Azərbaycan bayrağı – fəxrimiz, vüqarımız

 

Bu müqəddəs rəmz bizim üçün xanlıqlar dövründə də, ilk demokratik respublikamızın mövcud olduğu aylarda da, sovet dönəmində də bugünkü kimi əziz idi

 

Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur. Azərbaycan əsgəri Vətənin suverenliyinin və ərazi bütövlüyümüzün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən Dövlət bayrağına and içir.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması barədə sərəncamından. 17 noyabr, 2007-ci il.

 

“Xalq qəzeti”nin 29 oktyabr 2009-cu il tarixi sayında tarix elmləri doktoru Həcər Verdiyevanın “Tariximizin saxtalaşdırılmasına yeni təşəbbüs” adlı dərin elmi əsaslara istinadla qələmə alınmış oxunaqlı məqaləsi verilmişdir. Məqalədə göstərilir ki, finlandiyalı dövlət xadimi Kilyunen Kimmonun Moskvadakı “Rusiya Siyasi Ensiklopediya Nəşriyyatı”nda ötən il çap edilmiş “Dövlətlər və bayraqlar” adlı ensiklopedik nəşrində Azərbaycan tarixi barədə qərəzli şəkildə çoxsaylı təhriflərə yol verilmişdir. Təbii ki, bu qərəzin təməlində müəllifin ermənipərəstliyi durur. Təhriflərdən biri Azərbaycanın Dövlət bayrağı haqqındadır. Həcər Verdiyeva yazır: “Qosudarstvo i flaqi” ensiklopediyasında... K.Kimmo dövlətimizin bayrağına da özünün subyektiv münasibətini bildirməkdən çəkinmir. Belə ki, o, dövlətçiliyimizin əsas atributlarından olan bayrağımızı türk modelinin inikası kimi qəbul edir və bayrağın bütün təsvirlərində “pantürkizm”, “panislamizm” rənglərini görür". Bütün təhriflərdən öz narahatlığını ifadə edən alim ümid etdiyini bildirir ki, Azərbaycan Milli Ensiklopediyasının Elmi Mərkəzi və Azərbaycan Xarici İşlər Nazirliyi həm bu bədnam ensiklopediyanın müəllifinə, həm də nəşriyyata öz etirazını bildirəcəklər.

Təbii ki, həmin qurumlar dünya oxucusuna Azərbaycan tarixini təhrif olunmuş şəkildə təqdim edənlərə öz etirazlarını bildirəcəklər. Etiraf edək ki, bu məsələdə mətbuatın üzərinə də bəzi vəzifələr düşür. Çünki, biz ən azı təhrif edilmiş məqamların hər biri haqqında həqiqi məlumatları oxuculara çatdıra bilərik. Bu baxımdan ilk materialı Azərbaycan bayrağı mövzüsunda qələmə alırıq. Özü də hazırladığımız materialda mötəbər bir ünvana — Prezident Kitabxanasının elmi və yaradıcı heyəti tərəfindən Dövlət Müstəqilliyi Günü ərəfəsində hazırlanmış “Azərbaycan: dövlət rəmzləri və atributları” adlı elektron nəşrə istinad edirik. Qeyd edək ki, elektron ünvanı www.preslib.az olan bu nəşr barədə qəzetimizin 15 oktyabr tarixli sayında əhatəli məlumat verilmişdir. Avropalı müəllifin erməni lobbisinin təsiri altında yazdığı “ensiklopediya”da məzmunu təhrif olunmuş bayrağımız haqqında yazını məhz bu nəşrə istinadən hazırlayırıq.

Təbii ki, indiki əsas məqsədimizdən əlavə oxucularımız üçün də Azərbaycan bayrağının keçdiyi tarixi və şanlı yol maraqlıdır. Bəri başdan qeyd edək ki, ümumiyyətlə, dövlət rəmzləri və bayraqlar haqqında söz açmazdan əvvəl yada salaq ki, Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 19-da ( bu tarixi yadda saxlayın) Azərbaycan Xalq Cumhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu ilə əlaqədar ölkədə bu bayraqdan imtina edilmişdir. 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə bu bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi bərpa edilmiş, Muxtar Respublikanın Ali Məclisi həm Respublika Ali Soveti, həm də SSRİ Ali Soveti qarşısında məsələ qaldırmışdır ki, ADR-in üçrəngli bayrağı Azərbaycanın rəsmi dövlət bayrağı kimi tanınsın. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Dövlət bayrağımız bərabər enli üçrəngli zolaqdan ibarətdir. Yuxarı — mavi zolaq Azərbaycan xalqının türk mənşəli olduğunu, ikinci — qırmızı zolaq müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, sonuncu — yaşıl zolaq isə dövlətin İslam sivilizasiyasına mənsubluğunu ifadə edir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvir edilmişdir. Bayrağın eni uzunluğunun yarısı qədərdir. Bu məlumatlar bugünki Azərbaycan bayrağı haqqında gərəkli olan ilkin təəssuratı yaradır. Ancaq məsələyə bir qədər dəqiqliklə baxanda bayrağımızın hələ ilk müstəqillik dövründə bir neçə dəfə dəyişdirildiyinin, SSRİ dövründə hətta 6-7 dəfə müxtəlif formalarda tərtib edildiyinin, xanlıqlar dövründə isə hər xanın öz istədiyi şəkildə bayraq yaratdığının şahidi oluruq. Bəzi maraqlı məqamlara diqqət yetirək.

