbəkəsi,
hidrotexniki qurğular yenidən qurulmalıdır. Ona görə də cənab
Prezidentin 14 aprel 2009-cu il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda bu işlərin görülməsi
nəzərdə tutulmuşdur.
Tikinti, quruculuq, abadlıq
2009-cu
ilin 9 ayında bütün maliyyə mənbələri hesabına şəhərdə
və rayon ərazisində kapital qoyuluşunun həcmi 134,5 milyon
manat olmuşdur. Bu 2008-ci ilin müvafiq dövrünə nisbətən 8,8
milyon manat və yaxud 7 faiz çoxdur.
2009-cu ilin 9 ayında kapital qoyuluşunun 102,6 milyon manatı əsas kapitala yönəldilmişdir. 2008-ci
ilin müvafiq dövrünə nisbətən əsas kapitala 5,4 milyon manat və yaxud 5,5 faiz çox investisiya
qoyulmuşdur.
Heydər Əliyev, Nizami prospektlərində,
S.Vurğun, Zərdabi, Q.Qanrayev, C.Kərimov, Y.Misirov, Bakı, İ.Əfəndiyev,
C.Cabbarlı küçələrində 9,6 kilometr
avtomobil yolu asfaltlanmışdır.
C.Mustafayev, Füzuli və S.Vurğun küçələrində
avtomobil yolu 4-6 metr genişləndirilməklə 16 metrə
çatdırılaraq əsaslı təmir edilmiş, 4,2 kilometr yeni səki
salınmışdır. C.Cabbarlı küçəsində genişləndirmə
işləri aparılaraq səkilər salınmış, yaşayış binalarının ətrafında
abadlıq işləri görülmüşdür.
Hazırda şəhərin
şərq hissəsində — Bakı—Ələt—Qazax avtomobil yolundan
Kür çayı sahilinə yeni yol salınır. Yolun kənarına
üzlük daşla üzlənmiş hasar çəkilir. Ərazidə
geniş abadlıq işləri görülür.
Şəhərin 14, 15, 17, 18, 25 və 310-cu məhəllələrini
əhatə edən 42 ictimai yaşayış binalarının həyətində
geniş abadlıq-quruculuq işləri aparılmış, qeyri-qanuni tikilmiş əlavələr
sökülmüş, sakinlər üçün 6 yeni nümunəvi yaşayış məhəllələrinin
salınmasına başlanmışdır.
Hesabat dövründə
prospekt və küçələrdə 8864 poqonometr səki daşları
düzülmüş, səkilərə 7381 kvadratmetr dekorativ piltə, 14
milyon kvadratmetr asfalt örtüyü salınmışdır.
Heydər Əliyev
prospektində 58, Nizami prospektində 70, C.Mustafayev küçəsində
51, S.Vurğun küçəsində 31, C.Cabbarlı küçəsində 25,
Bakıxanov küçəsində 21, cəmi 236 müasir işıqlandırma dayaqları
quraşdırılmışdır.
Yevlax şəhərindən
keçən İpək yolunun tikintisi başa çatmaq üzrədir. Yolun şəhərə
giriş hissəsindən başlayaraq Nərimanabad kəndinədək
olan 10 kilometr ərazidə 306 dirək quraşdırılmışdır. Nizami
prospektinin C.Əzizov küçəsi ilə kəsişməsində
aparılan abadlıq yekunlaşmaqdadır. Ərazidə açıq havada muzey tikilir.
Həmin prospekdə 68 fərdi yaşayış evlərinin,
S.Vurğun küçəsində 28 fərdi evin dam örtüyünə kirəmit
vurulmuş, Nizami prospekti, S.Vurğun, Zərdabi və C.Cabbarlı küçələrində
101 fərdi yaşayış evlərinin 42,2 min kvadratmetr fasadları suvanmış və
rənglənmişdir.
Hazırda Kür çayının sağ sahilində istirahət zonası tikilir. Əraziyə
torpaq daşınmış, dəmir-beton dayaqlar quraşdırılmışdır. Şəhərdən
çıxan yağış, sel və çirkab sularının Mil-Qarabağ kollektoruna axıdılması
üçün nasos stansiyası tikilir, ərazidə geniş abadlıq işləri
görülür. Beləliklə uzun müddət şəhər
sakinlərini narahat edən problem aradan qaldırılacaqdır.
Yevlax şəhərində və rayon ərazisində geniş
yaşıllaşdırma işləri aparılmış, yaz mövsümündə 395,6 min ədəd
müxtəlif bəzək, dekorativ və müxtəlif növ ağaclar əkilmişdir.
Şəhərin prospekt, küçə, park və xiyabanlarına 78 min ədədən
çox, o cümlədən Heydər Əliyev
prospektinə 52,8 min ədəd, Nizami prospektinə 18 min ədəd
ağac basdırılmışdır.
