Azərbaycanın efir məkanı: problemlər və vəzifələr
Biz mənəviyyatsızlığın mənəvi
dəyərlərimizi məhv etməsinə yol verə bilmərik
Ümummilli lider Heydər Əliyevin bu qətiyyətli
mövqeyi AMEA-nın Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutu ilə İnsan Hüquqları İnstitutunun
birgə keçirdiyi “dəyirmi masa”da səslənən alim
və mütəxəssis fikirlərinin əsas qayəsini təşkil
edirdi
Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında
gedən proseslərlə, aparılan islahatlarla əlaqədar
obyektiv şərhlərə və hərtərəfli, dərin
təhlillərə əsaslanan əsərləri, elmi məqalələri,
bir qayda olaraq, cəmiyyətimizdə böyük maraqla
qarşılanır, geniş əks-səda doğurur. Bu mənada
onun Azərbaycan teleməkanında son dövrdə baş verən
və nəzarətsizlik üzündən getdikcə təhlükəli
xarakter alan xoşagəlməz olaylarla bağlı “Azərbaycanın
efir məkanı: problemlər və vəzifələr”
adlı məqaləsi də mövzu aktuallığı və
əhəmiyyəti ilə diqqəti cəlb edir. Elə bunun
nəticəsidir ki, Azərbaycan televiziya kanallarına rəhbərlik
edənlərin diqqətinin xalqımızın milli-mənəvi
dəyərlərinin qorunması, ictimai maraq kəsb edən
mövzulara üstünlük verilməsi, yüksək efir mədəniyyətinin
gözlənilməsi, respublikada teleradio yayımının səviyyəsinin
dünya standartlarına uyğunlaşdırılması kimi
məsələlərə yönəldilməsinə xidmət
edən məqalə əhalinin bütün təbəqələri
tərəfindən böyük razılıqla
qarşılanmış, geniş müzakirələrə səbəb
olmuşdur. Belə maraqlı müzakirələrdən biri də
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunda İnsan Hüquqları
İnstitutu ilə birgə keçirilmiş “dəyirmi masa”da
baş tutdu.
Tədbiri giriş
sözü ilə açan Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun direktoru, fəlsəfə elmləri
doktoru, professor İlham Məmmədzadə dedi:
— Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin sosiomədəni
modernləşmə kursu filosoflardan, politoloqlardan, sosioloqlardan
və hüquqşünaslardan cəmiyyətdə mövcud
olan bir çox ideoloji, humanitar və hüquqi məsələlərə
yenidən baxılmasını tələb edir. Bu mənada
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin fundamental əsərləri və elmi məqalələri
dünyada və Azərbaycanda baş verən proseslərin
öyrənilməsində və təhlilində metodoloji baza
kimi olduqca əhəmiyyətlidir. Ramiz müəllimin bu
yaxınlarda mətbuatda dərc olunmuş, ölkəmizin
teleməkanında mövcud durumla bağlı həyəcan təbili
çalan “Azərbaycanın efir məkanı: problemlər və
vəzifələr” adlı məqaləsi də bu baxımdan
çox böyük əhəmiyyət kəsb edir. Adı
çəkilən məqalədə
qaldırılmış problemlərin həlli, irəli
sürülmüş vəzifələrin yerinə yetirilməsi
ilə bağlı təkliflərimi diqqətə
çatdırmaq istərdim.
Birincisi, bazar münasibətləri
şəraitində dövlət kütləvi informasiya vasitələrinin
inkişafını tənzimləməyə borcludur. Haqqında söhbət apardığımız məqalədə
qeyd olunduğu kimi, teleradio qurumlarının rəhbərləri
unutmamalıdırlar ki, televiziya və radio təkcə daxili
ictimai rəyi formalaşdırmır, həm də ölkənin
simasını nümayiş etdirir, onun haqqında təsəvvür
yaradır. Efirdən səslənən
informasiya maarifləndirici, məlumatlandırıcı mahiyyət
daşımalı, ölkədə gedən ictimai-siyasi,
iqtisadi və mədəni quruculuq proseslərini, dövlət
siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin
aktual problemlərinin müzakirəsi, günün nəbzinə
uyğun məlumatların hazırlanması və verilməsi
daim prioritet istiqamət təşkil etməlidir.
İkincisi, müharibə şəraitində
olan ölkədə, keçid mərhələsini
yaşadığımız günlərdə ucuz və
bayağı şou-biznesin televiziyalarımızda
üstün mövqe tutması absurddur. Böyük təsir gücü
olan televiziya kanallarından vətənpərvərlik tərbiyəsində
geniş istifadə etmək olduqca səmərəli nəticələr
verə bilər. Vətənpərvərlik tərbiyəsi isə
yalnız hərbi vətənpərvərlikdən və ya mərdlik
məktəbindən ibarət deyildir. Hazırda ölkəmizdə
həm də mədəni və maarifləndirici vətənpərvərliyə
ehtiyac vardır. Buna görə də televiziyalarda
maarifçilik, ölkənin və xalqın elmi, mədəni,
tarixi, onun qəhrəmanlıqla və vətənpərvərliklə
dolu olan keçmişi haqqında tərbiyəvi xarakterli
proqramlara geniş yer verilməlidir.
Üçüncüsü,
telekanalların öz ucuz və bayağı verilişləri
ilə milli mənəviyyatımıza və mədəniyyətimizə
ciddi zərbə vura bilmək imkanı nəzərə
alınaraq, onlara həm də ictimai nəzarətin tətbiqinin
həyata keçirilməsi olduqca vacibdir.
Dördüncüsü, kompyuter
texnologiyalarının, xüsusən internetin imkanlarından əhalinin
savadlanması işində geniş istifadə
olunmalıdır. Eyni zamanda, qabaqcıl texnologiyaların,
yüksək sürətli internetin inkişafına geniş
vüsət verilməlidir.
