Sumqayıtın yubileyinə poetik
töhfələr
Bu ay 60 yaşı
tamam olan Sumqayıta həsr edilmiş şeirlər “Həzin nəğmələrdə
yaşayan şəhər” adlı poeziya toplusunda
işıq üzü görmüşdür. Sumqayıt şəhər Mədəniyyət
və Turizm İdarəsinin
rəisi Namiq Qaffarovun layihə rəhbəri,
Ə.Kərim adına Poeziya klubunun
direktoru, şair İbrahim İlyaslının tərtibçisi
və redaktoru olduğu toplu “Zərdabi” nəşriyyat-poliqrafiya MMC tərəfindən
buraxılmışdır. Kitabın təqdimat mərasimi iştirakçılara unudulmaz təsir
bağışlamışdır.
Ədəbiyyat
tariximizdə ilk dəfə
Sumqayıt mövzusuna müraciət etmiş Əhməd
Cəmilin “Təməl daşları” şeirinin, Nəbi Xəzrinin “Sumqayıt
səhifələri” poemasının (ixtisarla) topluya daxil edilməsi onun sanbalını artırıb:
Sumqayıt, əzizim,
gözlərin aydın,
Sənin hər
addımın böyük hünərdi.
Deyirəm, bəlkə
də sən olmasaydın,
Yer üzü nə
qədər boş görünərdi...
Doğrudan da, dünyanı Sumqayıtsız təsəvvür
etmək mümkün deyil. Halbuki cəmi
60 il əvvələ
qədər xəritələrdə bu şəhərin adı yox idi.
Çox qısa bir zaman kəsiyi olan 60 ildə Xəzərin
sahilində elə böyük bir
sənaye mərkəzi, gözəlliklər
şəhəri salınıb ki, adı
ilə hər birimiz fəxr edirik. Qələm dostumuz Tofiq Məmməd bu duyğuları özünəməxsus
şəkildə ifadə edir:
Məndən hünər
istə, məndən
iş istə,
Gör nələr, gör nələr yaratmışam mən!
Sumqayıt böyüyüb əllərim üstə,
Onunla birlikdə boy atmışam mən!
Tanınmış Azərbaycan
şairlərindən Zeynal
Cabbarzadə, Fikrət
Sadıq, Zivər Ağayeva, Hafiz Baxış və başqalarının Sumqayıta həsr etdikləri şeirlər də toplunun səhifələrində layiqli
yerini tutub. “Sumqayıt qanadlı
nəğməyə bənzər”, — deyən
Vahid Əziz, Səid Rüstəmovun məşhur
“Canlanır hər qarış çöl Sumqayıtda”
nəğməsinin sözlərini yazmış, lakin çoxlarının tanımadığı Nəsib Cəfəroğlu da bu sıradadır.
Sumqayıtda
yaşayıb-yaradan, onun hər
uğuruna sevinən, sevgisini
həzin nəğmələrində
yaşadan qələm sahiblərinin “duyğu yarpaqları” da maraq doğurur. Vaqif İbrahim, Xasay Cahangirov, Əşrəf Veysəlli, Mir Sabir, Əvəz Mahmud Lələdağ, Əsgər Eyvazoğlu, Rafiq Yusifoğlu, Qüdrət Muğanlı, Ofelya
Babayeva, Məmməd Namaz
kimi imzalar Sumqayıt
oxucularına doğma olduğu kimi, onların arzu və tale şəhəri
saydıqları Sumqayıta sevgi etirafları, hiss və həyəcanları da doğma təsir
bağışlayır.
Nisbətən gənc nəslin nümayəndələri Sabir Sarvan, Nazilə Gültac, şeirinin bir misrası sözügedən topluya
ad seçilmiş mərhum Yusif Hüseynov, habelə Avtandil Ağbaba, Asif Asiman, Mədaxil
Cavadlı, Kəramət Əmirli, Məmmədyar Məmmədyarlı
və başqaları da Sumqayıta
sevgilərini
obrazlı dillə qələmə alıblar. Topludakı bir
sıra şeirlərdə ümumi tərənnüm və pafos duyulsa
da, məhz Sumqayıt obrazı yaradan,
konkret olaraq bu şəhərə aid detallarla zəngin olan şeirlər yaddaqalandır:
Ocaq səndən, isti səndən,
Uduzdu, kim küsdü
səndən.
Hərdən zavod tüstüsündən
Göyləri “cunalı” şəhər...
(S.Sarvan)
Və yaxud:
Doğma ağuşunda sevdik-sevildik,
Sevgilər
yaşadıq sulardan təmiz.
Qubalı, qazaxlı, qəbələliydik,
Sumqayıtlı oldu körpələrimiz.
(İ.İlyaslı)
Sumqayıtda özünü
“suda balıq kimi” hiss edən, “ondan söz açanda
gözləri gülən”, bu doğma şəhəri
“sabaha açılan pəncərə” sayan, “Hansını çox sevim,
qaldım arada — biri kəndimizdir, biri Sumqayıt” deyən neçə-neçə müəllifin könlünə işıq saçıb, ilhamını
çağladıb Sumqayıt! Bu gözəl
şəhərin hüsnünə nə qədər
nəğmələr yazılsa da, azdır. Nəbi
Xəzri demişkən:
Sumqayıt...mənimdir
onun hünəri,
İlham məşəlidir, yandıqca sönmür.
Sumqayıt...bu adla haçandan bəri
Mən elə yazıram, sonu
görünmür.
Nəhayət, qeyd etməyi vacib bilirik ki,
“Həzin nəğmələrdə
yaşayan şəhər” poeziya toplusu Sumqayıtın Prezident sərəncamı ilə ölkəmizdə geniş keçirilən 60 illik yubileyinə onu hazırlayanların gözəl töhfəsidir.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 3 noyabr.- S. 7.