www.preslib.az elektron nəşrində qeyd edilir ki, Milli Elmlər Akademiyasının Azərbaycan Tarixi Muzeyində Azərbaycan xanlıqlarının bayraqlarından ibarət nadir kolleksiya saxlanılır. 1924-cü ildə Tiflisdəki Qafqaz Hərbi Tarix Muzeyindən alınmış bu kolleksiyaya Gəncə, Bakı, Şəki və İrəvan xanlıqlarının bayraqları və eləcə də mənsubluğu Cənubi Azərbaycan xanlıqlarına ehtimal olunan daha iki bayraq daxildir. XVI-XVII əsrlərə aid gözəl Şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmiş həmin bayraqlar üçkünc, dördkünc, beşkünc və düzbucaqlı formalardadır. Ornamentlər qurama və ya tikmə üsulu ilə salınmış, təbii boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır. Silindrik bayraq ağaclarının başına fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli ipək saplardan hazırlanmış qotazlar bağlanmışdır. Qeyd edilən hərbi tarix muzeyinin bələdçi kitabındakı məlumatlara görə, 1924-cü ildə Azərbaycana təhvil verilmiş bayraqlar həmin muzeydəki bayraqların və başqa eksponatların (medal, şəkil, sənəd və sair) hamısı deyildir. Çünki bu kolleksiyada Gəncənin 1804-cü ildə knyaz P.Sisianovun rəhbərliyi ilə işğal edilməsi zamanı qənimət kimi ələ keçirilmiş (qeyd edilən hərbi muzeydə saxlanılırdı) səkkiz bayraq və bir tuğdan (ştandart) dördü, 1806-cı ildə general Nebolsinin Şəkiyə hücumu zamanı ələ keçirilmiş altı bayraqdan üçü, Lənkəranın (1812-ci il), Təbrizin (1827-ci il) tutulması zamanı götürülmüş bayraqlar, feldmarşal İ.Paskeviçin Abbasabad qalasını ələ keçirdiyi zaman alınmış iki bayraq və başqa hərbi qənimətlər muzey eksponatı kimi Azərbaycana verilməmişdir.

Gəncəni işğal edən Sisianov qələbə xəbərini I Aleksandra apararkən çoxlu qənimətlə yanaşı Gəncə xanının ştandartının (üzərində balıq təsvirləri olan bayraq idi) və 8 bayrağın da ələ keçirildiyini söyləmişdi. Bu gün Milli Azərbaycan Tarixi Muzeyində Gəncə, Bakı, Şəki (Şəkinin bayraqları üçkünc və beşküncdür), İrəvan (üzərində şir təsviri olan ilk iki xanlıq bayrağıdır), eləcə də Təbriz və Xoy xanlıqlarının bayraqları qorunur. Qarabağ xanı Mehdiqulu xana imperator I Aleksandrın verdiyi fəxri bayraq isə milli bayraqlarımızdan tamamilə seçilir. 1806-cı ildə Qarabağ xanı İbrahimxəlil xanın ailəsi ilə birlikdə çar ordusu tərəfindən öldürüldükdən sonra I Aleksandr xanın oğlu Mehdiquluya xan titulu verilməsi və Qarabağ camaatına vədlər edilməsi barədə fərman imzalayır. Xan elan edilmiş Mehdiqulu xana hakimiyyət rəmzi kimi bayraq göndərilməsi barədə qərar qəbul edilir. 1807-ci ildə Mehdiqulu xana təqdim edilən bu bayrağın üzərində Rusiyanın gerbi, ikibaşlı qartal, imperator tacının təsviri və digər elementlər vardır. Bundan əvvəl sadaladığımız bayraqların hamısının üzərində Allah, onun böyüklüyü və sonuncu Peyğəmbərin (s.) nübuvvəti haqqında kəlamlar vardır.