Beşincisi, akademik Ramiz Mehdiyevin
məqaləsi bizi kütləvi informasiya vasitələrinin fəaliyyətinin
və problemlərinin fəlsəfi, sosioloji və hüquqi
aspektlərinin tətbiqinə istiqamətləndirir. Etiraf edək
ki, bu sahədəki uğurlarımız kifayət qədər
deyil. Elmi tədqiqat institutu olaraq, biz də öz məsuliyyətimizi
dərk edib televiziya kanalları ilə daha sıx təmasda
olmalı, informasiya cəmiyyətinin, etika və estetikanın
problemlərinə həsr olunmuş konfranslar və “dəyirmi
masa”lar keçirməliyik.
Zənnimcə, “Qloballaşma
şəraitində mədəni, maarifləndirici və vətənpərvərlik
tərbiyəsinin problemləri” adlı aylıq fəlsəfi
telejurnal yaratmaqla birgə əməkdaşlığımızın
maraqlı formasını tapmış olardıq. Telekanallarda
elmə, milli ideologiya və cəmiyyətin problemlərinə
həsr olunmuş verilişlərin daimi yer tutması da olduqca
əhəmiyyətlidir.
Aytən Mustafayeva – İnsan Hüquqları İnstitutunun
direktoru, hüquq elmləri namizədi:
— Bu gün
Azərbaycan cəmiyyətinin demokratikləşməsi,
hüquqi islahatların aparılması, vətəndaşların
hüquq və azadlıqlarının təminatı,
onların dövlətin idarə edilməsində fəal
iştiraka cəlb olunması sahəsində dövlət
siyasəti uğurla həyata keçirilir. Bu baxımdan Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və
vəzifələr” sərlövhəli məqaləsi
məhz demokratik, hüquqi cəmiyyət quruculuğu prosesində
ideologiya, informasiya siyasəti, mənəviyyat, milli dəyərlərin
qorunması kimi amillərin əhəmiyyətindən və
milli jurnalistikamızın üzləşdiyi problemlərə
həsr edilmişdir.
Müasir Azərbaycan
mətbuatını məhdudiyyətsiz olaraq
çulğamış özbaşınalığın, mənəviyyatsızlığın,
bəzən isə milli-mədəni dəyərlərlə
kəskin ziddiyyət təşkil edən və “milli mədəniyyət”
adı altında təbliğ olunan mədəniyyətsizliyin
bir adı var: Azərbaycan
dövlətçiliyinin, Azərbaycan xalqının gələcəyini
hədəf seçmiş İDEOLOJİ TƏXRİBAT. Təəssüf ki, müasir Azərbaycan
jurnalistikasının bir çox problemləri ilk növbədə
mətbuata hüquqi və mədəni maarifçilik, vətənpərvərlik
tərbiyəsinin mənbəyi kimi deyil, “informasiya bazarı”
kimi yanaşmanın nəticəsində meydana gəlmişdir.
Efir məkanımıza
reallıqla diqqət edək. Peyk və ya kabel vasitəsilə
yayımlanan kanallar milli televiziya şirkətləri
üçün ciddi rəqabət mühiti
yaratmışdır. Bu rəqabətdə uduzan isə, təəssüf
ki, Azərbaycan televiziya kanallarıdır. Bunun obyektiv səbəbləri
vardır. Milli efir məkanında yayımlanan verilişlərin
böyük hissəsi — təbii ki, azlıq təşkil edən
peşəkar verilişlər istisna olunmaqla — səviyyəsizliyin,
mədəniyyətsizliyin təbliğindən başqa bir
şey deyildir.
Azərbaycan televiziya kanallarının
ixtisaslaşdırılması zərurəti bu gün
çox aktualdır. Bu gün televiziya məkanımızda nəinki
qlobal problemlərə, hətta Azərbaycan miqyasında olan məsələlərə
peşəkarlıqla toxunan, əhalinin maarifləndirilməsini
məqsəd seçən verilişlərimiz olduqca azdır.
Mövcud televiziya kanallarının əksəriyyəti eyni simaya malikdir. “Azərbaycan cəmiyyətinin aparıcı simaları” kimi təqdim olunan üzdəniraq “elita” nümayəndələri bir-birini alçaltmaq, ailə söhbətlərini ümumxalq müzakirəsi səviyyəsinə qaldırmaqla tamaşaçıların və dinləyicilərin, tənqid obyekti kimi seçdikləri insanların hüquqlarını pozurlar. Mənəvi deqradasiyanın da bir mənbəyi buradadır. “Mədəniyyət” adı ilə təbliğ olunan mədəniyyətsizliyin Azərbaycan Respublikasının imicinə vura biləcəyi ziyanı sözlə ifadə etmək çətindir.
Müasir Azərbaycan
jurnalistikasının, xüsusilə televiziya
jurnalistikasının üzləşdiyi problemlərdən
biri də burada çalışan əməkdaşların
dünyagörüşünün, yaradıcılıq
imkanlarının günün tələbləri səviyyəsində
olmamasıdır. Azərbaycan mediası öz sıralarını məhz
belələrindən təmizləməlidir.
Təbii ki, bu iradları
bütövlükdə Azərbaycan jurnalistikasına şamil
etmək olmaz. Problem isə təbliğat və
maarifçilik işində onların deyil, əksər
hallarda heç bir peşə hazırlığı olmayan,
kütləvi informasiya vasitələrinə təsadüfi gələn
şəxslərin milli ideologiya kimi olduqca həssas bir məkanda
arzuolunmaz fəaliyyət göstərməsidir.
Jurnalist müstəsna hüquqlara malik şəxs deyildir. O, öz dövlətinin qanunları ilə yaşayan və fəaliyyət göstərməli olan vətəndaşdır. Və hər bir əməlinə görə digərləri kimi qanun qarşısında cavabdehdir. Bu baxımdan akademik Ramiz Mehdiyevin məqaləsində də geniş təhlilini tapan problem, eyni zamanda insan hüquqlarının təminatı ilə bağlı məsələdir. Diqqət edin, hazırda Azərbaycanda jurnalistlərin hüquqlarının müdafiəsi məqsədilə xeyli qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Elə isə yaranan təbii bir suala cavab axtaraq: Belə hüquqi təminat şəraitində tamaşaçının, oxucunun, dinləyicinin hüquqlarını qoruyan hansısa səlahiyyətli qurum varmı? Təəssüf ki, yox.
