Vüqar Həşimov FİDE-nin reytinq cədvəlində artıq altıncıdır

 

Azərbaycanlı qrossmeyster, Serbiyanın Novi Sad şəhərində yenicə başa çatmış 17-ci Avropa çempionatında ölkəmizin komandasının həlledici “qolunun” müəllifi Vüqar Həşimov Beynəlxalq Şahmat Federasiyasının noyabr reytinq cədvəlində 2758 xalla altıncı mövqeyə yüksəlmişdir. Planetin ən yaxşı 100 qrossmeysterinin sentyabr siyahısında 2740 xalla 14-cü olmuş həmyerlimiz son iki ayda həmin göstəricisini 18 xal aptıraraq birdən-birə səkkiz pillə irəliləmişdir.

Həqiqətən, çox güclü sıçrayışdır. Burada bir neçə ay əvvəl FİDE bayrağı altında keçirilmiş yarışlardan birinin görüşlərini şərh etmiş rusiyalı beynəlxalq usta Maksim Notkinin qeydlərini xatırlamaq yerinə düşər: “Ümumiyyətlə, Vüqarın sürətli yüksəlişi ən yeni şahmat tarixində ən parlaq və fərəhli hadisələrdən biridir”.

Dünyanın ən mahir şahmat ustalarının siyahısında daha iki azərbaycanlı qrossmeysterin adı vardır. Teymur Rəcəbov 2748 xalla 11-cidir, son iki ayda iki pillə irəliləyən və hazırda 2719 xala malik Şəhriyar Məmmədyarov isə 19-cu yeri tutur.

FİDE-nin reytinq cədvəlində lider bolqarıstanlı Veselin Topalovdur — 2810. İkinci-üçüncü pillələrdə Maqnus Karlsen (Norveç, 2801) və Vişvanatan Anand (Hindistan, 2788) yer almışlar.

Ölkələrin reytinq cədvəlində sentyabrla müqayisədə bir addım irəliləyən Azərbaycan 2639 xalla beşincidir. Dördüncü mövqedə olan Çin də bir o qədər xala malikdir. İlk üç yeri Rusiya (2726), Ukrayna (2694) və İsrail (2648) tuturlar.

İki ay əvvəl cədvəldə 28-ci olmuş qadınlardan ibarət komandamız indi 2204 xalla 26-cıdır. Bu siyahıda Çin (2480), Rusiya (2456) və Gürcüstan (2446) liderdirlər.

Qarşıda qrossmeysterlərimizi yeni yarışlar gözləyir. Noyabrın 16-18-də Həşimovla Məmmədyarov Moskvada sürətli şahmat üzrə dünya çempionatında iştirak edəcəklər. Noyabrın 20-dən dekabrın 15-dək isə Avropa çempionatının bütün beş azərbaycanlı qalibi Rəcəbov, Həşimov, Məmmədyarov, Qədir Hüseynov və Rauf Məmmədov Rusiyanın Xantı-Mansiysk şəhərində Dünya kuboku turnirində mübarizə aparacaqlar.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2009.- 3 noyabr.- S. 8.