Musa Əliyev – 100
O, böyük elm xadimi, Vətənini, millətini sevən
bir şəxsiyyət olmuşdur
Ötən il müasir dünyamızın elm, mədəniyyət,
ədəbiyyat təntənələrinin beynəlxalq səviyyədə
qeyd olunduğu YUNESKO-da bir dəfəyə Azərbaycan
ünvanlı 4 bayramın qeyd olunması barədə qərarın
(2008-2009-cu illər ərzində) imzalanma xəbərinə hər
birimiz sevinmişdik. Bu, müstəqil Azərbaycanın elmi-mədəni,
eləcə də ictimai-siyasi həyatında böyük
hadisə sayila bilər. İki ilə yaxındır ki, 500 il əvvəl
Füzuli qəlbindən atəşlənən eşq
dastanının təsiri ilə Üzeyir bəy ruhundan sədalanan
“Leyli və Məcnun” operasının, təbiətin Səttar
Bəhlulzadə möcüzəsinin, sevimli
yazıçı və böyük alim Mir Cəlalın və
Azərbaycan geologiya elminin banilərindən biri, akademik Musa Əliyevin
100 illik yubileyləri beynəlxalq səviyyədə bayram
edilir və bu tədbirlər hələ də davam edir. Həmin silsilədən bu gün – 6 noyabrda akademiyanın
akt zalında AMEA-nın Rəyasət heyəti və Geologiya
İnstitutu akademik Musa Mirzə oğlu Əliyevin 100 illiyinə
həsr olunmuş tədbir keçirir.
Geologiya-mineralogiya elmləri
doktoru, professor, fəxri neftçi, Azərbaycan Dövlət
mükafatı laureatı, Azərbaycan Elmlər
Akademiyasının prezidenti, akademik Musa Əliyev XX əsr Azərbaycan
elm tarixinin parlaq səhifələrində xüsusi yeri olan
böyük şəxsiyyətlərimizdən biridir.
Akademik Budaq Budaqov bir məqaləsində
yazır: “Akademik Musa Əliyev xaricən nurani görkəmə
malik idi. Onun daxili dünyası çox zəngin və şəxsi
mədəniyyəti yüksək idi. Musa Mirzə oğlu ilə
kim ünsiyyətdə olurdusa, ondan ayrılmaq istəmirdi. Sözü
bütöv, dediyini edən, verdiyi sözü inadla həyata
keçirən real bir şəxs idi. Musa Mirzə oğlu
göründüyü kimi olan və olduğu kimi
görünən alim idi (Mövlana Ruminin məşhur kəlamında
deyilir: ”Ya göründüyün kimi ol, ya da olduğun kimi
görün"- A.Ü.). O,özünün yüksək təşkilatçılıq
qabiliyyəti, uzaqgörənliyi və əvəzsiz
qayğıkeşliyi ilə insanı valeh etməklə,
çox asanlıqla qəlbinə daxil olurdu".
1908-ci il aprelin 11-də
Şamaxıda tanınmış bir ailədə dünyaya
göz açan Musa Mirzə oğlu Əliyev illərinin bir
qismini Orta Asiyada - Aşqabadda keçirmiş, hətta orta məktəbi
də Aşqabadda fərqlənmə ilə bitirmişdir.
Bəs tale onu Aşqabada necə aparmışdı? Şamaxının varlı tacir ailəsində doğulmuş bu insanı uzaq Türküstana hansı ruzigar gətirmişdi? - sualına isə tarixin 1-2 səhifəsini vərəqləməklə bəzi məqamlara aydınlıq gətirə bilərik. Qeyd etdik ki, o, varlı tacir ailəsindən olmuşdur. Əmisi Məmmədtağı Əliyev (həm də həyat yoldaşı Sona xanımın atası) Sankt-Peterburqda mükəmməl ali təhsil almış, Almaniyada, Finlandiyada yaşamışdır. Bir neçə dildə – alman, fransız, ərəb, fars və rus dillərində gözəl danışan Məmmədtağı Əliyev Rusiyada I Dövlət Dumasının deputatı olmuşdur. Duma qovulduqdan sonra isə Şamaxıya qayıtmış və şəhərin ictimai həyatında fəaliyyət göstərmişdir.