Əminəm ki, akademik Ramiz Mehdiyevin məqaləsindən sonra müvafiq qurumların işində fəallıq yaranacaq, problemin qısa vaxtda həlli məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir.
Bəhruz Quliyev – “Səs” qəzetinin
baş redaktoru, SİA-nın baş direktoru:
— Telekanallar ailədə çağrılmamış qonaqdırlar. İstəsək də, istəməsək də, televiziyaya ailə ilə baxmağa məhkumuq. Telekanallar bunu nəzərə almalı, verilişlərində diqqətli olmalıdır. Minillərdən süzülüb gələn adət-ənənələrimiz, mentalitetimiz var. Şou-biznes bütün qanunları, adət-ənənələri tapdayıb keçməkdədir. Bu məsələyə bir nəzarət lazımdır.
Gənclərimiz özlərini
şou-biznes əhlinə oxşatmağa başlayıblar.
Çünki bilirlər ki, bu sahə onlara dəbdəbə,
şan-şöhrət, cah-cəlal, komfort vəd edir. Gənclərin
digər peşələrə, elmə marağı
azalır, onlar yanlış yola istiqamətlənirlər. Dövlət televiziyası və İctimai TV burada
istisnadır. Çünki AzTV və İTV azərbaycançılığın,
milli dəyərlərin, milli musiqimizin təbliği istiqamətində,
soy-kökümüzün araşdırılması, təbliği
ilə bağlı baxımlı verilişlər
hazırlayır. Digər televiziyalar da onlardan nümunə
götürməlidirlər. Təcavüzkar qonşumuzun
işğalçılıq siyasəti nəticəsində
tarixi ədalətsizliklə üz-üzə
qalmışıq. Möhtərəm
Prezidentimiz İlham Əliyev dəfələrlə bildirib ki,
Azərbaycan Qarabağ münaqişəsinin həlli ilə
bağlı məsələdə güzəştə getməyəcək
və sülh danışıqları nəticə verməsə
Milli Ordumuz torpaqlarımızı azad etməyə
başlayacaq. Bu əmr hər an verilə bilər. Buna
görə də biz, media işçiləri dövlət
başçımızın qərarına hazır olmalı,
hərbi-vətənpərvərlik ruhunda
yazılarımızı, verilişlərimizi
artırmalıyıq. Bu sahədə problemlərdən biri də
peşəkar kadr çatışmazlığıdır.
Media qurumları peşəkar və savadlı mütəxəssisləri
işə götürməkdə maraqlı
olmalıdırlar. Təəssüflər olsun ki, jurnalistika
fakültələrində müxtəlif sahələr
üzrə ixtisaslaşmış kadrlar hazırlanmır.
Ölkəmizdə belə kadr yetişdirən güclü
ali təhsil ocaqları var. Telekanallar bu kadrların praktik
bacarıqlara da yiyələnmələri üçün
xüsusi proqram həyata keçirməlidirlər.
Doğrudur, media bir sahibkarlıq
sahəsidir, amma onun bir maarifləndirmə, tərbiyələndirmə
missiyası da var və bu unudulmamalıdır. İnformasiya əsrində
yaşayırıq. Ermənilər bir çox
uğurlarını informasiya işini düzgün qurmaqla, bu
məsələyə önəm verməklə əldə
ediblər. Gec deyil, biz də bu məsələdə aktiv
olsaq, informasiya müharibəsində düşməni üstələyə
bilərik
Akademik Ramiz Mehdiyevin telekanallar haqqında dedikləri eynilə mətbuata da aiddir. Bu gün qəzet-jurnallarda da eyni proses müşahidə olunur. Bütün KİV-lər həm də ideoloji silahdır. Vətənimizin bir hissəsi işğal olunub, faktiki olaraq, respublikamız müharibə şəraitindədir. İndi qəzetlər cəmiyyətə obyektiv, qərəzsiz və operativ informasiya verməkdən əlavə, ideoloji silah rolunu da oynamalıdırlar.
Bizim ideoloji silahımız nədən ibarətdir? Mətbuat gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında, milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynamalıdır. Bu məsələdə televiziyaların imkanları daha genişdir.
KİV-in əsas funksiyalarından biri də maarifləndirmədir. KİV cəmiyyəti maarifləndirməli, tariximizin, adət-ənənələrimizin, milli dəyərlərimizin qorunmasının qayğısına qalmalı, azərbaycançılığa xidmət etməlidir.
Bu gün məsələnin alimlər, ziyalılar səviyyəsində müzakirəyə çıxarılması göstərir ki, problemin həlli artıq daha böyük önəm kəsb edir. Mən də bir media qurumunun rəhbəri kimi, bu məsələnin həlli yolunu media orqanlarının məsuliyyətinin artırılmasında və onların özlərində yaradılacaq bədii şuralar və ya başqa adlı qurumda təmsil olunan mütəxəssislər tərəfindən nəzarət edilməsində görürəm. Ümid edirəm ki, yaxın zamanda teleməkanımızın proqram siyasəti milli mənafelərə və azərbaycançılıq ideologiyasına uyğunlaşdırılacaq.
İsaxan Vəliyev – Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, hüquq elmləri
doktoru:
— Hər hansı
bir ölkənin ictimai-siyasi həyatında gözlənilməz
proseslər baş verirsə, problemlər yaranırsa, ilk
növbədə buna elmi-siyasi elitanın nümayəndələri
– alimlər, filosoflar, sosioloqlar, hüquqşünaslar,
ziyalıların digər nümayəndələri reaksiya
verirlər. Bizdə
isə reallıq belədir ki, hamı problemi görür,
öz aralarında, küncdə-bucaqda danışır, lakin
onu geniş ictimai müzakirəyə çıxarmağa
heç kəs cəsarət etmir. Hamı yuxarıdan
“ağsaqqal sözü” gözləyir. Uzun illərdir ki, bu
sözü müasir dövrümüzün mahir tədqiqatçısı,
görkəmli filosof, akademik Ramiz Mehdiyev deyir. Onun verdiyi
proqnozlar, səriştəli və obyektiv təhlilləri,
çıxardığı elmi nəticələr
özünü doğruldur, cəmiyyət və elmi elita tərəfindən
də yüksək qiymətləndirilir.
