Efir məkanında milli-mənəvi dəyərlərimiz
qorunmalıdır
Televiziya həyatımızın
güzgüsüdür. Onunla bağlı Prezident
Adminstrasiyasının rəhbəri, fəlsəfə elmləri
doktoru, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 2 oktyabr
2009-cu il tarixli sayında verilmiş “Azərbaycanın efir məkanı:
problemlər və vəzifələr” adlı analitik
materialı ictimaiyyət tərəfindən böyük
maraqla qarşılanmışdır. Bu, təsadüfi
deyildir. Çünki tamaşaçılar neçə illərdir
ki, efir məkanında ciddi şəkildə nəzərə
çarpan çatışmazlıqlardan, teleradiolardakı
neqativ halların milli-mənəvi dəyərlərimizə
mənfi təsirindən narahatlıq hissi keçirirlər.
Düzdür, bu barədə
ara-sıra da olsa, bəzi mətbuat orqanlarında ziyalı
sözünə, rəyinə rast gəlinirdi. Amma etiraf edək
ki, bu, məsələnin həllinə o qədər də
müsbət təsir göstərmirdi. Fikrimcə, nüfuzlu
şəxsin, problemə analitik yöndən
yanaşmağı bacaran bir ziyalının münasibət
bildirməsinə zəruri ehtiyac yaranmışdı. Akademik
Ramiz Mehdiyevin adı çəkilən məqaləsi bu
baxımdan vaxtında atılmış addımdır.
Universitet müəllimi,
eləcə də xanəndə kimi məni Ramiz müəllimin
materialında sadalanan efir çatışmazlıqları
uzun illər idi ki, düşündürürdü: 50
milyonluq azərbaycanlının efirinə yad, bayağı
verilişlərin yol tapmasının, səviyyəsiz aktyor və
rejissor işinə meydan açılmasının,
jurnalistikadan, efir
mədəniyyətindən, Azərbaycan dilinin zənginliyindən
bixəbər şəxslərin aparıcılıq etməsinin
səbəbi nədir? Bəlkə teleradio qurumlarına rəhbərlik
edənlər axşamlar əyləşib verilişlərə
baxmırlar?.. Bəli, bu sualların ətrafında çox
düşünmüşəm. Ölkəmizdə gedən
ictimai-siyasi, sosial-iqtisadi, mədəni proseslər barədə
zəif, bəsit radio informasiyalarını eşidəndə,
bu səpkidə televiziya materiallarına baxanda təəssüflənmişəm.
Aparıcıların dilimizə sayğısız münasibətindən
hiddətlənmişəm, narahatlığımı dilə
gətirmişəm. Cavablar təxminən eyni olub: gəncdirlər,
təcrübəsizdirlər. Əcəb məntiqdir! Məgər
radio, televiziya sınaq, təcrübə meydanıdır ki,
uğursuz eksperiment aparılsın, dilimiz korlansın, mədəniyyətimiz
cılızlaşdırılsın?
Efir məkanı müqəddəs
olmalıdır. Xalqımızın milli-mənəvi dəyərləri
burada qorunmalı, yaşadılmalıdır. Radio, televiziya
qurumlarına daxil olan hər bir şəxs bu hissi, duyğunu
daxilində yaşatmalıdır...
Bayaq qeyd etdiyim kimi,
aparıcılar dilimizin qayda-qanunlarına hörmətlə
yanaşmalı, efir və nitq mədəniyyətinə yiyələnməlidirlər.
Bu barədə akademik Ramiz Mehdiyev çox haqlı şəkildə
qeyd edir: “Televiziya kanallarında aparıcı problemi kəskindir.
Bir çox hallarda aparıcıların peşəkarlıq səviyyəsi,
nitqi standartlara uyğun gəlmir. Bəzi proqramların,
xüsusən də əyləncə xarakterli verilişlərin
aparıcıları jurnalistikadan uzaq, efir mədəniyyəti,
peşəkarlığı aşağı olan şəxslərdir.
Bir sıra aparıcıların telejurnalistika sahəsində
təcrübəsizliyi, qeyri-peşəkarlığı
haqlı olaraq cəmiyyətdə narazılıq doğuran məsələdir”.
Bəli, hörmətli akademik tamaşaçı
narahatlığını düzgün dəyərləndirir.
Bu anda telekanalların birində seyr etdiyim bir mənzərə
gözlərim önündə canlanır – uzun illər
aktyorluq etmiş və bu sahədə heç bir uğur
qazana bilməyən şəxs aparıcısı olduğu
verilişdə qonağa belə bir sual verir: – Siz gənc
mütəxəssissiniz, yəqin ki, xarici ölkələrlə
ulaşmaq, təcrübə qazanmaq istərdiniz. Bunun
üçün nə fikirləşirsiniz?..