Şəhərin qərb
hissəsində K.Sabitov küçəsi boyunca bataqlığın qurudulması işləri
davam etdirilir. Artıq 10 hektara yaxın ərazinin bataqlığı qurudulmuşdur. Ərazidə
abadlıq işləri aparılacaqdır.
Ötən müddətdə
yolların təmir olunmasına da xüsusi diqqət yetirilmişdir. Rayon ərazisindən
keçən 20,9 kilometr respublika əhəmiyyətli, 22,1 kilometr
yerli əhəmiyyətli yollar əsaslı təmir olunaraq
asfaltlanmışdır.
Yuxarı Qarxun, Qoyunbinəsi,
Ərəbbəsrə, Qaramanlı, Havarlı, Tanrıqulular, Xaldan, ümumən
15 kənddə 52,4 kilometr yola çınqıl daşınaraq hamarlanmışdır.
Sosial ehtiyaclar diqqət mərkəzindədir
İçməli su
Əhalinin içməli
suya olan tələbatının yaxşılaşdırılması məqsədi ilə
rayonun Aran qəsəbəsində və Aşağı Bucaq, Yuxarı Bucaq,
Duzdaq kəndlərində su təmizləyici qurğular istifadəyə
verilmişdir. Həmin kəndlərdə 29,5 kilometr su xətti çəkilmiş,
36 bulaq tikilmişdir. Ümumiyyətlə, rayonun 14 kəndində su təmizləyici
qurğular quraşdırılmışdır. Şəhərdə 4,2 kilometr uzunluğunda içməli
su xətləri çəkilmişdir.
Şəhərin Heydər Əliyev prospektində, Nizami
prospektində, Füzuli, Bakıxanov, Axundov, E.Məmmədov, C.Kərimov,
F.Xoyski, M.Rəsulzadə, H.Hacıyev, Z.Tağıyev, S.Əliyev küçələrində,
31-ci məhəllədə və digər ərazilərdə
4180 metr kanalizasiya xətləri çəkilmişdir. Ümumiyyətlə,
2004—2009-cu illərdə şəhərdə
21,1 kilometr yeni kanalizasiya xətti çəkilmiş, əlavə 4
nasos stansiyası tikilmişdir. Nəticədə əvvəllər
müşahidə olunan su yığımı təhlükəsi aradan qaldırılmışdır. Hətta bu yaxınlarda normadan 6-7 dəfə çox yağan
leysan yağışlar zamanı da şəhərin ərazisində demək
olar ki, gölməçələr yaranmadı və bu, bir daha onu sübut
edir ki, vaxtında çox düzgün tədbirlər həyata keçirilmişdir.
Elektrik enerjisi
Həyata keçirilən əsaslı tədbirlər nəticəsində
elektrik hava xətlərində yenidənqurma, əsaslı təmir
və bərpa işləri aparılmış, 88 kilometr kabel xətti çəkilmiş,
2959 ədəd dəmir beton dirəklər dəyişdirilmişdir.
26,2 kilometr elektrik xətləri əsaslı qurulmuş, 33,6 kilometr xətt isə təmir olunmuşdur.
Şəhərdə
“Smart” tipli sayğacların quraşdırılması davam etdirilmişdir. Nəzərdə
tutulan 11324 sayğacdan 10526-sı (92,7 faiz) quraşdırılmışdır. 108 ticarət,
xidmət və digər obyektlərə də “Smart” tipli
sayğaclar qoyulmuşdur.
2009-cu ilin 9
ayında yerli əhali üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi
101 faiz tşkil etmişdir. Cari ilin yanvar-sentyabr aylarında 2008-ci ilin
müvafiq dövrünə nisbətən şəbəkə üzrə 15,1
min kv.saat enerjiyə (121 min manat) qənaət edilmişdir.
Təbii qaz
Həyata keçirilən tədbirlər nəticəsində
Yevlax rayonunda 2 qazpaylayıcı stansiya tikilmiş, 1 qazpaylayıcı stansiya əsaslı
təmir-bərpa edilmiş, stansiyalardan şəhərə və kəndlərə
orta təzyiqli daşıyıcı xətlər çəkilmiş, kənddaxili qaz
xətləri əsaslı təmir və bərpa olunmuşdur. Eyni zamanda, istehsalat müəssisələrinin təbii qaz təminatı
üçün orta təzyiqli sənaye qaz xətti çəkilmişdir.
Beləliklə,
Yevlax şəhərinin və rayonun 9 kəndinin təbii qaz ilə
təchizatı həll edilmişdir.