Ramiz müəllimin
“Azərbaycan qloballaşma dövrünün tələbləri",
“Azərbaycan tarixi irs və müstəqillik fəlsəfəsi”,
“XXI əsrdə milli dövlətçilik: demokratik
inkişaf və müxalifət”, “Vətəndaş cəmiyyətinə
yol açan ideyalar” kimi əsərlərində, eləcə
də mətbuatda dərc olunan çoxsaylı məqalələrində
dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın
ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən
hadisələr, həyata keçirilən demokratik-hüquqi
islahatlar, qanunvericiliyin təkmilləşdirilməsi və
sair məsələlər obyektiv şəkildə şərh
edilib. Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” məqaləsi də cəmiyyəti
saflaşmağa çağıran silsilə əsərlərin
davamıdır. Müəllif respublikamız
üçun çox ağrılı olan vacib məsələni
gündəmə gətirmişdir. Əslində, bu məqaləyə
Azərbaycanın efir məkanında qayda yaratmağın
yollarını özündə əks etdirən konseptual
proqram sənədi kimi baxılmalıdır.
Məqalədə
diqqəti cəlb edən əsas məsələ müəllifin
tarixə ekskurs edərək ümummilli liderimiz Heydər Əliyev
tərəfindən mətbuatın inkişafı
üçün münbit şərait yaradan bir sıra
normativ aktlara toxunması, möhtərəm Prezidentimiz
İlham Əliyevin bu kursu davam və inkişaf etdirərək imzaladığı fərmanlara
istinad etməsidir. Heç şübhəsiz, biz bu gün
hörmətli akademikin məqaləsini müzakirə etmək
üçün deyil, həmin məqalədən irəli gələn
vəzifələrimizi müəyyənləşdirmək
üçün toplaşmışıq. Bu nöqteyi-nəzərdən
də təklif edirəm:
— Milli Televiziya və Radio
Şurasına teleradio qurumlarının yaradıcılıq
və peşə fəaliyyətinə əsaslı
müdaxilə etmək hüququ verilsin. Nəzərə
alınsın ki, teleradio şirkətləri Şuranın fəaliyətindən
narazı qaldıqları halda məhkəməyə
müraciət etmək hüququna malikdirlər.
— Mən senzuranın əleyhinəyəm.
Lakin hər bir insanın daxili senzurasının olması
mövqeyindən çıxış edirəm.
Özünü daxili senzuradan kənarda qoyan şəxslərin
məsuliyyət hissini artırmaq üçün müstəqil
ictimai nəzarət komissiyasının yaradılmasını
təklif edirəm. Yaxşı olardı ki, bu
komissiya AMEA-nın nəzdində yaradılsın və
dilimizi, ənənələrimizi, ən nəhayət ictimai
şüurun formalaşmasını yad ünsürlərdən
qorumaq üçün tanınmış alimlər, yüksək
zəka sahibləri həmin quruma cəlb edilsin.
— Gənclərdə zorakılıq hissi aşılayan, onları əxlaqsızlığa sövq edən verilişlərin qadağa edilməsi məqsədi ilə xüsusi normativ akt qəbul edilsin. Axı bu problemin tənzimlənməsi sahəsində respublikamızın zəngin ənənəsi var!
Araz Qurbanov – İnsan Hüquqları İnstitutunun
şöbə müdiri:
— Kütləvi informasiya vasitələri
sisteminin müstəqil bir sahəsinə çevrilən
televiziya, hər şeydən əvvəl, məlumat vasitəsi,
milyonlarla tamaşaçı üçün əsas xəbər
qaynağı kimi dəyər kəsb edir. Məhz bu həssas
cəhətinə görə indi televiziya həyatımızın
və məişətimizin ayrılmaz atributuna
çevrilmişdir. Televiziyalarımızda
yaranmış xoşagəlməz vəziyyətlə
bağlı akademik Ramiz Mehdiyevin həyəcan təbili
çalan “Azərbaycan efiri: problemlər və vəzifələr”
məqaləsi cəmiyyət qarşısında məsuliyyət,
milli-mənəvi dəyərlərə hörmət və
qayğı istəyinin ifadəsi kimi çox qiymətlidir.
İsaxan müəllim
öz çıxışında bir məqamı çox
düzgün qeyd etdi ki, biz bu gün Ramiz müəllimin məqaləsini
yox, həmin məqalədən irəli gələn vəzifələrin
həyata keçirilməsi yollarını və
üsullarını müzakirə etmək üçün
toplaşmışıq. Çünki Azərbaycan teleməkanındakı
mövcud durum həmin məqalədə çox geniş, ətraflı
şəkildə təqdim olunmuş, bütün nöqsanlar
kəskin və ünvanlı şəkildə deyilmiş, hətta
problemin həlli yolları da göstərilmişdir. Biz indi həmin
problemin həllində öz üzərimizə düşən
vəzifələr barədə düşünməli,
konkret təkliflər verməliyik. Mən də
bu fikirlə razılaşıram ki, kütləvi informasiya
vasitələrinə ictimai nəzarət məsələsi
gündəliyə gəlməli, ölkənin
tanınmış ziyalılarından,
hüquqşünaslarından ibarət ictimai nəzarət
komissiyası yaradılmalı və ona qanun çərçivəsində
səlahiyyətlər verilməlidir.
Biz alim və mütəxəssislər yaxamızı kənara çəkməməli, teleradio şirkətlərinin rəhbərlərinə öz köməyimizi, konkret layihələrimizi təqdim etməliyik. Cəmiyyəti narahat edən kəskin problemlərin ekrana, açıq diskussiya proqramlarına çıxarılmasının təşəbbüsçüsü və fəal iştirakçısı olmalıyıq.
