Oxşar dəyərlərin gen qaynağı-geneoloji nəzəriyyə

 

Dünya xalqları özlərinin çoxəsrlik inkişaf və tərəqqi tarixində bir çox dünyagörüşləri formalaşdırmış, şüurlu fəaliyyətinin müxtəlif pillələrində yaşadığı dünyanın dərki ilə bağlı müşahidə və qənaətlərini bədii sistem halına salıb özündən sonrakı nəsillərə ərmağan etmişdir. Bu ənənə qədim insanların hansı antropoloji tipə məxsus olmasından, dünyanın hansı qitəsində və ölkəsində yaşamasından asılı olmayaraq mütəmadi şəkildə yüksələn xətt üzrə davam etmiş, insan düşüncəsi üçün ənənəvi olan dərketmə modellərini formalaşdırmışdır. Bu gün həmin modellərin konkret olaraq hansı zaman kəsimində, hansı silsilə ardıcıllığı ilə yaranmasına qəti şəkildə hökm vermək mümkün olmasa da onların yaranma və tərəqqi imkanlarını reallaşdıran iki başlıca amil öz inkaredilməzliyində qalmaqdadır. Birincisi, vəhşilik dövrünü başa vurub yeni həyata başlayan insanın şüurlu fəaliyyətinin bir çox amillərlə şərtlənən yüksəlişi, ikincisi isə insanın danışıq aparatının yaranmasından sonrakı mərhələdə — fövqəlbəşər qüvvələrin qarşılıqlı təmasında, müxtəlif mənşəli hərəkət və əmək vərdişləri çevrəsində nitq və danışıq vərdişlərinə yiyələnməsidir.

 

Bu iki yaradıcılıq funksiyalarını əldə edənə qədər insanın bütün mədəni nailiyyətləri onun kamil antropoloji strukturunun formalaşmasına təkan vermişdirsə, həm də ondan sonrakı mərhələdə qazandıqları yeni mədəni dəyərlər silsiləsini formalaşdırmaq istiqamətində sıralanmışdır. Özünün minilliklərlə şərtlənən təkamül tarixində insanın adı ilə bağlı çox böyük kəşflər, ictimal-iqtisadi formasiyaların qovşağında insan zəkasının cahanşümül nailiyyətləri əldə edilmiş, texniki tərəqqinin qızıl dövrü yaşanmış, zaman-zaman inkişaf edib yeraltı, yerüstü dəyərlərin və səma ənginliklərinin sirlərinin özünəməxsus şəkildə aşkarlanmasını reallaşdırmışdır. Ancaq bütün bunlarla yanaşı, insanın tarixi yüksəlişi ilə daim vəhdətdə olan, onun hər gününün, ayının, ilinin mənəvi yüksəlişini şərtləndirən bir-birindən fərqli, neqativ və pozitiv dəyərlər də yaranıb formalaşmışdır. Onlar rekonstruksiyalara, assimilyasiyalara uğrayaraq diferensiallaşmış və dünya xalqları üçün bir çox cəhətdən ümumi, müştərək dəyərlər kimi biçimlənib bu günə gəlib çatmışdır. Bütün xalqlar üçün bir çox cəhətdən oxşar, bənzər və müştərək olan bu dəyərlər onların bir kökdən qopub ayrıldığını, dünyanın qloballaşmaya doğru istiqamətlənən yeni tarixi nizamında bir daha həmən kökə qayıtma ehtimalını gücləndirməkdədir. Bu isə ibtidai insanın yaratdığı mədəni dəyərlərin ona bəxş edilmiş fövqəlbəşər qaynaqdan — İnsan nəsli üçün bir çox cəhətdən müştərək olan nəsil şəcərəsindən baş alıb gəldiyini əks etdirməklə yanaşı, insan antropoloji strukturunun fövqəlbəşər mahiyyətli olması ilə bağlı düşüncəyə yenidən baxmağı, etnik yaddaşın bir çox tarixi-funksional xüsusiyyətlərini etnopsixoloji baxımdan araşdırmağı gündəmə gətirir. C.Freyzer yazırdı ki. “Antik ədəbiyyatın kəşfi gözləri açılmış humanistlər üçün bir yenilik idi; onların qarşısında qədim dünyanın elə bir füsunkar mənzərəsi göründü ki, beləsi orta əsrlərdə sükutu yalnız zənglərin təntənəli səsi ilə pozulan monastrdakı rahibin təsəvvürünə də gələ bilməzdi. İbtidai insanların həyatı isə bizi yalnız iki xüsusilə istedadlı irqin deyil, bütövlükdə bəşəriyyətin inamları, adətləri, həyat təcrübəsi və idealları ilə tanış edən elmlərin əsasında durur”.

