İki cəbhənin veteranı

 

Azərbaycan xalqının milli maraqlarının və mənafelərinin etibarlı təmin olunmasında daim ön sırada olan milli təhlükəsizlik orqanlarında işləmək çətin, məsuliyyətli və şərəflidir. Vaxtilə bu orqanlarda çalışmış peşəkarların həyat və xidmətləri indi də gənc nəslin vətənpərvərlik, xalqa və dövlətə sədaqət ruhunda yetişdirilməsində mühüm rol oynayır.

 

Ömrünün 30 ilə yaxın bir dövrünü təhlükəszlik orqanlarında xidmətə həsr etmiş, hələ SSRİ-nin dünyaya hegemonluq etdiyi bir vaxtda azərbaycançılıq məfkurəsinin təhlükəsizlik orqanlarına daşınması və inkişaf etdirilməsi kimi çətin bir missiyanı layiqincə həyata keçirməyə müvəffəq olmuş ulu öndər Heydər Əliyevin silahdaşları da Azərbaycana xidmət məktəbinin şanlı irsinin öyrənilməsində gənc əməkdaşların ən yaxşı müəllimləridir.

İkinci Dünya müharibəsinin iştirakçısı, təhlükəsizlik orqanlarının veteranı Dmitri Georgiyeviç Bıstrovun bu il noyabr ayının 7-də 90 yaşı tamam olur. 30 il xüsusi xidmət orqanlarında çalışmış təcrübəli çekistin ağır və keşməkeşli həyat yolu, zəngin təcrübəsi də bir örnəkdir.

Dmitri Georgiyeviç Bıstrov 1919-cu il noyabrın 7-də Penza vilayətinin Danilovsk rayonunun Bodrovka kəndində anadan olub. Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkül tapmış ilk təhlükəsizlik orqanlarının həmyaşıdı olan Dmitrinin heç ağlına da gəlməzdi ki, vaxt gələcək o, haqqında belə təsəvvürü olmadığı bir ölkədə və məhz bu orqanda işləyəcək. Balaca Dmitri hələ taleyin ona yaşadacaq anlarından xəbərsiz böyüyürdü.

Özü o günləri belə xatırlayır: – Anamı itirəndə çox kiçik idim. Ana nəvazişindən, qayğısından məhrum böyüdüm. Atam isə sadə kəndli idi. 1930-cu ildə kollektivləşmə dövrü ilə əlaqədar ölkədə aclıq, səfalət hökm sürməyə başladı. Atam və yaxın qohumlarımız başqaları kimi çörək dalınca digər şəhərlərə üz tutmalı oldular. Əvvəlcə Stalinqrada, sonra Lipetskə getdik. Qohumlarımın çoxu acından öldülər. Yeməyə çörək tapılmırdı. Atam gecə-gündüz çalışır, istirahət nə olduğunu bilmirdi. İnsanlar əziyyət çəkirdilər. Həmin illəri xatırlayanda indi də məni dəhşət bürüyür.

Atam bütün çətinliklərə baxmayaraq, istəyirdi ki, təhsil alım. Mən də çalışırdım ki, dərslərimi yaxşı oxuyum. 1937-ci ildə 7-ci sinfi bitirdim. Sonra ibtidai siniflər üçün müəllimlər kursuna daxil oldum. Kursu bitirəndən sonra məni Dobrinsk rayonunun Rcavets kəndinə müəllim göndərdilər. Həmin dövrdə əhalinin savadlanmasına çox diqqət yetirilirdi. 1939-cu ildə Sovet ordusu sıralarına hərbi xidmətə çağırıldım və bir neçə aydan sonra Orconikidze (indiki Vladiqafqaz) şəhərindəki hərbi rabitə məktəbinə göndərildim. 1941-ci ildə leytenant rütbəsində Kirov şəhərində yeni yaradılan hərbi hissədə zabit kimi xidmətə başladım...

1941-ci ilin 22 iyununda müharibənin başlanması xəbərini alanda Dmitri də könüllü olaraq cəbhəyə, Vətəni faşistlərdən qorumağa yollanır. O, Leninqrad, Volxovsk və 2-ci Belarus cəbhələrinin tərkibində, atıcı diviziyasının rabitə rəisi kimi işğalçılara qarşı döyüşlərdə fəallığı, cəsarəti ilə seçilir. Dmitrinin vəzifəsi komandanlığın cəbhənin ön cərgələri ilə fasiləsiz rabitəsini təşkil etmək idi. Bu da məsuliyyət və cavabdehlik tələb edirdi. Çünki rabitəçi hücum edən hərbi hissələrlə birlikdə ön sıralarda komandirin yanında getməli, lazım olanda isə geriyə hamıdan sonra çəkilməli idi. Müharibədə rabitəçilərin rolu böyükdür. Buna görə də düşmən snayperləri hər vəchlə sovet ordusunun rabitəçilərini məhv etməyə çalışırdılar. Onları həmişə izləyir, sovet qoşunlarının ərazisinə diversantlar atır, rabitə xətlərini məhv edir, mühasirə yaradaraq xətləri təmir etməyə gələn rabitəçiləri ya əsir götürür, ya da qətlə yetirirdilər. Məqsədləri mümkün qədər çox məlumat toplamaq və qızıl ordunun komandanlığının ön cəbhə ilə rabitə əlaqəsini kəsmək idi.