Sakit Hüseynov – Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə
elmləri doktoru:
— Hazırkı şəraitdə
ictimai fikrə təsir imkanına görə televiziya KİV
sistemində liderdir. Belə ki, milli-mənəvi dəyərlərimizin
qorunmasından tutmuş, ölkənin xaricdə təbliğ
olunmasına qədər televiziya kanalları aparıcı rol
oynayır. Məlumdur ki, “Televiziya və radio yayımı
haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində
milli- mənəvi dəyərlərin qorunması, peşə
etikasına və əxlaq normalarına riayət edilməsi,
proqramın keyfiyyətliliyi prinsipi öz əksini
tapmışdır. Yəni KİV haqqındakı
qanunvericilikdə milli-mənəvi dəyərlərimizin
qorunması ilə bağlı kifayət qədər
hüquqi əsaslar vardır. Lakin təəssüf ki, TV
nümayəndələri ya bu qanunları bilmir, ya da ona əməl
etmirlər.
Mənim digər iradım Milli
Teleradio Şurasının (MTRŞ) əsasnaməsi ilə əlaqədardır.
Belə hesab edirəm ki, bu əsasnamə ziddiyyətlidir. Əsasnamədə
göstərilir ki, MTRŞ TV yayımı sahəsində
dövlət siyasətini həyata keçirmək səlahiyyətinə
malikdir. Bu, çox yaxşı. Digər tərəfdən isə
qeyd olunur ki, MTRŞ teleradio qurumlarının
yaradıcılıq, peşə və maliyyə fəaliyyətinə
müdaxilə etmək səlahiyyətinə malik deyil. Deməli,
bu sahədə baş verən nöqsanlara görə məsuliyyət
TV rəhbərlərinin üzərinə düşür. Bu
nə dərəcədə düzgündür? Digər bir məsələ
televiziya aparıcılarının və orada
çalışanların savad və səviyyəsinin
aşağı olmasıdır ki, bu da
tamaşaçıları psixoloji cəhətdən çox
qıcıqlandırır.
Mən akademik Ramiz Mehdiyevin məqaləsini
oxuyarkən bəzi nəticələr çıxardaraq
onları aşağıdakı kimi ümumiləşdirmək
istərdim:
— Xarici kinofilmlərə,
xüsusən Latın Amerikası seriallarına çox
geniş yer verilir.
— Vətənpərvərlik tərbiyəsinə
həsr edilmiş verilişlərə az yer ayrılır.
— Milli-mənəvi dəyərlərin
təbliği və qorunması işi qənaətbəxş
deyil.
— Uşaqlara həsr edilmiş
verilişlər yox dərəcəsindədir.
— Gənclərimizin intellektual
inkişafına xidmət edən verilişlər çox
azdır.
— Televiziyaların rəhbərləri
verilişlərin reytinqinin müəyyənləşdirilməsinə
əhəmiyyət vermirlər.
Sonda qeyd etmək istərdim ki, televiziyaların proqramlarının yaxşılaşdırılması, verilişlərdə milli-mənəvi dəyərlərimizin qorunması üçün biz, elm adamları da məsuliyyət daşıyırıq. Bu da bizim əlaqələrimizin zəif olması ilə bağlıdır. Biz bundan sonra TV-lərlə müxtəlif sahələrdə öz əməkdaşlığımızı gücləndirməli, onlardan öz elmi məsləhətlərimizi əsirgəməməliyik.
Füzuli Qurbanov – Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə
elmləri doktoru:
— Akademik Ramiz Mehdiyevin bu məqaləsi
çox aktual məsələyə həsr edilib. Ölkə
KİV-nin fəaliyyətinin tənzimlənməsi cəmiyyətin
sosial sifarişi olaraq qarşıda dururdu. Məqaləni
bu sosial sifarişə dövlətimizin verdiyi reaksiya kimi qəbul
edirik və bir vətəndaş olaraq buna sevinirik.
Çünki Azərbaycanın müstəqil dövlət
quruculuğu prosesinin mühüm bir mərhələsində
ölkənin informasiya məkanının təmiz olması məsələsi
gündəmə gətirilib. Məqalədə Azərbaycanın
efir məkanında mövcud olan qüsurlar dolğun təhlil
edilərək, onların aradan qaldırılmasının
yolları göstərilmişdir. Müasir
dövrümüzdə müstəqil dövlətlər üçün
informasiya məkanının suverenliyi prinsipial əhəmiyyət
daşıyır. Ümummilli lider Heydər Əliyev bu istiqamətdə
çox vacib addımlar atmışdı. İndi bu işlərin
müstəqil dövlətçiliyin inkişafı
yönündə davam etdirilməsi lazımdır.
XXI əsr insan beyni və qəlbi
uğrunda gedən mübarizələr əsri hesab edilir.
Böyük ideoloji sistemlər qurur, konsepsiyalar yaradırlar
ki, öz mənəvi-əxlaqi və ideoloji maraqlarını
qlobal səviyyədə qəbul etdirsinlər. Belə bir
şəraitdə Azərbaycan kimi müstəqil dövlətlər
də adekvat ideoloji-təbliğat sistemlərini
qurmalıdır. Məhz bu aspektdə də informasiya məkanının
suverenliyinin təmin edilməsi avtomatik olaraq kommunikasiya təhlükəsizliyi
məsələsini meydana çıxarır. Müasir cəmiyyətlər
üçün kommunikasiya şəbəkəsi həlledici
rol oynayır. Qərb sosiologiyasının ən görkəmli
nümayəndələrindən olan Niklas Luman massmedianı
sosial reallıqları yaradan əsas kommunikativ vasitə hesab
edir. Həm də müasir cəmiyyətlərdə
kommunikasiya sosial həyatın ön sırasına
çıxmışdır. Yeni kommunikasiya vasitələrinin
sürətlə meydana gəlməsi, bütövlükdə
bu şəbəkənin daha mürəkkəb struktura malik
olması ilə müşayiət edilir. Yəni indi KİV
faktiki olaraq ictimai şüuru formalaşdırır.
