Ömür bir kitabdır, açıb oxuyan gərək...

 

Nəşrə başlamasının 90 illiyini qeyd etməyə hazırlaşan “Xalq qəzeti” (keçmiş “Kommunist” qəzeti) zəngin tarixi yol keçib. Bu qəzetdə öz vəzifə borclarına vicdanla yanaşan, yazı və əməllərində qanunçuluğa, dövlətçiliyə, xalqa sədaqətlə xidmət edən neçə-neçə sanballı usta qələm sahibi fəaliyyət göstərib. Hazırda bizim Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin baş redaktoru olan Rafiq Həsənov da uzun illər məhz “Xalq qəzeti”ndə çalışıb.

 

Ömrünün 70-ci ilini haqlayan Rafiq Həsənov yaşadığı illərin tən yarısını “Xalq qəzeti” redaksiyası əməkdaşları ilə birgə fəaliyyətə həsr edib. Rafiq müəllim hələ kimsəyə qismət olmayan maraqlı həyat yolu keçib. Onun şəxsi anketindən, tanışlarının və özünün o qədər də geniş olmayan söhbətlərindən bilirəm ki, əmək fəaliyyətinə orta məktəbin 8-ci sinfində oxuyarkən foto atelyedən başlayıb, amma ali məktəbə xeyli gec, bir neçə cəhddən sonra qəbul edilib. Buna baxmayaraq, Azərbaycan Dövlət Universitetində ayrı-ayrı semestrlərdə əlaçı olub, fotoşəkli “Şərəf lövhəsi”ndə yer alıb. İnadkarlığı və milli dil təəssübkeşliyi ucbatından o vədələr üçün çox təhlükəli bir qalmaqalın da müəllifi olub. Olayı özü belə xatırlayır:

“Universitetin ikinci kursundaydım. 1966-cı ilin oktyabrı idi. Sov. İKP üzvlüyünə namizədlik müddətim 7-8 ay idi bitmişdi. Namizədlik müddəti 1 il idi.

Fakültə partiya bürosunun katibi Şirməmməd Hüseynov qəfildən məni çağırtdırdı. Mən universitetə qəbul olunmazdan xeyli əvvəl Astraxanbazarda (indiki Cəlilabad rayonu) Sov. İKP üzvlüyünə namizəd qəbul olunmuşdum, yəni iki ildən bir qədər az müddətdə Sov. İKP üzvlüyünə namizəd idim.

–Niyə öz taleyinlə maraqlanmırsan?– deyə soruşdu, - Sənin namizədlik müddətin çoxdan qurtarıb, heç narahat olursan? Zəmanət toplamısanmı? Bilirsən də, 3 nəfər Sov. İKP üzvü sənə zəmanət verməlidir, – dedi.

Mənim ucotda durduğum universitet partiya təşkilatında üçillik birgə əmək və istehsalat fəaliyyəti ilə yaxından tanıyan partiya üzvü yox idi. Bu barədə düşündüyüm anlarda Şirməmməd müəllim suallar verməyə başladı. Suallar əsasən SSRİ-Türkiyə münasibətləri barədəydi. Cavablarım Şirməmməd müəllimi elə bil diksindirdi. Hə? Hə?-deyib mənə bir ayrı nəzərlə diqqət yetirdi. Mənsə bir qədər qorxdum: Bəlkə siyasi səhv etdim? Ya da... yolverilməz, diləgətirilməz söz demişəm,–deyə fikirləşdim.

Bu vaxt dekan Əlövsət Abdullayevlə dilçi alim Zinyət Əlizadə söhbət edə-edə qapı önündən keçirdilər. Şirməmməd müəllim onları səslədi:–Bura gəlin, bura gəlin, bu tələbənin cavablarını eşidin, – dedi. Mənim partiya işim, aramızda olan sual-cavab barədə onlara ətraflı söhbət açdı. Amma mən yenə də qorxu içərisindəydim. Axı Şirməmməd müəllimin Türkiyə, Atatürk haqda verdiyi sualına cavabım o dövrdə bizdə məqbul sayılmırdı. Türkiyədən danışılanda bu ölkə haqqında heç də rəğbət aşılanmır, Türkiyəni Sovet xalqına az qala feodal dövlət, aqrar ölkə, geridə qalmış məmləkət, SSRİ-yə düşmən kimi təqdim edirdilər.

Məsələ ilə hali olandan sonra Zinyət müəllimə dedi:

– Mən Rafiqi yaxşı tələbə kimi tanıyıram. Seminarlarda fəaldır. İmtahanda səhv etmirəmsə məndən “əla” alıb. Ona zəmanətin birini mən yazacam!

