Türk ədəbi dünyasının diqqətində

 

25-dən çox ölkədə yaşayan türk ziyalıları arasında birinciliyin Azərbaycan yazıçısına verilməsi həqiqətən uğurdur

 

Bu sətirləri qələmə alarkən ürəyimdən ömrü boyu sevə-sevə oxuduğum iki görkəmli ədibin fikirləri keçdi. Birincisi, XIX əsrin görkəmli yazıçılarından olan Dostoyevskinin mənim üçün bayraq olan ifadəsidir. O yazırdı: “Öyrənin və oxuyun. Ciddi kitablar oxuyun, qalanı həyatın işidir”. Yəni kitabı oxuyub qurtaran kimi oradan nə isə bir nəticə gözləməyin. Nəticəni həyat özü hasil edəcək. İkinci ifadənin müəllifi isə XX əsrin görkəmli ədiblərindən olan Mir Cəlal Paşayevdir.

Mənim unudulmaz müəllimim olan bu insan müəllif-kitab-oxucu münasibətlərini özündə əks etdirən maraqlı fikirlər söyləmişdi. O deyirdi: “İdeyanı, fikirləri mükəmməl əsərə çevirmək yaxşı yazıçının, həmin əsəri məşhur kitaba çevirmək isə yaxşı oxucunun hünəridir”. Yəni müəllifin yaxşısı olduğu kimi, oxucunun da yaxşısı vardır və istənilən kitab yaxşı oxucu əlinə düşənə qədər gizli xəzinə kimi kiməsə məlum olmayan bir ünvanda qalır. Bu məqamda etiraf etməliyik ki, Türkiyə oxucuları bizə nisbətən bir qələr irəlidədir. Yəqin ki, burada əhalinin çoxluğu, ərazinin böyüklüyü və dövlətin uzunömürlülüyü də müəyyən rol oynayır.

İndi isə yazının əsas mövzusuna qayıdaq. Bu gün türk dünyası Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Türkiyə və Şimali Kipr Cümhuriyyəti başda olmaqla ayrı-ayrı türk dövlətləri və möhtəşəm türk toplumları yaşayan 25-dən çox ölkəni birləşdirir. Başqırdıstan, Bosniya, Tatarıstan, Dağlıq Altay, Qaraqalpak, İran, İraq, Makedoniya, Yunanıstan, Monqolustan, Krım, Yakutiya — yəni Avrasiyanın bu başından o biri başına qədər 25-dən çox ölkədə türklər yaşayırlar. Ankarada bu böyük ərazini özündə birləşdirən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası adlı bir təşkilat fəaliyyət göstərir. Bu qurum cəmiyyət həyatının çox müxtəlif sahələrində — siyasət, iqtisadiyyat, elm, təhsil, təbabət, mədəniyyət, idman və digər bütün sahələrdə fəaliyyət göstərən ziyalıların, ictimai xadimlərin, fikir sahiblərinin yaradıcılığını izləyir, türk dünyasına fəxr və üzağlığı gətirən şəxslərin daha geniş şəkildə təbliğ edilməsinə çalışır. Yeri gəlmişkən, mən bu yaxınlarda Türkiyədə olarkən — bəlkə də ömrümün ən maraqlı xarici səfərlərindən biri idi — oradakı dostlarım maraqlı fikirlər söylədilər. Onlar deyirdilər ki, Azərbaycanda bir siyasət xadimi və ya elm adamı hətta beş-altı sanballı kitabın müəllifidirsə, ona yenə də yazıçı (yazar) demirlər. Azərbaycanlılar ancaq bədii yaradıcılığı olan kəslərə yazıçı deyirlər. Türkiyədə və bir çox türk ölkələrində isə siyasi dərslik, tarix üzrə elmi əsər müəllifləri də yazar adlandırılır.