İnsanlar birbaşa ünsiyyətdən çox KİV vasitəsilə
ünsiyyətdə olurlar. Bu da istər-istəməz
KİV-in cəmiyyətdəki rolunun fəlsəfi-metodoloji
rolunun təhlili və onun əsasında düzgün nəticələrin
əldə edilməsini ön plana çıxarır.
Ramiz müəllim bu məqaləsində problemin dərin təhlili ilə yanaşı, dövlətçilik maraqlarına uyğun qaydada tənzimlənməsi zərurətini aydın məntiqlə oxucunun nəzərinə çatdırır. Azərbaycanın teleməkanında mövcud olan problemlər birmənalı göstərilir. Ucuz şou proqramlarının azərbaycanlı gənclərin psixologiyasına göstərdiyi mənfi təsirin dəqiq təhlili verilir və belə nəticə çıxarılır ki, mövcud vəziyyəti dəyişmək qaçılmazdır. Telekanalların daha çox vətənpərvərlik mövzusuna diqqət yetirmələri tövsiyə edilir. Vətənpərvərlik anlayışı burada geniş mənada təqdim edilib və təkcə hərbi vətənpərvərliklə məhdudlaşmır. Yəni məsələ – Azərbaycan cəmiyyətində mənəvi-əxlaqi mühitin milli əsasda sağlamlaşması vəzifəsi qarşıya qoyulur. Bu işdə jurnalistlərlə yanaşı, alimlərin fəallığı gərəkdir. Akademik təhlillərlə praktiki ideoloji məsələlərin sintezi tapılmalıdır. Bu mənada “dəyirmi masa”da səsləndirilən ortaq layihələr çox maraqlıdır. Qalır bizim bu prosesdə aktiv iştirak etməyimizə, hər bir azərbaycanlı ziyalı bu işdə bacarığını əsirgəməməlidir.
Qafar Cəbiyev – AR Milli Televiziya və Radio
Şurasının üzvü, tarix elmləri doktoru:
— Akademik Ramiz
Mehdiyev tərəfindən toxunulan məsələlər,
qaldırılan problemlər, necə deyərlər,
birbaşa hədəfə dəydiyindən, orada irəli
sürülən mülahizə və tövsiyələr
tamaşaçı və dinləyici auditoriyasının
ürəyincə olduğundan məqalə Azərbaycan cəmiyyətində geniş əks-sədaya
səbəb olmuşdur. Artıq bu mövzu
ölkə mətbuatında geniş müzakirə və təhlil
olunmaqdadır. Əfsuslar olsun ki, bəzi mətbuat
orqanları bu məqaləni hakimiyyətin televiziyalara
basqısı kimi qələmə verməyə
çalışırlar. Əslində isə bu məqalə
teleradio yayımçıları üçün bir həyəcan
təbili oldu. Yəni, vəziyyət bu cür davam edərdisə,
nəticə etibarı ilə bəzi yayımçılar
öz tamaşaçı və dinləyicilərini
büsbütün itirə bilərdilər. Bu mənada hər
kəsdən əvvəl, məhz teleradio
yayımçıları Ramiz müəllimə minnətdar
olmalıdırlar.
Azərbaycanın efir məkanında
kifayət qədər rəngarənglik mövcuddur. Bir
sözlə, efirimizin hüdudları kimi, onun imkanları da
olduqca genişdir. Beləliklə, bu gün asudə
vaxtını televiziya ekranı qarşısında keçirən
hər bir Azərbaycan tamaşaçısının
imkanı var ki, o, dünyanın istənilən ölkəsinin
telekanallarının proqramlarını izləyə bilsin.
Bütün bunlar müstəqillik illərində ölkəmizdə
teleradio yayımı sahəsində əldə olunmuş
çox ciddi uğurların göstəricisidir. Bunlara nail olmaq üçün isə məqalədə
deyildiyi kimi, “ölkəmizdə teleradio fəaliyyətinə
dair qanunvericilik təkmilləşdirilmiş, onun hüquqi
normativ bazası qabaqcıl dünya və Avropa
standartlarına uyğunlaşdırılmış, müasir
şəraitə və bazar iqtisadiyyatının tələblərinə
cavab verən qaydalar, fəaliyyət normaları müəyyənləşdirilmişdir”.
Ölkədə
azad və demokratik mühitin olması, keyfiyyətli yayım həyata
keçirmək üçün müvafiq maddi-texniki və
qanunvericilik bazasının, nəhayət kifayət qədər
peşəkar kadr potensialının mövcudluğu Azərbaycanda
fəaliyyət göstərən bütün teleradio
yayımçılarının ən azı tamaşaçı və dinləyici
auditoriyasını qane edəcək dərəcədə
keyfiyyətli veriliş və proqramlar ortaya qoymaları
üçün tam yetərlidir. Müsbət haldır ki,
imkanlardan səmərə ilə bəhrələnənlərin
sayı getdikcə artmaqdadır. Bu gün radio və televiziya
kanallarımızın hər birinin neçə-neçə
özünəməxsus maraqlı və gərəkli
proqramları vardır ki, onlar dinləyici və
tamaşaçı auditoriyası tərəfindən həvəslə
izlənilir.
Şura tərəfindən
aparılan monitorinqin nəticələri göstərir ki,
teleradio yayımçılarının fəaliyyətindəki
nöqsan və çatışmazlıqların böyük
bir qismi “Televiziya və radio yayımı haqqında” Azərbaycan
Respublikası Qanunun 32-ci maddəsində proqrama verilən tələblərin
pozulması ilə
əlaqədardır. Qanunun həmin maddəsində deyilir: “Proqramlar yayım üçün hazırlanarkən
aşağıdakı tələblərə əməl
olunmalıdır: maarifçilik və mədəniyyət məsələlərinə
üstünlük verilməli, proqramların
tarazlaşdırılması yolu ilə efirin kommersiya,
informasiya, yaxud digər eynitipli verilişlərlə yüklənməsinin
qarşısı alınmalıdır...” Etiraf edək
ki, qanunun bu tələbi əksər yayımçılar tərəfindən,
xüsusən də özəl yayımçılar tərəfindən
tez-tez pozulur.