Belə də oldu. Fakültə partiya bürosu və universitet komitəsi bürosunun yığıncağından müsbət rəy alandan sonra o vaxtkı Oktyabr RPK-nə göndərildim ki, Sov. İKP üzvlüyünə qəbul olunanlara verilən xüsusi şəxsi anket alım. Raykomun uçot bölməsindəki yaraşıqlı cavan erməni qadın sənədlərimi Azərbaycanca yazdığımı görüb, amiranə, - “anketi rusca doldur”! – söylədi.

– Niyə? Mən azərbaycanlıyam, Azərbaycanda yaşayıram, anketin də Azərbaycanca sualları var...

Sözümü bitirməmiş qadın qeyzlə, bir qədər də eyhamla dilləndi: – Partiyaya qəbul olunmaq istəyirsənsə get anketi rusca yaz!-dedi. Təbii ki, o rusca danışdığından mən də ona rus dilində cavab verirdim. O, bu dəfə əsəbi halda, bir qədər uca səslə:

– Rusca danışırsan, niyə rus dilində yazmaq istəmirsən anketi? Doğrusu, vəziyyətin qəlizləşəcəyindən qorxdum. Axı iş bərkə düşsə kimiydi məni müdafiə edən? Bir də nə lazım idisə demişdim. Sənədlərimi qoltuğuma vurub universitetə döndüm.

Şirməmməd müəllim bundan xəbər tutanda əsəbiləşib özündən çıxdı. Zəng vurub RPK-nin birinci katibi ilə xeyli danışdı. Ona iradlarını bildirdi, qayıdıb mənə çox ciddi şəkildə söylədi:–Anketi rusca yazsan şəxsən mən sənin partiyaya qəbul olunmağının qarşısını alacam!

Yaranmış vəziyyət barədə xəbər bütün universitetə yayılmış, MK-ya da məlumat çatdırılmışdı. RPK-nin birinci katibi məni çağırtdırıb vəziyyəti ətraflı öyrəndi.

– Mən Azərbaycan vətəndaşıyam, Azərbaycanda yaşayıram, Azərbaycan Dövlət Universitetində təhsil alıram, Azərbaycan KP-nin rayon təşkilatında partiyaya keçmək istəyirəm, partiya üzvlüyünə qəbul olunanın şəxsi anketi də həm rusca, həm Azərbaycancadır, mənim haqqım var ki, onu Azərbaycan dilində yazım, – dedim.

İnsafən RPK-nin birinci katibi sözlərimdən zərrə qədər inciyib, qeyzlənmədi, hələ deyəsən rəğbətləndi. Mən buna partiyaya qəbul olunduğum büro iclasında bir daha əmin oldum. Büro keçirilən günə qədər müddətdə tələbələr arasında bəzən açıq, bəzən də gizli söhbət gedirdi ki, “millətçilik məsələsini qızışdırdığıma görə” məni ya həbs edəcək, ya da universitetdən qovacaqlar. Amma Şirməmməd müəllim məni darda qoymadı. Mənimlə birlikdə Rayon Partiya Komitəsinin bürosunda iştirak etdi. Mən bir generalın və rayon rəhbərlərinin daxil olduqları büro üzvləri qarşısında “imtahandan” keçib Sov. İKP-yə üzv qəbul olundum.”