Ermənilər 1918-ci ilin martında azərbaycanlılara qarşı Şamaxıda törətdikləri qətliam zamanı onun da evinə hücum etmişdilər. Öz ocağını, zəngin və nadir kitabxanasını qoruyan Məmmədtağını ermənilər vəhşicəsinə öldürmüş və bütün mülkünə od vuraraq külə döndərmişdilər. Qardaşı Mirzə Mahmud bu hadisədən xəbər tutan kimi təcili Bakıya gəlir və qardaşının qaçqın düşmüş ailəsini, yaxın qohumlarını götürüb Aşqabada qayıdır. Bir də yalnız sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycana – Bakıya qayıtmışdılar.
Musa Əliyev Bakıda geoloq peşəsi üzrə ali təhsil alır. Ziyalı təbiətinə xas olaraq, eyni zamanda, pedaqoji sahədə də çalışır, texnikum tələbələrinə dərs deyir. Sonrakı illər – aspirantura dövrü, namizədlik dissertasiyasının müdafiəsi (28 yaşında), yüksək səviyyəli elm adamları ilə münasibətdə-ünsiyyətdə olması, əlbəttə, onun gələcək həyatı üçün böyük stimul olmuşdur.
Elə bu yol onu Azərbaycanda ilk paleontoloq kimi yetişməsinə gətirib çıxarmışdır.O, Azərbaycanda mezazoy faunasının sistemli öyrənilməsinin banisi kimi tarixi iz açmışdır.
Elmin zirvəsinə qədər ucalan akademik Musa Əliyevin yaradıcılığı – neft sənayesinin inkişafındakı, elmi təşkilatçılıq sahəsindəki müstəsna xidmətləri araşdırma mövzusu olaraq indi tədqiq edilir, məktəb olaraq öyrənilir. Akademik İsmayıl İbrahimov yazır ki, Musa Əliyev milli elmimizdə bu gün də qabaqcıl yer tutan Azərbaycan Milli Geologiya elminin və ali təhsil məktəbinin özülünü qoyanlardan biri olmuş, unudulmaz, ən görkəmli alimlərimiz, xalqımızın görkəmli şəxsiyyətləri Qambay Əlizadə, Məmməd bəy Əliyev, Aslan bəy Vəzirzadə, Şamil Əzizbəyov, Əşrəf Əlizadə, Mirəli Qaşqay, Əhəd Yaqubov, Şəfayət Mehdiyev, Əzəl Sultanov, Ədhəm Şıxəlibəyli ilə birlikdə indiki zəmanəmizdə onların tələbələrinin yüksək səviyyədə davam etdirdiyi dünyada məşhur Azərbaycan milli geologiya elmi məktəbini yaratmışdır.
O, müxtəlif illərdə, Zaqafqaziya Geologiya Tresti Azərbaycan bürosunun rəisi, Azərbaycan Geologiya İdarəsinin baş mühəndisi işləyir. Eyni zamanda, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft Akademiyası) neft fakültəsinin dekanı, institutun direktoru (1939-41) vəzifəsinə təyin olunur. Bütün bu vəzifələrlə yanaşı, o, pedaqoji fəaliyyətini daim davam etdirmişdir.
Müharibə illərində Moskva Neft İnstitutunda “Paleontologiya və tarixi geologiya” kafedrasında dosent çalışır, sonra SSRİ Xalq Neft Sənayesi Komissarlığı Tədris Müəssisələri Baş İdarəsinin rəisi təyin olunur. Müharibənin ağır zamanlarında isə cəbhənin neft məhsullarına olan tələbatını ödəmək məqsədilə Cənubi Qafqaz respublikalarında mühəndis-texniki kadrların hazırlanmasının sürətləndirilməsi məsələsi ona tapşırılır. Böyük Vətən müharibəsi illərindəki elmi-təşkilati və elmi-pedaqoji fəaliyyətinə görə Musa Əliyev SSRİ-nin ən yüksək mükafatına – Lenin ordeninə layiq görülür.
