Gənclər mətbuatı—90
Mətbuat Şurası diqqəti uşaq və gənclər
mətbuatının inkişafına
yönəldir
Azərbaycan Mətbuat
Şurasında keçirilən “Azərbaycan KİV sistemində
uşaq və gənclər mətbuatının
rolu: dünən, bu gün, sabah”
mövzusunda ”dəyirmi masa”da mətbuatın bu sahəsinin tarixi təcrübəsinə,
çağdaş problemlərinə
və perspektivlərinə
geniş nəzər salındı.
Tədbiri giriş
sözü ilə açan MŞ sədri Əflatun Amaşov bugünkü toplantının 70 ildən artıq bir müddətdə milli gəncliyin sevimli qəzeti, dövrünün populyar nəşri olmuş “Azərbaycan gəncləri”
qəzetinin 90 illik yubileyinə həsr olunduğunu bildirdi. Natiq bu qəzetin
milli jurnalistika tariximizdəki unudulmaz rolunu qədirbiləniklə
xatırlatdı. MŞ sədri bugünkü uşaq və
gənclər mətbuatının
vəziyyətinə toxunaraq
qeyd etdi ki, sayı o qədər
də az olmayan bu nəşrlər
ölkə KİV-lərinin ümumi durumundan müsbət mənada fərqlənmir.
Mediamızdakı çətinliklərin uşaq və
gənclər mətbuatına daha çox təsir göstərdiyini bildirən
Ə.Amaşov “dəyirmi masa” iştirakçılarını fəal diskussiyaya dəvət
edərək dedi: “KİV-ə Dövlət Dəstəyi
Konsepsiyasında uşaq və gənclər mətbuatına xüsusi önəm
verilib. Konsepsiyanın KİV-lərin inkişafına dövlət dəstəyinin
sahələri bölümündə uşaq və gənclərin fiziki və
mənəvi inkişafı prioritet mövzu kimi göstərilib. Bu amil həmin
sahə üzrə ixtisaslaşmış media orqanları üzərinə böyük məsuliyyət
qoyur. Təbii ki, mövcud durum uşaq və gənclər mətbuatına
dövlətin və cəmiyyətin xüsusi diqqət yetirməsini
önə çəkir, problemlərinin həllinə qayğı göstərilməsini
aktuallaşdırır”.
15 il “Azərbaycan gəncləri” qəzetinin
redaktoru olmuş tanınmış jurnalist və publisist Yusif Kərimov
çıxışında uzun müddət rəhbərlik etdiyi mətbu orqanın
tarixindən söhbət açdı. Nəşrin Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yarandığını bildirən jurnalist 25 il “Gənc işçi” adı ilə
fəaliyyət göstərən qəzetin Böyük Vətən
müharibəsindən sonra “Azərbaycan gəncləri” adı ilə
nəşr olunlduğunu yada saldı.
Y.Kərimov bildirdi ki, “Azərbaycan gəncləri”
qəzeti Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsinin
orqanı kimi fəaliyyət göstərsə də dövrün ideoloji
yasaqları bu nəşrin yaradıcılıq xüsusiyyətlərini, milli dəyərlərə
bağlılığını məhdudlaşdıra bilməyib. Qəzetin “şinelindən
çıxan” tanınmış yazarların sayı yüzlərlədir. Onlar indinin özündə
də media aləmində fəal iştirakları ilə seçilirlər.
Bu isə nəşrin ölkənin KİV sistemində vaxtilə oynadığı
səmərəli roldan xəbər verir.
“Dəyirmi masa”da çıxış edənlərdən
“Savalan” qəzetinin baş redaktoru Eldar Əliyev, “Paralel” qəzetinin
baş redaktoru Tapdıq Abbas, “Tumurcuq” qəzetinin redaktoru İrfan Məmmədli,
”Şəfəq” qəzetinin baş redaktoru Qardaş İsmayılov, “Xalq qəzeti”nin
əməkdaşı Əlipənah Bayramov və digər natiqlər
də ”Azərbaycan gəncləri” qəzetinin onilliklər
boyu uşaq və gənclər mətbuatı sistemində lider
olduğunu, respublikanın mərkəzi mətbuatı üçün baza rolu
oynadığını məmnunluqla xatırladılar.
Toplantıda müstəqillik dövründə uşaq və
gənclər mətbuatının KİV sistemində rolunu artırmaq, onların
dövriliyini və tirajını sabitləşdirmək, çətinliklərini
aradan qaldırmaqla bağlı dəyərli mülahizələr səsləndi.
Bildirildi ki, belə gərəkli diskussiyaları davam etdirməklə,
Azərbaycan milli mətbuatının 135 illik yubileyinə qədər
uşaq və gənclər mətbuatının tarixi, çağdaş vəziyyəti,
problemləri və inkişaf perspektivləri sistemləşdirilməli,
əməli tədbirlərin həyata keçirilməsi təmin
olunmalıdır.
R.TAHİR
Xalq qəzeti.- 2009.- 3 noyabr.- S. 7.