Rafiq müəllim həm də fəal tələbə olub. Həmin illərdə universitetdə nəşrə başlayan “Jurnalist” tədris qəzetində foto müxbir, müxbir kimi özünü göstərib, sonradan həmin qəzetdə məsul katib və redaktor müavini vəzifəsini icra edib. Görünür, onun təhsildəki nailiyyəti, qəzetçilik səriştəsi və digər müsbət keyfiyyətləri Azərbaycan KP MK-nın bölmə müdiri Rəşid Mahmudovun nəzərindən yayınmayıb, onu MK-ya çağırtdırıb, həftələrlə sorğu-suala tutub, biliyini, əqidəsini, mənəvi keyfiyyətlərini süzgəcdən keçirdikdən sonra R.Həsənovun iki ilə qədər redaktorsuz qalan “İşıqlı yol” rayon qəzetinə redaktor təyin olunması təklifini irəli sürüb. Müstəsna dərəcədə xeyirxahlıq edib, öz üzərinə olduqca ciddi məsuliyyət götürərək Azərbaycan mətbuatı tarixində heç vaxt olmayan və bir daha təkrarlanmayan təcrübəyə, yəni Rafiq Həsənovu universitet partası arxasından birbaşa rayon qəzeti redaktoru vəzifəsinə təyin olunmasına zamin durub. O vaxtlar rayon qəzeti redaktoru vəzifəsi bölgədə mühüm postlardan biri hesab olunur, çox sınaqlardan çıxmış, mətbuat aləmindən xəbərdar, mətbəə işlərindən az-çox baş açan, yazı-pozu qabiliyyəti olan, dünya, ölkə və bölgənin həyatını lazımınca bilən, partiya-sovet işində işləmiş adamlara etibar edilirdi. R.Həsənovu MK-nın şöbə müdiri Teymur Əliyev, ideoloji iş üzrə katib Cəfər Cəfərov dəfələrlə sorğu-suala tutur, biliyini, siyasi savadını öyrənir, hətta ayrıca mövzu barədə qəzetə yazı hazırlamaq qabiliyyətini sınaqdan keçirməli, yazdığının ideyasını, stilstikasını, orfoqrafiyasını, başlıcası mətnin redaktə edilməsi bacarığını yoxlamalı olurlar. Sonda bildirilir ki, “Mərkəzi Komitənin birinci katibi yoldaş Axundov Bakıda deyil, onunla görüşün hələ baş tutmayacaq. Sən mütləq birinci katibin qəbulunda söhbətdə olmalı, sonra lazım gələrsə təsdiq edilməlisən.”

Respublika rəhbərinin qəbuluna düşəcəyi günün həsrətiylə yaşadığı günlərin birində, 1969-cu ilin 14 iyulunda radiodan Vəli Axundovun istefa verdiyini, Heydər Əliyevin onun yerinə Mərkəzi Komitəyə birinci katib secildiyini eşidir. Bunu belə söyləyir: “Ürəyimdən qara qanlar axırdı. Təyinatın baş tutacağına ümidim qalmamışdı. MK-dan da demişdilər ki, birinci katib səni qəbul etməyincə təyinat baş tutmayacaq. Görüş yubandıqca ümidim də zəif şam kimi öləziyirdi.”

Nəhayət, MK-da Rafiq müəllimə bildiriblər ki, yığış get Naxçıvana, İliç rayonuna (indiki Şərur, Sədərək, Kəngərli rayonları). Biz rayon partiya komitəsiynən danışmışıq, “İşıqlı yol” rayon qəzeti redaksiyasında işə başla, görək necə qəzet çıxaracaqsan. Çalış etimadı doğrult. Görürsən ki, respublikanın rəhbərliyi dəyişib. Vəziyyət də dəyişib, hər sahədə tələbkarlıq, xüsusilə kadrlara tələbkarlıq artıb, hələlik səni Mərkəzi Komitənin birinci katibi Əliyev yoldaşla görüşdürmək mümkün deyil. Bir az işlə, baxarıq.

Noyabr ayında üç aya qədər rayon qəzeti redaktoru vəzifəsini icra edəndən sonra onu MK-ya çağırdılar. Rayondakı fəaliyyətini, buraxdığı qəzetin tərtibindən tutmuş ideya-siyasi səviyyəsinə, hadisələrə münasibətinə qədər məsələlər bir də təhlil olundu, şöbə və katiblikdə götür-qoy edildikdən sonra R.Həsənovu Azərbaycan KP MK-nın birinci katibi ilə görüşdürmək qərara alındı.

“– Sabahı gün yeni vəzifələrə təsdiq olunmaq məqsədilə birinci katibin qəbuluna gələnlər sırasında mən də vardım. Bərk həyəcan keçirirdim. Bu, bir də ona görə idi ki, birinci katib seçiləndən sonra Heydər Əliyevin rəhbərliyi ilə keçirilən ilk geniş tədbir – Azərbaycan KP MK-nın avqust plenumundan sonra respublika əməlli-başlı silkələnmişdi, bir çox məsul vəzifəlilər yeniləriylə əvəzlənmişdi. Ona görə də düşünürdüm: görəsən tamam təzə kurs götürmüş, coşqun enerjili və tələbkar yeni birinci katib Heydər Əliyev yoldaş Rəşid müəllimin mənim barəmdə olan kadr eksperimentinə necə baxacaq?

