İsmayıllı: Dağlar qoynundakı
inkişaf müstəqil
Azərbaycanın böyük
uğurlarının nəticəsidir
Hərtərəfli müasirləşmə, sosial
rifah və tolerantlıq nümunəsi belə
düşünməyə əsas verir
Mənə verilən məlumata
görə, son beş il ərzində İsmayıllıda
iqtisadiyyat təxminən üç dəfə
artmışdır. Bu, onu göstərir ki, rayonun
imkanlarından səmərəli istifadə olunur və Azərbaycanın
bütün regionlarında olduğu kimi, burada da yaxşı
nəticələr vardır.
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Ulu öndər Heydər Əliyev kimi, Azərbaycan
Prezidenti İlham Əliyevin də respublikanın müxtəlif
bölgələrinə hər səfəri sadə insanlar tərəfindən
yüksək qiymətləndirilir. Siyasətçilər bu səfərin
siyasi əhəmiyyətindən, iqtisadçılar iqtisadi cəhətindən,
biz qələm sahibləri isə gördüyümüz faktlardan,
eşitdiyimiz rəqəmlərdən, şahidi olduğumuz
proseslərdən yazırıq. Sadə adamları isə ilk
növbədə öz rayonlarının imici, nüfuzu,
şöhrəti maraqlandırır. Dövlət
başçımızın İsmayıllıya səfəri
zamanı bir daha bu məqamın şahidi olduq. Respublikanın
əməkdar müəllimi Şəfaqət Rəsulov
Prezidentin bu rayona növbəti səfərindən məmnunluğunu
bu şəkildə ifadə etdi: — Bilirsinizmi mən niyə cənab
İlham Əliyevin İsmayıllıya tez-tez gəlməsini
arzulayıram, çünki onun ayağı dəyən istənilən
rayon, kənd cənnətə dönür.
Prezidentin bütün
rayon və şəhərlərə səfərindən
hazırlanmış televiziya verilişlərinə
baxıram. Prezident səfərlərin hamısında “mən
gələn il bir də gələndə”, “növbəti səfərim
zamanı daha böyük obyektlərin
açılışı olacaq” və başqa ifadələr
işlədir. Doğrudan da, həmin rayona bir müddətdən
sonra yenidən gəlir. Bu isə ölkənin bütün
regionlarının bərabər şəkildə
inkişafına səbəb olur. Amma insaf naminə deyək
ki, İsmayıllı rayonu, xüsusən, şəhərimiz
son dörd ildə, yəni Prezidentin ötən səfərindən
sonra digər rayonların hamısına nisbətən daha
çox inkişaf edib. Dövlət televiziyası müxtəlif
verilişlər arasında ölkənin şəhər və
rayonlarından hazırlanmış kiçik
görüntülər verir. Mən həmişə
öz-özümə sual verirdim ki, bəs bizim rayon barədə
elə görüntülər niyə verilmir? Son dörd ildə
İsmayıllıda yaradılmış cah-cəlalı
görəndə tam əmin oluram ki, bizim rayonun təbii
gözəllikləri ilə yanaşı insan əli ilə
yaradılmış gözəlliklər də həmin
görüntülər sırasında daimi yer tutacaqdır.
Mican kəndinin sakini,
fermer Ramin Rəsulov isə daha təəssübkeş
imiş. Mənim iki il qabaq Qəbələ rayonundan
hazırladığım bir qəzet materialını yada
salan fermer dostum — İsmayıllıdakı əsas həmsöhbətlərimdən
biri maraqlı fikirlər söylədi. Daha doğrusu,
açıq-açığına “yerlibazlıq etdi”: —
İki il qabaq cənab Prezident İlham Əliyev Qəbələyə
səfər edəndə siz — İlqar Həsənov “Xalq qəzeti”ndə
yazmışdınız ki, dövlət
başçımız bölgələrə səfəri
zamanı bir dəfə Ağdaşda yerli camaatla
çayxanada oturub çay içmişdi. İndi, xahiş
edirəm, qəzetinizin növbəti saylarından birində
yazın ki, Prezident İlham Əliyev
İsmayıllının İvanovka kəndində, ağac
kölgəsində kənd adamları ilə oturub özü
və sakinlər üçün maraqlı olan geniş bir
söhbət etdi. Yazın ki, son illər İsmayıllı
özünəməxsus nüfuzu və imici olan bir rayona
çevrilib.