9 ay ərzində
əhali tərəfindən qazın dəyərinin ödənilməsinin
həcmi artmışdır. Belə ki, 9 ayda 567 min manat ödəmə
aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən
185 min manat və ya 48,4 faiz çoxdur. Ümumi qaz istismar idarəsi üzrə
ödəmələrin həcmi 9 ayda 709 min manat olmuşdur. Bu
da keçən ilin müvafiq dövrünə nisbətən 203 min manat və
ya 40 faiz artıqdır.
Təhsil, səhiyyə, mədəniyyət
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və
qayğısı sayəsində rayonun təhsil müəssisələri öz
yeni inkişaf, tərəqqi dövrünü yaşayır. Son illər
rayonda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi,
kadr potensialının gücləndirilməsi, təhsilin məzmununun
yeniləşməsi, təlimin müasir tələblər baxımından təşkili,
təhsilə münasibətdə müasir düşüncə tərzinin
formalaşması istiqamətində əsaslı uğurlar əldə
olunmuşdur.
Ölkə Prezidentinin 30 sentyabr 2009-cu il tarixli sərəncamı
ilə şəhər 1 saylı orta məktəbin müəllimi Qiyas
Quliyevə “Əməkdar müəllim” fəxri adının verilməsi,
Yuxarı Qarxun kənd orta məktəbinin direktoru Ruqiyyə Əbdürrəhmanovanın
“Tərəqqi” medalı ilə təltif edilməsi Yevlax ziyalılarına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
2009-cu il mart ayının 2-də ölkə Prezidenti cənab İlham Əliyevin
Yevlaxa səfəri, bir sıra yeni tikilmiş müəssisələrlə
yanaşı, şahmat məktəbinin açılışında iştirak etməsi,
idmançıların qazandığı uğurlarla maraqlanması hər bir təhsil
işçisinin məsuliyyətini daha da artırmışdır.
Respublika təhsil
naziri Misir Mərdanovun, ali məktəb rektorlarının, görkəmli
elm xadimlərinin, millət vəkillərinin iştirakı ilə
2009-cu ilin may ayında şəhər 8 saylı orta məktəbin əsaslı
təmirdən sonra açılışı olmuşdur. Yevlax Şəhər
İcra Hakimiyyətinin dəstəyi ilə icma layihəsi əsasında
Nemətabad kənd uşaq bağçası və Nemətabad kənd orta məktəbinin
idman zalı əsaslı təmir edilmiş, məktəbin və bağçanın
həyəti abadlaşdırılmışdır. Hazırda Uşaq Gənclər
İdman Məktəbinin ikinci korpusunda əsaslı təmir və bərpa
işləri davam etdirilir. Cırdaxan kəndində 180 şagird yerlik məktəb
binasının tikintisinə başlanılmışdır.
Məktəblərin
dərslik və əyani tədris vasitələri ilə təmin
edilməsi istiqamətində ardıcıl işlər görülmüşdür. Bu il 70 adda 51.178 nüsxə dərslik və vəsait,
36 adda 4854 nüsxə bədii ədəbiyyat alınmışdır. 4 fənn
üzrə 612 ədəd elektron dərslik, 660 ədəd elektron
dərsliklərin vəsaitləri, test kitabçaları, həmin fənlər
üzrə 3200 nüsxə plakat alınmışdır. Məktəblər
yeni inventarlar və avadanlıqlarla da təchiz edilmişdir. Məktəbəqədər
təhsil müəssisələri üçün 37 adda 925 nüsxə plakat, 42
adda müxtəlif yaş qrupu üzrə 994 nüsxə test kitabçaları gətirilmişdir.
2008—2009-cu dərs ilində orta ümumtəhsil məktəblərini
bitirmiş 929 nəfər şagirddən 707 nəfəri ali məktəblərə
sənət vermiş, 226 nəfər ali məktəblərə
qəbul olunmuşdur ki, onlardan 165 nəfəri 2009-cu ilin, 61 nəfəri
isə əvvəlki illərin məzunlarıdır.
Məzunlardan 2 nəfəri 600-dən, 19 nəfəri isə
500-dən çox bal toplamışdır.
2009-cu ildə məzunların ali məktəblərə qəbuluna
görə ən yaxşı nəticəni şəhər 4, 5, 7, 8, 9, Aran
qəsəbə 1 və 2 saylı, Qoyunbinəsi, Gülöyşə
Hacıselli, Xaldan kənd məktəbləri göstərmişlər.
Hesabat dövründə müasir tibbi avadanlıqları ilə təchiz
edilmiş şəhər uşaq xəstəxanası istifadəyə
verilmiş, xəstəxananın açılış mərasimində Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin
birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.