Dmitri Bıstrov deyir ki, müharibədə rabitəni həm də cəbhənin əsəb sistemi adlandırırdılar. Çünki döyüşün gedişatı rabitənin necə işləməsindən asılı idi. Onu da qeyd etmək lazımdır ki, rabitəçinin avadanlıqları — avtomat, telefon aparatı, naqil dolanmış diyircək, əleyhqaz və digər əşyalar — onun hərəkətini çətinləşdirir və fiziki cəhətdən yorurdu.

Dmitri Bıstrov 1-ci dəfə 1941-ci ildə yaralanıb. Sağaldıqdan sonra 1942-ci ildə Penza yaxınlığında dislokasiya edilmiş 37-ci alayın atıcı briqadasında rabitə rotası komandirinin müavini vəzifəsində çalışıb. Burada cəbhə üçün rabitəçi kadrlar hazırlayıb. 1944-cü ildə yenidən düşmən gülləsinə tüş gəlib. Deyir ki, səhra qospitalında müalicə olunurdum. Hər bir döyüşçü kimi mən də qələbə gününü görmək arzusu ilə yaşayırdım. Çəkdiyim əzab-əziyyətlərin müjdəsi yalnız qələbə ola bilərdi...

Dmitri Bıstrov cəbhədə göstərdiyi şücaətə görə II dərəcəli Böyük Vətən müharibəsi”, 2 dəfə “Qızıl Ulduz”, “Şərəf nişanı” ordenləri və “Köniqsberqin alınması uğrunda”, “Döyüş xidmətinə görə” medalları ilə təltif olunub.

Veteran danışır. Az qala, ömrü bir əsrə bərabər olan bu çekist səlis nitqi, möhkəm yaddaşı ilə adamı heyran qoyur:

— 1945-ci ilin 9 May günü indiki kimi yadımdadır. Sanki, təbiət də bizim sevincimizə qoşulmuşdu. Günəşli bir gün idi. Bir-birini tanıyan, tanımayan hər kəs qucaqlaşıb ağlaşırdı. Bu, dəhşətli günlərin artıq sona yetdiyindən doğan sevinc göz yaşları idi...

1946-cı ildə Mozdokdakı hərbi hissədə xidmətini davam etdirən Dmitri orada bir azərbaycanlı ilə tanış olur. Onlar dostlaşırlar. 1947-ci ildə isə hər ikisi ordudan tərxis olunur. Dmitri Bıstrov daha sonra xatırlayır:

— Müharibə bitəndən sonra harada işləməyi düşünür, gələcəyimlə bağlı planlar qururdum. Sanki, bir qismət oldu. Həmin azərbaycanlı mənə onunla Bakıya getməyi təklif etdi. Dedi ki, gəncsən, savadlısan, orada yeni həyata başlayarsan. Azərbaycan xalqı çox qonaqpərvərdir. Özünə çoxlu yeni dostlar qazanacaqsan. Razılaşdım.

Doğrudan da, Sovet İttifaqının neft mərkəzi olan Azərbaycanda işə düzəlmək o qədər çətin olmadı. Kommunal-təsərrüfat kontorlarından birində işləməyə başladım. İşimə ciddi yanaşır, bütün bilik və bacarığımı əsirgəmirdim. Bəlkə, elə bu çalışqanlığıma görə idi ki, bir müddətdən sonra dövlət təhlükəsizlik orqanlarında işləmək barədə təklif aldım. Bu, mənim üçün gözlənilməz oldu. Çox fikirləşmədən razılıq verdim. Çünki müharibə görmüş, od-alovun içərisindən çıxmış, həyatın çətin sınaqlarından keçmiş bir insan kimi formalaşdığım üçün bu orqanda Vətənimə layiqincə xidmət edəcəyimə əmin idim.