Dostum ərkyana, israrla təklif
irəli sürəndə haqlı idi. Mən isə ona nisbətən
iki dəfə haqlıyam — onun yada saldığı iki il əvvəlki
yazını qələmə alanda da haqlı idim, indi
İsmayıllının cah-cəlalı barədə söz
açarkən onun təklifini yerinə yetirəndə də.
Ancaq hər ikimizə nisbətən İsmayıllının
misilsiz inkişafına imza atan adamlar daha çox
haqlıdırlar. Onlar bir tərəfdən dövlətin və
dövlət başçısının
tapşırıqlarını yerinə yetirirlər, bir tərəfdən
yerli əhalinin arzu-istəklərini reallaşdırırlar,
o biri tərəfdən də zamanın
çağırışına səs verərək milli
tariximizdə öz izlərini qoymağa
çalışırlar. Məsələn, 50 ildən sonra
Azərbaycan tarixinin 2005-2010-cu illəri barədə söz
açan, yaxud 30-40 ildən sonra Azərbaycanda Olimpiya hərəkatının
tarixini qələmə alan mütəxəssislər yazacaqlar
ki, Azərbaycanın dilbər guşələrindən olan
İsmayıllıdakı “Olimpiya-İdman Kompleksi” Prezident
İlham Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə
tikilmişdir. Yəni, tikən, quran, yaradan adamların əl
izləri tarixdə yaşamaq haqqı qazanır.
Yeri gəlmişkən,
dövlət başçımızın
İsmayıllıya səfəri zamanı rayon icra hakimiyyətinin
başçısı ilə görüşüb söhbət
etmək mümkün də deyildi və biz buna cəhd də
etmədik. Amma başçının müavini Rövşən
Ağayev həmişəki kimi yenə də jurnalistlərin
istənilən sualını cavablandırmağa hazır idi:
— Dövlət
başçısının İsmayıllıya səfəri
bizim üçün bir neçə cəhətdən əhəmiyyətlidir.
Birinci, bu səfər o deməkdir ki, cənab dövlət
başçısı İsmayıllıda həyata
keçirilmiş sosial-iqtisadi yönümlü tədbirləri
yüksək qiymətləndirir. İşimizdə hansısa
yarımçıq cəhət olsaydı, Prezident bu rayona səfər
etməzdi. İkinci, dövlət
başçısının bu səfəri bizim növbəti
illərdəki inkişafın təməlinin qoyulması
baxımından böyük əhəmiyyətə malikdir. Cənab
İlham Əliyev rayonumuzda istənilən
çıxış və nitqində görülmüş
işləri yüksək qiymətləndirməklə
yanaşı, qarşıda duran vəzifələri də
konkret şəkildə ifadə etdi. Üçüncü,
bu gün dünyanın bütün guşələrində
sivilizasiyalararası münasibətlər üzrə mütəxəssislər
yazırlar ki, Azərbaycan dünyada ən tolerant ölkədir.
Yəni, müxtəlif dinlərin və millətlərin
nümayəndələri Azərbaycanda tam sərbəst
yaşayır, milli-mənəvi dəyərlərini qoruyub
saxlayır, mədəniyyətlərini inkişaf etdirir, ibadətlərini
istənilən şəkildə yerinə yetirirlər. Prezidentin
İsmayıllıya səfəri zamanı bir daha bu faktın
şahidi olduq. İvanovka kəndində malakan süfrəsinə
qonaq olan Prezidentin yerli əhali ilə səmimi söhbəti
yəqin ki, ölkənin və regionun mətbuatında
özünə yer tutacaqdır. İvanovkalılar öz həyatlarından
və İsmayıllıda onlara göstərilən
münasibətdən dönə-dönə razılıq
etdilər. Düşünəndə ki, bu şəraitin
yaradılmasında rayon rəhbərliyinin də xidməti
vardır, onda bir məqamla fəxr etmək haqqımız yada
düşür: Azərbaycanın bütün dünyada
tolerant ölkə kimi tanınmasında bizim də
payımız vardır. Yəni, İsmayıllı inkişafın
və ictimai-siyasi durumun səviyyəsinə görə
ölkəmizin kiçik variantını xatırladır.