Tarixi həqiqətdir ki, o dövrdə M.Bağırov kimi sərt bir rəhbərlə işləmək asan iş deyildi. Çünki Bağırov bir əli ilə ucaltdığı insanı o biri əli ilə tezliklə qılınclayıb məhv etməkdən çəkinməzdi. Bu barədə qızı Rəna xanımdan soruşanda, onun sakit səslə xatirələrə dalırmış kimi dediyi sözləri – daha doğrusu, sanki, o illərin yaşantısı kimi olan həyəcanını unuda bilmirəm: “Doğrudur, bu mənada atam çox ağır zamanda yaşayıb, çalışıb. Onun 30 yaşı olanda saçları dümağ olub. Bağırov atamı yüksək vəzifələrə təyin etdikcə qorxu daha da çox olurdu. Bütün tapşırıqlara son dərəcə məsuliyyətlə yanaşan atam çalışırdı ki, ona irad tutulub, söz deyilməsin. Hərdən atama tapşırılan işin nəticəsi haqqında mükəmməl məlumatı olmayan Bağırov iclasda onu qaldırıb hay-küy edərmiş ki, niyə bu işi tamamlamamısan. Atam ayağa qalxıb ətraflı məlumat verən zaman isə ona deyərmiş ki, ”Sənin o ağ başını Solovkidə (uzaq Şimala sürgün edilənlərin məhv olduğu yer - A.Ü.) çürütdürərəm".
1947-ci ildə Azərbaycan KP MK-nın üzvü və Mərkəzi Komitənin katibi seçilən Musa Əliyev neft sənayesinin inkişafı üçün bütün qüvvə və bacarığını sərf edir. 30 yaşında Azərbaycan Dövlət Sənaye İnstitutunun direktoru, 40 yaşında isə Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri kimi nüfuzlu vəzifələr daşımışdır.
Musa Əliyev 1947-ci ildən 1961-ci ilədək SSRİ Ali Sovetinin (II, III və IV çağırış) deputatı seçilmişdir.
O illərin ən yaddaqalan tarixi hadisələrindən biri də Neft Daşlarının salınması idi. Azərbaycan Dövlət Plan Komitəsinin sədri Musa Əliyevin SSRİ Dövlət Plan Komitəsinin sədri Baybakovla olan yaxın əməkdaşlığı Neft Daşlarının – möcüzəli dəniz şəhərinin nəhəng layihəsinin həyata keçirilməsində az rol oynamamışdır. Bu, 1948-49-cu illərin yaddaşına yazılan hadisə idi.
Ondan əvvəl, 1947-ci ildə isə Azərbaycan Mərkəzi Komitəsinin katibi seçilən Musa Əliyev neft sənayesinin inkişafı üçün əlindən gələni edir, yeni və milli kadrların çoxalması üçün hər cür şərait yaradılmasına kömək göstərirdi. Məhz milli təəssübkeşliyindən irəli gəlirdi ki, hələ 1940-cı ildə Sənaye İnstitutunun direktoru olarkən institutun yaranmasının 20 illik yubileyini qeyd etmiş və müəllimlərin 25-30 faizini azərbaycanlılar təşkil etsə də, yubiley mükafatı (orden və medallar) alanların 70 faizi onlar idi. Bu təqdimatı Moskvaya Musa Əliyev göndərmişdi. Elə buradaca bir məqamı da qeyd edək ki, neft sənayesi ilə bağlı milli kadrların – istər yüksək səviyyəli mütəxəssislərin, istərsə də elmi-pedaqoji kadrların yetişməsi birbaşa Musa Əliyevin adı ilə bağlıdır. Sadaladığımız bu və digər faktlar da imkan verir deyək ki, o, böyük vətəndaş, Vətənini, millətini sevən bir şəxsiyyət olmuşdur.
44 yaşında Azərbaycan Elmlər Akademiyasının prezidenti seçiliən Musa Əliyev 1950-58-ci illərdə bu məsul vəzifədə çalışır. İndiki akademiya şəhərciyinin salınmasında – layihəsinin, tikintiyə icazəsinin, maliyyə məsələsinin Moskvada təsdiq olunmasında onun xidməti müstəsnadır. Görkəmli memar Mikayıl Hüseynovun layihəsi əsasında akademiyanın əzəmətli, yaraşıqlı yeni binasının tikilməsində Musa Əliyevin xidmətlərini qeyd etməmək insafsızlıq olar. Akademiyanın bir çox institutlarının binaları tikilib fəaliyyətə başlasa da, əsas və əzəmətli bina hələ tikilməmişdi. Baş planı təsdiq olunan kimi tikintisi başlanan əsas binanın divar və sütunları ucaldıqca, eyni zamanda, bahalı qranit üzlük də çəkilirdi. Akademiyanın uzaqgörən prezidenti Stalin dövrünün hər sabahının başqa-başqa rənglərdə açıldığından məsələni elə isti-isti hasilə gətirməyi qərarlaşdırmışdı.