Oxşar dəyərlərin meydana çıxmasını təkcə sivilizasiyanın sonrakı inkişaf mərhələlərində axtarmaq, bununla bağlı nəzəri baxışlara rövnəq vermək meylləri Amerikanın kəşfindən, burada yaşayan hindu aborigenlərinin aşkarlanmasından sonra öz əvvəlki inkişaf tempi ilə irəliləyə bilmədi. Çünki meydana yeni baxışlar çıxdı, oxşarlıqları ilə səciyyəvi olan mifoloji düşüncəyə daha arxaik detal kimi yanaşılmağa başlandı. XVI əsrin böyük fransız filosofu Mişel de Montenin (1533-1592) yaradıcılığında bu baxışlar ilk dəfə sistemli şəkildə şərh edildi. Yunan mifologiyasından fərqli olaraq, daha erkən mifoloji təsəvvürlər aşkarlandı ki, onların mühüm bir qismi ibtidai insanın vəhşilik dövrünün ilkin mədəni dəyərləri kimi qiymətləndirilməyə başladı. Oxşarlıqlar isə bu dəyərlərin özlərinin başlıca məzmununda əks olunurdu. Bir-biri ilə qohumluğu, mədəni-iqtisadi əlaqəsi olmayan etnosların mifoloji təfəkküründə bənzərliklərin silsiləsi intəhasız idi. Bu yaradıcılıq ənənəsi sonrakı inkişafın demək olar ki, bütün mərhələlərində öz təkamülü və tərəqqisi prosesində həm də nəzərəçarpacaq sıçrayışlarla əlamətdar idi.

Oxşarlıq, eynilik, bənzərlik dünya elmini iki yüz ildən artıqdır ki, düşündürür. Cəmiyyətdə oxşar insanlar olduğu kimi, mədəni dəyərlər içərisində də oxşar əhvalatlar, süjetlər, motivlər, əsatir və əfsanələr də mövcuddur. Bu oxşarlıqlar uzun zaman kəsimində dünya antropologiya, tarix, etnoqrafiya, sosiologiya, psixologiya və ən nəhayət, folklorşünaslıq elmlərinin də diqqətini cəlb etmişdir.

Süjet oxşarlıqları, tarixi-mədəni dəyərlərin bənzərliyi mürəkkəb, ziddiyyətli və geniş diskusiyalı bir problemə çevrilmişdir. Bu oxşarlıqların öyrənilmə tarixində onları xalqların tarixi qohumluq əlaqələri, mədəni-tarixi iqtibas, etnopsixoloji görüşlər və sairlə bağlı izah edən məktəblərin adı bu gün də öz nüfuzunu saxlamaqdadır. Ancan onların heç biri oxşar mədəniyyətlər probleminə qəti aydınlıq gətirə bilməmişdir. Hər məktəb mövzuya öz yanaşması ilə yadda qalmış, beləliklə, məsələyə qəti şəkildə nöqtə qoyulmamış, problemin tədqiqi imkanları, nəzəri və praktiki mülahizələr meydanı son yüzillikdə demək olar ki, açıq qalmışdır. İrəli sürülən bütün mülahizələr küll halında folklorşünaslığın tarixini əks etdirən mülahizələr kimi təqdim edilmişdir.