İcra
başçısının müavini həyata
keçirilmiş tədbirlərdən, xüsusən, Heydər
Əliyev Mərkəzinin yüksək səviyyədə
tikilib istifadəyə verilməsi üçün həyata
keçirilən uzunmüddətli tədbirlərdən, ulu
öndərin adını daşıyan mədəniyyət və
istirahət parkında aparılmış yenidənqurma
işlərindən, akademik Zərifə Əliyeva adına
parkda sakinlər üçün yaradılmış şəraitdən,
dövlət başçısının səfəri
zamanı istifadəyə verilən İsmayıllı Olimpiya
İdman Kompleksinin imkanlarından, rayon mərkəzi ilə
yanaşı, bütün kəndlərdə həyata
keçirilən tikinti-quruculuq işlərindən,
infrastrukturun yeniləşdirilməsindən əhatəli
şəkildə söz açdı. Ancaq bir məsələ
ətrafında xüsusilə dayanmağı vacib saydı:
— Siz jurnalistlər bəzən
yazırsınız ki, filan şəhərdə və ya
rayonda tarix yaradılır. Biz şəhər və rayon məsulları
isə tarix yaratmaqla yanaşı, mövcud tarixi irsin
qorunmasına da böyük diqqət ayırırıq. Məsələn,
İsmayıllının geniş turizm imkanlarını nəzərə
alaraq rayonumuzda mehmanxanalar tikilir. “Cavanşir Qala” adlı
mehmanxananı biz İsmayıllının istənilən
yerində tiksəydik, məqsədəuyğun olardı. Çünki
bu rayonun hər qarışı Cavanşir yurdudur. Ancaq biz bu
tikintinin məhz Talıstan kəndində — Cavanşir
qalasının qalıqlarının yanında inşa edilməsinə
nail olduq. Beləliklə, hər iki turizm ünvanı bir-birinə
yaxın oldu. 11 mərtəbəli əsas korpusda 180 adi və
lüks otaq, 500 nəfərlik konfrans mərkəzi, 2 əsas
restoran, qapalı və açıq hovuz, idman zalı və
digər vacib xidmət obyektləri vardır.
Həmsöhbətimiz
bütün bunlarla yanaşı, sosial-iqtisadi sahəyə aid
olan bəzi konkret rəqəmləri və faktları da yada
salmağı unutmadı: – Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının 2004-2008-ci illəri əhatə edən birinci
mərhələsinin icrası çərçivəsində
rayonda geniş abadlıq və quruculuq işləri
aparılıb. Ümumi məhsul buraxılışı
2003-cü ilə nisbətən 2008-ci ildə 2,9 dəfə
artıb. Sənaye məhsulu istehsalı 1,6 dəfə, kənd
təsərrüfatı məhsullarının istehsalı isə
2,1 dəfə artıb. Tikinti-quraşdırma işlərindəki
artım isə daha böyükdür – 17,3 dəfə. Təkcə
bir faktı qeyd edək ki, son beş ildə
İsmayıllının 15 yaşayış məntəqəsinə
təbii qaz verilməsi bərpa edilib, rayon mərkəzinin qaz
təminatı yaxşılaşdırılıbdır.
...Həmsöhbətimiz
çoxsaylı faktlardan və rəqəmlərdən
söhbət açdı. Həmin faktların bir çoxu
barədə əvvəlki yazılarımızda söhbət
açmışıq. Daha yeniləri barədə isə
növbəti yazıda söhbət açacağıq. Çünki
ilin 9 ayının yekunları barədə ənənəvi
hesabat xarakterli qəzet materialımız hələ
qabaqdadır. Azərbaycan Prezidentinin İsmayıllıya
növbəti səfəri barədə yazını isə məhz
dövlət başçısının öz ifadəsiylə
tamamlayırıq: “Ümumiyyətlə, İsmayıllı
rayonunun inkişafı çox sürətlə gedir”.
İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Xalq qəzeti.- 2009.- 4 noyabr.- S. 6.