Xəzər Dəniz Neft Donanması – 60

 

Donanma Azərbaycanın neft sənayesinə mühüm töhfələr vermişdir

 

Azərbaycanın neft və qaz ehtiyatlarının əsas hissəsi Xəzər dənizindəki yataqlarda yerləşir. Xəzərin müxtəlif dərinliklərindəki neft və qaz yataqlarının kəşfi və işlənilməsində dəniz nəqliyyatı mühüm rol oynayır. Dəniz şelfində axtarış-kəşfiyyat işlərinin aparılmasını, nəhəng özüllərin quraşdırılmasını, sualtı boru kəmərlərinin çəkilməsini müxtəlif təyinatlı gəmilərin iştirakı olmadan təsəvvür etmək mümkün deyildir. Elə ötən əsrin ortalarından açıq dənizdə neft çıxarılmasına başlanıldığı andan bu günədək Xəzərin mavi sularında üzən həmin gəmilərin xidmətindən dönə-dönə istifadə olunub. Bir sözlə, bu il 60 illik yubileyini qeyd edən Xəzər Dəniz Neft Donanmasının ölkəmizin dəniz neft sənayesinə yüksək səviyyədə xidmət göstərən gəmiləri və bacarıqlı mütəxəssisləri vardır...

 

Məlumat üçün bildiririk ki, keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 4 noyabr 1949-cu il tarixli əmri ilə yaradılan Xəzər Dəniz Neft Donanmasının balansında ilk vaxtlar “Pirallahı” və “Stalinneft” trestlərindən və dəniz nəqliyyatı kontorundan alınmış 66 ədəd kiçik həcmli gəmi və üzən qurğu olub. Üzən heyətin sayı isə 700 nəfər təşkil edib. Ötən əsrin 50-ci ilində donanmanın tərkibindəki gəmilər vasitəsilə dənizin yalnız 17-20 metrə qədər dərinliklərində kəşfiyyat və inşaat işləri aparmaq mümkün idi.

1949-cu il noyabr ayının 7-də “Neft Daşları” yatağında ilk quyu fontan vurduqdan və burada böyük həcmdə neft ehtiyatı aşkar olunduqdan sonra həmin sahədə hasilatı artırmaq məqsədilə geniş miqyaslı işlərə başlanıldı. Bu məqsədlə keçmiş İttifaqın gəmiqayırma zavodlarına Xəzər Dəniz Neft Donanması üçün müxtəlif təyinatlı gəmilərin tikintisinə sifarişlər verildi. Əldə olunan gəmilərin Bakı gəmi təmiri zavodlarında modernləşdirilməsinə başlanıldı. “Xəzərtanker”dən alınmış “İzmail” neftdaşıyan lixteri və “Tula” çay gəmisi modernləşdirilərək kran gəmiləri kimi istismara buraxıldı. Bir il sonra donanmaya kran, sərnişin, yedək, geoloji-kəşfiyyat və s. təyinatlı gəmilərin alınmasına başlanıldı. Həştərxanın “Krasnıye Barriyadı” zavodundan 20 tonluq kran, 50 nəfərlik sərnişin, 300 at gücü olan yedək gəmilərinin, Nijni - Novqorod şəhərindən 40 tonluq kran, Sankt - Peterburq şəhərindən 600 at gücündə yedək və yanğınsöndürən gəmilərinin, Sosnovka şəhərindən kiçik həcmli xidməti və dalğıc katerlərinin alınmasını buna misal göstərmək olar. 1965-ci ildə Nijni - Novqorodun “Krasnoe Sormovo” zavodunda tikilən 250 ton yükqaldıran “Koroğlu” kran gəmisi istismara verildikdən sonra dənizin 60 metr dərinliyinədək yerlərdə inşaat işlərinin aparılmasına imkan yarandı. 1960-1970-ci illərdə Bakıda və Polşada tikilən kiçik sərnişin və Volqoqradda inşa edilən 600 nəfərlik “Babazadə” və “Volqoqrad” gəmilərinin istismara verilməsi ilə donanmanın sərnişin daşınmasına olan tələbatı tam ödənildi. Bütövlükdə isə ötən 20 il ərzində donanmaya 336 ədəd müxtəlif təyinatlı gəmi və üzən qurğu alınmışdır. Bunlar isə əsasən kran, sərnişin, yedək, dalğıc, geoloji-kəşfiyyat, yanğınsöndürən gəmilər, kiçik yedək və xidmət katerləri, barjlardan ibarət idi.