Sonrakı dövrlərdə — Şəqrdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cumhuriyyətinin bayrağı üç dəfə, Azərbaycan Sovet Respublikasının bayrağı isə 9 dəfə müxtəlif şəkillərdə tərtib edilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə əvvəlcə dövlət bayrağı kimi Osmanlının dövlət bayrağı qəbul edilmiş, təxminən üç həftə sonra — iyunun 21-də üzərində ağ rəngli aypara və səkkizgüşəli ulduz təsvirləri olan qırmızı rəngli Dövlət bayrağı qəbul edilmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, həmin ilin noyabrında isə üçrəngli, ay-ulduzlu Dövlət bayrağımız qəbul edilmişdir.

SSRİ dövründəki Azərbaycan Respublikasının bayrağı isə həm bu respublikanın adının dəfələrlə müxtəlif şəkildə formalaşdırıldığına, həm də əlifbanın bir neçə dəfə dəyişdirildiyinə görə müxtəlif formalarda tərtib olunmuşdur. Məsələn, 1920-ci il aprelin 28-də yaradılmış Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin (sonrakı Azərbaycan SSR) bayrağı inqilab rəngində — tamamilə qırmızı idi. Bayrağın sapı tərəfdə — üzü bayraq ağacına sarı olan ağ rəngli aypara və ayparanın içərisində beşgüşəli, ağ rəngli ulduz var idi. 1921-ci ilin may ayında Sovet Azərbaycanının ilk Konstitusiyası qəbul ediləndə bu əsas qanunda bayrağın təsviri də nəzərdə tutulurdu: “Bayraq al qumaş rəngindədir, onun sol küncündə yaşıl fon üzərində qızılı rəngdə “AİŞC” və ya Azərbaycan İctimai Şuralar Cümhuriyyəti yazısı yerləşdirilmişdir”. Həmin dövrdə Azərbaycanın dövlət dili türk dili, əlifbası isə ərəb əlifbası idi. Ona görə də “AİŞC” abviaturası ərəb əlifbası ilə türk dilində verilmişdir.

1922-ci il dekabrın 30-da SSRİ-nin tərkibinə daxil olan Azərbaycan öz müstəqilliyini de-fakto itirir və Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi yeni latın qrafikalı əlifbanın ərəb əlifbası ilə eyni hüquqa malik olması barədə qərar qəbul edir və bu dəyişiklik Azərbaycanın al-qırmızı bayrağında öz əksini tapır. “ASSR” abviaturası bayrağın üzərində hər iki əlifba ilə verilir. 1924-cü ilin dekabrında (konstitusiyanın yeni redaktədə qəbul edilməsindən sonra bayrağımızın üzərində bayrağın ümumi eninin altıdan biri ölçüsündə oraq və çəkic şəkili, onlardan yuxarıda isə aypara və beşgüşəli ulduz təsviri verildi. 1930-cu ildən sonra bayrağın üzərindəki ərəb əlifbası (Konstitusiyada “köhnə əlifba” kimi göstərilirdi) yığışdırıldı və dövlətin adı ancaq latın qrafikası ilə göstərildi. 1939-cu ildə latın əlifbasının rus əlifbasına keçməsi ilə əlaqədar bayrağın üstündəki “Az.SSR” sözləri yeni əlifba ilə yazıldı. Üstəlik artıq bayrağın üzərində aypara və ulduz təsvirləri də yox idi. 1952-ci il oktyabrın 7-də Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Azərbaycan Müttəfiq Respublikasının dövlət bayrağı ikirəngli üfuqi zolaqdan ibarət, oraq çəkicli bayraq kimi qəbul edildi. Xalq rəssamı, Dövlət İncəsənət Muzeyinin direktoru Kazım Kazımzadənin layihəsi əsasında qəbul edilmiş bu bayrağın eninin dördən üçünə bərabər olan birinci zolağı qırmızı, qalan hissədən ibarət ikinci zolaq isə göy rəngdədir. 1956-cı ildə bayrağın üzərindəki oraq və çəkic şəkilləri bayraq sapından mərkəzə doğru bir qədər uzaqlaşdırılmış, 1981-ci ilin martından isə digər müttəfiq respublikaların bayrağında olduğu kimi Azərbaycan bayrağının da bir üzündən oraq və çəkic təsvirləri çıxarılmışdır. Nəhayət, 1991-ci il fevralın 5-də isə yuxarıda qeyd etdiyimiz kimi, Müstəqil Azərbaycan Respublikasının Dövlət bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq bərpa olunmuşdur.