Rayonun səhiyyə
müəssisələrində əhaliyə göstərilən
tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində
tədbirlər davam etdirilmişdir. Bu ilin 9 ayı ərzində Mərkəzi
şəhər xəstəxanasının mətbəxində təmir
işləri başa çatmışdır. Hazırda reanimasiya və ginekologiya şöbələri
üçün əsaslı təmir işləri aparılır. Xəstəxananın
ayrı-ayrı şöbələri üçün 16,1 min manatlıq avadanlıq alınmışdır.
Yoluxucu xəstəliklərə
qarşı mübarizə tədbirləri gücləndirilmiş, ilin 9 ayında 146
min kvadratmetr sahədə dezinfeksiya işləri aparılmışdır. Həyata
keçirilən tədbirlər nəticəsində brüselloz və
malyariya xəstəlikləri, qida zəhərlənməsi
halları baş verməmişdir.
2009-cu ilin mart
ayının 2-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə şəhərdə teatr binasının açılışı Yevlaxın mədəni
həyatında böyük və yaddaqalan hadisə olmuşdur. Son illərdə
olduğu kimi 2009-cu ilin 9 ayı ərzində də əhaliyə göstərilən
xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində
bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir.
Şəhərdə
ən müasir tələblərə cavab verən elektron
kitabxana tikilib istifadəyə verilmiş, 9 ay ərzində
kitabxanalara 4200 nüsxə yeni bədii, elmi-publisistik kitablar
verilmişdir.
Respublikanın
tanınmış incəsənət ustalarının iştirakı ilə şəhərin
Heydər Əliyev sarayında və xiyabanında, Xalq Teatrının binasında
konsert və teatr tamaşaları, konsert proqramları təşkil olunmuşdur.
Sabaha açılan pəncərə
Bir dəfə
yazmışdıq, bir də yazırıq: Yevlaxda inkişaf və yüksəlişin
dinamikası aylarla, illərlə yox, az qala günlərlə,
saatlarla ölçülür. Bunu son illər həyata keçirilmiş əsaslı tədbirlər,
tikinti-quruculuq və abadlıq işlərinin həcmi bir daha sübut
edir.
Daha bir xarakterik və nümunə olası cəhət isə
ondan ibarətdir ki, Yevlaxda ilk gündən götürülmüş xətt, müəyyən
edilmiş istiqamət, daha dəqiq desək, sürət və keyfiyyət
azalmır, zəifləmir, əksinə daha geniş vüsət alır, həyatımızın bütün sahələrini əhatə edir.
Yeri gəlmişkən,
hazırda burada tikintisi sürətlə davam etdirilən müxtəlif təyinatlı
obyektlərdən bəzilərinin adlarını bir daha xatırlatmaq istəyirik:
“Lalə tekstil” MMC-nin ikinci növbəsi", “Lalə
kemikal” yuyucu tozlar zavodu, 235 çarpayılıq mərkəzi rayon xəstəxanası,
Fövqəladə Hallar Nazirliyinin regional idarəsi, Dövlət
Miqrasiya Xidmətinin qanunsuz miqrantların saxlama məntəqəsi,
5 ulduzlu otel, MTN-nin şəhər şöbəsi üçün inzibati bina, Beynəlxalq
Bankın şəhər filialı, Mərkəzi
Bankın ərazi idarəsi, şəhid və Qarabağ müharibəsi əlillərinin
ailələri üçün 36 mənzilli yaşayış binası, Nizami prospektində
açıq havada muzey kompleksi, 2 yeni şadlıq evi, baytarlıq idarəsi üçün
inzibati bina, “Azərtoxum” MMC-nin müasir tipli kompleksi, Kür çayının
sahili boyu yeni bulvar kompleksi... Biz hələ bu siyahıya hazırda əsaslı
təmir və yenidənqurma işləri aparılan, yaxın müddətdə
tikintisinə başlanacaq obyektləri daxil etmirik.
Bəli, bu gün
Yevlaxda həyatın axarı gurdur. Çevik, yaradıcı, qaynar iş üslubu, təşkilat-idarəetmə
məsələlərində yenilik, daha çox elmi münasibət,
sağlam mənəvi-psixoloji mühit mövcuddur. Görüşdüyüm,
söhbət etdiyim şəhər sakinləri bildirdilər ki, hər
gün böyüyən, müasirləşən bu şəhərin sakini
olduqlarından qürur və iftixar hissi keçirir, onu daha abad və
yaraşıqlı görmək üçün səy, imkan və bacarıqlarını əsirgəmirlər.
Heç şübhəsiz, 2004—2009-cu illərdə olduğu
kimi, qarşıdakı beş ildə də Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, gündəlik
diqqət və qayğısı nəticəsində nəzərdə
tutulan vəzifələr uğurla həyata keçiriləcək, həyat
daha gözəl, firavan və mənalı olacaqdır...
Ziyəddin
Sultanov
Xalq qəzeti.- 2009.- 3 noyabr.- S. 5.