Sənədlərimi hazırlayıb komitəyə təqdim etdim. Uzun sürən yoxlamadan sonra 1949-cu iin aprelində məni Dövlət Təhlükəsizlik Komitəsinə çağırdılar. İşə qəbul olunduğumu eşidəndə sevincimin həddi-hüdudu olmadı. İlk iş yerim DTK-nın Yasamal Rayon (keçmiş Caparidze) Bölməsi oldu. Az sonra məni Bakı Vilayətlərarası Xüsusi Məktəbə təhsil almağa göndərdilər. Bir il də orada oxudum. Təhlükəsizlik əməkdaşına aid ilk bilgiləri də həmin məktəbdə öyrəndim. Buranı bitirdikdən sonra istintaq şöbəsində çalışdım. İşim çox maraqlı və məsuliyyətli idi. Orqanda işləyə-işləyə Bakı Kitabxanaçılıq Texnikumunu, Ali Partiya Məktəbini (2 illik), ADU-nun hüquq fakültəsini bitirdim.

1967-ci ilin iyununda Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinə sədr təyin olundu. Bu təyinat bütün əməkdaşların ürəyindən idi. Günlərin birində Heydər Əliyev məni yanına çağırdı. O, dedi ki, səni Xankəndinə, Dövlət Təhlükəsizlik Komitəsinin Dağlıq Qarabağ üzrə şöbəsinə rəis göndərmək istəyirəm. O vaxt Xocavənddə bir erməni uşağını öldürmüşdülər. Ermənilər əsassız olaraq uşağın ölümündə azərbaycanlı müəllimləri təqsirkar sayırdılar. Ermənilər hadisə ilə bağlı aparılan məhkəmənin nəticəsini də gözləməmiş, içərisində 3 nəfər dustaq azərbaycanlı müəllim olan maşına od vurmuş, onları diri-diri yandırmışdılar. Sonralar istintaq araşdırması ilə həmin uşağın qatilinin məhz erməni olduğu müəyyənləşmişdi. Mərhum Heydər Əliyev bu hadisədən çox təsirlənmişdi. Ermənilərin azərbaycanlılara qarşı kin-küdurəti, böhtanları onu yaman hiddətləndirmişdi.

Ulu öndər Heydər Əliyev DTK-nın sədri olanda mən əks-kəşfiyyat şöbəsində işləyirdim. O, komitənin bütün əməkdaşlarına ali təhsil almağı, dünyagörüşlərini genişləndirməyi, vaxtdan səmərəli istifadə etməyi, idmanla məşğul olmağı tövsiyə edirdi. Bu, bir vəzifə kimi bizdən tələb olunurdu.

Qocaman çekist ümummilli lider Heydər Əliyevi xüsusi hörmət və məhəbbətlə xatırlayır: “Çox sadə, olduqca mehriban, eyni zamanda, tələbkar insan idi. Tabeliyində olan bütün əməkdaşlara diqqət yetirməyə həmişə vaxt tapırdı. Son dərəcə səmimi, sözübütöv, bir sözlə, əsl şəxsiyyət idi”.

Dmitri Bıstrov 1967-ci ildən 1974-cü ilə qədər DTK-nın Dağlıq Qarabağ üzrə şöbəsinin rəisi işləyir. 1978-ci ildə, polkovnik rütbəsində istefaya çıxdıqdan sonra 2002-ci ilədək Bakı məişət kondisionerləri zavodunda xarici iqtisadi əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışır. Veteran Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin ona münasibətindən də söz açdı:

— Sağ olsunlar, məni unutmurlar. Bayramlarda, ad günümdə, Qələbə günündə məni təbrik edirlər, qapımı açırlar. Bu da mənə yaşamağa güc verir. Hörmətli nazirimiz, general-leytenant Eldar Mahmudova biz veteranlara göstərdiyi diqqət və qayğıya görə çox sağ olun, deyirəm. Dahi şəxsiyyət Heydər Əliyevin vaxtilə başçılıq etdiyi mühüm bir orqana rəhbərlik edən nazirimizə fəaliyyətində uğurlar arzulayıram. Bu ilin martında Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının 90 illik yubileyi qeyd olundu. Yubiley medalı ilə təltif olunduğumu biləndə, inanın, elə bil dünyanı mənə bağışladılar. Doğru deyiblər, insan xatırlandıqca yaşayır. Ömrümün 30 ilini həsr etdiyim, mənə doğma və əziz olan bir təşkilatın diqqətini, qayğısını görəndə qəlbim riqqətə gəlir.

Biz də İkinci Dünya Müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranı Dmitri Georgiyeviç Bıstrovu 90 illik yubileyi münasibətilə təbrik edənlərin sırasına qoşulur, ona möhkəm cansağlığı və səadət arzulayırıq.

 

 

Xatirə TAĞIYEVA

 

Xalq qəzeti.- 2009.- 7 noyabr.- S. 6.