Akademik Ramiz
Mehdiyevin məqaləsində qeyd olunduğu kimi, “ictimaiyyəti
narahat edən və ən çox müzakirə olunan məsələlərdən
biri televiziya kanallarında aşağı səviyyəli,
keyfiyyətsiz əyləncə və şou-biznes xarakterli
verilişlərin xüsusi çəkişinin
artmasıdır”.
Efir məkanı coğrafi
baxımdan hüdudları intəhasız dərəcədə
geniş olan bir anlayışdır. Ancaq bu, o demək deyildir
ki, efirdə kim nə istəsə edə bilər. Əksinə,
efir insan fəaliyyətinin bəlkə də ən çox
ölçü-biçi və məsuliyyət tələb
olunan fəaliyyət sahəsidir. Odur ki, efiri özünə
fəaliyyət sahəsi seçənlərin nitqi də, məntiqi
də, geyim və davranışı da hər cəhətdən
nümunəvi olmalıdır.
Bir sözlə, son illər Azərbaycanın teleradio məkanında çox ciddi kəmiyyət və keyfiyyət dəyişikləri baş versə də, bu sahədə nöqsanlar və problemlər də çoxdur. Əmin olmaq istərdik ki, teleradio yayımçıları məqalədə qaldırılan məsələləri geniş və işgüzar şəraitdə müzakirə etməklə Azərbaycan ictimaiyyətini düşündürən, narahat edən probllemlərin aradan qaldırılması, beləliklə də ölkəmizin efir məkanında, sözün tam mənasında, səliqə-səhman olmasını təmin edəcəklər. Və yəqin ki, o zaman Azərbaycan tamaşaçısı daha kanalı dəyişərək xarici ölkə telekanallarına baxmaq barədə düşünməyəcək.
Rəfiqə Əzimova – Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə
elmləri doktoru:
— Bu gün
müzakirəyə çıxardığımız məsələ
— akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” məqaləsində
qaldırılmış həlli təxirəsalınmaz məsələlər
biz ziyalıları ciddi düşünməyə dəvət
edir. Odur ki, efir məkanında
yaranan problemlərlə əlaqədar öz mülahizələrimizi
bildirək və vəziyyətdən çıxış
yolları ilə bağlı təkliflərimizi verək.
Qısa tezislərlə bu təklifləri səsləndirmək
istərdim:
— Yaxşı
olardı ki, keçirilən “dəyirmi masa”nın davamı
kimi, yaxın gələcəkdə Azərbaycanda fəaliyyətdə
olan TV kanalların rəhbərləri və nümayəndələri
ilə filosof, sosioloq, hüquqşünas aləmlərin
görüşü keçirilsin.
— TV kanalların istiqamətindən
asılı olmayaraq (dövlət, ya müstəqil) dövlət
maraqlarını əks etdirən proqramların “məsləhət
şuraları” ilə birgə hazırlanması daha məqsədəuyğun
olardı.
— Mütərəqqi milli ənənə
və müasir dəyərlər sintezinə söykənən
və bundan qaynaqlanan proqramların hazırlanması bu
günün aparıcı mövzularından olmalıdır.
— Yüksək peşəkar kadrların defisiti ucbatından problemlərin həlli ləngiyir. Milli-mənəvi dəyərlərə və müasir biliklərə yiyələnən peşəkar jurnalist kadrların hazırlığına diqqət artırılmalıdır. Ümumiyyətlə, efir məkanında yaranan problemlərin zəmanəmizin tələblərinə cavab verən kadrların hazırlanması təhsil sisteminin köklü şəkildə təkmilləşdirilməsi ilə bağlıdır.
Rəna Mirzəzadə – Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun şöbə müdiri, fəlsəfə
elmləri doktoru:
— Ulu öndər
Heydər Əliyev milli-mənəvi dəyərləri daim
diqqət mərkəzində saxlamış və xüsusi
olaraq vurğulamışdır ki, biz öz milli-mənəvi
dəyərlərimizlə öz dini dəyərlərimizlə,
adət-ənənələrimizlə fəxr edirik. Məhz akademik Ramiz Mehdiyevi də
narahat edən Azərbaycanın efir məkanında qeyd olunan dəyərlərə
göstərilən diqqətsizlikdir. Bu problemin həlli ilə
bağlı mənim şəxsi yanaşmam belədir: a)Efirin
məqsəd və məramı olmalıdır. Bu, tam bəlli
deyildir. b)Efir bu gün məcazi mənada yeni əxlaq kodeksi
formalaşdırmağı cəhd edir? c)Bəs problemlər
nədən yarandı? Zənnimcə, səbəb demokratiya
ilə anarxiyanın dəyişik salınmasıdır.
d)Bütün hallarda ümummilli maraqlar biznes maraqlarına
qurban verilməməlidir.
Televiziya əsasən üç prinsipi həyata keçirir. Birincisi, ətraflı, qərəzsiz, dəqiq informasiya verir. İkincisi, aktuallıq kəsb edən bütün problemlər barəsində maarifləndirmə funksiyasını yerinə yetirir. Nəhayət, üçüncüsü isə əyləndirmək, insanların asudə vaxtının mənalı keçməsi üçün çalışır.
Qeyd edək ki, TV kanallar müxtəlif
adlı xəbərlər proqramı ilə informasiya vermək
prisnipinə əsasən riayət edir. Lakin
ikinci prinsip – maarifləndirmə funksiyası sanki unudulub, arxa
planda ötəri cizgilərlə verilir, onun əvəzində
“tok-şou” tipli, mənəvi haqqı oldu-olmadı, bilik,
savad səviyyəsi yetdi-yetmədi “ekspert” adlanan müəyyən
qruplar özünəməxsus maarifləndirmə missiyası
ilə cəmiyyətə efirdən “moizələr” oxuyurlar.
Yeri gəlmişkən, bütün TV-lər ekspert məsələsində
də diqqətli olmalıdır. Cəmiyyətdə qəbul
edilməyən, özü mənəvi-etik ölçülərin
nümunəsi olmayan şəxslər efirdən məsləhətlər
verirlərsə, bu məntiqi necə başa düşmək
olar?