...Hər şey aydındır.
Aparıcı-aktyor özünü səviyyəli, hərtərəfli
göstərmək üçün qondarma ifadə işlədir
və tamaşaçıda ikrah dolu gülüş
oyadır...
İndi Azərbaycan efirində
muğam sənətinə yetərincə yer verilməsi fərəh
doğurur. AzTV və İTV-də “Muğam saatı” və
“Muğam albomu” kimi sevilən, baxılan konsert proqramları
müntəzəm verilir. Təbiətin qoynunda çəkilmiş
bu tip film-konsertlər də, nüfuzlu münsiflərin
iştirakı ilə təşkil olunan muğam müsabiqələri
də musiqi zövqü olan hər kəsin ürəyindən
xəbər verir. Azərbaycanın 1-ci
xanımı Mehriban Əliyevanın muğamın dünya mədəni
irs siyahısına daxil edilməsinə nail olması,
paytaxtımızda ayrıca Muğam mərkəzinin
açılması, beynəlxalq muğam festivalının
keçirilməsi çox təqdirəlayiqdir. AzTV-də
professor İlham Rəhimlinin muğam ifaçılarına həsr
etdiyi veriliş-oçerklər, İTV-də “Ovqat”, “Körpü”,
“Bir mahnının tarixçəsi”, “Gecənin
aydınlığı” kimi ibrətamiz, maarifləndirici
proqramlar çox baxımlıdır. Təəssüf ki,
eyni xoş sözləri digər telekanallar barədə
söyləməyə çətinlik çəkirəm.
Ulu öndər Heydər
Əliyevin böyük müdrikliklə müəyyənləşdirdiyi
azərbaycançılıq ideologiyası milli-mənəvi,
əxlaqi dəyərlərə bağlı azərbaycanlı
obrazı yaratmağa xidmət etdiyi halda, telekanallarda bu prosesin
sanki əksinə yönəlmiş dağıdıcı
dalğaya rast gəlirik. Telekanalların daha çox gəlir əldə
etmək, qazanmaq niyyəti əgər cəmiyyətin
sağlam düşüncə tərzinin, mənəvi
ovqatının, gənc nəslin psixologiyasının,
ümumən mənəvi idealların ucuzlaşmasına gətirib
çıxarırsa, buna heç bir halda haqq qazandırmaq
olmaz.
Efirdə
bayağı formada göstərilən şou verilişlər
cəmiyyətdə sosial çətinlikləri olan
insanların narazılığına səbəb olmaqla
yanaşı, asan yolla pul qazanmaq həvəsinə düşən
müəyyən gənclərin psixikasına da mənfi təsir
göstərir. Şou-biznesin asan yolla pul qazanmağa imkan verən, firavanlığa aparan
bir vasitə kimi ictimai şüura sırınması
xüsusilə dözülməz haldır! Təəssüflər
olsun ki, bu dolayı təbliğat həyata yetkin
baxışı hələ formalaşmayan gənc nəslin
dünyagörüşündə mənfi izlər də
buraxır. Bu gün səsi oldu-olmadı, “SMS”
yarışı üzərində köklənən musiqi
müsabiqələrinə düşmək, “ulduza”
çevrilib varlanmaq eşqi ilə bəzi telekanalların
qarşısında az qala baş yaran gəncləri və
yeniyetmələri görmək, doğrudan da, xoşagəlməz
mənzərədir. Onların böyük əksəriyyətini
həmin verilişlərə istedadları deyil, nəyin
bahasına olursa-olsun şou-biznes nümayəndəsinə
çevrilmək istəkləri gətirib
çıxarır.
Telekanallarda yayımlanan xəbərlərin
ümumi məzmununu əks etdirən titrlərdə Azərbaycan
dilinin normaları kobud surətdə pozulur. Sözlərin
yazılışında səhvlərə, ciddi qrammatik
yanlışlıqlara yol verilir. Qaçan sətirlərlə
canlı efirə verilən xəbərlərdə də bu
cür səhvlərə tez-tez rast gəlmək
mümkündür. Fikrimizcə, telekanalların xəbər
verilişlərinə rəhbərlik edən peşəkar
jurnalistlərin bu vəziyyəti aradan qaldırmaq
üçün bir qədər diqqətli olması yetərlidir.
Son illər bəzi telekanalların milli mentalitetə və əxlaqa
vurduğu ən böyük zərbələrdən biri də
qaçan sətirlər vasitəsilə SMS-lərin
yayımlanmasıdır. Bəri başdan bildirək ki, əsasən
elan və reklam xarakteri daşıyan, gəlir əldə etməyə
hesablanan bu SMS-lərin bir saatda 12 dəqiqədən artıq
yayımlanması “Reklam haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə ziddir. Prezident
Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev bu məsələyə
də xüsusi toxunaraq yazır: “Həmin SMS-lərin məzmunu
ciddi tamaşaçını narahat etməyə bilməz.