Son illərdə Azərbaycanda milli mədəniyyətlərin qlobal dünyaya təqdim edilməsi sahəsində yeri gəldikcə, oxşar mədəniyyətlərin rolu və əhəmiyyəti, onların mənşəyi, məzmunu və perspektivləri barədə dəyərli tədqiqatların yarandığı müşahidə edilir. Milli mədəniyyətlərin, iqtisadiyyatların qloballaşma mərhələsində qlobal dünyaya çıxarılma metodologiyasının işlənib hazırlanması mədəni dəyərləri qiymətləndirən yeni yanaşma forma və meyarlarını fəallaşdırmışdır. Akademik R.Mehdiyevin milli mədəniyyət və iqtisadiyyatın qloballaşma mərhələsinə təqdim olunma dövründə qarşıya çıxan çoxsaylı problemlərə yüksək elmi-nəzəri səviyyədə yanaşma yollarını geniş və perspektivli tədqiqat obyekti kimi təqdim etməsi bütövlükdə mədəni dəyərlərə yeni yanaşmanın vacibliyini gündəmə gətirmişdir: “İndi bəşəriyyət qlobal transformasiyalar dövründə yaşayır, formasiya paradiqmalarının əvəzlənməsi, “Tofflerin üçüncü dalğasının” başlanması, elmi-texniki tərəqqinin yüksəlişi və nəhayət, milli dövlətin rolunun zəifləməsi və transmilli korporasiyaların əhəmiyyətinin güclənməsi — bütün bunların hamısı müasir insanın, cəmiyyətin və “dövlət”, “dövlətçilik” kimi şərh etdiyimiz siyasi strukturun simasını digər parametrlərlə birlikdə köklü şəkildə dəyişdirilir. Nəsillər bir vaxtlar bizim olduğumuz kimi, ideologiyalaşdırılmış olmayacaqdır. Bununla yanaşı, o da aydındır ki, bir neçə onillikdən sonra dövlət də öz vətəndaşları üçün bizdə olduğu qədər müqəddəs anlayış olmayacaqdır”.

Təbii ki, baş verən bu yeni proseslər təzə ölçülər, qəliblər, münasibətlər, görüşlər doğuracaq, mədəniyyətlərarası fərqləri demək olar ki, aradan qaldıracaq, oxşar dəyərlər və ona əsaslanan mədəniyyətlər cəmiyyətdə mədəni istiqamətlərin başlıca göstəricisinə çevriləcəkdir.

Bütün bunlar isə oxşar dəyərlərin dünya xalqlarının müəyyən tarixi inkişafı prosesində vahid bir nəhrdən — gen qaynağından yaranıb və müəyyən mərhələdə yenidən vahid dəyərlərə qovuşacağı ehtimalını artırır.

Oxşar mədəniyyətlərə bu sonuncu elmi yanaşma da məhz həmən kontekstdə meydana gəlmiş, süjet oxşarlıqlarına sistemli nəzəri baxışlar yeni eksperimentlərlə təsdiqlənmişdir. Bir neçə il ərzində davam edən bu eksperimentlər dünya xalqlarının folklor süjetləri üzərində aparılmış və oxşarlıqların tarixi səbəblərinin xalqların gen birliyi, nəsil, şəcərə ümumiliyi əsasında yarandığını təsdiq etməyə imkan vermişdir.

Geneoloji nəzəriyyə — oxşar mədəniyyətlərə (dünya xalqlarının folklor süjetləri oxşarlıqlarına) yeni elmi baxışdır.

Problemin özünəməxsus mənşəyi, öyrənilmə tarixi və inkişaf mərhələləri vardır. Çen nəzəriyyəsi əslində mədəni dəyərlərdəki oxşarlıqların yeni öyrənilmə yoludur. Bu nəzəriyyə də təbii ki, uzun yüzilliklərin tədqiqat yekunlarına, son onilliklərdə aparılmış eksperimentlərin nəticələrinə əsaslanır. Şübhəsiz ki, nəzəriyyənin formalaşdırılmasında geneoloji tədqiqatların çoxsaylı və çoxçeşidli baza materialları, dünya elminin ən son nəzəri mülahizələri əsas götürülmüşdür.

 

 

Azad NƏBİYEV,

AMEA-nın müxbir üzvü, professor

 

Xalq qəzeti.- 2009.- 5 noyabr.- S. 8.