Qərəz, bu günlərdə TDAUEA-nın Beynəlxalq Mükafatlar Komitəsinin sədri, professor Həsən Əhmədin Bakıya ünvanladığı bir məktubu görəndə həqiqətən fəxr etdim. Əvvəla, ona görə ki, Sovet dönəmində bu şəkildə sıx əməkdaşlığımız mümkün deyildi. Məsələn, mən Sovet dönəmində Nazim Hikmətlə görüşüb söhbət eləmiş, onun şeirlərini öz dilindən eşitmiş azərbaycanlı şair kimi özümü xoşbəxt sayırdım. İndi isə, şükürlər olsun ki, türkiyəli həmkarlarımızla dövri olaraq görüşürük. Onlar da gəlirlər, biz də gedirik və həqiqi qardaşlar kimi qaynayıb qarışırıq. Bu qaynayıb qarışmağın daha çox siyasi, ictimai məzmunlu olması bizi həqiqətən məmnun edir. Ədəbi əməkdaşlığımız da istənilən səviyyədədir.

İndi haqqında söz açdığım məktubda professor arkadaşımız Həsən Əhməd yazır ki, Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası öz xətti ilə 26 ölkədə yaşayan yazarların kitabını nəşr etdirir. Hər ilin sonunda isə bu kitabların ən böyük əks-səda yaradanları Beynəlxalq Mükafat Komitəsi tərəfindən “İlin kitabı” adına layiq görülür. Mükafat diplomdan və stolüstü medaldan ibarətdir. Bu ilin yayında akademiyanın xətti ilə Ankarada nəfis şəkildə çap edilmiş “Kəlamlar” kitabı TDAUEA-nın “İlin kitabı” mükafatına layiq görülmüşdür. Kitabın müəllifi Azərbaycan, Türkiyə, Rusiya və Avrasiya Yazıçılar birliklərinin üzvü, TDAUEA-nın akademiki Hacı Fərhad Mirzədir.

Mükafat komitəsinin qiymətləndirməsində göstərilir ki, Azərbaycan dilində yazılmış “Kəlamlar” kitabı Ankarada türkcə nəşr edildikdən sonra ingiliscəyə və rus dilinə tərcümə edilmiş, haqqında ayrıca kitab yazılmışdır. Eləcə də kitab bir neçə beynəlxalq təşkilatın müxtəlif mükafatlarına (iki qızıl medal da daxil olmaqla) layiq görülmüşdür ki, bu da “ən böyük əks-səda doğurmaq” deməkdir. Yeri gəlmişkən, qeyd edim ki, “Kəlamlar” kitabı bu ilin sonunadək öz müəllifinə daha bir uğur qazandıracaqdır. Belə ki, Moskvadakı “Mısl” nəşriyyatı — adətən sırf elmi-fəlsəfi və siyasi kitablar nəşr edir — ilin sonunadək “Kəlamlar” kitabını rusdilli oxuculara təqdim edəcəkdir. Kitabın ön sözünün Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Şöbəsinin katibi, müasir rus poeziyasının ən görkəmli nümayəndələrindən olan Vladimir Boyarinov tərəfindən yazılması da xüsusilə qeyd edilməli məqamlardandır. Gələn ilin yazında isə “Kəlamlar” kitabı ingilisdilli oxuculara təqdim ediləcək və ərəb dilinə çevriləcəkdir.

Beləliklə, öncə türk ədəbi ictimaiyyətinin yüksək qiymətləndirdiyi azərbaycanlı müəllifin kitabı asta-asta dünya ədəbi mühitinə qədəm qoyur. Bir ədəbiyyat adamı, çoxsaylı kitablar müəllifi kimi hər kitabın öz müəllifinə hansı sevincləri gətirdiyini mən yaxşı bilirəm. Onu da yaxşı bilirəm ki, hörmətli ustadım Mir Cəlal müəllim tamamilə haqlı idi — “Kəlamlar”ın yaxşı əsərə çevrilməsi Hacı Fərhad Mirzənin hünəridirsə, bu əsərin məşhur kitaba çevrilməsi yaxşı oxucuların — Türkiyədəki arkadaşlarımızın hünəri oldu.

 

 

Nəriman HƏSƏNZADƏ,

xalq şairi, professor

 

Xalq qəzeti.- 2009.- 10 noyabr.- S. 10.