Ötən əsrin 70-ci illərində neftin dənizin daha dərin yerlərindən istehsal edilməsi donanma üçün daha geniş texniki imkanlara malik güclü gəmilərin alınmasını vacib edirdi. O zamanlar SSRİ-nin gəmiqayırma zavodlarında belə gəmilərin tikilməsi təcrübəsi olmadığından neftçıxarmaya tələb edilən xüsusi təyinatlı, böyük gücə malik gəmilərin tikilməsi xarici ölkələrdə həyata keçirilməli idi. Ümumilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyə gəlməsi ilə, bir çox sahələrdə olduğu kimi, bu məsələnin də həllinə imkan yarandı. Gəmilərin xarici ölkə firmalarında inşası isə böyük məbləğdə valyutanın ayrılmasını tələb edirdi. Bu məsələ Heydər Əliyevin böyük səyi və qətiyyəti ilə öz həllini tapdı. Belə ki, 1973-cü ildə Hollandiyada sualtı neft və qaz xətlərinin inşası üçün “Süleyman Vəzirov” borudüzən gəmisi tikildi. Bu gəmi dənizin dərinliyi 195 metrə qədər olan sahələrində sualtı boru xətlərinin çəkilməsini təmin etdi. Bundan əlavə, Norveçdə gücü 7040 at gücündə olan üç ədəd təchizat gəmisi tikildi və istismara verildi.

1978-ci ildə Fransada tikilmiş və 200 metrə kimi dərinlikdə işləmək üçün sualtı dalğıc kompleksi ilə təchiz olunmuş “Əli Əmirov” geoloji-kəşfiyyat gəmisi, iki il sonra isə Almaniyada inşa edilmiş 2500 ton yükqaldıran kran gəmisi donanmanın sərəncamına verildi.

1980-ci illərin əvvəllərindən “Günəşli” yatağının mənimsənilməsinə başlanması ilə əlaqədar Bakı Dərin Dəniz Özülləri Zavodunda hazırlanan platformanın dayaq bloklarının və neft qurğularının həmin sahəyə nəql edilməsi və quraşdırılması üçün xüsusi təyinatlı üzən vasitələr tələb olunurdu. Bundan əlavə, quraşdırma işlərinin aparılması üçün 1980-cı ildə istismara verilmiş 2500 ton yük qaldıran “Azərbaycan” kran gəmisinin mövcudluğuna baxmayaraq, dayaq bloklarını və digər yükləri “Günəşli” yatağına daşıyan barjlar da lazım idi. Ulu öndər Heydər Əliyevin köməyi və səyi nəticəsində qısa müddətdə Almaniyada 18 min ton yükgötürən özüboşaldan STB-1 barjı və Fransada iki ədəd 2000 ton yükgötürən TMİ tipli barj inşa edilib Azərbaycana gətirildi. Bununla da “Günəşli” yatağında genişmiqyaslı inşaat işlərinin aparılmasına imkan yarandı.

Bütövlükdə isə 1980-1991-ci illər ərzində uzaq xarici ölkələrdə tikilmiş 40-2500 ton yükqaldıran 17 ədəd kran, gücü 4000-8000 at gücündə olan 23 ədəd təchizat, 12 ədəd sərnişin, 9 ədəd yanğınsöndürən, 4 yedək, 1 ədəd 18 min ton yükgötürən özüboşaldan barj, 1 ədəd 300 metrə qədər dərinlikdə borudüzən və 1 ədəd 300 metr dərinlikdə sualtı dalğıc işi aparan 82 gəmi alınmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməlini təşkil edən “Əsrin müqaviləsi”nin icrası ilə əlaqədar “Azəri”, “Çıraq” yataqlarında və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində tikinti-quraşdırma və mənimsəmə işlərinin aparılması da məhz donanmanın yuxarıda göstərən gəmilərindən bir çoxunun köməyi ilə həyata keçirildi. Bu işlərin icrası isə 2500 ton yükqaldıran “Azərbaycan” kran, “İsrafil Hüseynov” borudüzən, “Akademik Tofiq İsmayılov” dalğıc, “Nefteqaz”, “Om”, “Aura”, “Lütoqa” və “İrgiz” tipli təchizat gəmiləri, 2000-18000 ton yükgötürən barjlar və s. üzən vasitələrlə təmin olundu.

Donanmanın fəaliyyətə başlamasının ilk anlarından gəmilərə təmir və texniki xidmətin göstərilməsi üçün müvafiq təmir bazalarının yaradılması da gündəlikdəki əsas məsələlərdən idi. Bu məqsədlə 1953-1955-ci illərdə Bakıda gəmi təmiri zavodu tikilib istismara verildi. Dəniz nəqliyyat kontorlarının kiçik gəmilərinin təmiri üçün isə gəmi təmiri emalatxanaları təşkil edildi. Bundan əlavə, ötən əsrin 80-ci illərində zavod üçün qaldırıcı qüvvəsi 4500, 5000 və 15000 ton olan üzən dokların alınması və istismara daxil edilməsi ilə donanma gəmilərinin sualtı hissəsinin təmirinə olan tələbat da tam ödənildi.