Bina tikilib yarıya çatanda ölkənin yeni başçısı Xruşşovun belə bir əmri ortaya çıxdı. “Binalara lazım olmayan, lüzumsuz bəzək-düzəklər vurulmasın”. Bu haqda “Pravda” qəzetində xüsusi məqalə də dərc olundu. Həmin məqalədə Mikayıl Hüseynovun da adı çəkilmişdi və Xruşşov qeyd etmişdi ki, belə arxitektorlar, memarlar bizə lazım deyil. Binanın qalan hissəsindəki milli ornamentlər, xüsusən, onun başında tikiləcək dörd günbəz beləcə ləğv olundu, hətta maliyyə fondu kəsildi. Binaya əzəmətlilik və yaraşıq gətirən qranit üzlük isə Musa Əliyevin uzaqgörənliyi ilə əvvəlcədən çəkilmişdi.
Akademiya şəhərciyinin indi yenidən qurulması və bərpası ilə əlaqədar həmin günbəzlər də ilkin layihə əsasında tikiləcəkdir.
1958-ci ildə o, SSRİ EA və SSRİ Neft Sənayesi Nazirliyinin Yanar Faydalı Qazıntıların Geologiyası və İşlənməsi İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunur. İnstitutda tez bir zamanda neftli-qazlı əyalətlərin biostratiqrafiyası laboratoriyasının təşkilinə nail olur. Apardığı yeni tədqiqatların coğrafiyası Böyük Qafqazı, Türkmənistanı, Qazaxıstanı, Özbəkistanı, Qərbi Sibiri əhatə edir. 1967-ci ildə SSRİ Neftçıxarma Sənayesi Nazirliyi tərəfindən Əlcəzair Respublikasına ezam olunur. İki ölkə arasında bağlanmış böyük neft müqaviləsinin icrasına rəhbərlik edir (1967-1971). Əlcəzairin Tinduf, Hessi-Brahim və s. neft-qaz yataqlarını kəşf edərək qeyri-adi intuisiyaya sahib olduğunu bir daha təsdiqləmişdi. Akademik Əlcəzairdəki elmi tədqiqat işlərinin nəticəsi olaraq Moskvada nəşr edilmiş 328 səhifəlik “Əlcəzair böyük səhrasının geologiyası və neftli, qazlılığı” və 256 səhifəlik “Əlcəzair atlaslarının geologiyası və neftli, qazlılığı” adlı fundamental monoqrafiyaların müəlliflərindən biridir.
Dünyanın əksər ölkələrində beynəlxalq səviyyəli konqreslərin iştirakçısı kimi məruzələrlə çıxış edib və s. Akademik Akif Əliyev yazır ki, Musa Əliyev xarici ölkələrdə böyük alim kimi tanınırdı. O, Meksika, Danimarka, Hindistan, Misir, Livan və başqa ölkələrdə keçirilmiş beynəlxalq geoloji konqreslərdə iştirak etmişdi. Musa Əliyevin beynəlxalq simpozium, stratiqrafik komitə və komissiyaların işində iştirakını, onun irəli sürdüyü təkliflərin konstruktivliyinə görə, aparıcı mütəxəssislər yüksək qiymətləndirir və nəzərdə tutulan tədbirlərin uğurlu olacağını zəmanət kimi qəbul edirdilər.
XX əsr və müasir Azərbaycan geologiya elminin əksər uğurları və elmi kadr potensialı məhz akademik Musa Əliyevin adı ilə bağlıdır. Azərbaycanda paleontologiya biostratiqrafiya üzrə görkəmli mütəxəssis olan, 40 elmlər doktoru və namizəd hazırlayan, 200-dən yuxarı elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi olan akademik Musa Əliyev Şamaxı astrofizika rəsədxanasının yaradılmasında da müstəsna xidmətlər göstərib.