Bayraq, onun mənşəyi, tarixi təkamülü və müasir vəziyyəti, bayraqda əks olunan simvolların məna və funksiyaları, bayrağın qaldırılma və endirilmə mexanizmi və sairə bu kimi sosial-siyasi, milli-mənəvi, mədəni-tarixi və ideoloji məsələlərin şərhi ilə veksilologiya elmi məşğul olur. Həmin elmin mütəxəssislərinin fikrincə, ən qədim bayraq 1972-ci ildə İranda tapılmışdır. Bizim eradan əvvəl üçüncü minilliyə aid olan həmin bayrağın üzərində müxtəlif heyvan rəsmləri əks olunmuşdur ki, bu rəsmlər qədim insanların mifik görüşlərini əks etdirirdi. Hazırda dünya ölkələrinin bayraqları arasında qırmızı rəngli bayraqlar daha çoxdur — ümumi bayraqların üçdən ikisi qədər. Üçrəngli bayraqlar veksilologiyada “trikolor” bayraq adlanır. Hollandlar XVI əsrdə, Birinci Pyotr isə 1690-cı ildə üçrəngli bayraq yaratmışdır. Sovet ideoloqları Pyotrun üçrəngli bayrağını 1917-ci ildə ləğv etsələr də, tarix onu 1991-ci ildə yenidən bərpa etmişdir.

Yeri gəlmişkən, yenidən bərpa edilmiş üçrəngli Azərbaycan bayrağı haqqında ümumilli liderimiz Heydər Əliyev də, Prezident İlham Əliyev də bir neçə mühüm dövlət sənədi imzalamışlar. Ulu öndərin imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” 13 mart 1998-ci il tarixli sərəncam, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında Azərbaycan Respublikasının Qanunu” (8 iyun, 2004-cü il), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il noyabrın 17-də imzaladığı “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında sərəncam (lap bu günlərdə Prezident həmin sərəncamın icrasının sürətləndirilməsi məqsədi ilə daha bir sərəncam imzalamışdır — red.), dövlət başçısının ötən il sentyabrın 15-də imzaladığı “Azərbaycan Respublikası Prezidentinin ştandartı (bayrağı) haqqında” fərman, müxtəlif silahlı qüvvələrinin bayraqlarının təsdiq edilməsi barədə qanunlar və dövlət sənədləri Azərbaycanda bayrağa göstərilən hörmətin və ehtiramın nəticəsidir.

Bayraq bizim üçün bir də ona görə əzizdir ki, həm işğalçı qüvvəyə qarşı mübarizələr aparılan xanlıqlar dövründə, həm ilk müstəqil Azərbaycan dövlətinin yaradılması və qorunması üçün aparılan mücadilə dövründə, həm də ötən əsrin son onilliyində baş verən ictimai-siyasi proseslərdə, xüsusən, 20 Yanvar faciəsi və Qarabağ uğrunda gedən savaşlarda qocalı-cavanlı, qadınlı, kişili istənilən azərbaycanlı bayrağı qorumaq üçün öz canını əsirgəməmişdir. Ona görə də qardaş Türkiyənin futbol diplomatiyası zamanı Bursada hörmətsiz edilən Azərbaycan bayrağının təəssübünü 8 milyondan çox azərbaycanlının hamısı çəkdi. Ona görə də müqəddəs bir missiyanın icrası üçün yaradılmış ATƏT-in Parlament Assambleyasının vitse-spikeri postuna qədər irəliləmiş finlandiyalı siyasətçi Kilyunen Kimmonun bayrağımız haqqında sərsəmləmələrinə dərhal və elmi şəkildə əsaslandırılmış cavab verildi. Sevindirici haldır ki, həm alimlərimiz, həm də dövlət qurumları müqəddəs Azərbaycan bayrağının qorunması və təbliği üçün mükəmməl layihələr reallaşdırırlar. Haqqında söz açdığımız www.preslib.az elektron nəşri və 2001-ci ildə Bakıda nəşr edilmiş “Azərbaycan Respublikasının dövlət rəmzləri” kitabı (müəlliflər M.Mərdanov və Ə.Quliyevdir) bu baxımdan əhatəli və dəyərli mənbələrdəndir. Ən başlıcası isə odur ki, Azərbaycan bayrağı Azərbaycan xalqının şərəfi kimi qəbul edilmişdir. O, bizim fəxrimiz, iftixarımız və qürur mənbəyimizdir.

 

 

Mirzəbəyli İttifaq

 

Xalq qəzeti.- 2009.- 10 noyabr.- S. 5.