ARDNŞ-in Xəzər Dəniz Neft Donanması balansında olan gəmilər vasitəsilə Xəzər dənizinin istənilən dərinliklərində tikinti-quraşdırma, nəqliyyat-yedək, geoloji-kəşfiyyat, təchizat və s. işləri həyata keçirmək mümkündür. İndi donanmanın balansında müxtəlif təyinatlı, 70 layihə üzrə 257 gəmi var. Onlar isə 23 kran, 34 sərnişin, 22 təchizat, 5 yedək, 13 dalğıc, 10 mühəndis-geoloji və mühəndis-geofiziki, 6 sudaşıyan, 8 yanğınsöndürən, 2 sualtı borudüzən, 2 metanoldaşıyan, 7 liman-yedək, 3 yanacaq daşıyan, 5 barj və 117 müxtəlif təyinatlı kater və köməkçi gəmilərdir.

Donanma kollektivinin qarşısında duran başlıca vəzifələrdən biri də istehsalat — maliyə planlarına əməl etməklə yanaşı, dənizdə neftçıxarmanın bütün prosesləri ilə məşğul olan neftçilərə lazımi səviyyədə xidmət göstərməkdən ibarətdir. Kollektiv bu sahədə olan bütün sifarişləri də vaxtında və keyfiyyətlə yerinə yetirir. Təkcə onu demək kifayətdir ki, 2008-ci ilin ikinci yarısında və cari ilin ilk ayları ərzində donanmanın gəmiləri vasitəsilə “Ümid” yatağında platformanın inşası üçün tələb olunan nəqliyyat, inşaat və təchizat işləri uğurla həyata keçirilmişdir. Bu işlər “Azərbaycan” və Şıxlinski” kran, təchizat və digər gəmilərlə icra edilmişdir. Bundan əlavə, Neft Daşlarında 2415 saylı, “Abşeron”da 660 saylı platformaların inşası və digər böyük həcmli işlər də donanma gəmilərinin köməyi ilə görülmüşdür.

Hazırda donanmanın gəmiləri Xəzərin Azərbaycan sektorunda neft-qazçıxarma ilə məşğul olan xarici firmaların sifarişlərini keyfiyyətlə yerinə yetirir və bu iş gələcəkdə də davam etdiriləcək. 2008-ci il və cari ilin 8 ayı ərzində donanmanın gəmiləri Xəzər dənizinin Rusiya Federasiyasına, Qazaxıstana və Türkmənistana aid sektorlarında fəaliyyət göstərən firmaların sifarişlərini də vaxtında və keyfiyyətlə yerinə yetirmişdir. Bu işlərin icrasına isə “Aura”, “Andoqa”, “Vadim Seyidov”, “Lutoqa”, “İlqar Poluyev”, “Ehram Xalıqov”, “Nerça”, “Nefteqaz-58” və s. təchizat, ”İsrafil Hüseynov” sualtı borudüzən, “General Şıxlinski” və “Ramiz Hacıyev” kran, “Zöhrab Vəliyev” geoloji-kəşfiyyat gəmiləri və TMİ — 6 barjı cəlb edilmişdir.

Donanmanın qarşısında duran tələblərin layiqincə yerinə yetirilməsinin əsas şərtlərindən biri də gəmilərin daimi texniki saz vəziyyətdə saxlanılmasıdır. Bu məqsədlə isə gəmilər vaxtlı-vaxtında təmir olunmalı, registrin baxışına hazırlanaraq təqdim edilməli və üzməyə icazə sənədləri alınmalıdır. Hazırda donanma rəhbərliyi hər bir gəminin vaxtında təmir edilməsini, registr baxışına təqdim olunmasını daimi nəzarətdə saxlayır. Təkcə onu demək kifayətdir ki, 2009-cu ilin 8 ayı ərzində 55 gəmi təmir edilərək istismara verilmişdir. Təmirdən çıxan və istismar olunan hər bir gəmi Beynəlxalq Dəniz Təşkilatının (İMO) və Dəniz Gəmiçilik Registrinin tələblərinə cavab verən müasir elektroradionaviqasiya, xilasedici və normal istismarı təmin edən digər avadanlıqla təmin olunmuşdur.

Donanmanın rəhbərliyi gəmilərin təhlükəsiz istismarının təmin edilməsi üçün kadr hazırlığını da daimi nəzarətdə saxlayır. Üzən heyətin hər bir üzvü tutduğu vəzifəyə uyğun təhsil almış, kurslar keçmiş və bu barədə onlara müvafiq sənədlər verilmişdir.

... Ölkəmizin neft-qaz sənayesi böyük inkişaf perspektivlərinə malikdir. Xəzər dənizinin Azərbaycan sektorundakı işlənmədən kənarda qalmış strukturlarının istismara cəlb edilməsi, eləcə də yeni-yeni neft-qaz yataqlarının açılması perspektivləri isə daim yeniləşməkdə olan 60 yaşlı Xəzər Dəniz Neft Donanması İdarəsinin də qarşısınıda yeni üfüqlər açır...

 

 

Mirbağır YAQUBZADƏ

 

Xalq qəzeti.- 2009.- 4 noyabr.- S. 6.