Akademik Hacıbəy Sultanov bu haqda yazır ki, hər hansı bir xalqın elm və mədəniyyət tarixinin zənginliyinin mühüm amillərindən biri – onun dünya şöhrətli astronomiya rəsədxanasının yaranmasının dövlət orqanları səviyyəsində həll olunmasına ilk dəfə Musa Əliyev nail olmuşdur. Akademik Musa Əliyevin prezidentlik fəaliyyəti dövründə tikiləcək rəsədxana üçün yer seçilmiş, tikintinin başlanması üçün lazım olan bütün rəsmi sənədlər hazırlanmış, sovet respublikalarının və xarici dövlətlərin əsas rəsədxanaları ilə əlaqə yaranmışdır. Bu işlərə onun təklifi əsasında 11 mart 1953-cü ildə Fizika və Riyaziyyat İnstitutunda daimi astronomiya ekspedisiyasının yaranması ilə başlanmışdır.
Dostlarının, yoldaşlarının, müasirlərinin, yaxınlarının dediklərinə, yazdıqlarına görə, o, gözəl ailə başçısı – vəfalı ömür-gün yoldaşı, mehriban, qayğıkeş ata olmuşdur. Qızı, şərqşünas alim Rəna xanım Paşayevanın səmimi və kövrək duyğularını bir daha vərəqləməli oldum: “Atam o vaxtlar akademiyanın prezidenti kimi yüksək maaş alırdı. Ona görə də kasıb tələbələrə, gənc elmi kadrlara daim maddi kömək edirdi. Bu, mütəmadi hal almışdı və ailəmizdə xoş qarşılanırdı. Atam çox qürurlu, sadə və nəcib, xeyirxah və təvazökar, son dərəcə mədəni və alicənab bir insan idi. Evdə də, işdə də belə olub. Onun bizimlə ünsiyyəti çox səmimi və mehriban, sakit və istəkli idi. Biz ailədə çox mehriban və bir-birimizə bağlı insanlar idik. Atam və anam yarım əsrdən çox sürən birgə ailə həyatlarında həmişə bir-birinə əziz olublar. Bir-birini daim qoruyub və seviblər. Ailədə iki oğul və bir qız olmuşuq”.
Akademik Musa Əliyev xatirələr işığında gözümüzdə canlanır və Azərbaycan xalqının belə bir şöhrətli, şərəfli, yüksək zirvədə dayanan oğlu ilə qəlbən fəxarət hissləri keçirirsən. Onun dünyanın məşhur paleontoloq alimləri sırasındakı möhtəşəm yeri xalqımızın başucalığı, sevincimizdir.
Rəna xanımın yuxarıdakı duyğularının davamı kimi, AMEA-nın müxbir üzvü Əliəşrəf Məmmədovun qeydlərini də xatırlasaq yerinə düşər: “Musa müəllim, həqiqətən də, nur saçırdı. Zahirən nə qədər cazibəli idisə, mənəviyyatca da o qədər gözəl və zəngin adam idi. O, əsl ziyalı idi. Moskvada oxuyan aspirantlarımız danışırdılar ki, Musa müəllim hər dəfə Moskvaya gələndə bizi toplayıb vəziyyətimizdən xəbər tutardı, bəzilərinə paltar, ayaqqabı almaq üçün pul verərdi. O, həm elmi ictimaiyyət, həm də vəzifə həmkarları arasında çox böyük hörmətə malik idi. Onun prezidentliyi dövründə respublika akademiyalarına iş yerləri SSRİ Elmlər Akademiyası tərəfindən verilirdi. Musa müəllimin SSRİ EA-nın prezidenti akademik Nesmeyanovun yanında nüfuzu böyük olduğuna görə istədiyi qədər yer ala bilirdi. Hazırda respublikamızda, o cümlədən akademiyada çalışanların – görkəmli, tanınmış alimlərin böyük əksəriyyəti Musa müəllimin prezidentliyi dövründə hazırlanmış kadrlardır. Musa müəllim dünyasını çoxdan dəyişmiş olsa da biz onun böyük işlərinin nəticələrini indi də görürük.
Almaz ÜLVİ,
filologiya elmləri namizədi
Xalq qəzeti.- 2009.- 6 noyabr.- S. 6.