Kinooperator Xan Babayevin xatirəsi anıldı
Azərbaycan Dövlət Film Fondu yeni binaya
köçürüldükdən sonra kino sənətkarlarımızın
yubileylərinin keçirilməsi, müxtəlif film
müzakirələrinin, dəyirmi masaların təşkil
olunmasına diqqət artırılıb. Elə kinooperator Xan
Babayevin 90 illik yubileyi də fondun təşkilatçılığı
ilə Muzey Mərkəzində yüksək səviyyədə
keçirildi.
Tədbiri giriş
sözü ilə açan Film Fondunun direktoru, kinorejissor Cəmil
Quliyev bildirdi ki, Xan Babayev milli kino sənətimizin
inkişafında xüsusi xidməti olan sənətkarlardandır.
Bu gün onun operatoru olduğu filmlər kino tariximizdə əhəmiyyətli
yer tutur. Onun xatirəsinin yad edilməsi bizim mənəvi
borcumuzdur.
Sonra Xan Babayevin
yaradıcılığı haqqında kinoşünas, əməkdar
incəsənət xadimi Aydın Kazımzadə məruzə
ilə çıxış etdi. O bildirdi ki, Xan Yusif oğlu
Babayev Lənkəran rayonunun Seydəkaran kəndində həkim
ailəsində dünyaya göz açmış, ibtidai təhsilini
Bakının 48 saylı məktəbində almış,
1931-1937-ci illərdə N.Nərimanov adına Azərbaycan
Dövlət Politexnikumunun elektronika fakültəsində
oxumuşdu. 1938-ci il Xanın həyatında dönüş
ili oldu. X.Babayev Moskvaya gedib, Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsinə daxil
olmuşdu. Lakin II Dünya müharibəsinin başlanması
ilə bu sevinc çox uzun sürmədi.
Leytenant X. Babayev
müharibənin ilk günündən qələbə
gününədək döyüşən ordu
sıralarında olmuş, bir kinooperator kimi Sovet
İttifaqı marşalı Konevin komandanlıq etdiyi
qoşunların tərkibində həm vuruşmuş, həm
də ümumittifaq kino jurnalları üçün
çoxlu süjetlər çəkmişdi. Onun
döyüş yolları Polşadan, Macarıstandan,
Çexoslovakiyadan, Rumıniyadan, Almaniyadan keçmişdi. Cəbhələrdə
göstərdiyi igidliklərə görə “I dərəcəli
Vətən müharibəsi” (1943), “Qırmızı ulduz”
(1944), “Qırmızı bayraq” (1945) ordenləri,
“Stalinqradın müdafiəsinə görə” (1942), iki dəfə
“İgidliyə görə” (1943), “Berlinin alınmasına
görə” (1945) və “Praqanın azad olunmasına görə”
(1946) medalları ilə təltif olunmuşdu.
Ordudan tərxis olunan
kimi gənc zabit təhsilini görkəmli rus kinooperatoru,
professor Boris Volçekin emalatxanasında davam etdirmişdir.
X.Babayev 1950-ci ildə institutu bitirib yenidən Bakıya,
doğma kinostudiyaya – bu dəfə professional kinooperator kimi
qayıtmışdır.
Xan hələ
Kinematoqrafiya İnstitutunun tələbəsiykən 1947-ci ildə
dostu, kinooperator T.Axundovla birgə iki sənədli film – məşhur
pambıq ustası Sürəyya Kərimovadan, Ağdam
bölgəsində pambıqçılığın
inkişaf etdirilməsi üzrə görülən tədbirlərdən
bəhs edən “Çağırışa cavab”, 1949-cu ildə
Azərbaycanın Ağstafa rayonundakı “İskra” kolxozunun əldə
etdiyi nailiyyətlərə həsr olunmuş “Yeni həyat
qurucuları” kinolentlərini çəkmişdir. Həmin il
istehsala buraxılan “Bakının işıqları”
tammetrajlı bədii filmində II operator işləmişdir.
1953-cü ildə
“Doğma xalqımıza” bədii-sənədli filmi istehsala
buraxılarkən Xan Babayev və Teyyub Axundov filmə operator təyin
olunurlar.
Xan Babayevi kinematoqrafda “təbiətin
tərənnümçüsü” adlandırmaq olar. Onun
çəkdiyi “Ögey ana”, “Böyük dayaq”, “Yenilməz
batalyon” və s. filmlər bu gün də sevilə-sevilə
baxılır. “Yenilməz batalyon” operator X. Babayevin son filmi
olur.
X.Babayev heç vaxt
özünü işsiz, hərəkətsiz təsəvvür
etmirdi. Kinokameradan ayrı düşmək onun
üçün həyatdan, cəmiyyətdən ayrı
düşmək demək idi. Ancaq xəstəlik bu gözəl
insana aman vermədi. O, 1967-ci il mayın 29-da vəfat etdi.
Təsadüfi deyil ki,
tanınmış özbək kinooperatoru Əhməd Şəmiyev
azərbaycanlı həmkarına fotoşəklini
bağışlarkən onun arxasında bu sözləri
yazmışdı: “Hörmətli Xan! Sən operatorların
Xanısan!” Həmin fotoşəkil bu gün də X.Babayevin
şəxsi arxivində saxlanılır.
X.Babayev Azərbaycan
Kinematoqrafçılar İttifaqının katibi olarkən
kinomuzun gələcəyi ilə bağlı məsələlərin
həllində həmişə prinsipial mövqe tutardı. Nə
sənətdə, nə də həyatda güzəştə
getməyi sevməzdi.
Tədbirdə Xan
Babayevin tələbəsi əməkdar incəsənət
xadimi Kənan Məmmədov öz müəllimi haqqında
xatirələrini danışdı.
Tədbirin sonunda
çıxış edən kinorejissor Cəmil Quliyev bildirdi
ki, Xan Babayevin xatirəsi xalqımızın yaddaşından
heç zaman silinməyəcək. Çünki onun filmləri
əbədiyaşar ekran əsərləridir.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 6 noyabr.- S. 8.