Qəbula hamıdan sonra məni çağırdılar. Heydər Əliyev uzun və səliqəli otağın yuxarı başında oturmuşdu, ona yaxınlaşdım, birinci katib ayağa qalxıb mənimlə əl tutdu, yaxındakı stulda oturmağı təklif etdi. Kreslosunda əyləşib masası üzərindəki mənim “şəxsi iş”imlə tanış oldu:

– Redaktorluğa özünü hazırlıqlı bilirsənmi? – deyə soruşdu.

– Çox məsul işdir, yoldaş Əliyev, – dedim. Məni dinlədikdən sonra öz fikrini və məsləhətlərini bildirdi:

– Get, fəaliyyətə başla. İşini “Kommunist”, “Bakinski raboçi” qəzetlərinin götürdüyü xəttə uyğun qur, təbrik edirəm!- söylədi. Mən pespublika rəhbərinin kabinetini fərəhlə tərk elədim”...

Rafiq müəllim “İşıqlı yol” qəzetində xeyli yeniliklər edir, mətbəə avadanlıqlarının müasirləşməsinə başlayır, redaksiyanın nəzdində “Şərur qönçələri” ədəbi birliyi yaradır, indi tanınmış akademik İsa Həbibbəyli, şairlərdən Əhməd Sədərəkli, Vaqif Məmmədov, Məmməd Abdullayev və başqaları ilk yaradıcılıq yollarına bu birlikdən başlamışlar. İki ilə qədər rayon qəzetinə redaktorluq edəndən sonra Rafiq müəllim Bakıya qayıdası olur. İş üçün hansı redaksiyaya müraciət etsə də onu diqqətlə dinləyir, hələlik boş yerimiz yoxdur, – deyirlər. “Kommunist” qəzetinin redaktoru, nəcib insan Ağababa Rzayev isə söyləyir: – Get Bakıda pasport qeydiyyatına düş, gəl səni işə götürüm, amma bunu kimsəyə bildirmə, məndən iş istəyən çoxdur. O dövrdə paytaxtda pasport qeydiyyatına düşməyin müşküllüyünü çətinliklə aradan qaldırb redaksiyaya gələn kimi Ağababa müəllim kimsənin xahişi, zəngi, tapşırığı olmadan, minnətsiz və təmənnasız R.Həsənovun işə qəbulu barədə əmr verir. İllər ötdükcə Rafiq müəllim ədəbi işçi, baş ədəbi işçi, müxbir, baş müxbir, xüsusi müxbir vəzifələri ilə pillə-pillə yüksəlir. Sonradan daha bir xeyirxah insan Şamil Şahməmmədov onu yüksək maaşla Azər.TAc-a dəvət edir, orada bir müddət bölgə müxbiri vəzifəsində çalışır.

O, Naxçıvandan Neftçalayadək, Qusardan Astarayadək, eləcə də Arazboyu bölgələrdəki bütün şəhər və rayonlarda xüsusi müxbir kimi redaksiyaları ləyaqətlə təmsil edib. Qanlı 20 Yanvar hadisələrindən, Cənub sərhədlərimizdən, Qubanın palmet bağlarından, çörəkli diyar Cəlilabaddan, Lənkərandan hazırladığı publisistik yazıları hələ də bir çox oxucunun yaddaşından silinməyib. Sərhəd qaçaqmalçılığından bəhs edən “Talanın sonu olacaqmı?” həyacan dolu yazısı bəlkə də nadir qəzet materiallarındandır ki, Azərbaycan Respublikası Prezidenti Aparatından rəsmi cavab göndərilmiş və müəllifinə minnətdarlıq bildirilmişdir.

90 yaşlı “Xalq qəzeti” əvvəllər başqa adla nəşr olunsa da başlıca məqsədi xalqa, Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmək olub. Bu məziyyət Rafiq müəllimin də qayəsidir. Öz mənəvi saflığını, ədəb-ərkanını, sevimli “Xalq qəzeti” redaksiyasında formalaşan işə məsuliyyətli münasibəti, obyektivliyi, nizam-intizamı və sair müsbət ənənələri bizim SİTM-də də davam etdirir. Gənclik enercisiylə öyrənməyə, öyrətməyə səy göstərir. Kollektivimiz adından Rafiq Həsənovu həm şanlı “Xalq qəzeti”nin 90 illiyi, həm də şəxsən öz ömrünün 70 illik mərtəbəsinə yüksəlməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona gümrah və firavan həyat arzulayırıq!

 

 

Mübariz ƏHMƏDOĞLU,

politoloq, Siyasi İnnovasiya və

Texnologiya Mərkəzinin rəhbəri 

 

Xalq qəzeti.- 2009.- 7 noyabr.- S. 7.