Müşahidələr göstərir ki, qaçan sətirlərdə
günün istənilən saatında qeyri-etik, milli-mənəvi
dəyərlərə zidd məzmuna malik informasiyalar verilir”.
Günün istənilən
vaxtında canlı olaraq yayımlanan, məzmunu ciddi
yoxlanılmadan efirə buraxılan bu SMS elan və
yazışmaların məzmunu tamaşaçını hiddətləndirməyə
bilməz. Azərbaycan tamaşaçısı bu üzdəniraq
elanlarda bir-birilə tanış olmaq üçün yer təyin
edənlərdən tutmuş müxtəlif ev əşyalarını,
hətta böyrəyini satmaq istəyənlərə qədər
müxtəlif adamlara rast gəlir. Nə yaxşı ki,
artıq ATV kanalının rəhbərliyi akademik Ramiz
Mehdiyevin son məqaləsindən sonra efirdə onlayn SMS-ləri
və daha bir neçə şou xarakterli verilişi
dayandırmaq barədə qərar qəbul edib.
Ciddi problemlərdən biri də
telekanallarda nümayiş olunan reklamlarla bağlıdır. Mən Azərbaycanda çəkilən bir çox
reklamların mövzu, ideya baxımından bəsit, primitiv
olmasının, tamaşaçıda əks reaksiya
doğurmasının üzərində xüsusi dayanmaq istəmirəm.
Əsas problemlərdən biri budur ki, həmin reklam çarxlarının
əksəriyyətində ədəbi dilin normaları pozulur,
leksikonumuza uyğun gəlməyən əcaib sözlər,
ifadələr işlədirlər. Məsələn,
“Sprite” sərinləşdirici içkisinin reklamında -
“Susuzluğuna etibar et”, “Cacobs - monarx” qəhvəsinin
reklamında - “Zövqətir qüvvəsi”, “Snickers”
şokoladının reklamında - “Dayanma, snikerslə”,
“Bounty” şokoladının reklamında isə “Cənnət
həzzi” kimi ifadələr buna əyani misal ola bilər...
Mən telekanallarda efirə
buraxılan filmlərə də münasibət bildirmək
istərdim. Bir sıra telekanallarda neçə
illərdir ki, cənubi Amerika xalqlarının əxlaqına,
məişətinə xas filmlər nümayiş etdirilir və
əlbəttə ki, bu filmlərin gənclərimizin tərbiyəsində
mühüm rol oynamasından söhbət belə gedə bilməz.
Telekanallarda elə filmlər göstərilməlidir ki, həm
milli-mənəvi dəyərlərimizin ziddinə olmasın,
həm də bu, gənc nəslin kamil şəxsiyyət kimi
formalaşmasına zəmin yaratsın. Digər
tərəfdən milli dəyərlərə köklənən
Azərbaycan filmlərinin az-az nümayiş etdirilməsinin,
yaxud tele şirkətlərin maarifləndirici sənədli
filmlər hazırlamağa həvəssiz olmalarının səbəbini
də başa düşmək çətindir...
Bu gün ölkəmiz müharibə
şəraitindədir. Torpaqlarımızın 20 faizi
işğal altındadır. Təxminən 1 milyon
soydaşımız qaçqın və məcburi
köçkün həyatı yaşayır. Yaxşı ki,
AzTV və İTV bu mövzunu daim diqqətdə saxlayır.
Digər telekanallarda da hərbi-vətənpərvərlik
ruhlu verilişlərin sayı artırılmalı, Azərbaycanın
tarixi, mədəniyyəti, ədəbiyyatı, adət-ənənələri
ilə bağlı proqramlara üstünlük verilməlidir.
Təəssüf ki,, efir məkanında başqa mənzərənin
şahidi oluruq: səviyyəsiz, heç bir məna-məzmun
kəsb etməyən, dinləyici-tamaşaçı
zövqünü korlayan şit, bayağı mahnılar
oxudulur. Bir-iki kanalı nəzərə almasaq, digərlərində
muğamlarımıza, klassik musiqi nümunələrimizə
az yer verilir. Təzə peyda olmuş,
dünyagörüşü, zövqü, necə deyərlər,
başa düşülməyən “bəstəkarların” əttökən
“bəstələrinə” meydan verilir. Şübhəsiz ki,
bu da mənəvi-əxlaqi dəyərlərə, onun
yaşadılmasına mənfi təsir göstərir...
Elə edək ki, televiziyalar həyatımızı
əyri güzgüdəki kimi göstərməsin.
Ruzə İBİŞOVA,
Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin müəllimi,
xanəndə
Xalq qəzeti.- 2009.- 7 noyabr.- S. 7.