Qeyd edək ki, TV tək informasiya
verməklə, əyləndirici proqramları ilə öz
işini bitmiş hesab etməməlidir. TV tamaşaçını
düşündürməli, istiqamətləndirməyi
bacarmalıdır. TV açıq məkandır. Müharibələr
iki cür olur: elan edilmiş və elan edilməmiş. TV elan
edilməmiş, “soyuq müharibə” kimi, istədin-istəmədin,
cəmiyyətə, ailələrə nüfuz edən “soyuq
silahdır”. Hörmətli akademikin də efir məkanı
haqqında fikirlərinin əsas qayəsi Azərbaycanın
efir siyasətinin formalaşması, TV-lərin də
konsepsiyasının olması məsələsidir. Ulu öndər
demişkən, biz heç cür yol verə bilmərik ki, mənəviyyatsızlıq
mənəvi dəyərləri məhv etsin. Düşünürəm
ki, elan olunmamış “soyuq müharibə” tək öz sirayətedici”
soyuq atom silahı” kimi ekrandan həyatımıza, yaşam tərzimizə
ünvanlanan bayağı, şit zarafatlar, saray-villaların,
müxtəlif maşın növlərinin nümayişi kimi
efirdən birdəfəlik silinməlidir.
Hər kəsin maddi yaşam tərzi
şəxsi-fərdidir, mənəvi tərz isə istər-istəməz
yazılmamış qanunlar çərçivəsində tənzimlənir.
Efir mədəniyyəti efir davranışı xüsusilə
intizam mədəniyyəti ilə
tarazlaşdırmalıdır.
Bəzən də açıq sual meydana çıxır ki, “xoşuna gəlmir, çevir kanalı, öz maraqlarına uyğun kanala bax”. Məsələ kanallarda, yaxud ayrı-ayrı proqramlarda deyil, problem TV-nin müasir informasiya vasitəsi, təbliğatçı-tədviqatçı kimi daha geniş auditoriyaya yayılmasıdır. Məhz bu baxımdan o, ictimai maraqları əks etdirməlidir.
Azər Mustafayev – Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun baş elmi işçisi, fəlsəfə
elmləri doktoru, professor:
— Akademik Ramiz
Mehdiyevin adı çəkilən məqaləsi müstəqil
və azad ölkəmizin gələcək inkişafı,
dövlətçiliyimizin möhkəmlənməsi, milli-mənəvi
və əxlaqi dəyərlərimizin qorunub
saxlanılması, Azərbaycan vətəndaşlarının,
ələlxüsus gənc nəslin ictimai, əxlaqi, fəlsəfi şüurunun
daha da artması baxımından son dərəcə
böyük nəzəri və praktiki əhəmiyyət kəsb
edir. Belə ki, məqalədə qoyulan prinsipial və taleyüklü
məsələlər bizi düşündürən və
narahat edən suallara cavab tapmağa, problemlərə
münasibət bildirməyə kömək edir. Kütləvi informasiya vasitələrinin, daha dəqiq
desək, teleradio verilişlərinin yayımı ilə
bağlı yazılmış bu konseptual və sistemli məqalə
hər bir namuslu, milli təəssübkeş Azərbaycan vətəndaşının,
ilk növbədə, əsl ziyalıların, intellektual
auditoriyanın qəlbindən xəbər
verir. Çünki güclü qələm, söz və
düşüncə sahibi olan akademik Ramiz Mehdiyevin efir məkanı
ilə bağlı qaldırdığı məsələlər,
burada mövcud olan problemlər və onların həlli
yolları mənəviyyatımızın, əxlaq fəlsəfimizin,
eləcə də ictimai şüurda dövlətçilik
məfkurəsinin bərqərar olması və hakim kəsilməsi
nöqteyi-nəzərindən olduqca zəruri və əhəmiyyətlidir.
Məqalədə
xüsusi qeyd edilir ki, telekanalların başlıca məqsədi
və vəzifəsi operativ və obyektiv informasiyanın
vaxtında və düzgün çatdırmaqdan, teleradio
vasitəsilə Azərbaycan vətəndaşlarını, ələlxüsus
Azərbaycan gənclərini milli və mənəvi dəyərlər zəminində və vətənpərvərlik
ruhunda tərbiyə etməkdən, intellektual inkişafa təkan
verən istiqamətə yönəltməkdən və
maarifləndirməkdən ibarətdir.
Fikrimizcə, məqalənin
əsas qayəsini, onun ana xəttini bu sahədə əldə
edilmiş uğurlarla yanaşı, müstəqil Azərbaycanın
teleradio məkanında mövcud olan deformasiya və deqratasiya
proseslərini konkret faktiki materiallar əsasında gündəmə
gətirərək problemin həlli və
çıxış yollarını göstərmək təşkil edir. Burada
diqqəti cəlb edən məqamlardan biri də odur ki, müəllif
teleradio məkanında baş verən neqativ proseslər nəticəsində
milli-mənəvi və əxlaqi dəyərlərimizin tənəzzülə
uğramasının səbəblərini
düşünülmüş şəkildə, zərgər
dəqiqliyi ilə, yüksək peşəkarlıqla
araşdırır, təhlil edir, daha sonra problemlərin həlli
istiqaməti ilə bağlı öz tövsiyələrini
verir.
Sonda qeyd etmək
lazımdır ki, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” adlı məqaləsi
milli mədəniyyətimizə, mənəviyyatmıza və
milli varlığımızın və dövlətçiliyimizin
inkişafına öz müsbət təsirini göstərə biləcək qiymətli
töhfədir.
“Dəyirmi masa”da İctimai
Televiziyanın departament rəhbəri Cəsarət Valehovla Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun direktoru, professor
İlham Məmmədzadə İctimai Televiziyada “Fəlsəfə
klubu” adlı proqram layihəsinin hazırlanması barədə
razılığa gəldilər.
“Dəyirmi masa”nı
qələmə aldı: Qüdrət PİRİYEV
Xalq qəzeti.- 2009.- 4
noyabr.- S. 4-5.